YARIM ƏSR ELMƏ
XİDMƏT YOLUNDA
Azərbaycan
Elmi–Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutunun təşəkkülü
və inkişaf tarixi ölkəmizdə kənd təsərrüfatı
elminin formalaşması ilə üzvi surətdə
bağlıdır. 1962–ci ildən fəaliyyət göstərən
elmi–tədqiqat müəssisəsi bu günlər özünün 50
illik yubileyini qeyd edir. Bu münasibətlə dekabrın 6–7–də
“Aqrar iqtisadiyyatın aktual problemləri” mövzusunda beynəlxalq
tədbir keçirilmişdir.
Müxbirimiz
ETKTİ və Tİ–nin direktoru, iqtisad elmləri doktoru,
professor Sadıq Salahovla görüşmüş və ondan
institutun 50 illiyi və beynəlxalq tədbir, həmçinin
bu tədbirlə əlaqədar görülmüş işlər
barədə danışmasını xahiş etmişdir.
Sadıq müəllim demişdir:
—SSRİ Nazirlər Sovetinin 8 may 1962–ci il tarixli 399 N–li qərarı ilə Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat şöbəsinin əsasında Azərbaycan Elmi–Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu yaradılmışdır. Belə bir qərarın qəbul edilməsi həmin dövrdə kənddə yeni iqtisadi münasibətlərin inkişafı ilə, həmçinin təsərrüfatçılığın forma və metodlarının dəyişməsi, ərazilər üzrə ixtisaslaşma, kəndli kooperativlərinin yaradılması, ictimai istehsalatın təşkili və s. amillərlə izah olunurdu.
İnstitutun işinin formalaşmasının birinci mərhələsində onun strukturu, maddi–texniki bazası yaradılmış, eyni zamanda əsas fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Qısa vaxt ərzində yüksək ixtisaslı kadrlar işə cəlb edilmiş, aqrar elmin qarşısında qoyulmuş məsələlərə uyğun olaraq elmi–tədqiqat işlərinin mövzusu hazırlanmış, həmçinin kənd təsərrüfatının aktual problemlərinə həsr edilmiş konfranslar və seminarlar keçirilməsi ilə bağlı işə başlanmışdır.
Qeyd etmək lazımdır ki, o dövrdə kənd təsərrüfatı dövlətin dəstəyinə baxmayaraq, iqtisadiyyat geridə qalmış sahə idi. Bu gerilik bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı, rentabellik və mənfəət üzrə planların yerinə yetirilməsində daha çox nəzərə çarpırdı.
Kənd təsərrüfatında yaranmış mürəkkəb vəziyyətlə əlaqədar kolxozlar və sovxozlar ziyanla işləməyə başlamış, kəndlilər işə inamı itirmişdilər. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi hər il azalırdı.
1969–cu ilin iyulunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublikanın kənd təsərrüfatı sahəsində siyasət kökündən dəyişdi. Azərbaycanın KP MK–nın həmin ilin avqust ayında keçirilən plenumunda Heydər Əliyev proqram nitqi ilə çıxış etdi. Heydər Əliyev bu nitqində respublikanın iqtisadi inkişafının əsas istiqamətlərini əsaslandırdı və kənd təsərrüfatına mühüm yer ayırdı.
Heydər Əliyev pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütünçülük və çayçılıq sahələrində işlərin vəziyyətini hərtərəfli təhlil edib mövcud nöqsanları və səhvləri göstərmiş, imkanları müəyyən etmiş və elmi nailiyyətlər əsasında kənd təsərrüfatının məhsuldarlığını artırmağın konkret yollarını təklif etmişdi. Respublikanın rəhbəri həmin plenumda yüksək məhsuldarlıqlı, xəstəliyə davamlı yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin nailiyyətlərinə, toxumçuluq təsərrüfatlarının inkişafına, damazlıq təsərrüfatlarının işinin yaxşılaşdırılmasına və məhsuldar heyvanlar yetişdirilməsi məsələlərinə böyük diqqət yetirmişdir. Aqrar sahədə çalışan alimlərin qarşısında dənli bitkilər, pambıq, tərəvəz, meyvə və başqa məhsulların yetişdirilməsi, becərilməsi ilə əlaqədar mütərəqqi texnologiyaların işlənib hazırlanması və tətbiqi üzrə vəzifələr qoyulmuşdu. Ötən əsrin 50–ci illərinin sonlarında akademik Ə.Mahmudovun yaratdığı aqrar iqtisad məktəbi bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Sovet aqrar iqtisad məktəbinin təsiri altında formalaşan kadr potensialı Elmi–Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun əsasını qoymuşdur.
