Dilimizin izahlı lüğətinin yenidən işlənməsi haqqında bəzi qeydlər

 

Hər şeydən öncə, qeyd etmək lazımdır ki, dilçiliyimizin müxtəlif sahələri üzrə çeşidli tədqiqatlar aparılmışdır, bir neçə dərslik və dərs vəsaitləri yazılıb şagirdlərin və tələbələrin istifadəsinə verilmişdir. Dilimizin müxtəlif sahələri üzrə bir sıra dissertasiyalar yazılıb müdafiə edilmiş, müxtəlif monoqrafiyalar işıq üzü görmüşdür. Bununla belə, dilçiliyimizdə hələ də öz həllini gözləməkdə olan bir sıra problemlər mövcuddur. Onlardan ən vacibi, bəlkə də ən başlıcası dilimizin izahlı lüğətinin yenidən əsaslı surətdə işlənməsindən, onun lüğət fonduna, lüğət tərkibinə daxil olan morfoloji vahidlərin, yəni sözlərin nominativ məna yükünün daha dolğun öyrənilməsindən, hüdudlarının daha dəqiq müəyyənləşdirilməsindən, nitq prosesində onların distribusiyasını müəyyənləşdirməkdən ibarətdir. Zira müasir dünya dilçiliyində məsələyə bu cür yanaşılır.

 

Qarşıda duran bu problemi əsaslı surətdə həll etmək üçün isə dilimizin fundamental izahlı lüğətinin tərtib edilməsinə çox böyük ehtiyac var. Doğrudur, hələ keçən əsrin ikinci yarısında Azərb.SSR EA–nın müxbir üzvü mərhum Ə.Ə.Orucovun redaktəsi altında, daha sonralar isə prof. Ağamusa Axundovun redaktəsilə dilimizin izahlı lüğəti “Elm” nəşriyyatı tərəfindən çap olunmuş və oxucuların ixtiyarına verilmişdir. Lakin həmin lüğətlər öz dövrü üçün əhəmiyyət kəsb etsə də, indiki dövrdə bu lüğətlər istər tərtibi, istərsə də bəzi sözlərin izahı baxımından oxucuların tələbini ödəmək iqtidarında deyil. Əvvəla, ona görə ki, həmin lüğətlərin tərtibində dilimizdə işlənən sözlərin distribusiyası, yəni onların müxtəlif vəziyyətlərdə fərqli sintaktik funksiyalarda işlənə bilmə xüsusiyyətləri nəzərə alınmamışdır.

Məsələ burasındadır ki, bir çox dünya dillərində (məsələn, müasir ingilis dilində) olduğu kimi, bizim dilimizdə də bir sıra sözlər var ki, onlar öz morfoloji şəkillərini, quruluşlarını, formalarını dəyişmədən müxtəlif nitq hissəsi funksiyasında işlənə bilir. Dilçilikdə buna konversiya yolu ilə sözdüzəltmə deyilir. Dilimizdə bu qəbildən olan sözlərə misal olaraq ata, ana, dağ, qoyun, keçi, inək, ev, ağac, alma, dəvə, gül, ailə, yol, kitab, çörək və s. sözləri göstərmək olar.

Bu qəbildən olan sözlər ənənəvi olaraq dilimizdə, hər şeydən öncə, isim hesab edilir. Lakin bu sözlərə sintaktik–funksional baxımdan yanaşıldıqda məlum olur ki, onlar dilimizdə (söz birləşmələrində) həm isim, həm də sifət kimi təyin funksiyasında işlənə bilir. Məsələn, ata sözü mehriban ata, qayğıkeş ata, sevimli ata, səxavətli ata və s. bu kimi söz birləşmələrində qeyd–şərtsiz isim rolunda çıxış edir. Çünki o bu söz birləşmələrində kim? sualına cavab verir, söz birləşmələrinin nüvəsini, əsasını təşkil edir. Lakin dilimizdə işlənən ata qayğısı, ata nəsihəti, ata məsləhəti, ata tərbiyəsi və s. kimi söz birləşmələrində ata sözü şubhəsizdir ki, isim hesab edilə bilməz. Zira ata sözü bu cür söz birləşmələrində hansı? sualına cavab verir və söz birləşməsinin nüvəsini təyin edir.

