Təhsildə müasir yanaşma mühüm rol oynayır

 

Mühüm ictimai, siyasi, iqtisadi hadisələrlə müşayiət olunan XX əsr tarixə çevrilibdir. Bu əsr respublikamız üçün eyni zamanda Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə xüsusilə yadda qalan olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ölkəmiz dövlət müstəqilliyini qoruyub saxlamaqla bütün sahələrdə sürətli inkişafın əsası qoyulmuşdur. Artıq ilk on illiyini arxada qoyan XXI əsrdə bu inkişaf möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamızın iqtisadi qüdrəti artır, onun beynəlxalq arenada mövqeyi möhkəmlənir, müstəqil respublikamız inkişaf etmiş ölkələrin sırasına yüksəlməkdə, xalqın rifahı ilbəil yaxşılaşmaqdadır. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən sonra bütün sahələrdə olduğu kimi milli təhsil sistemində aparılan islahatların uğurlu nəticələri göz qabağındadır. Əldə olunan nailiyyətlər ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının təzahürüdür.

 

Uşaqlar bəşəriyyətin gələcəyidir, hər bir ölkədə uşaqların xüsusi yeri vardır, – deyən ümummilli liderimiz ölkə təhsilinin inkişafına, eləcə də bu mühüm sahə ilə birbaşa bağlı olan gənc nəslin təlim–tərbiyə məsələsinə, onların milli dəyərlərə söykənən sağlam vətəndaşlar kimi formalaşmasına həmişə həssaslıqla yanaşırdı. Onun təşəbbüsü ilə təhsillə bağlı bir sıra proqram, qanun qəbul olunmuş, bu sənədlər təhsilimizin bütün sahələrini əhatə edir.

Ulu öndərin uşaqlara olan diqqətinin, qayğısının təzahürüdür ki, 1998–ci il may ayının 19–da “Uşaq hüquqları haqqında” qanun imzalanmışdır.

Yalnız böyüklər deyil, azyaşlı uşaqlar da müəyyən çərçivə dairəsində vətəndaşlıq hüququna malikdir. Uşaqlarla necə davranmaq qaydaları, onların haralı və kim olmalarından asılı olmayaraq 1990–cı ildə bir çox dünya dövlətləri və Birləşmiş Millətlər Təşkilatının üzvləri tərəfindən Konversiya imzalanmışdır.

Konversiyada göstərilən uşaq hüquqları ibtidai siniflərdən başlayaraq uşaqlara izah edilməlidir. Kiçik yaşlı uşaqlar onlara məxsus olan hüquqlardan nəinki xəbərdar olmalı, hətta onlardan istifadə etməyi bacarmalıdırlar. Çünki doğulduğu andan hər bir uşaq yaşamaq, vətəndaşlıq hüququna, ad, soyad hüququnaonlar tərəfindən öz hüquq və qanunları çərçivəsində müdafiə olunmaq hüququna malik olmalıdır.

Kiçik yaşlarından uşaqlar öz hərəkətlərinə cavabdeh olmur, şəxsi arzu və istəkləri çərçivəsində hərəkət etməyə çalışırlar. Bu zaman doğrudan da valideynlər və müəllimlər uşaqların qarşısında müəyyən səd yaratmalıdırlar. Qanunhüquqlar bu zaman tələb kimi götürülür. İnsanlar hüquqlarına hörmət etməyi kiçik yaşlarından öyrənməlidirlər. Uşaqlar bilməlidirlər ki, insan hüquqları haqqında sənədlər mövcudbu hüquqları pozan şəxslər dövlət qarşısında məsuliyyət daşıyır. Eyni zamanda uşaqlar digər insanlara hörmət etməyi, öz hərəkətlərini sağlam şəkildə təhlil etməyi bacarmalıdırlar. Hər bir insanın ləyaqətinə, eləcə də şəxsiyyətə hörmət etmək vərdişinə yiyələnməlidirlər. Müəllim öz fəaliyyətində uşaqların humanistcəsinə tərbiyəsinə zidd olan hallardan qaçmalıdır. Yəni söz işlətmək, qışqırmaq, təhqir, mənliyin alçaldılması, qorxutma, məcbur etmək kimi hallara qətiyyən yol verilə bilməz. Müəllim fəaliyyətin bütün növlərində şagirdlərlə səmimi münasibətdə olaraq onların kamil bir şəxsiyyət kimi tərbiyə olunması üçün əlindən gələni əsirgəməməlidir.