Bununla əlaqədar, 1970–ci il iyulun 23–də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR–də kənd təsərrüfatının inkişafı tədbirləri haqqında” qərar qəbul etdi. Bu sənəd respublikada kənd təsərrüfatının sonrakı inkişafı üzrə konkret məsələləri müəyyən edən fəaliyyət proqramı oldu. Tezliklə kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, üzümçülük, meyvəçilik, çayçılıq və heyvandarlıq kimi sahələrinin sonrakı inkişafı üzrə proqramlar işlənib hazırlandı.
Bu illərdə instituta kənd təsərrüfatı istehsalı sahəsində tanınmış mütəxəssis və təşkilatçı, iqtisad elmləri doktoru, professor Mirzəyev Sultan Abbas oğlu (1963–1973–cü illər), Qayıbov Kərim Məmməd oğlu (1973–1977–ci illər), Məmmədov Rasim Fəti oğlu (1977–1979–cu illər) rəhbərlik etmişlər.
İdarəetmə sisteminin və təsərrüfatçılığın yenidən qurulması sahəsində ötən əsrin 80–ci illərindən başlanmış işlərin respublika iqtisadiyyatına mənfi təsiri olmuşdur. Buna görə də ölkənin həll olunmamış iqtisadi və sosial problemlərinin yükü getdikcə artırdı. M.S.Qorbaçovun “yenidənqurma” adlandırdığı proses əslində dəhşətli “yenidənqurma” oldu. İqtisadiyyatda durğunluq, istehsal əlaqələrinin dağılması, ticarətdə kütləvi defisit, cəmiyyətdə korrupsiyanın, banditizmin baş alıb getməsi, əxlaqi və mənəvi dəyərlərin puç olması və s. Qorbaçovun ölkədə alkoqolizmin kökünün kəsilməsinə yönəldilmiş “islahatları” çox baha başa gəldi. Bu “islahatlar” nəticəsində SSRİ ərazisində, ən əsası, Azərbaycanda ucsuz–bucaqsız üzüm plantasiyaları qırıldı.
1990–cı illərin əvvəllərində aqrar sahənin iqtisadiyyatının göstəricilərinin təhlili göstərir ki, aqrar sahənin, demək olar, bütün istiqamətləri öz imkanlarından aşağı səviyyədə işləyirdi və bu da kənd təsərrüfatını iqtisadi tənəzzülə gətirib çıxardı. Bunlarla yanaşı, bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşmüşdü. Kənd təsərrüfatı istehsalında təsərrüfatsızlıq atmosferi hökm sürürdü, əmək məhsuldarlığı kəskin azalmışdı.
1993–cü ilin iyununda xalqın təkidli tələbindən sonra dünya miqyaslı görkəmli siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ölkədə vəziyyəti əhəmiyyətli şəkildə dəyişdirdi. O, ilk növbədə vətəndaş qarşıdurmasını dayandırmağa, cəbhədə atəşkəsin yaranmasına nail oldu.
1995–ci ilin noyabrında müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Bu əsasda sonradan respublika parlamenti tərəfindən 1000–dən çox qanunverici və normativ–hüquqi akt qəbul edilmişdir. Onların 500–dən çoxu aparılan islahatların sürətləndirilməsinə və respublika iqtisadiyyatının effektivliyinin artırılmasına yönəldilmişdir. Aqrar sahədə də bir çox qanunlar qəbul edilmişdir: “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Baytarlıq xidməti haqqında”, “İcarə xidməti haqqında”, “Kooperasiya haqqında”, “Damazlıq işi haqqında”, “Bitki karantini haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Torpaq bazarı haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpağın monitorinqi və yerləşməsi haqqında”, “Kredit ittifaqları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” və s. Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti 22–dən çox, Aqrar İslahatlar üzrə Dövlət Komissiyası isə 100–dən çox qərar qəbul etmişdir.
1999–cu il noyabrın 9–da Prezident Heydər Əliyev tərəfindən imzalanmış “1999–2000–ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına yardım üzrə Dövlət Proqramı” haqqında fərman respublikada aqrar sahənin sonrakı inkişafı üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bu proqram aqrar sahədə iqtisadi islahatların sürətlənməsi ilə yanaşı, sahibkarlığın inkişafı və sahibkarların iqtisadi maraqlarının müdafiəsi mexanizmlərinin formalaşması yollarını müəyyən etdi. Proqram aqrar sahənin perspektivli inkişafının 8 mühüm istiqamətini əhatə edirdi:
—aqrar sahənin normativ–hüquqi təminatı;
—aqrar sahə üçün kadrların hazırlanması;
—aqrar sahənin əmlakının özəlləşdirilməsinin başa çatdırılması;
—torpaq islahatının başa çatdırılması;
—meliorasiya və su təsərrüfatı sahəsində islahatların sürətlənməsi;
—aqrar sahədə
idarəetmə sistemində islahat;
—sahibkarlığın
inkişafına dövlətin köməyi;
—kəndin
sosial inkişafı;
—aqrar sahənin
informasiya təminatı.
