Diasporumuz güclənir
Müstəqilliyin
ilk illərində Azərbaycan diasporunun formalaşması yolunda
Heydər Əliyev xidmətləri əvəzsizdir. Bu gün bütün
dünyada təşəkkül tapan Azərbaycan diasporunun
yaranması üçün Heydər Əliyev
siyasətinə borcluyuq. Xaricdə Azərbaycan
lobbisinin yaranması ilə bağlı ulu öndərimizin fikirlərini xatırlayaq:
“Güman edirəm ki,
gərək xaricdə yaşayan azərbaycanlıların
özləri fəal, təşəbbüskar olsunlar.
Çünki lobbi süni surətdə yaranmır. Xarici ölkələrdəki lobbilər
insanların öz vətəni, milləti
ilə bağlılığından asılıdır.
Xaricdə
işgüzar səfərlərdə olan Heydər Əliyev
vaxtının məhdudluğuna baxmayaraq, həmişə
oradakı soydaşlarımızla görüş keçirməyə
imkan tapır. Onlara öz dəyərli tövsiyələrini
verirdi.
Diaspor
nümayəndələri Heydər Əliyevlə
görüşlərində onun problemlərə incəliklərinə
qədər bələd olmasını heyranlıqla
qarşılayırdılar.
Ukraynada
yaşayan azərbaycanlılarla görüşdə Heydər
Əliyevin müdrikcəsinə söylədiyi “Harada
yaşamasından asılı olamayaraq heç bir azərbaycanlı
öz vətənini, ulu babalarını, dilini
unutmamalıdır. Harada yaşayırsansa–yaşa,
yaxşı da, pisdə gərək ürəyin öz vətəninlə,
torpağınla döyünsün. Gərək nəbzin vətənin
nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər
birimizdə olmalıdır. O cümlədən,
respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda
da olmalıdır”,—fikirlər ulu öndərin bu məsələyə
nə qədər böyük önəm verdiyini təsdiqləyir.
1994–cü il yanvarın 9–da Bakı şəhərində xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdə soydaşlarımızın mənəvi məsuliyyəti məsələlərinə də toxunub bildirib ki, hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir: “Ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, andiçmədə də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə hər bir azərbaycanlı, damarlarından azərbaycanlı qanı axan hər bir insan gərək Vətənin bu gününə yansın, münasibətini bildirsin, kömək etsin. Çünki azərbaycanlının Azərbaycandan başqa Vətəni yoxdur. Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz, Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin vətəniniz ola bilməz. Hər bir millətin, hər bir insanın ana torpağı onun vətənidir. Azərbaycanlıların da vətəni Azərbaycandır”.
Heydər Əliyev soydaşlarımızla görüşlərində onları daim birliyə səsləyib, diaspor ətrafında monolit qüvvəyə çevrilməyə sövq edib.
Ulu öndərin diaspor təşkilatları ilə bağlı fikir və məsələhətləri həmişə böyük maraq doğurub və təşkilatlanma məsələlərinə kömək edib. Heydər Əliyev deyirdi: “Ancaq bir şey məni narahat edir ki, ayrı–ayrı ölkələrdə yaşayan azərbaycanlılar bəzən parçalanırlar. Burada dediniz ki, iki təşkilat yaratmısınız, biri assosiasiyadır, o birisi kültür dərnəyidir. Bu, ola bilər, şübhəsiz, mən demirəm ki, hamı bir təşkilat olsun. Ancaq bu təşkilatlar eyni istiqamətdə işləyirlərsə, bir–biri ilə dostdurlarsa, qoy olsun. Yaxud kiçik bir yerdə bir təşkilat digəri ilə rəqabət aparırsa, ya da bəzən bir–birinə zidd gedirsə, bu lazım deyildir. Kənardan bizə olan mənfi hərəkətlər kifayətdir, lazım deyildir. Öz aramızda səmimi, dost, mehriban olmalıyıq, bir–birimizə kömək etməliyik, bir–birimizin qayğısına qalmalıyıq”.
Tükiyədə yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşdəki “Bizim xalqımız, millətimiz birdir. Sadəcə, ərazilərimiz bir–birindən ayrıdır” ifadəsi bir daha Azərbaycan–Türkiyə dostluğunun sarsılmaz tellərlə bağlılığını sübut edir: “Əziz dostlar, qardaşlar, mən sizə təşəkkür edirəm. Siz azərbaycanlı olaraq, Azərbaycan mənşəyinə mənsub olaraq eyni zamanda türksünüz, Türkiyə vətəndaşısınız. Siz Türkiyədə doğulmusunuz, böyümüsünüz, Türkiyənin ab–havası ilə yaşamısınız. Türkiyədə özünüzə məkan, vətən tapmısınız. Bizim xalqımız, millətimiz birdir. Sadəcə, ərazilərimiz bir–birindən ayrıdır. Bizim iki dövlətimiz, bir xalqımız var. Buna görə də Türkiyədə yaşayan azərbaycanlı da türkdür, azərbaycanlıdır, Azərbaycanda yaşayan türk də türkdür və azərbaycanlıdır”.