Ölkəmizdə əhalinin hüquq tərbiyəsi üzrə müntəzəm aparıldığı kimi, şagirdlərin hüquq tərbiyəsi də həmişə diqqət mərkəzində durmuşdur. Xüsusən ibtidai siniflərdə hüquq tərbiyəsi, əxlaqi, mənəvi dünyagörüşünün formalaşması üçün tutarlı ən sanballı təsiredici vasitədir. İbtidai siniflərdə hüquqi şüuru formalaşdırmaq üçün ilkin təsəvvürlərin tətbiqi xüsusiyyətlərini bilməyin də əhəmiyyəti böyükdür. Bu işdə müəllimin məharəti ondadır ki, nəzərdə tutduğu tədbiri həyata keçirərkən şagirdlərin yaş və fərdi xüsusiyyətlərini, istək və arzularını nəzərə alsın. Müəllim təminat verməlidir ki, hər bir tədbir zamanı şagirdləri maraqlandıran istedadlılıq və qabiliyyət səviyyəsindən onların daxili tələbatından irəli gələn hüquqi fəaliyyəti araşdırsın. Bu, onunla izah olunmalıdır ki, ibtidai siniflərdə hüquqi təsəvvürləri formalaşdırmaq sahəsində şagirdlərin dünyagörüşünü cilalamağın ən inamlı yolu olan alışma vərdişlərindən müntəzəm istifadə olunmalıdır. Çünki hüquqi bilik, bacarıq və vərdişlər sistemi şagird tərəfindən o vaxt daha ciddi mənimsənilir ki, bu sahədə görülən konkret fəaliyyət texnologiyası onun mənəvi dünyasına təsir göstərə bilir.

Mən çalışıram ki, işlədiyim siniflərdə şagirdlər müasir tələblərə uyğun, müstəqillik şəraitinə alışmış hüquqi–mədəni təsəvvürlərini yeni metodlardan istifadə yolu ilə hər hansı buraxılmış səhvləri izah edim, qısa olaraq hüquq qaydalarını gözləmək, onlara hörmət və müstəqil fəaliyyətə sövq edən hüquqi adət və vərdişlər formalaşdırım. Hüquqi baxımdan hər bir şagirdin qazandığı bilik və bacarıqlar onun xarakterinin ideya və əxlaq baxımından möhkəmlənməsinə kamillik dərəcəsinə çatmasına, idrak qabiliyyətinin inkişafına son dərəcə kömək edir.

Beləliklə, pedaqoji təsirin ən yüksək yolu olan humanistləşdirmə amillərindən istifadə etməklə ibtidai sinif şagirdlərinin hüquq təsəvvürlərini formalaşırmaq yolu ilə onların əxlaqi–mənəvi hüquqi davranış formalarına düzgün riayət olunmasını təmin etmək reallığı ictimaiyyəti dərindən düşündürməlidir. Bütün bu sadalanan hüquqi biliklər uşaqların bilik, bacarıq və vərdişlərində formalaşdırılmalıdır. Onlar gələcəkdə sağlamazad həyat qurarkən digər insanların hüquqlarına hörmət etməyi kiçik yaşlarından öyrənməlidirlər.

Biz müəllimlər də yaddan çıxarmamalıyıq ki, müstəqil Azərbaycanımıza vətəndaşlar, şəxsiyyətlər yetişdiririk. Sabah onlarda hər hansı insani keyfiyyət görmək istəyiriksə, bu gün həmin keyfiyyətləri uşaqlar biz müəllimlərdə tapmalı, onların kamil bir şəxsiyyət kimi tərbiyə olunmaları üçün əlimizdən gələni əsirgəməməliyik.

 

 

Gülzar ƏLƏKBƏROVA,

Bakı şəhəri, Yasamal rayonu

20 saylı orta məktəbin müəllimi.

 

Respublika.- 2012.- 24 noyabr.- S. 6.