Keçid dövrünün bütün çətinliklərinə
baxmayaraq, 1991–1995–ci illərdə institutun kollektivi
islahatların hüquqi bazasının yaradılması və
xarici təcrübənin öyrənilməsi sahəsində
ciddi işlər görür. İnstitutun alimləri tərəfindən
bir sıra monoqrafiyalar və kitablar dərc edilirdi: “Kooperativlərdə
idarəetmənin təşkili”—müəllif Ş.Ə.Cəbrayılov
(Bakı, 1991–ci il), “Azərbaycanda pambıq istehsalının
inkişaf perspektivləri”—müəllif S.V.Salahov (Bakı, Az.
ETKİ, 1992–ci il), “Aqrar sənaye kompleksinin idarə edilməsi”—müəllif
İ.V.Əhmədov (Bakı, “Maarif”, 1992–ci il), “Bazar
iqtisadiyyatına keçid şəraitində Azərbaycan
Respublikasının aqrar–sənaye kompleksinin idarə edilməsinin
iqtisadi mexanizmi”—müəlliflər Ş.Ə.Cəbrayılov,
B.X.Ataşov (Bakı, 1993–cü il), “Yeni iqtisadi şəraitdə
kəndin əmək potensialından səmərəli istifadə
yolları”—müəllif A.T.Əhmədov (Bakı, 1993–cü
il), “Aqrar–sənaye kompleksində sahələrarası
inteqrasiya münasibətlərinin effektivliyi”—müəlliflər
Ə.Ç.Verdiyev, V.H.Abbasov, M.O.Əfəndiyev (Bakı,
1994–cü il), “Bazar münasibətləri şəraitində
kənd təsərrüfatı məhsullarının qiymətlərinin
sabitləşməsi”—müəllif Ə.Ç.Verdiyev
(Bakı, 1994–cü il), “Bazar şəraitində
iqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri
əsasları”—müəllif S.V.Salahov (Bakı, 1997–ci il),
“İqtisadiyyatın dövlət tənzimlənməsinin əsasları”—müəllif
S.V.Salahov (Bakı, 1998–ci il).
İllər keçdikcə, aqrar sahədə tədqiqatın
yeni istiqamətlərinin işlənib hazırlanmasına və
aparılmasına ehtiyac yaranırdı. Buna görə
institutun elmi–tədqiqat işlərinin planlarına kənd təsərrüfatında
torpaq münasibətləri, mülkiyyət münasibətləri
və yeni təsərrüfat ukladları, kooperasiyanın və
inteqrasiyanın yeni formaları ilə bağlı problemlər
daxil edilirdi. Bu illərdə instituta iqtisad elmləri
doktoru, professor Qasımov Həsən Allahyar oğlu
(1988–1992–ci illər), daha sonra iqtisad elmləri doktoru, professor
Verdiyev Əhməd Çoban oğlu (1993–2000–ci illər)
başçılıq etmişdir.
Təbiidir ki, görülmüş bu tədbirlər
bazar iqtisadiyyatına keçidin ilkin atributlarının reallaşmasına
imkan yaratsa da, istehsalın hərtərəfli inkişafı
və davamlı iqtisadiyyatın qurulması üçün
kifayət deyildi. Məhz bununla bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral
2004–cü il tarixli fərmanı ilə
“Regionların sosial–iqtisadi inkişafı Dövlət
Proqramı” (2004–2008–ci illər) təsdiq olundu və uğurla
həyata keçirildi. Qeyd olunan Dövlət
Proqramı əslində aqrar islahatların ikinci mərhələsinin
konseptual əsası idi.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk
günlərdən başlayaraq Azərbaycan
iqtisadiyyatının daha da gücləndirilməsi, müasir,
keyfiyyətcə yeni səviyyəsinə keçid
üçün zəruri olan genişmiqyaslı infrastruktur
layihələri ilə bağlı təşəbbüslər
irəli sürdü. Buna görə 2011–ci ildə, Azərbaycanın
müstəqilliyinin 20–ci ilində həm bütövlükdə
respublika iqtisadiyyatında təsərrüfatın
bütün sahələrində, xüsusilə
iqtisadiyyatın qeyri–neft sektorunda artım davam etmişdir.