Ulu öndər Azərbaycan lobbisinin fəaliyyətini gücləndirmək baxımından xaricdə fəaliyyət göstərən səfirliklərimizin işinin gücləndirilməsinə böyük önəm verir və deyirdi ki, xarici ölkələrdəki Azərbaycan lobbisinin fəaliyyətini gücləndirmək üçün gərək bizim nümayəndələrimiz, səfirliyimiz lazımi iş görsünlər.
Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin sözdə yox, əməli işdə keçirilməsini istəyirdi.
Azərbaycançılıq ideyası ətrafında birləşməyi nitq və çıxışlarında ulu öndər qətiyyətlə tələb edib. “Azərbaycanlıların Vətəni var —müstəqil Azərbaycan dövləti, azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla, müstəqil Azərbaycanla bir vurmalıdır. Harada yaşayır–yaşasın — Norveçdə, İsveçrədə, Amerikada, Fransada, İngiltərə, başqa ölkələrdə–fərqi yoxdur”.
Ölkəmizin qüdrətinin getdikcə güclənəcəyini də, diaspor təşkilatlarının daha mütəşəkkil olacağını da Heydər Əliyev qabaqcadan proqnozlaşdırmışdı: “Ölkəmiz, dövlətimiz möhkəmləndikcə, gücləndikcə, inkişaf etdikcə, imkanlarımız artdıqca biz Azərbaycandan kənarda yaşayan soydaşlarımızla əlaqələri daha da genişləndirəcəyik və bu qayğını da, yardımı da artıracağıq.
Ulu öndər dünyadakı bütün azərbaycanlıların qayğısını çəkir, bir prezident kimi soydaşlarımızın taleyi üçün özünü məsul, cavabdeh hesab edirdi. Onların dünya ölkələrinə “səpələnməsini” təbii qəbul edir, bunun köklərini diaspor nümayəndələri qarşısında açıqlayırdı: “Bilirsiniz, Azərbaycan müstəqil dövlət olandan sonra biz dünyada olan bütün azərbaycanlıların qayğısını çəkirik. Ona görə də biz 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişik. Keçmişdə belə olub ki, azərbaycanlılar dünyanın çox ölkələrinə səpələniblər. Təbii olaraq bəziləri özləri gediblər, bir çoxlarını həyat məcbur edib, bəzilərini isə Sovet hakimiyyəti dövründə sürgün ediblər. İndi hərə bir yerdə özünə məskən tapıb, yaşayır. Çoxları özünə yaxşı həyat qurub, təhsil alıb, ailə qurublar. Bu, bizi çox sevindirir. Azərbaycan prezidenti kimi, mən dünyanın hər bir yerində yaşayan azərbaycanlıları soydaşlarımız və onlara görə özümü cavabdeh hesab edirəm… azərbaycanlıların bir müstəqil ölkəsi, dövləti var, o da Azərbaycan Respublikasıdır”.
Ulu öndərin müdrik siyasəti hazırda Prezident İlham Əliyev tərfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycan diasporunun daha da möhkəmlənməsi üçün çox böyük işlər görüb. Dünya Azərbaycanlılarına müraciətində Prezident İlham Əliyev deyib: “Xarici ölkələrdə yaşyan azərbaycanlıların təşkilatlanması və birliyin möhkəmlənməsi, tarixi Vətəni ilə əlaqələrinin güclənməsi diaspor qürücülüğünün mühüm tərkib hissəsini təşkil edir. Hazırda dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimizin yaratdıqları qurumlar Azərbaycan hökumətinin də ardıcıl dəstəyi sayəsində daha mütəşəkkil və çevik fəaliyyət göstərirlər”.
Bu gün
diaspor təşkilatları ilə iş aparmaq, bu təşkilatların güclənməsinə
qayğı və kömək göstərmək böyük Vətənimizin — Azərbaycanın
hər bir vətəndaşının
şərəfli borcudur. Bu
borcu yerinə yetirmək yolunda
hər birimizin Azərbaycan dövlətçiliyi
ətrafında, ölkə prezidenti
möhtərəm İlham Əliyevin ətrafında
monolit birliyi tarixi zərurətdir.
Nağdəli Zamanov,
ATU–nun I daxili xəstəliklər
və
reanimatologiya kafedrasının dosenti.
Respublika.- 2012.- 30 dekabr.- S. 9.