Bir filmin taleyi

 

“Torpağa bağlı ömür”

 

Ömrünü, həyat və fəaliyyətini torpağa bağlayanlar xoşbəxtdir. O sənətkar xoşbəxtdir ki, özünəməxsus yaradıcılıq üslubu var, həmkarları arasında sevilir, şəxsiyyəti, bacarığı, peşəkarlığı ilə qəlblərə yol tapır.

Akademik Həsən Əliyev də belə insanlardan idi. O, ağac əkməyi, meşə salmağı xoşlayırdı: “Meşə həyat mənbəyidir” deyirdi. Çoxları buna əhəmiyyətsiz iş kimi baxar, o isə torpağa can verməkdən böyük zövq alar, təbiətə qarşı sevgi hissi oyadardı: “Hansı sosial quruluşda, hansı dövlətdə, mühitdə yaşamasından, hansı ailəyə, təbəqəyə mənsubluğundan asılı olmayaraq uşaqlara əkib becərmək, qurub–yaratmaq həvəsini aşılayasan gərək”.

Ömrünün sonuna qədər torpaqdan ayrılmadı, Həsən müəllim. Bu böyük insana həsr etdiyim 1999–cu ildə çəkilmiş film elə beləcə adlanır: “Torpağa bağlı ömür”.

Bu il bu böyük şəxsiyyətin 105 illiyi qeyd olunur.

 

—Həsən müəllimlə tanışlığım Azərbaycan televiziyasının “Günün ekranı” xəbərlər proqramında işlədiyim vaxtlara təsadüf edir. Mən onunla tez–tez görüşür, müsahibələr götürürdüm. Aramızda səmimi münasibət yaranmışdı, bəzən saatlarla söhbət edər, olub keçənlərdən danışardıq. Qərbi Azərbaycan torpaqlarının başına gətirilən müsibətlər onu çox narahat edərdi. Uşaqlıq, gənclik illərinin, o yerlərlə bağlı xatirələrini danışanda bəzən kövrələrdi də. Bir dəfə görüşlərimizin birində “Həsən müəllim, Sizin haqqınızda film çəkmək qərarına gəlmişəm”—dedim. O isə: “Səni saxlayan nədir ki, buna haqqın çatır”—dedi.

Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev Moskva şəhərində işləyirdi. Filmi hazırlamağa mənə imkan vermədilər. Əvəzində başqa bir filmin çəkilişini təklif etdilər. Təbii ki, qəbul etmədim. Onun sağlığında arzumu reallaşdırmaq mümkün olmadı. Sonra ölkədə baş verən məlum hadisələrə görə mənim özüm televiziyadan təcrid edildim, bir müddət işsiz qaldım. Heydər Əliyevçi olduğum üçün bütün qapılar üzümə bağlanmışdı. Nəhayət, dövran dəyişdi, mən öz işimə qayıtdım, Azərbaycan Telefilm Yaradıcılıq Birliyində işə başlayanda ilk işim Həsən Əliyev haqqında film oldu: “Torpağa bağlı ömür”.

Mən çoxdan bəri varlığıma hakim olan, məni hər zaman düşündürən, narahat edən mənəvi borcdan xilas oldum, mənən yüngülləşdim. Təəssüf ki, bunu Həsən müəllim görmədi, o, artıq haqq dünyasına qovuşmuşdu…

Həsən müəllim təbiətlə nəfəs alan insan idi.

İnsanın gözü qarşısında sanki üfüqlə birləşən yaşıl məxməri meşələr, düzənlər, zirvələri mavi səmanın yeddinci qatına çatmağa can atan sıra dağlar, gur çaylar, bulaqlar, dərin dərələr, bu təbii sərvətlər təbiətin bəşəriyyətə bəxş etdiyi bir gözəllikdir.

Maqmatik vulkan püskürməsindən yaranmış belə dağların əzəməti insanı valeh edir. İlahinin yaratdığı qeyri–adi təbii gözəllik bu məkanda yaşayan əhalinin sanki qanına, canına hopmuş, onların aydın zəkasından yoğrulmuş təfəkkürə qarışmışdır. Dağların ətəyinə doğru uzanan dağ düzənləri, landşaft yönlü bomboz çöllər, dupduru çay dərəsi, ucu–bucağı görünməyən meşələr… Sanki təbiətlə insanın vəhdətinin özülü buradan başlanır.

