ÖMRÜ
DASTANA ÇEVRİLMİŞ İNSAN HAQQINDA HƏYAT HEKAYƏTİ
Bir neçə
il qabaq dünya şöhrətli “Molodaya qvardiya” nəşriyyatının
“Görkəmli adamların həyatı” seriyasından
Hüseynbala Mirələmovun Moskvada çapdan
çıxmış “Zərifə Əliyeva” kitabını
oxuyarkən öz–özümə sual vermişdim: “Bu kitab niyə
əvvəlcə Bakıda çıxmayıb?” Tezcə də
beynimdən başqa fikir keçdi: “Bəlkə də müəllif
özü bilə–bilə belə edib ki, “Molodaya
qvardiya”nın şöhrəti, auditoriyası çox
böyük, rusdilli oxucuların əhatə dairəsi daha
genişdir”.
Açığı,
o zaman düşünmürdüm ki, bu nəşrin Azərbaycan
variantını da oxuyacaq, sonra da onu redaktə etməli
olacağam. Bunu da deyək ki, əvvəllər müəllif
“Molodaya qvardiya” nəşriyyatında Heydər Əliyev və
İlham Əliyevə həsr edilmiş kitablarını nəşr
etdirmişdi. “Zərifə Əliyeva” hörmətli ədəbiyyatşünaslardan
birinin təbiri ilə desək, “Əliyevnamə”
trilogiyasının üçüncü kitabıdır.
Əsər geniş, əhatəli, oxunaqlıdır. Ələ götürəndə, yerə qoya bilmirsən. “Zərifə Əliyeva” adlı bədii–publisistik, sənədli romanın Azərbaycan dilində nəşrə hazırlanan variantını yenidən vərəqləyirəm. Bir–birilə əl verib görüşən, körpülənən, bir–birini tamamlayan poetik fəsillərin sayı on altıya çatır.
Əsərin öncəsi — “Dastanın əvvəli” fəsli belə bir cümlə ilə başlayır: “Zərifə xanım ilk dəfə dövlət təhlükəsizliyi zabiti Heydər Əliyevlə görüşəndə iyirmi beş yaşı var idi”.
Səhifələr bir–birini əvəz edir. Biz hadisələrin
burulğanına düşür, xəyalən Zərifə Əliyevanın
bəlkə də romanlara belə sığmayan
enişli–yoxuşlu, zəhmətlə yoğrulmuş romantik
həyatının aylarından, illərindən keçir,
çox–çox insanların bu nəcib şəxsiyyət
haqqında ürəkdən gələn hərarətli
sözlərini, bizi kövrəldən, düşüncələrə
daldıran həzin xatirələrini oxuyur, ondan ayrıla
bilmirik.
…Ədəbi–mədəni həyatımızın
axarını izləyəndə aydın görürük
ki, müəllifin imzası heç vədə gözdən
yayınmayıb, həmişə diqqət mərkəzində
olub. Həmkarları
hərdən qibtə hissi ilə deyirlər: “Qələm həmişə
əlindədir, gecə–gündüz yazıb–yaradır”.
Qəzet, jurnal səhifələrində, teatr
afişalarında, kitab mağazalarında, sərgilərdə
adının tez–tez görünməsi, onun gərgin
yaradıcılıq yolunun genişliyindən, janr rəngarəngliyindən
xəbər verir. O, nəsr, dramaturgiya və publisistikada qələmini
uğurla sınayır, vaxtaşırı oxucuların,
tamaşaçıların görüşünə yeni–yeni
əsərlərlə gəlir. Bəlkə də
onun sözə, qələmə sevgisi, yazmaq eşqi oxucunu
heyrətləndirir. O, daim həyatın qoynunda,
insanların arasında, yaşadığımız günlərin
burulğanındadır. Bu da onu yazı stolundan
aralanmağa qoymur. Hekayələr, pyeslər,
povestlər, romanlar… bir–birinə qovuşur, yazıçının
ədəbi taleyində işıq yandırır, onu gələcək
illərə səsləyir.
Söhbət yazıçı–dramaturq Hüseynbala Mirələmovun
çoxşaxəli yaradıcılığından gedir. O, tarixə baş vurur, əsrlərin
dolaylarında, dolanbaclarında nəsillərə nümunə
ola biləcək hadisələri silkələyir,
keçmişdən bu günə körpü salır,
oxucunu heyrət dalğasına bürüyür, sehrləyir.