Yuxarıda qara hərflərlə verilmiş sözlərin hər biri haqqında bu hökmü vermək mümkündür. Zira bu hal dilimizin daxili inkişaf qanunlarına və onun bir ünsiyyət vasitəsi olaraq təbiətinə tam uyğundur, əsrlərlə formalaşmış sarsılmaz qanundur, qaydadır.

Qeyd etmək lazımdır ki, dilimizdəki bu qəbildən olan sözlərin hər biri izahlı lüğətimizə iki başsöz kimi daxil edilməlidir: bir halda isim, ikinci halda isə sifət. Hazırda istifadədə olan Azərbaycan dilinin izahlı lüğətində məsələnin bu cəhəti nəzərə, demək olar ki, alınmamışdır, onlardan hər biri lüğətə ancaq isim kimi daxil edilmiş, onların sifət funksiyasında işlənməsi ötəri izah edilmiş və ya heç izah edilməmişdir.

Müasir dilimizdə geniş miqyasda işlənən digər bir qrup sözlər də var ki, bu qrupdan olan sözlər də hazırda istifadədə olan dilimizin izahlı lüğətində ya izah edilməmiş, ya da natamam şəkildə, tərzdə izah edilmişdir. Bu sözlərə misal olaraq avam, mərd, namərd, nadan, satqın, axmaq, yaltaq və s. sözləri göstərmək olar.

Qeyd edək ki, dilimizin lüğət tərkibində mövcud olan bu sözlər, hər şeydən öncə, əlamət, keyfiyyət bildirir və buna görə də onlar sifət adlandırılır. Lakin dil faktları sübut edir ki, bu qəbildən olan sözlər nitqimizdə həm də isim kimi işlənir və kim? sualına cavab olur. Məsələn, dilimizdə bu gün də geniş miqyasda işlənən Bir dəli bir quyuya bir daş atdı, yüz ağıllı onu çıxara / çıxarda bilmədi. Mövhumat avamlar üçündür. Cahanda olmasa idi avamlar, yəqin ki, ac qalardı yaltaqlar və s.

Yuxarıda verilmiş misallarda dəli, ağıllı, avam, yaltaq sözlərinin hər birini nə sintaktik, nə də malik olduğu funksional baxımdan sifət adlandırmaq düzgün hesab edilə bilməz, nə cavab olduqları sual baxımından, nə də yerinə yetirdikləri sintaktik funksiya baxımından. Bu cümlələrin hamısında onlar, yəni dəli, ağıllı, avam, yaltaq sözləri cümlənin mübtədasıdır və kim? sualına cavab verir. Həmin sözlərə xas olan bu xüsusiyyətlər, yəni onların kim? sualına cavab verməsi və cümlənin mübtədası rolunda işlənməsi ismə xas olan xüsusiyyətlərdir. Demək, haqqında danışılan sözlər dilimizdə sifət olaraq işləndiyi kimi, həm də isim kimi, isim funksiyasında da işlənə bilir. Dilçilikdə bu qəbildən olan sözlərə substantivləşmiş, yəni isim xassəsi qəbul etmiş sözlər deyilir. Bu növ sözlər ismin hal və kəmiyyət kateqoriyasına malik olur (dəli, dəlinin, dəliyə, dəlini, dəlidə, dəlidən) və isim kimi cəmlənə bilir (dəlilər, avamlar).

Qeyd etmək lazımdır ki, bu qəbildən olan sözlərə xas olan bu xüsusiyyətlər də hazırda istifadədə olan izahlı lüğətimizdə ya nəzərdən qaçırılmış, ya da onlar həmin lüğətdə dolaşıq şəkildə izah edilmişdir.

Dilimizdə daha bir qrup söz mövcuddur ki, onlar da kontekstdən asılı olaraq nitqimizdə müxtəlif sintaktik funksiyalarda işlənə bilir. Bu sözlər işləndiyi kontektsdən asılı olaraq bir halda sifət, bir halda zərf, digər halda isə isim funksiyasında işlənir. Məsələn, (1) gözəl mənzərə, gözəl qadın, gözəl səs, gözəl əndam və s.; (2) gözəl yaşamaq, gözəl danışmaq, gözəl bəzəmək, gözəl oxumaq və s; (3) kəndimizin gözəli, Baxçaların gözəlidir ağ alma, Yeddi gözəl. Eyibsiz gözəl olmaz. Hər gözəlin bir eybi olar. Hər yetən gözələ gözəl demərəm, gözəldə gərək bir işvə naz ola (Vaqif).

