Səfəvilər
dövlətinin yaranmasında Azərbaycan etnosunun
rolu
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı mühüm tarixi əhəmiyyət daşıyan məqaləsinin respublika ictimaiyyətində böyük əks–səda yaratması, ölkənin müxtəlif elmi mərkəzlərində, ali məktəblərində və digər qurumlarda onun geniş müzakirəsinin keçirilməsi təsadüfi deyildir. Bu fundamental məqalədə Azərbaycan dövlətçiliyi tarixində böyük xidmətləri olan Şah İsmayıl Səfəvi və onun yaratdığı Səfəvilər dövləti, o cümlədən də tariximizlə bağlı tədqiqatlarda olan boşluqlar, qeyri–elmi, qeyri–obyektiv mülahizələr olması tutarlı elmi dəlillərlə şərh edilmiş və belə halların aradan qaldırılmasının vacibliyinə diqqətin yönəldilməsi bütün ictimai elmlər qarşısında bir vəzifə kimi qoyulmuşdur.
Hörmətli akademik öz məqaləsində haqlı olaraq özünün müəyyən fikirlərinin təsdiqi məqsədilə Şah İsmayıl və Səfəvilər dövləti ilə bağlı yazılmış əsərlərə də müraciət etmişdir. Belə əsərlərdən biri Səfəvilər dövlətinin tanınmış tədqiqatçısı, tarix elmləri doktoru Oktay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” adlı qiymətli monoqrafiyasıdır. Akademik Ramiz Mehdiyevin məqaləsi işığında Oktay Əfəndiyevin həmin kitabından bir hissəni oxucuların diqqətinə təqdim edirik.
“Respublika”.
X arici ölkələrdə Səfəvilər dövlətinin siyasi tarixinə həsr edilmiş xeyli əsər nəşr olunmuşdur. Hind alimi Qulam Sərvərin I Şah İsmayıl haqqında çox da böyük olmayan kitabı mənbələrdən götürülmüş, lakin müəllif ümumiləşdirmələri olmayan faktik material toplusu kimi öz əhəmiyyətini saxlamaqdadır. V.Hinsin və H.Römerin əsərləri XVI əsrin 70–ci illərinin sonu 80–ci illərinin əvvəllərində Səfəvilər dövlətinin vəziyyətinə həsr olunmuşdur. V.F.Minorskinin tədqiqatlarında bu məsələlərə dair qiymətli material və ümumiləşdirmələr vardır. Son illər çapdan çıxmış bəzi əsərlər diqqəti cəlb edir. Onların arasında daha çox maraq doğuranları — I İsmayılın daxili siyasətinin bəzi, az öyrənilmiş cəhətləri haqqında Jan Obenin tədqiqatı, R.Ş.Seyvorinin mühüm vəzifələr və dövlətinin banisinin istilaları haqqında məqalələri, həmçinin də XVI–XVIII əsrlərdə Səfəvilərin inzibati sistemi haqqında K.M.Röhrbornun əsəridir. Farik Sümerin və Bəkir Kütükoğlunun Səfəvilər dövlətinin yaranmasında Anadolu türklərinin roluna və XVI əsrin son rübündə Osmanlı və Səfəvilər dövlətlərinin qarşılıqlı münasibətlərinə həsr olunmuş əsərlərində xeyli dərəcədə yeni material vardır.
İran tarixşünaslığı (Ə.Kəsrəvinin və N.Fəlsəfinin bəzi əsərləri istisna edilməklə) bu sahədə tədqiqatlarla təmsil olunmamışdır. Ə.Tacbəxşin, S.Rəhimzadənin, N.Şeybaninin son dövrdə nəşr edilmiş kitabları millətçilik mövqelərindən yazılmışdır və hekayə xarakteri daşıyır. Bu əsərlərin mənbəşünaslıq və tarixşünaslıq zəmini məhduddur və buna görə də mövzunun öyrənilməsinə yenilik gətirmir.
Tehran Universitetinin professoru Bəstini Pərizinin “Səfəvilər dövründə siyasət və iqtisadiyyat” kitabı əslində bu sahədə İran tarixşünaslığında XVI–XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin sosial–iqtisadi həyatının öyrənilməsinə ciddi maraq göstərilmiş ilk tədqiqatdır.