Bu
yaxınlarda akademik Bəkir Nəbiyevin sanballı ön
sözü ilə nəşr olunmuş “Sonuncu fateh”
trilogiyası çoxillik zəhmətin, inamlı, inadlı
yaradıcılıq axtarışlarının səsi,
müjdəsidir. “Sonuncu fateh” yazıçının ədəbi
taleyində,yüksəlişində
uğurlu bir mərhələdir.
Əlbəttə, bizim söhbətimiz bu fundamental əsər
haqqında deyil, başqa bir nəşrdən—”Zərifə Əliyeva”
sənədli–publisistik romanından gedəcək. Kitabın səhifələrini
çevirdikcə ondan ayrıla bilmir, fəsildən–fəslə
keçir, hadisələrin cazibəsinə düşürsən.
Gözlərin qarşısında Əziz Əliyevn
övladları içərisində öz ağlı, biliyi,
istedadı ilə seçilən, illər keçdikcə
mübarizləşən Zərifə xanımın zəngin
hadisələrlə dolu qaynar ömrünün
ayrı–ayrı çağlarını, yüksəliş
yolunun mərhələlərini öyrənirsən, xəyalında
bu cazibədar Azərbaycan qadınının dolğun
obrazı canlanır.
Əziz oxucu, bəlkə də sən onun
üzünü görüb, qayğıkeş səsini
eşitməmisən. Ancaq bu kitab elə bil səni onunla
görüşdürür, onunla ülfət bağlayır,
doğmalaşırsan.
Ailənin nəsil şəcərəsi qədim İrəvanla
bağlı olsa da, Zərifənin ömür yolu
Naxçıvanın Şahtaxtı kəndindən
başlayıb. Ailə İrəvandan qaçqın
düşüb Şahtaxtıya pənah gətirsə də,
burada çox duruş gətirməyib, Arazın o tayına
keçib, Cənubi Azərbaycanın Ərəblər kəndində
sığınacaq tapıb. Hamının
fikri–xəyalı isə Azərbaycanda idi. Valideynlər də, uşaqlar da Bakı arzusu ilə
yaşayırdılar. Günlərin birində
bu arzuya qovuşdular. Rusiyada Hərbi Tibb
Akademiyasında təhsili yarımçıq qalmış Əziz
Əliyev Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə
daxil olur.
Necə
romantik, unudulmaz günlər idi!
Tələbəlik illəri başa çatır. Əziz Əliyev
həyatın qoynuna atılır. Gecə–gündüz
ömrünü insanların taleyi, sağlamlığı ilə
bağlayır. Və illərin qanadında yüksəlidikdcə
yüksəlir… Tibb İnstitutunda müxtəlif vəzifələr,
Bakı şəhər Səhiyyə Şöbəsinin
müdiri, xalq komissarının müavini, xalq komissarı,
Tibb İnstitutunun, Azərbaycan Dövlət Universitetinin
rektoru… Əziz Əliyev səhiyyənin yorulmaz
mücahidi kimi tanınır, gündən–günə
şöhrətlənirdi.
Zərifə
xanımın atası, görkəmli həkim, alim, partiya və
dövlət xadimi kimi şərəfli həyat yolu
keçmiş Əziz Əliyev! O, Stalinin
tapşırığı ilə müharibə illərində
və sonrakı dövrdə, düz 8 il
Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmişdir.
Dağlar diyarında çoxmillətli xalqlarla
doğmalaşıb, onlarla bir nəfəs alıb və
ürəklərdə özünə əbədi heykəl
ucaltmışdı.
Müəllif bütün sovetlər ölkəsində
məşhur olan Həmzətovlar ailəsinin— Dağıstan
poeziyasının klassiki Həmzət Sadasanın, xalq şairi
Rəsul Həmzətovun, görkəmli elm xadimi Hacı Həmzətovun
dediklərini kitaba iri hərflərlə daxil etmişdir. Xalq şairi Həmzət
Sadasa xatırlayırdı ki, mən indiyəcən Əziz Məmmədkərim
oğlunun yüksək mədəniyyətinə,
xeyirxahlığına və alicənablığına
kölgə sala biləcək heç bir söz və eyham
eşitməmişəm. O, həqiqətən çox
gözəl insan idi!
Rəsul Həmzətov isə onu “Mənim
Dağıstanımın və mənim Azərbaycanımın
böyük oğlu” adlandırmışdır.
