Ələddin Abbasovun Cahandar Ağa
obrazı
Gəncə Dövlət Dram Teatrının aktyoru,
xalq artisti, Prezident təqaüdçüsü, aktyorluq sənəti tariximizdə görkəmli
yer tutan Ələddin
Abbasovun 90 yaşı tamam
olmuşdur.
Ələddin Abbasov
75 illik aktyorluq həyatı
dövründə 200–dən artıq müxtəlif səpkili
rol oynayıb, 25 filmdə çəkilib:
Nəbi (“Qaçaq Nəbi”),
Səyavuş (“Səyavuş”), Mərdan (“Bir
gəncin manifesti”), Bayram
(“Xırs quldurbasan”), Eldar
(“Vaqif”), Fərhad (“Nəsrəddin şah”), Aydın (“Aydın”), İsgəndər
(“Ölülər”), Zaur (“Yadındamı”),
Vahid (“Kəndçi qızı”), Cəlal
(“Komsomol poeması”), Edqar
(“Sarı əlcək”), Həsənzadə (“Sən həmişə mənimləsən”) və yüzlərlə
digər müxtəlif xarakterli
rolların hər biri teatr
sənəti tariximizdə parlaq səhifə
təşkil edir.
Gəncəlilər onun oynadığı rolların böyük əksəriyyətinə
baxıblar. Amma şəhərdə rastlaşanda, tədbirlər zamanı əl tutub görüşəndə, hamı nədənsə
Cahandar ağanı xatırlayır.
Xalq
yazıçısı İsmayıl Şıxlının
XX əsrin ədəbi kəşfi səviyyəsinə
yüksəltdiyi bu obrazın ekran həyatı həmişə
hamımızı düşündürüb.
Xarakteri, şəxsiyyəti,
davranışı, milli mənsubiyyətimizin
ifadəsi ilə zirvə sayılan Cahandar
ağanın film taleyi
yarımçıq təsiri bağışlayır. Hələ
o vaxt Ələddin
müəllimin 75 illik yubileyində görüşdük. Filmin yaranma
tarixi ilə bağlı təəssüratlarını
soruşdum. Çünki
İsmayıl Şıxlının və Hüseyn
Seyidzadənin vəfatından sonra “Dəli
Kür” filmi ilə
bağlı qaranlıq və müəmmalı məqamlara
yalnız o açıqlıq gətirə
bilərdi. Və o vaxt hələ heç kimin söyləmədiyi həqiqətlər eşitdim ondan. Əslində
həmin söhbət təkcə bir aktyorun oynadığı bir
rol haqqında təəssüratları deyil, həm də milli mənəmliyimizin
ekran təsdiqinə yönələn cəhdə
edilən xəyanət haqqında acı hekayətdir.
15 ildən sonra
90 yaşlı aktyorla yenidən o söhbətə qayıtdıq.
Deyir ki, Cahandar ağa
obrazı aktyor həyatımın təsadüfi
xöşbəxtliyidir. Çünki o vaxt rejissor
Hüseyn Seyidzadə ilə görüşmüşdüm. Hüseyn müəllim heç
bir sınaq çəkilişlərinə
dəvət etmədən Allahyarı oynayacağımı bildirmişdi. Yalnız çəkilişi
gözləyirdim.
Həmin vaxt
Gəncə Teatrı Tbilisidə qastrol səfərində
idi. Bakıdan teleqram
aldım. Məni Cahandar ağa
obrazı üçün sınaq çəklişinə
dəvət edirdilər. Əvvəlcə bunu
ciddi qəbul etmədim. Dedim,
yəqin uşaqlardan hansısa mənimlə
zarafat edir. Çünki artıq filmdəki rolumu bilirdim. Şübhəm
həm də onunla bağlı idi ki, onu
mənə etibar edəcəklərinə
inanmırdım.
İkinci teleqram hadisələri öz axarına saldı. Təcili Bakıya yollandım.
Yollandım deyəndə ki,
sanki quş idim, uçurdum. Rəhmətlik Hüseyn Seyidzadə məni narahat qarşıladı,
dedi ki, 5 nəfəri sınaqdan çıxarmışıq, heç
nə alınmır, məcburiyyət qarşısında
səni də sınamağı qərarı
almışıq, hazırlaş,
baxaq.