Səfəvilərin zamanında İrəvan bəylərbəylik, Nadir şahdan sonra isə xanlıq mərkəzi olmuşdur. Əhalinin çoxu, hərbi siyasi elita türklərdən ibarət idi. 17–ci yüzildə yaşamış Səyyah Övliyə Çələbi İrəvanı Azərbaycan şəhəri adlandırmışdır.

Ailədə 12 uşaq olub. Onlardan üçü erkən dünyasını dəyişib. Həsən müəllimin ata babası 120 il ömür sürmüşdür. O, 1907–ci ildə qədim Oğuz elinin Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdu. Balaca Həsənin 11 yaşı olanda Oğuz yurdunda, indiki Ermənistanda yaşayan azərbaycanlılara qarşı erməni millətçilərinin düşmənçiliyi başladı. Qatil, daşnak batalyonlarının başında dayanması tarixən türklərin, eləcə də müsəlmanların qanına susaması Zəngəzur qəzasında yaşayan silahsız azərbaycanlıların qırılması, salamat qalanların qovulması ilə nəticələndi.

XIX əsrin son onilliklərindən etibarən erməni–türk münasibətləri qızışır. 1905–ci il qırğınına hazırlıq aparılırdı. Bu məqsədlə də ermənilər bir çox yerlərdə, Zəngəzurda da dəhşətli qırğınlar törətdilər. 1905–ci il erməni milli–burjuaziya burulğanına düşmüş azərbaycanlı kəndlərindən biri də Comərdli olmuşdur.

Erməni–müsəlman qırğını zamanı azərbaycanlı ailələr öz doğma yurdunu İrəvanın Zəngəzur qəzasını tərk edərək pərən–pərən düşmüş, müxtəlif yerlərə pənah gətirmişlər.

Ermənilərdən xilas olan Comərdli kəndinin əhalisı Naxçıvan torpağının müxtəlif kəndlərində məskunlaşmışdı. Həsən Əliyevin ailəsi də Zəngəzur qəzasını tərk edərək böyük çətinliklərlə Naxçıvan şəhərinə pənah gətirir.

1920–ci ildən etibarən Azərbaycanda kütləvi savadsızlığın ləğv edilməsi uğrunda başlanan hərəkat geniş vüsət alır. Artıq 17 yaşına çatmış gənc Həsən o dövrdə baş verən mədəni inqilabdan kənarda qala bilmir. Müəyyən əmək yolu keçir. Əmək Həsəni əqli və fiziki baxımdan yetkinləşdirir. Atası Əlirza kişi 1924–cü ildə onu Naxçıvan şəhərindəki kənd axşam məktəbinə aparır. Gənc Həsən əlifbanın ilk hərfini 17 yaşında öyrənməyə başlayır. Altı il müddətində orta təhsil ala–ala, gündüzlər işləyir, axşamlar da oxuyurdu. Nəhayət Naxçıvan şəhərindəki kənd təsərrüfatı texnikumuna daxil olur. 1930–cu ildə oranı bitirir. Elə o vaxtlar da tələbə Həsəndə kənd təsərrüfatına olan maraq onun gələcək həyatını torpağa bağlayır.

Naxçıvan elində pambıq əkilirdi, lakin su qıtlığı pambıq əkininin genişlənməsinə ciddi əngəl törədirdi. Həsən müəllim 1929–cu ildə Gəncə dairəsinin Naxçıvan pambıq birliyinin təşkilatçısı və aqrotexniki işləyir. 1930–cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbəsi olmasına səbəb də kənd təsərrüfatına olan marağın onun qanına, canına hopması ilə bağlı idi. Artıq 23 yaşlı Həsən Əliyev əməkdə bişmiş, böyük həyat təcrübəsi qazanmış bir gənc olmuşdu. Odur ki, maarifpərvər, oxumağın, elmdə yüksəlməyin tərəfdarı olan Əlirza ata övladlarının hamısının orta məktəbi bitirməsi ilə kifayətlənməyib, onları ali təhsil almağa sövq edib. Buna görə də o, 1930–cu ildə gənc Həsəni Gəncəyə öz qəlbinə yatan sahəyə— Kənd Təsərrüfatı İnstitutunda təhsil almağa yola salır.

Biliyi, bacarığı ilə müəllimlərin diqqətini cəlb edən tələbə Həsəni hələ ikinci kursda oxuyarkən Kommunist Partiyası sıralarına qəbul edirlər. Həmin illərdə Kommunist Partiyasının üzvü olan hər hansı bir şəxsə xüsusi diqqət və qayğı vardı. Üç il müddətində institutu bitirən kimi onu Azərbaycan Elmi–Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasına qəbul edirlər.

