Dünya azərbaycanlılarının
dünəni, bugünü və
sabahı…
Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, mürəkkəb təkamül mərhələlərindən keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində vacib rol oynamışdır. Hər bir insan üçün “Vətən” anlayışı onun daxili “məni” ilə tamamlanan, düşüncə və hisslərini, emosiyalarını, dünyagörüşünü, ictimai münasibətlər sistemində fərdi davranışının motivlərini istiqamətləndirən başlıca məfhum kimi qiymətləndirilir. Bu reallıqda getdikcə daha aydın dərk edilir ki, milli kimliyini anlamayan, təmsil etdiyi xalqdan ayrı düşən şəxs heç zaman kamil insan və vətəndaş kimi formalaşa bilməz. Bütün bu gerçəkliklər fonunda əminliklə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi–iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacib amildir. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün isə ilk növbədə, dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, fikir, əməl birliyinin yaradılması, möhkəmləndirilməsi son dərəcə zəruridir.
XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ictimai–siyasi, milli–mənəvi və mədəni həyatında keyfiyyətcə yeni tarixi mərhələ başlanmışdır. Zaman–zaman milli müstəqilliyindən zorla məhrum edilmiş Azərbaycan xalqı taleyinin sahibi olmuş, eyni zamanda tarixin kəşməkəşli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdır.
SSRİ dağıldıqdan və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə də müxtəlif səbəblərdən, əsasən də sosial–iqtisadi, siyasi və mənəvi böhran üzündən respublikadan xarici ölkələrə gedənlər olmuşdur. Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlətin xüsusi diqqət göstərməsi məhz ümummilli lider Heydər Əliyevin 1993–cü ilin iyununda xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Çətin bir şəraitdə respublikanı böhranlı vəziyyətdən qurtaran, müdrik qərarları ilə vətəndaş qarşıdurmasının qarşısını alan, ictimai–siyasi sabitliyi, qanunçuluğu təmin edən ulu öndər ilk gündən diaspor quruculuğunu da ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Xatırlatmaq lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991–ci ildə Naxçıvan Muxtar Respubükası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır.
Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi fikrini irəli sürən ulu öndər Heydər Əliyev 1993–2003–cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar”.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001–ci il noyabrın 9–10–da Bakıda tarixi bir toplantı — Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultay Azərbaycan diasporunun keçdiyi inkişaf mərhələlərini geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində qarşıda duran prioritet vəzifələri müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.
Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji–nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı–ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi–nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir.
Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli–mənəvi, islami–əxlaqi, dünyəvi–humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial–siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.
Xalqımızın əvəzsiz sərvəti olan və böyük qurbanlar hesabına əldə edilmiş dövlət müstəqilliyinin son illərdə əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli tərəqqi dövrünə qədəm qoymasına səbəb olmuşdur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir. Ötən 9 ildə milli maraqlara əsaslanan xarici siyasət yürüdən, uğurlu diplomatiya ilə respublikamızın beynəlxalq mövqelərini gücləndirən möhtərəm Prezident İlham Əliyev diaspor və lobbi quruculuğu yönümündə sistemli iş aparır. Dövlət başçısı ölkədəki sosial–iqtisadi inkişafın tempinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrün nəbzi və tələbləri ilə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır. Bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.
Şübhəsiz, Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin qəlblərində böyük qürur və iftixar hissi doğurur. Müstəqil Azərbaycan dünyanın ayrı–ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza doğma atalıq duyğuları bəsləyir, öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Bununla belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların, ilk növbədə, öz milli kimliklərini dərk etməsi, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini, tarixini yaşatması, inkişaf etdirməsi zərurətdir. Hər bir xalqın mövcudluğunun ideoloji–siyasi və mənəvi təməl prinsipi kimi nəzərdən keçirilən bu meyarlar xaricdəki soydaşlarımız üçün də əsas olmalı, daim diqqətdə saxlanılmalıdır. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni–mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir.
Zəngin milli–mənəvi irsi ilə dünyanın ən qədim etnoslarından biri kimi tanınan azərbaycanlılar haqqında xarici ölkələrdə obyektiv rəyin formalaşdırılması məhz bu prinsiplərə riayət olunmasından keçir. Bunun üçün xaricdəki soydaşlarımızı birləşdirən diaspor təşkilatları yüksək fəallıq nümayiş etdirərək yaşadıqları ölkələrin ictimai–siyasi həyatına geniş təsir imkanları əldə etməyə, müəyyən mövqelərə malik olmağa çalışmalıdır. Yalnız bu halda Azərbaycan haqqında məlumat qıtlığını aradan qaldırmaq, ölkə reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq mümkündür. Dövlət başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda gedən proseslər dünya dövlətləri üçün açıq olmalıdır: “Mənim müxtəlif qonaqlarla çox görüşlərim olubdur. Görürəm ki, Azərbaycana ilk dəfə gələn qonaqlar tam başqa fikirlə gəlirlər. Amma burada reallıqları, ab–havanı görəndə, Azərbaycanın ümumi inkişafını, cəmiyyətdə hökm sürən dözümlülüyü, tolerantlığı, qonaqpərvərliyi, vətəndaş həmrəyliyini görəndə Azərbaycandan tamamilə başqa fikirlə ayrılırlar”.
Respublikamızın sosial–iqtisadi sahədə qazandığı nailiyyətləri, inkişafı Azərbaycan inkişaf modelinin mahiyyətinin dünya miqyasında təbliğ olunması beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından da olduqca vacibdir. Azərbaycanın zəngin təbii resurslara, habelə Şərqlə Qərbi qovuşduran əlverişli tranzit imkanlarına malik olması, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi iştirak etməsi, eləcə də balanslaşdırılmış xarici siyasət yeritməsi onun dünyanın siyasi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə əlaqələrinin genişlənməsinə böyük imkanlar açır. Qlobal iqtisadi layihələrin uğurla həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi aspektdən Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident İlham Əliyev haqlı olaraq hesab edir ki, sosial–iqtisadi sahədəki uğurlar xaricdə yaşayan soydaşlarımızın müstəqil respublikamızla bağlı dolğun və hərtərəfli təbliğat aparması, habelə Azərbaycana investisiya qoyuluşunu təşviq etməsi baxımından daim istinad ediləcək zəngin “informasiya bankı” rolunu oynayır.
Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı və türk yaşayır. Bu böyük qüvvənin xalqlarımızın və dövlətlərimizin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsi, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsi, onun intellektual imkanlarından istifadə edilməsi müasir dövrün çağırışıdır.
Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının müstəqillik əldə etdiyi andan bütün dünya azərbaycanlılarına bəxş etdiyi bu bayram ümummilli əhəmiyyətə malik olmaqla dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasını möhkəmləndirir. Azərbaycanlıların dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Milli Həmrəylik Günü xalqda özünəinamı gücləndirir. Hər bir vətəndaş kimi, “AMBASSADE de la BEAUTE” Gözəllik Mərkəzinin rəhbərliyi və kollektivi də bu bayramı yüksək əhvali–ruhiyyə, həmrəylik duyğuları ilə qarşılayır. Ürəkdən inanırıq ki, möhtərəm Prezident İlham Əliyevin yürütdüyü siyasət müstəqil Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş ölkəyə çevrirəcək və hər bir azərbaycanlı vətənin əldə etdiyi uğurları ilə qürur duyacaqdır.
Elmira MƏCİDOVA,
“AMBASSADE de la BEAUTE”
Gözəllik Mərkəzinin
rəhbəri.
Respublika.- 2012.- 30 dekabr.- S. 11.