Kitabı oxuduqca sənə elə gəlir ki, kövrək
xatirələr çələnginin
çeşid–çeşid güllərini, çiçəklərini
dərirsən. Zərifə xanımın ürəkdən, candan
sevdiyi, bağlandığı doğma qardaşlarının
öz bacıları haqqında xatirələri ürəkləri
titrədir, oxucunu düşüncələrə
daldırır…
“Zərifə
Əliyeva” kitabının “Əvəzolunmaz insan” fəslində
müəllif qəhrəmanın doğulub boya–başa
çatdığı ailə, nəsil–nəcabət,
xüsusilə də onun atası — görkəmli həkim,
alim və dövlət xadimi Əziz Əliyev haqqında
çox zəngin, tutarlı faktlara, epizodlara, xatirələrə
üz tutur…
“Zərifə və Heydər” fəslində isə
yazıçı bu iki ölməz insanın ülvi məhəbbətindən,
ailə sevinclərindən bəhs edən unudulmaz epizodlar
canlandırır. Onlar tanış olduqları ilk
gündən ömrün qürubuna qədər bir nəfəs
almış, ürəkləri bir döyünmüş,
bir–birinə arxa–dayaq olmuş və iki övlad
böyüdüb boya–başa çatdırmışlar.
Zərifə
xanım bir qadın, ana, həkim, alim, ictimai xadim, birinci
xanım olaraq əfsanəvi taleyə malik olmuş,
insanların ümumi axınına nə qədər də təbii
bir şəkildə qoşulmuşdu! O, özündən
çox ailəsi, əri, balaları, hələ o zaman tək
olan nəvəsi Zərifə haqqında
düşünürdü. Son nəfəsində Heydər Əliyevə
yazdığı bu məktub insanı sarsıdır: “Məndən
ötrü narahat olma, uşaqlara yaxşı bax. Unutma ki, mən
səni sevirəm… Unutma ki, mən səni sevirəm!..”
Heydər
Əliyev ömrü xatirəyə dönmüş Zərifə
Əziz qızını belə kövrək duyğularla
xatırlayırdı: “Bilirsiniz ki, həyatım gənclik illərimdən
dövlət xidməti ilə bağlı olub. Bütün
həyatımı buna həsr etmişəm və indi də
bu sahə ilə məşğul oluram. Hesab
edirəm ki, mənim müvəffəqiyyətli xidmətimdə
ailəm böyük rol oynamışdır. Mən ona görə xoşbəxt idim ki, mənim Zərifə
xanım kimi həyat yoldaşım vardı və o, mənim
ailəmdə çox gözəl mənəvi mühit
yaratmışdı”.
Ailənin övladları—Sevil və İlham Əliyevlərin
öz anaları haqqında dediklərini oxuyanda istər–istəməz
riqqətlənirsən, qəlbin işıqla dolur. Budur, övladların ana
ürəyi, ana əzəməti haqqında düşüncələri…
Sevil Əliyeva: “Anam sadəcə olaraq, özünü tamamilə
atama, bizə həsr eləmişdi. Bununla belə,
elmi fəaliyyətlə, ictimai işlərlə məşğul
olmaqdan da heç vaxt ayrılmayıb”.
İlham Əliyev:
“O, həmişə qəlbimdədir”.
Kitabda Zərifə xanımın gəlini Mehriban Əliyevanın
və nəvəsi Leyla Əliyevanın da müsahibələrinə,
ürək sözlərinə yer verilmişdir.
Dahi sənətkar, SSRİ xalq artisti Müslüm
Maqomayev Əliyevlər ailəsinin sevimlisi idi. Konsertlərdə,
görüşlərdə, ad günlərində
vaxtaşırı görüşürdülər.
Sevil Əliyevanın bəstəkarlığı da onun bu ailə
ilə bağlılığını bir az
da möhkəmlətmişdi. O, Sevil xanımın anasına
həsr etdiyi məşhur “Qayıt, əzizim”
mahnısını televiziyada ilk dəfə ifa etmiş, bəstəkarın
şöhrətini ellərdən–ellərə
yaymışdı.
Müslüm Maqomayev xatirələrində gah xoş məqamlardan
söz açır, gah da oxucuları riqqətə gətirir,
gözlərdə yaş gilələnir.
“İlk dəfə Heydər Əlirza oğlunu Zərifə
xanımla vida mərasimində gözü yaşlı
gördüm.