Yuxarıda verilmiş birinci qrup (1) ifadələrdə, söz birləşmələrində gözəl sözü ismə aid olub, əşyanın və ya məfhumun keyfiyyətini bildirir, onu təyin edir. Demək, bu halda gözəl sözü sifətdir və sintaktik baxımdan təyin funksiyası daşıyır; ikinci qrup (2) söz birləşmələrində gözəl sözü felə aid olub, hərəkətin tərzini bildirir. Demək, o, zərfdir və sintaktik baxımdan tərz–hərəkət zərfliyidir; üçüncü qrup (3) misallarda isə gözəl sözü əşya, varlıq bildirir, cəmlənə bilir (bir gözəl, iki gözəl, yeddi gözəl və s.) hallana bilir (gözəl, gözəlin, gözələ, gözəli, gözəldə, gözəldən). Demək, bu vəziyyətdə isə gözəl sözü isimdir. Bu səbəbdən də bu söz izahlı lüğətimizə üç başsöz kimi daxil edilməlidir, dilimizdə yerinə yetirdiyi sintaktik funksiya və ifadə etdiyi nominativ məna baxımından üç ayrı–ayrı söz kimi izah edilməlidir.

Təsəvvür edin ki, müasir ingilis dilində mövcud olan üç söz: beauty, beautiful və beautifully sözləri, eləcə də müasir rus dilində işlənən krasavitsa, krasivıy və krasivo sözlərindən hər biri bu dillərin izahlı lüğətinə ayrıca başsöz olaraq daxil edilir, izah olunur. Həm müasir ingilis, həm də müasir rus dilində mövcud olan bu sözlərin, yuxarıda qeyd edilən üç sözün ifadə etdikləri nominativ məna bizim dilimizdə ancaq bir sözlə – gözəl sözü ilə ifadə edilir. Demək, əgər biz dilimizin izahlı lüğətinə ingilis və rus dillərində üç başsöz əvəzinə ancaq bir başsöz – gözəl sözünü daxil ediriksə, bu digər sözlə o deməkdir ki, biz öz əlimizlə rişələri Dədə Qorqud dünyasına sancılan, dünya dilləri arasında tarixin bütün dövürlərində özünə layiqli yer tutan, özünün fikri ifadə qüdrətinə, musiqililiyinə və yığcamlığına görə müsbət mənada fərqlənən ulu, fəxrimiz və iftixarımız olan doğma ana dilimizin lüğət tərkibini məhdudlaşdırırıq, onu yoxsullaşdırırıq. Buna əsla yol vermək olmaz.

Dilimizin izahlı lüğətinin yenidən tərtib edilməsi zərurətini şərtləndirən ikinci səbəb isə ondan ibarətdir ki, mövcud olan izahlı lüğətdə bəzi sözlərin mənasının və ya mənalarının izahında qüsurlara və yaxud yanlışlıqlara yol verilmişdir. Məsələn, izahlı lüğətimizə daxil edilmiş qulan sözü qulun sözünə sinonim kimi verilmişdir. Halbuki dilimizdə mövcud olan bu sözlər tamam başqa–başqa nominativ mənaya malikdir: qulun atın bətnində olan at balası, qulan sözü isə biryaşar dişi at deməkdir.

Qulan sözü 1997–ci ildə nəşr olunan “Azərbaycan dilinin izahlı lüğəti”ndə daha anlaşılmaz və qəribə tərzdə izah edilmişdir. Həmin lüğətin 283–cü səhifəsində yazılıb: Qulan bax Qulun. Adıgedən lüğətdə isə qulun sözü belə izah edilir: qulun i köhnə at balası. Belə çıxır ki, dilimizdə qulan və qulun sözləri sinonimdir və onların hər ikisi də köhnə at balası deməkdir. Bu isə əsla düz deyil. Yuxarıda deyildiyi kimi, bu sözlər nominativ məna baxımından, eləcə də daşıdıqları sintaktik funksiya baxımından başqa–başqa sözlərdir. Digər tərəfdən də başa düşülmür ki, köhnə at balası nə deməkdir. Zira dilimizdə işlənən bala sözü heç bir halda köhnə sifəti ilə əlaqəyə girmir, təyin oluna bilmir.