Məni ağanın qiyafəsinə saldılar. Tiflis gimnaziyasında
direktorla oğlum barədə söhbət
səhnəsini çəkməli
idilər. Dedilər, sınaq
çəkilişinə baxmaq
məqsədi ilə rəhmətlik Ədil İsgəndərov özü
gələcək. Bu obrazın
ağırlığı bir
yana, bədii
şuranın sədri
— o vaxt studiyada çox böyük nüfuz sahibi olan Ədil müəllimin çəkilişdə
iştirakı məni
yaman qorxutdu: “Allah, görəsən, oynaya biləcəmmi?”
Görünür, həyəcanımı
rəhmətlik Ədil
müəllim də
hiss etdi. Məni yanına
çağırıb: “Qadam,
bu Seyidzadə bir az birtəhər
adamdır, bildiyini babasına verən deyil, çalış, öz dərk etdiyin kimi oyna”,
— dedi.
Nə isə, səhnənin çəkilişi
başa çatdı. “Stop” əmri verildi. Təkcə mən yox, bütün yaradıcı
qrup nəticə gözləyirdi. Çünki sonsuz sınaq çəkilişləri adamları
tamam yormuşdu.
Epizoda baxdıqdan sonra rəhmətlik özunəməxsus kişiyanə
əda ilə çevrilib çiyninin üstündən Seyidzadəyə
baxdı:
— Ə, Seyidzadə, qadam,
öz aramızdır,
axtaranda, tapmaq olur, hə!
Məni təbrik etdilər, çünki artıq qərarı Ədil İsgəndərov
özü vermişdi.
İsmayıl Şıxlıdan, Hüseyn Seyidzadədən
tutmuş ən adi texniki işciyədək,
hamı bu işə çox böyük urəklə girişibmiş. Amma gəlin son nəticəyə,
filmdə baş verən hadisələrin mahiyyətinə, obrazların
ekran həyatına milli mənliyimizin gözü ilə baxaq. Biz “Dəli
Kür” romanını
oxumasaydıq, bəlkə
də film haqqında bu qədər tələbkarlıqla danışmazdıq.
Mühit, obrazlar, dərin dramatizm, oxucunu hər an öz sehrində saxlayan gözlənilməz
dönümlər, milli
və bu milliliklə bəşəriləşən
adət–ənənələrimiz, əsl Azərbaycan kişisinin bədii kəşf səviyyəsinə
yüksələn bütöv
daxili aləmi ekranda öz dolğun əksini tapmayıb. Niyə? Gözlədiyimizə kim mane olub?
O hansı əl idi bu filmə
belə “sığal”
çəkib.
Ələddin Abbasov deyir: Bu çox ağrılı söhbətdir. Filmdə çəkilməyə nə qədər böyük ürəklə
başlamışdımsa, yaradıcılıq işi
zamanı rastlaşdığım
gözlənilməz dönəmlər
məni bir o qədər sarsıtdı.
Həm də təkcə məni yox. Ssenarinin ilk variantında roman tam dolğun
əksini tapmasa da, hər halda
duz var idi.
Di gəl gözlənilmədən
Moskva işə qarışdı. Onlar Azərbaycan
kinematoqrafçılarının, sənətçilərinin yaradıcılıq
özbaşınalığı, əsl azərbaycanlı bəy, əsl Azərbaycan öğlu obrazı yaratmaq istəyi ilə barışa bilmədilər.
İlk varianta əməlli–başlı
“sığal” çəkildi.
Bu, bütün yaradıcı heyəti şoka saldı, xüsusilə rəhmətlik
İsmayıl Şıxlı
özünə yer tapa bilmirdi. Əlavələr, əsasən
Cahandar ağa obrazı və kazak əsgərlərinə
münasibətilə bağlı
idi. Qoy bir misal deyim, görün yuxarıları nə narahat edirdi. Bir epizod söyləyəcəm,
diqqət yetirin, onu filmdən çıxarıblar.
Mən poçtun həyətində dururam,
bir əsgər gəlib xəbər verir ki, səni
general çağırır. Əsəbləşirəm:
“Nə general, ə, mənim
generalnan–zaddan nə işim var”. Nəysə otağa daxil oluram, nəzakətlə
yer göstərib deyirlər ki, — Bəy, çağırmağımızın
səbəbi odur ki, sənin qoruğun bizim Voronstovun xoşuna gəlib, oranın qiymətini de, pulunu verək — bu sözlər mənə güllə kimi dəyir və sərt də cavab verirəm: “Mən oranı pulla almışam ki, pula da satım.