2011–ci ildə qeyri–neft sektorunda artım 2010–cu ilin müvafiq
göstəricisi ilə müqayisədə 10 faiz, o cümlədən
kənd təsərrüfatında 5,8 faiz
təşkil etmişdir.
Bu gün
institutun kollektivi aqrar sektorun dövlət tənzimlənməsinin
prioritet istiqamətlərinin əsaslandırılması,
torpaq münasibətlərinin və kənddə
sahibkarlığın inkişafı, ərzaq təhlükəsizliyi,
kənd təsərrüfatında idarəetmənin təşkilati
strukturunun təkmilləşdirilməsinin optimal parametrlərinin
əsaslandırılması, aqrar baza infrastrukturunun
formalaşması, aqrar sahədə kooperasiya və inteqrasiya
münasibətlərinin inkişafı, istehsalın
proqnozlaşdırılması, aqrar sahədə investisiya cəlbediciliyinin
artırılması, aqrar sahədə investisiya siyasətinin
prioritetlərinin əsaslandırılması və bir
sıra başqa aktual problemlərin həlli üzərində
işləyir.
2001–2012–ci
il ərzində institutun əməkdaşları və
institutun elmi fəaliyyətində yaxından iştirak edən
alimləri tərəfindən bir sıra kitab və
monoqrafiyalar dərc edilmişdir: iqtisad elmləri doktoru,
professor S.Salahov “Aqrar sahənin dövlət tənzimlənməsi
problemləri” (Bakı, 2004,) iqtisad elmləri doktoru, professor
R.Balayev “Urbanizasiya: şəhər iqtisadiyyatı və ərzaq
təhlükəsizliyi problemləri” (Bakı, 2007), iqtisad elmləri
doktoru, professor İ.İbrahimov “Regionlarda
sahibkarlığın inkişafının xüsusiyyətləri”
(Bakı, 2007), iqtisad elmləri doktoru, professor B.Ataşov “Ərzaq
təhlükəsizliyinin aktual problemləri” (Bakı, 2005),
iqtisad elmləri doktoru professor A.Rüstəmov “İqtisadi
problemlər —əhalinin sosial–əmlak tələbatının
yüksəldilməsi”; iqtisadiyyat üzrə fəlsəfə
doktoru, dosent A.Abbasov “Ərzaq təhlükəsizliyi”
(Bakı, 2007), kənd təsərrüfatı üzrə fəlsəfə
doktoru A.Vəliyev “Torpaq–mülkiyyət münasibətlərinin
əsasları” (Bakı, 2005), iqtisad elmləri doktoru, dosent
M.Hüseynov “Aqrar sahənin dayanıqlı inkişaf problemləri”
(Bakı, 2006), iqtisad elmləri namizədi M.Musayev “Aqrar sahənin
intensiv inkişafı problemləri” (Bakı, 2007), iqtisadiyyat
üzrə fəlsəfə doktoru S.Məmmədov
“İntensiv urbanizasiya şəraitində kənd təsərrüfatının
inkişafı” (Bakı, 2010), iqtisadiyyat üzrə fəlsəfə
doktoru A.Əsgərov “Aqrar sahənin intensiv
inkişafının iqtisadi–ekoloji prioritetləri” (Bakı,
2011), iqtisad elmləri doktoru, professor R.İsgəndərov
“İqtisadiyyat və elmi–texniki tərəqqi” (Bakı, 2012).
Ölkənin
ərzaq təhlükəsizliyinin təmin edilməsi
strategiyasının reallaşdırılması və kənd
təsərrüfatının davamlı inkişafına dair
optimal qərarlar qəbul edilməsi məqsədi ilə, həmçinin
etibarlı, obyektiv və vaxtaşırı yenilənən
informasiya bazasının təmin edilməsi üçün
institut tərəfindən FAO (BMT–nin Kənd Təsərrüfatı
və Ərzaq Təşkilatı) ilə əməkdaşlıq
əsasında Quba–Xaçmaz, Aran və Lənkəran iqtisadi
rayonlarında informasiya–monitorinq sisteminin ilkin pilot variantı
yaradılmışdır. Bu sistemin təkmilləşdirilməsi
və genişləndirilərək ölkənin bütün
regionlarını əhatə etməsi üçün
iş davam etdirilir.
