Görkəmli pedaqoq, nəcib insan
Bu il görkəmli pedaqoq, elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi, Təhsil Problemləri İnstitutunun şöbə müdiri Vidadi Cəmil oğlu Xəlilovun elmi–pedaqoji fəaliyyətinin 50 illiyi tamam olur.
Vidadi Xəlilov 1942–ci il dekabrın 25–də Cəbrayıl rayonunun Çərəkən kəndində dünyaya göz açmışdır. O, kənd 7–illik və şəhər orta məktəblərində oxuyarkən rayon qəzetində müxtəlif məzmunlu yazılar və oçerklər dərc etdirdiyindən məktəbli müxbir kimi tanınırdı.
1960–cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olandan sonra onun imzası institutun “Gənc müəllim” qəzetində, habelə “Azərbaycan gəncləri”, “Bakı” və digər qəzetlərdə görünməyə başlayır. Yazıları da respublikanın mədəni həyatından, təlim–tərbiyə məsələlərindən olurdu. Jurnalistlik fəaliyyəti ilə yanaşı, o, bu dövrdə elmi konfranslarda dəyərli çıxışları ilə də diqqəti cəlb edirdi. O, Tələbə Həmkarlar İttifaqı Komitəsi idarə heyətinin üzvü, habelə institut üzrə Mədəni–Kütləvi İşlər Komissiyasının sədri, “Tələbə” radio jurnalının redaktoru kimi çoxcəhətli iş aparırdı.
Hələ tələbə ikən ona Səbail rayon 7 nömrəli məktəbdə musiqi müəllimi və məktəb bədii özfəaliyyət dərnəyinin rəhbəri vəzifəsini etibar edirlər. 1966–cı ilin fevral ayından isə paralel olaraq bu işi rayondakı 132 nömrəli orta məktəbdə də davam etdirir. Yetirmələrinin rayon, şəhər, respublika olimpiadalarında, festivallarında, habelə radio və televiziya verilişlərindəki uğurlu çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Vidadi Xəlilov 1968–1971–ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasında təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda yeni yaradılan Estetik tərbiyə şöbəsinə müdir vəzifəsinə təyin olunur. O, 25 ilə yaxın bir müddətdə fasiləsiz olaraq bu şöbəyə rəhbərlik edir. Şöbənin fəaliyyəti ilə bağlı ilk illərdən keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyası və onun sahə institutları, habelə Ukrayna, Belarusiya, Latviya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Moldova və digər respublikaların Elmi–Tədqiqat Pedaqoji Elmlər İnstitutları ilə sıx əlaqələr yaradır. Ötən 1977–2002–ci illərdə V.Xəlilov elmi konfrans və sessiyalarda estetik tərbiyə problemləri üzrə ən aktual mövzularda məruzələrlə çıxış edir, elmi tədqiqat işləri aparır. Onun “Ümumtəhsil məktəblərində estetik tərbiyənin inkişafı yolları”, “Müəllimin estetik mədəniyyətinin yüksəldilməsi istiqamətləri”, “Məktəbli mədəniyyəti”, “Tələbələrin fəallıq mədəniyyəti”, “Məktəblinin etik–estetik aləmi” və s. əsərləri, habelə “Etika”, “Estetika” tədris proqramları bu gün də öz aktuallığı ilə diqqəti cəlb edir.
Professor Vidadi Xəlilovun sevilən bəstəkarlarımız Süleyman Ələsgərov, Qəmbər Hüseynli, Oqtay Zülfüqarov və digər görkəmli şəxsiyyətlər haqqında qələmə aldığı monoqrafiyalar isə həmin insanların xalqa daha da yaxından tanıdılması istiqamətində son dərəcə qiymətli mənbələrdir.
50 illik elmi–pedaqoji və ədəbi fəaliyyəti ərzində professor Vidadi Xəlilovun müəllif və ya redaktoru olduğu əsərlərin, tədris proqramlarının, “Musiqi”, “Təsviri incəsənət” dərsliklərinin sayı 300–ə qədərdir.
