Açılmamış
səhifələrdən Əfsanəvi Həsən bəy Zərdabi
və xeyriyyəçilik hərəkatı
İnsana məxsus ali hisslərdən biri olan xeyirxahlıq tarixən mərhəmət, nəzir–niyaz, sədəqə halında mövcud olmuşdur. Bu ali mərhəmət hissi tədricən Fransada dövlət səviyyəsində təzahür etmiş və bütövlükdə Avropada geniş vüsət almışdır. Azərbaycanda – Bakıda azlıq təşkil edən millətlərin belə istənilən qədər cəmiyyəti–xeyriyyəsi olduğu halda, Azərbaycan xalqının belə cəmiyyəti–xeyriyyəsi olmamışdır. Mühüm səbəblərdən belə bir cəmiyyətin yaradılması da müşkül məsələ idi. Həsən bəy Zərdabi məqsədli şəkildə qeyd edir ki, “mən belə bir cəmiyyət yaratmaq istəyəndə Bakıda cəmi 10–15 erməni ailəsi var idi. Ona doktor Rustamyan rəhbərlik edirdi.
Mən belə bir cəmiyyəti yaratmaq üçün Qazi Molla Cavad Axundun evinə imkanlı adamları dəvət etdim. Onlar fikrimi bəyəndilər. Ancaq pul məsələsi ortaya çıxanda hərə bir bəhanə ilə otağı tərk etdi. Hacı Zeynalabdın Tağıyev də burada idi. O da getdi. Mən dəftərləri qoltuğuma vurub mənzilimə gedəndən sonra bizim bədbəxt müsəlmanların fikrindən bir neçə gün xörək yeyə bilmədim və gecələr mənə yuxu haram oldu”. Hadisələrin gedişindən görünür ki, Həsən bəy Zərdabi hər hansı bir ideyanı irəli sürəndə bu və buna bənzər halda bu ideyaları həyata keçirməyə mane olmuş, üstəlik pusquda duran peşəkar kəmfürstələri bu işıqlı ideyaları öz adlarına bağlamağa çalışırlar.
Bu deyilənlərin müqabilində Həsən bəy Zərdabi fövqəladə çevikliklə 2 tələbəsi (Nəcəf bəy Vəzirov və Əsgər Ağa Gorani) ilə təqribən 2 ay yarım ərzində (tələbələrin yay tətili zamanı) belə bir məşəqqətli yol qət etmişlər.
Bakı–Şamaxı (Şirvan, Gəncəbasar) İrəvan–Naxçıvan–Şuşa (Qarabağ) — Bakı. Tbilisi–Bakı (Quba), Dağıstan (Dərbənd)–Bakı.
Bununla Həsən bəy Zərdabi müsəlman dünyasında beynəlmiləl tərkibi, beynəlmiləl hüquqi xeyriyyəçilik hərəkatının bünövrəsini qoydu, bu ocaqda bu xalqa xidmət edən layiqli şəxsiyyətlər yetışdi, ərsəyə çatdı. Qeyd etməliyik ki, bununla bu müqəddəs hiss nəzir–niyaz, sədəqəçilik kölgəsindən çıxarıldı.
Göstərilən sənədlər, faktlar, tarixi şəxsiyyətlərlə görüşlər olmasa, 2 ay yarım ərzində (payi–piyada, atla, faytonla) ərz edilən bir neçə kilometr yolu qət etmək əfsanə hesab edilərdi.
Əfsuslar olsun ki, bu vaxta kimi bu əfsanəvi hadisənin üstündən elə saymazyana ötüblər ki, elə bil Həsən bəy Zərdabi bu məşəqqətli yolla adi turist səfərinə çıxıbmış.
Qeyd etmək lazımdır ki, hər kəs yalnız öz milləti üçün belə cəmiyyəti–xeyriyyə yaratdığı halda xalqlar dostluğunun bərpaçısı, körpüsalanı “Bütün insanlar, bir ailə üzvü kimidir–deyən Həsən bəy Zərdabi bu cəmiyyəti–xeyriyyəni beynəlmiləl tərkibli, beynəlmiləl ruhlu etmişdir. Bunun da zərbəsi çox ağır olmuşdur: gecələr səhərə kimi onun mənzilini daşa basırmışlar ki, o, müsəlman uşaqları ilə başqa millətin kimsəsiz uşaqlarını saxlayır, savad verir, dirçəldir. Onun həyat və qayə yoldaşı Hənifə xanım Zərdabi yazır ki, aşağıdan–yuxarıdan olan təzyiqlərin nəticəsində bu cəmiyyəti–xeyriyyədə 5 uşaq qalmışdı, onun 2–si müsəlman, 3–ü qeyri millətdən idi.
Həsən bəy Zərdabi bu əfsanəvi tarıxı səfəri ilə bağlı qeydlərində bir etnoqraf kimi xalqın adət–ənənəsini, yaşayış tərzini, əxlaq tərzini qeyd etməyi də unutmamışdır. O, 1905–ci il 25 noyabr tarixli “Həyat” qəzetində yazır ki, isti havalarda gecələr yol gedir, gündüzlər köhnə poçtxanalarda soyutma yumurta ilə nahar edirdik.
İrəvandan Naxçıvana getmək istəyəndə mənə dedilər ki, Naxçıvana getmə, oranın ağsaqqalı Naxçıvanda yoxdur, niyyətin baş tutmaz. Mən getdim. Havalar o qədər isti idi ki, İrəvanla Naxçıvan arasında “Güllüdərə” deyilən bir yer vardı, orada güldən–çiçəkdən əsər–əlamət qalmamışdı. Mən ağır xəstələndim. Naxçıvanda bir ara həkimi məni müalicə etdi. Dərk etdim ki, ağsaqqalsız yerə getmək məqbul deyil.
Bu səfərlə bağlı söhbətlərin birində Həsən bəy deyir ki, Naxçıvan torpağı ağsaqqallı və Allahlı torpaqdır. İrad kimi ona deyirlər, bəs niyə Allahı və ağsaqqalı yox, ağsaqqalı və Allahı deyirsiniz? Cavab verir ki, mənə elə gəlir, ağsaqqalı olmayan torpaq Allahlı olmaz.
Ümidvarıq ki, Həsən bəy Zərdabinin yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə möhtərəm Prezidentimiz İlham Əliyev zati–alilərinin 04 iyun 2012–ci il tarixli sərəncamı imkan verir ki, araşdırmaya möhtac olan bu zümrədən olan açılmayan səhifələrin dəyərli təqdimatçıları meydana çıxsın.
Səttar ZƏrdabi,
Həsən bəy Zərdabi
adına
DAXC–nin prezidenti.
Respublika.- 2012.- 30 dekabr.- S. 14.