Cavid bir daha xatırlandı

 

Hər ilin öz uğurları olur və hər kəs ömür təqvimindən silinib gedən illəri hansısa kədərli, yaxud uğurlu, yaddaqalan hadisələrlə yaddaşına hopdurur. Yola salmağa hazırlaşdığımız bu il də kimlərəsə məyusluq, kimlərəsə qucaq dolu sevinc gətirdi. Bakı Dövlət Universitetinin bir qrup tələbəsi də o günü, yəqin ki, uzun müddət unutmayacaq

 

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirin təşkilatçıları “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Bakı Dövlət Universiteti idi. Görkəmli mütəfəkkir, dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə keçirilən tədbir BDU–nun filologiya fakültəsinin magistrantı Ayşən Sadıqlının hazırladığı videoçarxın nümayişi ilə başlandı. Böyük Cavidin acı taleyinin bəzi məqamları təkrar xatırlandı.

BDU–nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı tədbiri giriş sözü ilə açaraq ilk öncə iştirakçılara “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlunun salamını çatdırdı və tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, dahi Cavidin anadan olmasının 130 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən respublikada silsilə tədbirlər keçirilmişdir və BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə həyata keçirdikləri bu tədbir də həmin tədbirlərdən biridir. Sonra o, sözünə davam edərək dedi: “Bu, bizim birgə reallaşdırdığımız ikinci tədbirdir. Belə ki, bundan əvvəl, may ayında ulu öndər Heydər Əliyevin ildönümü münasibətilə BDU–nun tələbələri arasında yazı müsabiqəsi keçirilmişdir. Növbəti müsabiqə isə görkəmli mütəfəkkir, dahi şair və dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuşdur. “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatı” mövzusunda məqalə müsabiqəsinin qaliblərini təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq”.

Bakı Dövlət Universitetinin prorektoru, tarix elmləri doktoru, professor Sani Hacıyev Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Hüseyn Cavidin yaradıcılığı ilə bağlı keçirilən müsabiqənin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Digər çıxış edənlər, professor Bayram Allahverdiyev, dosent Azad Qurbanov, dosent Knyaz Aslan və başqaları tədbirin əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, bu cür tədbirlər milli–mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsinə xidmət edir, gənclərin yaradıcılıq potensialının, istedadının üzə çıxarılmasına imkan yaradır.

Tədbirin sonunda I, II, III yerin sahibləri Zibeydə Həşimova, Səmra Əsgərzadə, Könül Abdullayeva, həvəsləndirici yerlərin sahibləri Günay Eyyubzadə, Ceyhun İsmayılzadə, Fəridə Abdıyeva və Aysel Həsənovaya İctimai Birlik adından diplom, pul mükafatı və digər hədiyyələr təqdim olundu.

Bəli, hər bir qələbə insana sevinc gətirir. Həmin gün təkcə qələbə sevinci yaşanmadı, həm də böyük Cavidimizin ruhu sevindi…

 

 

Zümrüd ABDULLAYEVA

 

Respublika.-2012.- 30 dekabr.- S. 12.