Bu torpaq mənə
ata–babamdan, yeddi arxa dönənimdən, əcdadlarımdan yadigardır.
Millətə amanatdır. Mənim də övladlarım var, halal malımdır”
deyib güllə kimi otaqdan çıxıram.
Arxadan generalın kinayəli sözləri qulağımı dalayır:
“Bəy, deyəsən,
biz səninlə bir az yumşaq danışırıq”.
Səhərisi nökərlərimdən birisi al–qan içində
gəlib mənə xəbər verir ki, — Ağa, kazak əsgərləri
bizim qoruqda özbaşınalıq edirlər.
Xəbərdən bərk qəzəblənib
qoruğa doğru şığıyıram. Məni yemək–içmək
süfrəsi arxasında,
əhlikef bir kazak başcısı
qarşılayır. Onun bu halı məni daha da coşdurur.
O rolu rəhmətlik Yusif Vəliyev oynayırdı. Özü də gözəl
oynayırdı, bilirsən
də, Yusif də Yusifdi.
Səsim aydın səmada
şimşək kimi çaxır: “Dur, qoşununu, zir–zibilini də götür, rədd ol burdan,
yoxsa hamınızı
güllələyərəm”.
Kazak zabiti kinayə
ilə cavab verir: “Bəy, deyəsən könlündən
Sibir keçir”.
Bu məqamda gözümə heç nə görünmür, nə imperiya, nə əsgər. Tüfəngi fırlayıb onu
yerindəcə güllələyirəm.
Sonra qızğın atışma
başlayır. 10–15 kazak əsgəri öldürdükdən sonra
gülləm qurtarır.
Xilas üçün Kürə
üz tuturam. Amma arxadan atılan
güllə… (Bu millətin gülləsi həmişə arxadan atılıb).
Bu səhnələr filmdən çıxarılıb. Yuxarıdakılar epizoda baxıb
ağız büzüblər.
Şovinist xislət qorxunc vulkan kimi püskürüb:
“10–15 kazak əsgərini
güllələmək “kakoy
nibud” Azərbaycan “mujikinin” hünəri deyil. Bu kişini mujik kimi çəkin,
“mujik” kimi də öldürün”,— deyiblər.
Bu epizodu çıxarmaqla filmi şikəst ediblər.
Ümimiyyətlə, millətimizə kölə nəzəri ilə baxan yuxarılar və özümüzün bəzi
üzdəniraqları Cahandar
ağanı əsl Azərbaycan kişisi kimi çəkməyə
qoymadılar. Obrazı o dövrün gözü
ilə baxılan bəy stereotipinə çevirdilər. Vallah, təbliğat
xatirinə demirəm,
müstəqilliyimizin, azadlığımızın
qədrini bilin.
Film çox itkilərə məruz qalıb. Lakin buna baxmayaraq, Ələddin Abbasovun Cahandar ağası, eləcə də bir sıra aktyorların
yüksək sənətkarlığı
ilə təqdim edilmiş “Dəli Kür” filmi rəğbətlə qarşılandı.
Söhbəti uzatmadım. Çünki bu, 90 yaşlı
aktyoru incitməkdən
başqa bir şey verməzdi.
Yenidən Əli müəllim
söhbətə qarışdı,
Alim məzəli bir əhvalat danışdı, Vaqif zarafat etdi, Pərvanə
könül alan
nəvaziş göstərdi.
Məmmədəli xatirə söylədi,
Sevda fürsət tapmış kimi ürəyini boşaltdı.
Mən tamaşaçıların Ələddin
Abbasovu necə sevdiklərini bilirəm.
Aktyor dostlarının
ona münasibətində
sevgidən də o yana ilahi
bir səcdə hiss elədim.
Məncə, budur aktyor
xoşbəxtliyi. Səni tamaşaçı sevir, sənət dostların səcdə edir.
90 yaşlı bir aktyora daha
nə lazımdır. Yalnız yaşamaq və
örnək olmaq.
Zarafatla dedi ki, 93 il
yaşayacam. Amma biz 100 illik yubiley
arzusu ilə ondan ayrıldıq.
— 90 yaşın mübarək,
Ələddin Abbasov. Ömrünün 91–nə xoş gəldin.
Vaqif TANRIVERDİYEV
Respublika.- 2012.- 24 iyul.- S.6.