Bu gün
institutun kollektivi aqrar sahənin dövlət tənzimlənməsinin
prioritet istiqamətlərinin əsaslandırılması,
torpaq münasibətlərinin və kənddə
sahibkarlığın inkişafı, ərzaq təhlükəsizliyi,
kənd təsərrüfatında idarəetmənin təşkilati
strukturunun təkmilləşdirilməsinin optimal parametrlərinin
əsaslandırılması, aqrar bazar infrastrukturunun
formalaşması, aqrar sektorda kooperasiya inteqrasiya münasibətlərinin
inkişafı, istehsalın proqnozlaşdırılması,
aqrar sahənin investisiya cəlbediciliyinin
artırılması, sahədə investisiya siyasətinin
prioritetlərinin əsaslandırılması və bir
sıra başqa aktual problemlərin həlli üzərində
işləyir. Bunlardan əlavə, aqrar
istehsalçıların maliyyə resursları ilə təmin
edilməsi, kənd yerlərinin sosial–iqtisadi
inkişafının sürətləndirilməsi və aqrar
istehsalçıların məhsullarının rəqabətə
davamlılığının artırılması üzrə
məqsədli kompleks proqramlar hazırlanmasının elmi təminatı
işlənməkdədir.
İnstitutun xarici ölkələrdəki həmkarlarla
elmi əlaqələri müvəffəqiyyətlə
inkişaf edir.
Məsələn, 2011–2012–ci illərdə aqrar profilli on elmi–tədqiqat
institutu: Rusiya Kənd Təsərrüfatı
Akademiyasının Ümumrusiya kənd təsərrüfatının
iqtisadiyyatı institutu, Ümumrusiya kənd təsərrüfatında
istehsalın, əməyin və idarəetmənin təşkili
elmi tədqiqat institutu, A.A.Nikonov adına Ümumrusiya aqrar
problemlər və informatika institutu, Qazaxıstan elmi–tədqiqat
aqrar–sənaye kompleksinin iqtisadiyyatı və kənd ərazilərinin
inkişafı institutu, Moldova Dövlət Aqrar Universiteti, M.M.
Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti,
Dağıstan Elmi–Tədqiqat Kənd Təsərrüfatı
İnstitutu, Dağıstan Dövlət Universiteti, Belarus Milli
Elmlər Akademiyasının ASK–də sistemli tədqiqatlar
institutu, Sankt–Peterburq Dövlət Aqrar Universiteti ilə elmi əməkdaşlıq
haqqında müqavilələr bağlanmışdır.
2001–2012–ci
illərdə institutun aparıcı alimləri təcrübə
mübadiləsi məqsədi ilə, həmçinin
konfranslarda, simpoziumlarda, treninqlərdə və sərgilərdə
iştirak etmək üçün İngiltərə, Fransa,
Almaniya, Norveç, Türkiyə, Misir, Hollandiya, İsrail,
Çin, Macarıstan, Albaniya, Polşa və MDB ölkələrinə
ezam edilmişlər.
Məlum olduğu kimi, institutumuzun yarım əsrlik
yubileyilə bağlı dekabrın 6–7–də beynəlxalq tədbir
keçirildi.
Kənd təsərrüfatı naziri İsmət
Abasovun xeyir–duası ilə keçirilən bu tədbirdə
kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev,
Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev və
başqa məsul şəxslər iştirak etdilər.
Akademik Asəf Nadirovun “Aqrar iqtisadiyyatın aktual problemləri”,
Milli Məclisin aqrar siyasət komitəsinin sədri, iqtisad
elmləri doktoru, professor Eldar İbrahimovun “Ərzaq təhlükəsizliyinin
təmin olunmasında kooperasiyanın rolu” mövzularında məruzələri
və başqa çıxışlar diqqətlə dinlənildi
və böyük marağa səbəb oldu.
Konfransa MDB ölkələrindən çoxlu sayda alimlər,
kənd təsərrüfatı mütəxəssisləri,
aqrar sahədə fəaliyyət göstərən
tanınmış şəxslər dəvət
olunmuşdular.
Rusiya Federasiyasından kənd təsərrüfatı elmləri
doktoru M.Mukailov, Qazaxıstan Respublikasından aqrar tədqiqatlar
institutunun direktoru, akademik A.Moldaşov, Ukraynadan aqrar tədqiqatlar
institutunun direktoru, iqtisad elmləri doktoru, professor Y.Lupenko və
başqalarının elmi məruzələri konfrans
iştirakçıları tərəfindən rəğbətlə
qarşılandı.
Elmi–tədqiqat müəssisəmizin
yaradılmasının 50 illiyi Azərbaycanın aqrar elmində
böyük hadisədir və biz çalışacağıq
ki, bu elm ocağının şanlı ənənələrini
bundan sonra da uğurla davam etdirək.
Söhbəti qələmə
aldı: Nəriman CAVADOV
Respublika.- 2012.- 30 dekabr.- S. 12.