Həsən Əliyev pambıqçılığın sirlərinə bələd olduğundan Gəncədə tədqiqat işinə başlamaq onun üçün çətin deyildi. 1934–cü ildə Həsən müəllim Kənd Təsərrüfatı Pambıqçılıq İnstitutunun Ucar rayonundakı zona–təcrübə stansiyasının direktoru təyin edilir. İki il sonra Gəncə şəhərindəki üzümçülük təcrübə stansiyasına direktor göndərilir.

Naxçıvanda pambığa yaranmış həvəs, Gəncədə üzümçülüyə olan istək onun gələcək tədqiqatları, torpaqşünaslıq istiqaməti ilə yanaşı, pambıqçılıq, üzümçülük və kənd təsərrüfatı bitkilərinin elmi əsaslarla qorunmasına bağlamışdır.

Elmə böyük həvəs Həsən Əliyevi Keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının torpaqşünaslıq bölməsinə gətirib çıxardı.

O, Azərbaycan elminin mütəşəkkil şəkildə inkişafında əvəzsiz rol oynamışdır. Həm apardığı elmi tədqiqat yolu, həm də partiya xətti ilə elmimizin yüksəlişinin əsas təşkilatçısı, təminatçısı olmuşdur. Həsən Əliyevin partiya işində işləməsi imkan verirdi ki, gənc milli, elmi kadrların mənafeyini müdafiə etsin. Həsən Əliyev cəsarətli, köməyə ehtiyacı olanlara dayaq olaraq öz keyfiyyəti ilə başqalarından fərqlənirdi. Onun bu cəsarəti həm onun şəxsiyyətini qoruyurdu, həm də xalq arasında hörmətini yüksəldirdi.

Böyük Vətən müharibəsinin məşəqqətli günlərini Həsən müəllim də çəkib.

İkinci Dünya müharibəsi başlayanda Həsən müəllim Moskva şəhərinə elmi müdafiəyə getmişdi, lakin müdafiəyə bir neçə gün qalmış müharibə başlanır. Həsən müəllim elə oradan evə zəng edib cəbhəyə getdiyini xəbər verir. Baxmayaraq ki, o vaxt elmi işçilərə bron deyilən yer verirdilər, Həsən müəllim könüllü olaraq müharibəyə getmişdi.

Vətəni azğın düşməndən azad etmək uğrunda mübarizədə Həsən Əliyev də kənarda qalmadı. 1941–1943–cü illərdə Vətən müharibəsinin iştirakçısı oldu.

1943–cü ildə Həsən Əliyev Şimali Qafqazın qərb hissəsini alman faşist işğalçılarından azad edərkən qızğın vuruşmaların birində ağır yaralanır. Döyüş meydanında həlak olanları daşıyan əsgər fikir verir ki, ölülər içərisində bir nəfərin üzünə yağan qar əriyir. Anlayır ki, bu şəxs ölməyib, diridir. Ölüləri daşıyan yaralını ölülərin içərisindən ayıraraq hospitala təhvil verir. Həmin şəxs Həsən Əliyev imiş. Cəbhə yoldaşları Həsən Əliyevi ölmüş bildiklərindən evlərinə ölüm kağızı göndərmişdilər. Üzündən ağır yara almış Həsən Əliyev Bakı şəhəri hospitallarından birinə daxil olan vaxt ailəsi onun qara kağızını almışdı. Sonra sevinc kədərə qarışmışdı. Cəbhə xatirələrini, xüsusilə özünə aid qara kağızın ailəlsinə çatmasını yada salanda o, çox kövrəlir, gözləri yaşarırdı.

Torpaq bir çox amillərin qarşılıqlı əlaqə və təsirindən yaranan mürəkkəb təbii proseslərin məhsuludur. Çox keçmədi, 1943–cü ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının rəhbəri oldu.

1944–cü ildə Böyük Qafqazın Cənub–şərq yamacındakı çayların axınlarının torpaqlarını uğurla tədqiq etdiyinə görə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Alimlik adı almaq üçün Həsən müəllim susuz Qobustan çöllərində pay–piyada yüzlərcə torpaq kəsimi qoymuş, onları təsvir etmiş, torpaq nümunələrinin torpaq bölməsinin laboratoriyasında təhlil etmişdi. Nəticədə—cövhər elm almışdır. Bu, Azərbaycan elminin gələcəkdə kütləvi şəkildə yüksəlişi idi. Çox keçmir, Həsən müəllim elmdə öz sözünü deyir, sanballı əsərlər yazır, yaradır və doktorluq alimlik dərəcəsinə layiq görülür.