Bu baxımdan digər bir misal. Haqqında danışılan lüğətin həm də latın qrafikası ilə çap olunan variantında qabar sözü (1–ci mənada) suluq sözünə sinonim olaraq verilir. Həqiqətdə bu sözlər də fərqli nominativ məna daşıyır: qabar ağır zəhmət nəticəsində, xüsusən əldə və ya ayaqda əmələ gələn döyənək, suluq isə müxtəlif səbəbdən, xüsusən yanıqdan bədənin müxtəlif yerlərində əmələ gəlmiş, üstü zərif dəri ilə örtülən, içində isə maye olan şişə deyilir.

Daha bir misal. Dilimizdə işlədilən qırxlıq sözü adıgedən lüğətdə (həm də onun 2006–cı ildə nəşr edilmiş variantında) həm də qoyun qırxmaq üçün qayçı deyə izah olunur. Halbuki bu alət, yəni qoyun qırxmaq üçün alət, qırxlıq deyil, qırxılıq adlanır.

Sözügedən lüğətdə ana sözü də çox anlaşılmaz və qərib tərzdə izah edilmişdir. Orada belə yazılıb: Ana i (2–ci mənada) öz balasına nisbətən heyvan (Bax. 1–cild, səh. 114).

Bu izahatı necə anlamalı? Həmin izahatdan belə çıxır ki, bala heyvandır, ana isə ona nisbətən daha çox heyvandır. Məgər bu izahat qəribə və gülməli deyilmi?!

Doğrudur, bu anlaşılmaz izahatdan sonra yazılır: balası olan heyvan. Bu anlaşılan və doğru izahatdır. Bəs belə olan halda ana sözü haqda verilmiş birinci izahata, həm də gülünc doğuran izahata, həm də onu ana sözü qarşısında birinci yazmağa nə ehtiyac vardı?!

Məlum olduğu kimi, dil ictimai bir hadisə olaraq daim inkişaf edir, dəyişir və zənginləşir. Dilə xas olan bu proses onun lüğət tərkibində daha sürətlə gedir, gözə daha tez çarpır, özünü büruzə verir. Nəzərə alsaq ki, dilimizin hazırda mövcud olan izahlı lüğəti təxminən yarım əsr bundan öncə tərtib edilmişdir, həm də bu iş ilk təcrübə idi, o vaxt təbiidir ki, bu zaman kəsiyində elm və texnikanın, ədəbiyyat və mədəniyyətin, ümumiyyətlə, cəmiyyətimizin, eləcə də beynəlxalq ələqələrimizin, xüsusən də müstəqillik qazandıqdan sonra dilimizin lüğət fonduna, tərkibinə daxil olmuş bir sıra sözlər, terminlər haqqında danışılan izahlı lüğətimizə daxil edilməmişdir, daxil edilə də bilməzdi. Zira həmin lüğət tərtib edilərkən bu sözlər, terminlər dilimizdə mövcud olmamışdı.

Sözügedən həmin izahlı lüğət üç dəfə çap olunmuşdur: iki dəfə kiril, üçüncü dəfə isə latın qrafikasında. Lakin həmin lüğətləri nəzərdən keçirdikdə məlum olur ki, dilimizin lüğət tərkibinə son zamanlar daxil olmuş sözlərin bir qismi lüğətə əlavə edilməmişdir (məsələn, konseptual, ekstradisiya, premyer, seperatçı, seperatçılıq, kurikulum, rezidensiya, referi və s.). Dilimizin lüğət tərkibinə daxil edilmiş yeni sözlərin bəzisi isə yanlış və ya anlaşılmaz tərzdə izah edilmişdir. Məsələn, imic sözü bu qəbildən olan sözlərdən biridir. Bu söz 2006–cı ildə çap olunmuş dilimizin izahlı lüğətində belə izah edilmışdir: İmic is ing 1. Fikri surət, fikri təsəvvür; 2. Rəmz, simvol

Əslində isə imic sözü aşağıdakı mənalara malikdir: 1) bir şəxs, təşkilat və s. haqqında ictimayyətdə formalaşmış ümumi fikir, təsəvvür; reputasiya; 2) xarici görkəm (insanda və s.); 3) bir şəxsin, şeyin ağac və ya daş üzərinə həkk olunmuş əksi, surəti; 4) oxuyarkən və ya dinləyərkən insanda yaranmış xəyali təsəvvür, fikir.