Keçmiş sovet tarixçilərinin diqqətini cəlb etmiş məsələlərdən biri XVI əsrdə Səfəvilər dövlətinin etnik xarakteri məsələsidir.
Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər şərqşünasları V.V.Bartold və A.Y.Krımski olmuşlar.
Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında həlledici rol oynadığı faktı 1941–ci ildə Bakı tarixçilərinin hazırladığı Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur. 1946–cı ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir. Qırxıncı illərin əvvəllərində Azərbaycan tarixçisi, akademik İ.A.Hüseynov I Şah İsmayılın dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdir. Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır.
İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında Səfəvilər dövlətinin yaranmasında və onun tarixinin birinci yüzilliyində Azərbaycanın və Azərbaycan etnik feodal ünsürünün aparıcı, müəyyənedici sosial–iqtisadi və siyasi rol oynadığını təkzibolunmaz şəkildə sübut etmişdir. O göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna hüquq və imtiyazlardan istifadə etmişlər. Sarayda yüksək vəzifələr, vilayət canişinlikləri, hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu halda dövlət işlərində fars feodallarının rolu maliyyə, dəftərxana və qismən də məhkəmə məsələləri ilə məhdudlaşırdı.
İran tarixşünaslığının millətçi, paniranist baxışlarını, habelə Qərbin mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo–Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri hesab edərək onların yalnız Azərbaycan və Qərbi İran üzərində hakimiyyətini tanıyırdılar. O yazırdı: “Bütün deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin xələfi kimi təşəkkül tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran dövləti deyildi və ona heç elə də baxılmırdı”.
B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın roluna dair yazırdı: “Sosial–iqtisadi inkişafın nisbətən yüksək pilləsində duran Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqazda və İranda yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət çoxlu tayfa və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun hərbi qüvvələrində güc Səfəvilərin arxalandığı Azərbaycan feodalları üstünlük təşkil etmişdilər.
Hazırda tarix elmində XVI əsr Səfəvilər dövlətinə Azərbaycan dövləti kimi baxmaq meyli tədricən özünə yol tapır.
Müasir İran tarixşünaslığının görkəmli nümayəndələri də aşkar faktlarla hesablaşmaq məcburiyyəti qarşısında qalaraq Səfəvilər dövlətində türkdilli (Azərbaycan) etnosun rəhbər rolunu, hakim mövqeyini təsdiq edirlər. Məsələn, I Şah Abbasa həsr olunmuş çoxcildli əsərin müəllifi Nəsrulla Fəlsəfi Şah İsmayıl və onun yaratdığı dövlət haqqında yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd Peyğəmbərin nəslindən olan — O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin — O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi… Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi. Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə – millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumları yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İran milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir”. Başqa bir yerdən iqtibas gətirək: “Şah İsmayıl hər bir vilayəti tutduqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş sərkərdələri arasında bölüşdürürdü. Beləliklə, mənşəyi və dili etibarilə türk olan tayfalar İranın hər yerində yerli farsdilli iranlılar üzərində ağalıq etməyə başladılar. İranda imtiyazlı və qüdrətli zümrə əmələ gəldi və bütün hərbi milli mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını tam ixtiyarla və əzəmətlə idarə etdi. Buna görə də Səfəvilər dövründə şahı İran şahənşahı adlandırdıqlarına baxmayaraq, İran ölkəsinə Qızılbaş dövləti (Məmləkəti–Qızılbaş) adını verdilər. İran sarayında türk dilində danışırdılar. Şah İsmayıl türk dilində şeirlər yazırdı. Qızılbaşlar özlərini türk mənşələrinə, əsil–nəcabət və ad–sanlarına görə İranın yerli əhalisindən yüksəkdə durur, onları (iranlıları—O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar” .