Vidadi müəllimin ölkədə pedaqogikanın və onun çox mühüm sahəsi olan estetikanın tədrisi və tədqiqi sahəsində yorulmaz axtarışlarından, bu elmə verdiyi töhfəsindən, yetirdiyi onlarla elmlər namizədi—pedaqogika üzrə fəlsəfə doktorlarından ürəkdolusu danışa bilərəm. Gənc nəslin estetik tərbiyəsi probleminə həsr olunan 40 adda monoqrafiya, proqram, dərslik, metodik vəsait, yüzlərlə elmi məqalələri, bu yaxınlarda 6 cilddə çap olunmuş seçilmiş əsərləri onu yorulmaz elm adamı kimi səciyyələndirir.
Ümumiyyətlə, Vidadi müəllimlə bizi bir çox tellər doğmalaşdırırdı. Bir tərəfdən, o, mərhum atam, əməkdar jurnalist Tofiq Məmmədovla yaxın dost olublar. Onlar XX əsrin 60–cı illərində jurnalistikaya eyni vaxtda gəliblər. Bir sıra qəzet, jurnallarda dərc olunan maraqlı yazıları ilə tanınıblar. Azərbaycan Radiosunda hazırladıqları verilişlər efirdə səslənib. Həyat yollarındakı çətinliklərə də birgə sinə gəriblər. Anam Şövkət Abdullayeva uzun illər Komsomolun Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyəndə Vidadi müəllim də komitənin həyata keçirdiyi tədbirlərin fəal iştirakçısı olub. Bu xidmətlərinə görə, hətta Azərbaycan Gənclər İttifaqı Mükafatı laureatı adına layiq görülüb. 2011–ci ildə haqq dünyasına qovuşan Mələk xalamın xətrini doğma bacısı kimi istəyib, onun ömür–gün yoldaşı, fəlsəfə elminin cəfakeşi, Azərbaycanda böyük filosoflar ordusu yetişdirən fəlsəfə elmləri doktoru, professor, akademik Fuad Qasımzadəni həmişə özünə həm ustad, həm də böyük qardaş bilib. Ondan məsləhətlər alıb, əsərlərindən bəhrələnib.
Vidadi müəllim yaşından asılı olmayaraq hər kəslə ünsiyyət qurmağı bacaran insandır. Söhbətlərimiz də ədəbiyyat, poeziya, idman, musiqi, incəsənət və s. mövzularda olardı. Odur ki, uşaqlıqdan çox gözəl tanıdığım belə bir insanın mənə şeirlər toplusu çap etmək təklifini məmnuniyyətlə qəbul etdim. Müəyyən çətinliklərə baxmayaraq əlyazmasında olan şeirlərimi toplamağa başladım.
…Beləliklə, professor Vidadi Xəlilovun ümumi redaktəsi və ön sözü ilə “Axtarıram mən səni” adlı ilk şeirlər kitabımın əlyazmalarını 2001–ci ildə “Nərgiz” nəşriyyatına təqdim etdim. Sağ olsunlar. Başda direktor Hidayət müəllim olmaqla kollektivin bütün üzvləri kitabın dediyim vaxtda işıq üzü görməsi üçün əllərindən gələni etdilər. İlk kitabım həm müstəqilliyimizin 10 illiyinə, həm də akademik Fuad Qasımzadənin ad gününə (22 oktyabr) qədər dərc edildi. O vaxtdan bəri on bir ildə müxtəlif səpkidə 9 elmi, publisistik və şeir kitabım işıq üzü görüb. Akademik Fuad Feyzulla oğlu Qasımzadənin həyat və fəaliyyətinə həsr olunan irihəcmli “İnana bilmirəm…” adlı kitabımın redaktorlarından biri də məhz Vidadi müəllimdir. Ona ömrüm boyu minnətdaram. Çünki həyatda hər şey ilk uğurdan başlayır…
Anar MƏMMƏDOV,
şair–publisist.
Respublika.- 2012.- 30 dekabr.- S. 14.