Xalqın sevdiyi sənətkar

 

Kinoya, teatra olan həvəsi gənc Yusifi Azərbaycan Dövlət Dram Teatrına gətirib çıxardı. Orada onun istedadını, həvəsini nəzərə alıb müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxışlar verdilər. Qısa bir müddətdə rejissorların, yaşlı aktyorların hörmətini qazandı, onun gələcəyinə ümidlə baxdılar. Gənc aktyor Bakı Teatr Texnikumunda təhsil almağı qərara aldı. Yusif Vəliyev 1936–cı ildə teatr texnikumunu bitirib Şəki Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayır. Teatrın səhnəsində Aydın (“Aydın”), Oktay (“Oktay Eloğlu”), Elxan (“Od gəlini”) kimi parlaq obrazlar yaradır.

C.Cabbarlı əsərləri ilə qazandığı uğurlar Yusif Vəliyevə populyarlıq gətirir.

Sonralar, qırxıncı illərin sonunda Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.

Əllinci illərdən başlayaraq Gənc Tamaşaçılar teatrında çalışır. Burada “Vaqif” tamaşasında Vaqif, “Yaşar”da İsmayıl, “Bəxtsiz cavan”da Hacı Kərim, “Ovod”da Ovod, “Söhrab və Rüstəm”də Rüstəm, “Hacı Qəmbər”də Hacı Qəmbər və başqa tamaşalarda faciəvi, romantik, eyni zamanda realistik səpkili obrazlar yaradır.

Teatrda olduğu kimi kinoda da Yusif Vəliyevin özünəməxsus yeri var. İlk dəfə kinoya 1955–ci ildə “Bəxtiyar” musiqili filmində kiçik bir rolda —komissiya üzvü rolunda çəkilib. Onun müxtəlif illərdə ekranda yaratdığı Əliağa Şıxlinski (“General” — 1970–ci ildə), Topal Teymur (“Nəsimi” —1974), Qılınc Qurban (“Tütək səsi”— 1975) obrazları unudulmazdır.

Rejissor H.Seyidbəyli “Nəsimi” filmini çəkərkən Teymurləng rolunu Yusif Vəliyevə həvalə etdi. Filmdə həqiqətən uğurlu aktyor oyunları çoxdur. Amma Yusif Vəliyevin ustalıqla yaratdığı Teymurləng surəti xüsusi diqqətəlayiqdir.

1394– ilin əvvəllərində Teymurləng Bağdad səfərindən Azərbaycana qayıtdığı vaxtlar bir tərəfdən fanatik xurafat müdafiəçiləri və yerli feodallar, o biri tərəfdən teymurilər hürufilərin, o cümlədən Nəsiminin məhvinə fitva vermişdilər. Filmdə Nəsimi ilə Teymurləngin görüşü, müxtəlif qütblərdə dayanan şairlə dünyanı qılınc gücünə fəth etməyə çalışan qəsbkarın üz–üzə gəlməsi ən dramatik səhnələrdən biridir. Teymurləng böyük sərkərdədir, eyni zamanda zalım hökmdardır. Yusif Vəliyev qəhrəmanının psixoloji və fəlsəfi dünyasını tamaşaçılara məhz bu nöqteyi–nəzərdən təqdim edir. Müəlliflər və aktyor hökmdarı tarixi–fəlsəfi baxımdan məhkum olunmuş kimi göstərirlər. O, təlaş içindədir, ona elə gəlir ki, dünya dağılır, onun fikirləri altüst olur. Oğlanları kefdədir, nəvələri Nəsiminin “kafir” şeirlərini oxuyurlar. Teymurləng sanki özünün faciəvi məhvə məhkum edildiyini düşünür. Ona görə də öz qəzəbini heç bir günahı olmayan insanlardan çıxır. Teymurləngin iti baxışları, səsindəki amiranəlik, onun axsayaaxsaya gəzməsi aktyor tərəfindən təbii şəkildə təsvir olunur, hökmdarın qəddar təbiətinin bütünlüklə açılmasına imkan verir.