Mən onu güclü, vüqarlı,
dözümlü insan kimi tanıyırdım. Burada isə…
Biz ona yaxınlaşanda, tamamilə başqa
şey gördük— elə bil o, atılmış
böyük uşaq idi. Bu mənzərə
adamın ürəyini sıxırdı. O, ayağa
qalxdı, bizi öpdü, dedi: “Siz təsəvvür edə
bilməzsiniz ki, o, sizi necə sevirdi. Öz
uşaqları kimi”.
Zərifə
xanımın həyatdan getməsinin bir ili
keçiriləndə onun qəbri üstünə getdik. Heydər Əlirza oğlu məndən
oxumağı xahiş etdi. Mən Zərifə
xanımın çox sevdiyi, Üzeyir Hacıbəyovun “Sənsiz”ini
astadan oxudum. Biz onunla bir daha
vidalaşdıq. Sonralar Heydər Əlirza
oğlu onun cənazəsini Azərbaycana gətirdi, burada dəfn
elədi”.
O,
ağlar–sızlar dəfn günlərində sanki
bütün Azərbaycan Əliyevlər ailəsinin yanında
idi. Hamı Heydər Əliyevə, onun
doğmalarına ürək–dirək verirdi. Onların arasında söz ustaları da var idi.
Xalq şairi Bəxtiyar Vahabzadənin qəlbində dərin kədərlə
təzəcə yazdığı “Mərsiyə–rekviyem”in
misraları ağlayırdı:
Axır qəbristana
el axın–axın,
Başlarda çətirlər yaşıl,
qırmızı.
Qəbrin
nurla dolsun!
Mənim
xalqımın
Novodeviçyedə
yatan tək qızı!
Sən
hörmət qazandın ləyaqətinlə,
Hörmət
qazanılmaz qəzəblə, kinlə,
Hər
şeyi dərk edir; insan büt deyil,
İçində
yatdığın o tabut deyil,
Ləyaqət
taxtıdır, ləyaqət taxtı!
Hüseynbala
Mirələmov kitab üzərində işləyərkən
Zərifə Əliyevanın uşaqlıq, gənclik illərini,
dostlarını, onun bacı və qardaşlarını, bir
yerdə işlədiyi həkimləri, alimləri, Moskva,
Sankt–Peterburq oftalmoloqlarını, tanınmış elm
adamlarını dindirmiş, onların ürək sözlərini,
xatirələrini qələmə almışdır. Bu cərgədə
Mirvarid Dilbazi, Püstəxanım Əzizbəyova, Alimə Əliyeva,
Zəhra Quliyeva, Əlfəddin Abdullayev, Rəfiqə Axundova,
Paşa Qəlbinur,.. jurnalistlərdən Aydın Vəlixanov,
Nəriman Həsənəli, Telman Qafar, Zərifə Bəşirşızı,
Svetlana Nəcəfova, Elmira Axundova və onlarca
başqalarının dediklərini oxuyanda adam Zərifə
xanımın necə mehriban, işıqlı bir insan,
loğman–filosof olduğuna ürəkdən inanır, onun
obrazını təsəvvüründə canlandırır,
ürəyinin dərinliyində ona dönə–dönə rəhmət
diləyir. Klinikada işləyən bir
süpürgəçinin, sadə bir Dağıstan kəndlisinin
Zərifə xanım haqqında kövrək söhbətləri
adamın qəlbini titrədir.
Hörmətli
həkim–akademikin 90 illiyinəcən işıq üzü
görəcək bu kitab “Zərifə Əliyeva” adlansa da,
onun Əziz Əliyevə və Heydər Əliyevə həsr
olunmuş oxunaqlı, zəngin fəsilləri qəhrəmanın
obrazını tamamlayır. Və adama elə gəlir
ki, bu fəsillərin hər biri kitab içində ayrıca
bir kitabdır. “Zərifə Əliyeva”
publisistik–sənədli romanı ömrü əfsanəyə
çevrilmiş həkim–loğman, sədaqətli
ömür–gün dostu, istedadlı insan və
dünyaşöhrətli alim haqqında böyük hörmətlə,
ehtiramla yazılmış və sevilə–sevilə oxunan həyat
hekayətidir. İnanırıq ki, oxucular
bu yeni nəşri — Azərbaycan variantını da sevəcək,
alqışlayacaq, müəllifə sağ ol deyəcək.
Mübarəkdir!
Nahid HACIZADƏ
Respublika.- 2012.- 30 dekabr.- S. 10.