Qeyd etmək lazımdır ki, son zamanlar dilimizin lüğət tərkibinə daxil olmuş sözlərdən biri də kompromat sözüdür. Bu söz dilimizin 2006–cı ildə latın qrafikasında çap olunmuş izahlı lüğətinə daxil edilib və belə izah olunub.

Kompramat is fars Nüfuzdan salma, gözdən salma, adına ləkə gətirmə (Bax: Şərq–Qərb, Bakı, 2006, II cild, səh. 729).

İlk baxışdan məlum olur ki, bu söz də lüğətdə yanlış izah olunub. Əvvəlcə, qeyd edək ki, müəllifin də qeyd etdiyi kimi, kompromat sözü isimdir, izahat isə feli isim formasında yazılıb (nüfuzdan salma, gözdən salma, adına ləkə gətirmə). Elə buradan məlum olur ki, bu sözə dair verilmiş izahat qüsurludur. Çünki kompromat sözünün mənası bir kəsi hörmətdən salmaq, ona ləkə gətirmək, onu rüsvay etmək üçün mövcud olan və qarşı tərəfin lazım olan anda öz rəqibinə mübarizədə istifadə edə biləcəyi faktdır, dəlildir, sübutdur, sənəddir və s.

Beləliklə, məlum olur ki, son zamanlar dilimizin lüğət tərkibinə daxil olmuş imic sözü kimi, kompromat sözü də adıgedən lüğətdə yanlış izah edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, lüğətə daxil edilmiş sözləri açıqlayarkən verilmiş söz və ya söz birləşməsi böyük hərflə yazılır. Məsələn, səhər sözü belə izah edilir: səhər is (ər.) … Səhər yuxusu, Səhər soyuğu, Səhər tezdən durmaq. Əvvəla, qeyd etmək lazımdır ki, tərtibçi səhər sözünün qarşısında onun isim olaraq verildiyini yazır. Buna aid verilmiş misallarda isə səhər sözü isim deyil, sifət funksiyasında işlənmişdir, digər tərəfdən də, bu sözə aid verilmiş söz birləşmələri böyük hərflə yazılmışdır. Bəzi hallarda isə başsözə aid verilmiş izahatda sözlər bir halda böyük, onun arxasınca verilən söz kiçik hərflə yazılır, Məsələn, adıgedən lüğətdə şadlıq sözü belə izah edilir: şadlıq is Sevinc, fərəh.

Bu baxımdan haqqında danışılan lüğətdə bir sistem müşahidə edilmir: başsözlərin izahı zamanı işlədilən sözlər və yaxud söz birləşmələri gah böyük, gah da kiçik hərflə yazılır (Bax yuxarıda verilmiş misallara).

Məlumdur ki, adətən, cümlənin birinci sözü böyük hərflə yazılar, sözlər və ya sözbirləşmələri (xüsusi ad deyilsə), bir qayda olaraq, kiçik hərflə yazılır. Həmin lüğətdə bu prinsipə də riayət edilməmişdir.

Nəticə olaraq qeyd etmək lazımdır ki, dilimizin izahlı lüğətində bu cür çatışmazlıqlara, qüsurlara, anlaşılmazlıqlara hər addımbaşı təsadüf etmək mümkündür.

Biz yuxarıda deyilənlərlə kifayətlənir və belə hesab edirik ki, dilimizin izahlı lüğəti yenidən əsaslı tərzdə işlənməli və nəşr edilməlidir.

 

 

Oruc İbrahimoğlu Türksevər

(Musayev),

filologiya elmləri doktoru,

professor.

 

Respublika.- 2012.- 24 noyabr.- S. 6.