Müasir türk tarix elminin ən böyük nümayəndələrindən biri olan Faruk Sümer də özünün sonuncu monoqrafiyasında Səfəvilər dövlətinə “İran milli dövləti” kimi baxmaq istəyənlərə qarşı çıxmışdır. O, düzgün olaraq göstərir ki, “ciddi alitlər” arasında bu cəfəng baxışın artıq tərəfdarları yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında və yüksəlişində türkdilli etnosun həlledici və birinci dərəcəli rol oynadığını təsdiq edən çoxlu material toplanmışdır və sistemləşdirilmişdir. Fikrimizcə, onun əsərinin qiymətli cəhəti də elə bundadır.
Təəssüf ki, F.Sümerin əsəri Türkiyə tarixşünaslığına xas olan bəzi nöqsanlardan və bitərəflikdən azad deyildir. Özünün əvvəlki əsərlərində də o, Azərbaycan tarixini Türkiyə tarixinin əlavəsi kimi təsvir etməyə, Kiçik Asiyanı — anadolunu “Ana Vətən” kimi, yəni Azərbaycan əhalisinin köçetmə və türkləşmə mənbəyi kimi təsdiq etməyə cəhd göstərmişdi. Bununla belə yaxşı məlumdur ki, Azərbaycan, türkdilli əhalinin Orta Asiyadan Kiçik Asiyaya köçetmə hərəkatının yolu üzərində yerləşirdi və Türkiyənin özünə nisbətən daha əvvəl türkləşmişdi.
O, coğrafi əlaməti əsas götürərək Səfəvilər dövlətinin yaranmasında Anadolu tüklərinin rolunu göylərə qaldırmağa, onların adına müstəsna xidmətlər yazmağa, “İran türklərinin” (yəni azərbaycanlıların) iştirakını isə azaltmağa səy göstərir: “Türklərin etnolinqvistiq və digər fərqlərini nəzərə almayan müəllifin bu fikri felən doğru deyildir”. F.Sümerin digər bir müddəası da ən ciddi etiraz doğurur ki, guya Səfəvilər dövləti bütün XVI əsr ərzində və sonralar yalnız Anadoludan gələn tayfalar, yəni Türkiyə qızılbaşları hesabına mövcud olmuş və inkişaf etmişdir. Əsərin sonunda müəllifin çıxardığı nəticələrin bir çoxu əsaslandırılmır, mətnin materialına uyğun gəlmir. Biz F.Sümerlə mübahisəmizə aşağıda bir daha qayıdacağıq.
Səfəvilər dövlətini “konqlomerat imperiya” kimi şərh edən baxışlarla razılaşmaq çətindir. Keçmiş sovet tarix elmində bu anlayış bir qayda olaraq natural təsərrüfatın tam hökmranlığı, əmtəə–pul münasibətlərinin başlanğıc vəziyyəti, vilayətlərin güclü iqtisadi əlaqəsizliyi ilə xarakterizə olunan quldarlıq dövrünün və ilkin feodalizmin dövlət birləşmələrinə münasibətdə işlədilir. Buna görə də “konqlomerat imperiya” anlayışını inkişaf etmiş feodal münasibətləri dövlətlərinə, o cümlədən bu dövlətlərdən biri olan XVI – XVII əsrlər Səfəvilər dövlətinə aid etmək qanunauyğun sayıla bilməz.
Digər tərəfdən, qədim
və ilk orta əsrlər
dövlətlərinin (məsələn, Əhəmənilər,
yaxud Sasanilər dövlətinin) keçmiş sovet tarix elmində “konqlomerat imperiya”lar kimi
təfsir olunması onların İran (fars) padşahlıqları kimi
səciyyələndirilməsinə heç
də mane olmamışdır. Bu zaman “İran”
anlayışına tam aydın bir məna verilir ki, öz tərkibinə əhalisi
fars olmayan çoxlu ölkə və vilayətləri daxil etmiş bu imperiyalarda hakim mövqe, rəhbər
rol fars etnik elementinin yuxarı təbəqələrinə
məxsus olmuşdur. Bu
mülahizələr baxımından Səfəvilər
dövlətinin (imperiyasının) yaranmasında və
tarixində Azərbaycan etnosunun həlledici
rol oynadığı demiş
olsaq, mübaliğəyə yol vermərik.
Respublika.- 2012.- 30 dekabr.- S. 10.