Yazıçı İsa Hüseynovun ssenarisi üzrə çəkilmiş “Tütək səsi” filmindəki hadisələr II Dünya müharibəsi dövründə kiçik bir Azərbaycan kəndində cərəyan edir. Namusnamussuzluq, amirlikhüquqsuzluq məsələləri bu filmdə son dərəcə kəskin şəkildə üz–üzə dayanır. Cəbhəyə gedib həlak olan əsgərin dul qalmış arvadı ilə evlənmək istəyən kolxoz sədri Cəbrayılın kənd camaatı arasında qınaq obyektinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Kolxoz sədrini bu işdə günahlandıranlardan biri də Qılınc Qurbandır.

Qılınc Qurban obrazını yaradan Yusif Vəliyevin oyunu həm maraqlıdır, həm də inandırıcıdır. Onun traktovkasında Qılınc Qurban öz kəskin çıxışları ilə heçpis, daşqəlbli adam təsiri bağışlamır. Bu adam teztez mübahisə edir, qarşı tərəfin mühakimələrində ziddiyyət axtarıb tapır. Öz fikrini başqalarına qəbul etdirməyə çalışır. Elə bu tünd, mürəkkəb xasiyyətinə görə də kənd, camaatı, İsfəndiyar kişi Qılınc Qurbanı danlayır, hadisələrdən tələsik nəticə çıxarmamağı məsləhət görür, səbirli olmağa çağırır. Sənətşünas İlham Rəhimli “Ümidlərin poeziyası” resenziyasında qeyd edir ki, “Tütək səsi”ndəki sərt, qeyrətli, namuslu, el dərdi çəkən və bəzi xırda səhvləri də doğma xalqına məhəbbətdən, torpağına bağlılığından irəli gələn Qılınc Qurban aktyorun sənətdə yeni sözü kimi qeyd oluna bilər.

Yusif Vəliyev çəkildiyi filmlərdə incə psixologizmi, emosionallığı, ifadə vasitələrinin dəqiqliyi ilə seçilən maraqlı obrazlar yaradıb: Şirməmməd (“Sən niyə susursan”) sərxoş (“İstintaq davam edir”), epizod (“Poçt qutusu”), baş icraçısı (“Uşaqlığın son gecəsi”), Səfərəli (“Bir cənub şəhərində”), pristav (“Dəli Kür”), halvaçı (“Qatır Məmməd”), Fəttah (“Arxadan vurulan zərbə”) aktyorun kinoda ifa etdiyi rolların heçtam siyahısı deyil.

Bir cənub şəhərində” filmində böyük şəhərin məhəllələrindən birində baş verən hadisələrdən söhbət açılır. Bu məhəllənin öz yazılmamış qanunları var. Həbsxanadan yenicə buraxılan Ağabala arvadını yoldan çıxarmış pivə satan Səfərəlinin dərsini verməlidir, yəni onu namus üstündə öldürməlidir. Həmin səhnədə Səfərəlinin — Y.Vəliyevin necə həyəcan keçirdiyinin şahidi oluruq. Ölümünü gözünün qarşısına gətirən Səfərəlinin gözləri bərələ qalıb. Ölümqabağı keçirdiyi psixoloji sarsıntılar onun nə qədər riyakar, rəzil məxluq olduğunu göstərir. Səfərəli rolu epizodik olsa da, aktyorun istedadlı oyunu sayəsində yadda qalıb.

