“Günay”
uşaq teatrı studiyası
tamaşaçıların rəğbətini qazanır
Fiziki və psixoloji
cəhətdən sağlam, bilikli, zəngin mənəviyyata malik yeni–yeni
nəslin böyüməsi dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Odur ki, ölkəmizdə
uşaqlarda yaradıcılıq imkanlarının,
istedadının inkişaf etdirilməsi üçün lazımi şərait
yaradılıb. Uşaq və yeniyetmələrin
yaradıcılıq qabiliyyətinin, istedadının üzə
çıxarılması ayrı–ayrı təşkilatların,
mütəxəssislərin üzərinə böyük
məsuliyyət qoyur. “Günay”
uşaq teatr
studiyası da bu
istiqamətdə mühüm addımlar
atır. Kollektiv nəinki
respublikamızda, bir çox
Avropa ölkələrində böyük nüfuz
qazanıb.
Studiya
2003–cü ildə “Yaşıl Teatr” konsert kompleksinin nəzdindən
“Günay” estetik uşaq studiyasının əsasında
yaranıb. Onun yaradılmasında əsas məqsəd gənc
nəsli milli və dünya dramaturgiyası, poeziya, musiqi, incəsənət
ilə yaxından tanış etmək, uşaq və yeniyetmələrin
yaradıcı və estetik imkanlarını inkişaf etdirmək
olmuşdur.
Bütün
tamaşaların ssenarisini, quruluşunu və musiqi tərtibatını
özümüz hazırlayırıq. Repertuarımıza
milli vətənpərvərlik mövzusuna aid tamaşalarla
yanaşı, Şekspir, Puşkin, Lermontov və başqa
klassiklərin əsərləri də daxildir. Kollektivimiz
çoxsaylı xarici qastrollardan hər dəfə mükafat,
fəxri fərman və medallarla Vətənə
qayıdır. Xarici ölkələr arasında Almaniya,
Fransa, Çexiya, Rusiya və başqaları vardır. Qonaq
olduğumuz ölkələrin
tamaşaçılarının fikrincə, azərbaycanlı
uşaqları mənəviyyatına və vətənpərvərlik
hislərinə görə daha yüksəkdə olduqları
ilə fərqlənirlər.
Bu ilin yay mövsümündə kollektivimiz növbəti dəfə böyük uğura imza atdı. Belə ki, “Günay” teatrı Polşanın Kelse şəhərində “Avropanın istedadları” şüarı altında keçirilən uşaq və yeniyetmələrin yaradıcılığına həsr olunmuş 39–cu beynəlxalq müsabiqədə 2 bürünc medala və fəxri fərmana sahib oldu. Xatırladım ki, həmin müsabiqədə Polşa və Rusiyanın müxtəlif regionlarından, həmçinin Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Serbiya və başqa ölkələrdən kollektivlər iştirak edirdilər. Onu da deyim ki, bizim teatr həmin tədbirdə M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” və Andersonun “Su pərisi” əsərlərini səhnəyə çıxarmışdı. Kollektivimizin ifa etdiyi “Yallı” milli rəqsi də bu festivalda yaddaqalan oldu.
Xarici ölkələrə səfərlər “Günay” kollektivi üçün bir ənənəyə çevrilib. Biz gələn ilin əvvəli üçün Almaniyanın Bremen şəhərində keçiriləcək uşaq teatrlarının festivalına dəvət almışıq. Artıq bu səfərə hazırlıq görülür. Biz indi məşqləri Bakı Uşaq Teatrının binasında keçiririk ki, bu da müsbət nəticə verir. Yaradılan şəraitə görə teatrın direktoru İntiqam Soltana öz minnətdarlığımızı bildiririk.
Əldə etdiyimiz nailiyyətlər
kollektivimizin hər bir
üzvünün, xüsusilə də
uşaqların gərgin əməyinin və
bacarığının bəhrəsidir. Bütün
bunlar balaca
aktyorları sevindirməklə yanaşı, həm də
onları daha böyük
həvəslə çalışmağa, istedadlarını
artırmağa ruhlandırır.
Larisa TARUSOVA,
“Günay” uşaq teatrı studiyasının
rəhbəri.
Respublika.- 2012.- 24 noyabr.- S. 6.