Həsən müəllimin coğrafiya elminə xüsusi maraq və qayğısı vardı. 1944–1945 ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan flialının coğrafiya bölməsinin rəhbəri olmuşdur.

1968–ci ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna rəhbərlik etmişdi. Azərbaycan Elmlər Akademiyası şəhərciyinin tikilməsində, Pirqulu rəsədxanası üçün yerin seçilməsində və tikintinin aparılmasında öz məsləhətlərini vermişdi.

Həsən müəllim Akademik katibliyinə Azərbaycan KP MK katibi vəzifəsindən gəldiyi üçün onun təsir dairəsi də çox geniş idi. Akademiyanın sürətlə irəliləməsində mühüm rolu olmuşdur. Həsən müəllimin Azərbaycan KP MK katibi vəzifəsinə ali təhsil aldıqdan 20 il sonra isə elmlik zirvəsinə Akademikliyə layiq görülmüşdü.

Akademik Həsən Əliyev tədqiqatçısı olduğu torpağa, məxmər meşələrə, təbiətin mühafizəsinə, landşaftşünaslığa, təbiətin fauna, florasına, coğrafiya elminə dair yüzlərlə monoqrafiq əsər, yüzlərlə elmi məqalə çap etdirmişdi. Bu əsərlərin elmi əhəmiyyəti olmaqla, istifadə yolları da göstərilmişdir. Bu fundamental əsərlər fədakar alimin elmə töhfəsi idi.

Akademik Həsən Əliyevin elmi yaradıcılığı ilə əlaqədar gördüyü işlər çoxşaxəli geniş və dərindir. Həsən müəllim respublikada üzümçülüyün genişləndirilməsi, əhəmiyyəti, payız və qış üçün yem bitkilərinin əkilməsi haqqında elmi təklifləri quraq iqlim ərazisindəki dağ yamaclarında meşə salınması, yeni qoruqların, yaşıllıqların yaradılması haqqında elmi fikirləri çox zəngin olmuşdur.

Həsən müəllim onlarla elmlər namizədi, elmlər doktoru yetişdirmiş, gənc alimləri böyük elmi problemin həllinə həvəsləndirmişdi. Yer haqqında elmlər sisteminin başında duran korifeylərdən idi. Həsən Əliyev təbiətən demokratik fikirli şəxsiyyət olmaqla, inandığı, saf əməllərinə böyük ümid bəslədiyi insanlara arxa olmağa çalışardı.

Akademik Həsən Əliyevin həyat yolu XX əsrin ictimai–siyasi inkişafının ayrı–ayrı mərhələlərində formalaşmışdı. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü respublikanın əməkdar elm xadimi, Respublika Dövlət mükafatı laureatı, kənd təsərrüfatı elmləri doktoru, professor Həsən Əliyevin keçdiyi həyat yolu yadda qalmaqla unudulmazdır. Akademik Həsən Əliyev elmi yeniliklərilə xalqın sevimlisinə çevrilmişdi. Mənalı ömür sürmüş alimimizi həyatı boyu qayğısını çəkdiyi torpaq indi öz ağuşuna almışdı. Həsən müəllim hələ sağlığında öz abidəsini xalqın qəlbində ucaltmışdı. Onu tanıyanlar adını hörmətlə anır, ona rəhmət oxuyur.

Ürəyi xalqın ürəyi ilə birgə döyünən həyatı xalqın taleyi ilə sıx bağlı olan şəxslər əbədi yaşayanlardı.

Belə şəxsiyyətlərin taleyinə bir qismət yazılır. Torpağa bağlı ömür, Həsən Əliyev ömrü! Əbədi yaşar ömür!

Yaradıcılıq özü də tale məsələsidir. Hər bir yaradıcılıq işi millətinə, xalqına, torpağına sonsuz sevgidən yaranır. Sevgiylə yaranan hər bir əsər həmişəyaşarlığı ilə müəllifini də əbədi yaşadır.

 

 

Rəfiqə MƏSUD,

kinossenarist.

 

Respublika.- 2012.- 20 noyabr.- S. 3.