Y.Vəliyevin “Dəli Kür” filmində kiçik bir epizodda oynadığı pristav rolu da maraqlıdır. Film Moskvada təhvil verilərkən onun finalı, məhz Y.Vəliyevin iştirakı ilə çəkilmiş epizod məcburən dəyişdirilib. Əvvəlki finalda pristavın— Y.Vəliyevin göstərişi ilə kazaklar Cahandar ağaya məxsus qoruğun böyük bir hissəsini ölçüb Qafqaz canişini üçün ayırırlar. Bunu görən Cahandar ağa ağacın altında uzanmış pristava buradan rədd olub getməsini əmr edir. Bu zaman pristav “Deyəcən könlündən Sibir keçir, dəli müsəlman”—deyib onu vurmaq istəyərkən Cahandar ağa pristavı qabaqlayıb onu güllələyir. Həmin epizodda Y.Vəliyevi çar məmurunun rolunu o qədər təbii oynayır ki, onun ifası, hirsindən qan çəkmiş gözləri, sifətinin haldanhala düşməsi və gərgin vəziyyətdə olması tamaşaçının yaddaşında həkk olunur.

AktyorunArxadan vurulan zərbə” psixoloji detektivində yaratdığı Fəttah dayı—Qurd Cəbrayıl obrazı onun kinoda ən uğurlu işlərindən biridir. Bu filmdə aktyor qəhrəmanının bir–birindən fərqli ikili simasını ustalıqla ifa edir. Birinci halda qoca Fəttah ətrafındakılara qarşı çox qayğıkeşdir, üzüyola insandır. Lakin onun mehriban siması, yumşaq baxışları aldadıcıdır. Vaxtilə quldurluq edən, Qurd Cəbrayıl kimi ad çıxarmış Fəttah dayı onu tanıyacaq adamı görcək daxilindəki vəhşi təbiəti baş qaldırır və şahidi ortadan götürməyə çalışır. Bu halda da aktyor ifrata varmır, artıq hərəkətlərə yol vermir. Düşməni görəndə Fəttah dayı daxilən dəyişir, əvvəlki maskalanmış simasını itirir.

Yusif Vəliyevin sənət dünyasında səs, aydın diksiya, danışıq tembri xüsusi yer tutur. Bir çox filmlərin Azərbaycan dilinə dublyajı onun səsləndirdiyi rollar sayəsində xüsusilə uğurlu alınıb. Bundan başqa o bir çox Azərbaycan filmlərində də nəinki xarici, hətta yerli aktyorları peşəkarcasına, mükəmməl və dəqiqliklə səsləndirir. “Bizim küçə” filmində Lars, “Sehrli xalatdaİo Kio, “Dağlarda döyüş”də Sərxan, “Həyat bizi sınayır”da Sadiq, “Möcüzələr adası”nda Cabbar, “Dədə Qorqudda Bayandur xans. obrazlar Yusif Vəliyevin səsi ilə danışırlar. Bir aktyorun oyunu ilə digər aktyorun obrazlı danışığının üst–üstə düşməsi heçasan məsələ deyil. Yalnız dublyaj edənin peşəkarlığı sayəsində həmin obraz baxımlı olur. Məsələn, “Axırıncı aşırım” filmində A.İsgəndərov Kərbəlayı İsmayıl rolunda çəkiləndən sonra rejissor K.Rüstəmbəyovdan xahiş etmişdi ki, onun yaratdığı obrazı Yusif Vəliyev səsləndirsin. Nəticədə bu surət bütün əzəməti ilə ekranda canlandı.

Yusif Vəliyev 1941–1943– illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Görkəmli sənətkar teatrkinoda qazandığı uğurlara görə 1960–cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1978–ci ildə isə xalq artisti fəxri adına layiq görülüb.

O, ifa etdiyi rollarda təkrarolunmaz səsi, bənzərsiz oyunu ilə seçilir. Bu aktyoru ekranda görən, səsini eşidən heç vaxt onu unutmur. Ona görə ki, o, bütün bu keyfiyyətləri ilə xalqına xidmət edib, xalqa xidmət edənlər isə unudulmurlar, sevilirlər, xalqın sevimlisi olmaq isə hər sənətkara nəsib olmur.

 

 

Fəxrəddin Mustafayev

 

Respublika.- 2012.- 17 iyul.-  S.8.