Məqsəd
yüksək pensiya təminatına nail olmaqdır
Dövlətimizin
sosialyönümlü büdcə siyasətində
əhalinin pensiya təminatı olduqca mühüm yer tutur. Ölkəmizdə
isə dövlət başçısı cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində əhalinin pensiya
təminatı mütəmadi olaraq
artırılır, bu sahədə islahatlar həyata keçirilir.
Bəs bu islahatlar yerlərdə
necə icra olunur, hüquqi tənzimlənməsi haqqında
hansı yeni qanunlar, dəyişikliklər
var, subyektlər arasındakı
münasibətlər neçə tənzimlənir? və s. Bu və
aşağıdakı suallara
aydınlıq gətirmək üçün
əməkdaşımız DSMF Abşeron
rayon şöbəsinin müdiri
Məhərrəm Novruzova müraciət etmişdir.
–Dövlətimizin sosial sahədə apardığı uğurlu siyasət və bu sistemin quruluş formaları haqqında nə deyə bilərsiniz?
—Qeyd etmək istərdim ki, sosial təminatın təşkilinin həyata keçirilməsi hər zaman iqtisadiyyatın artım tempinə əsaslanmışdır. Bu baxımdan ahıl qocaların, əlillərin, əmək qabiliyyətini tam və qismən itirən şəxslərin maddi cəhətdən təmin edilməsi, onların sosial statusunun saxlanılması və cəmiyyət üzvlərindən təcrid olunmamaları üçün tədbirlərin görülməsi dövlətin daima diqqət mərkəzindədir. Müstəqillik qazandığımız ilk illərdən başlayaraq sosial təminatın bütün sahələri üzrə yeni qanunların qəbul edilməsi, xüsusən də ölkə iqtisadiyyatının dirçəlməsinə başlanılması ilə 1994–1995–ci illərdə yeni qərarlar və dəyişikliklərə əsaslanmış beynəlxalq standartlara uyğunlaşdırılaraq həyata keçirilməsi daima gündəmdə olmuş və inkişaf etmişdir. Əvvəllər də qeyd etdiyim kimi, vətəndaşların pensiya təminatı, sosial müavinətlər və digər sosial yardım, sosial xidmətlərin icrası sosial təminat hüququ ilə tənzimlənir. Bu anlayışa əsasən əhalinin sosial müdafiəsi, sosial təminat hüququ elminin təməl kateqoriyası hesab edilir və əhaliyə normal həyat fəaliyyəti yaradılması, şəraitin təmin edilməsi çərçivəsində ictimai münasibətlərin əsasını yaradır. Sosial təminatın formaları üçün xarakterik olan əlamətlər müəyyənləşdirilmiş formada aşağıdakılar hesab edilir.
Birinci növbədə müəyyənləşmiş maliyyə mənbələrindən vəsaitlərin toplanması, həmin maliyyə mənbələri əsasında təmin olunacaq subyektlərin dairəsinin müəyyən edilməsi, müəyyənləşdirlmiş subyektlərə veriləcək təminatın növlərə bölünməsi və bu təminatı həyata keçirən təşkilatı sistemlər daxildir. Ümumiyyətlə, sosial təminatın formaları dedikdə sosial təminatın həyata keçirilməsinin təşkilatı, hüquqi üsulları nəzərdə tutulur. Hüquqi baxımdan sosial təminatın formaları aşağıdakı formada təsnifləşdirilir. Bu formalar mərkəzləşdirmə dərəcəsindən asılı olaraq mərkəzləşdirilmiş və lokal formalara bölünür. Mərkəzləşdirilmiş formalara: məcburi dövlət sosial sığortası, büdcə vəsaiti hesabına sosial təminat və xüsusi subyektlər üçün tətbiq olunmuş qarışıq forma daxildir. Birinci sistemdə, yəni məcburi dövlət sosial sığortası sistemində maliyyə bazası kimi respublika üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanan maliyyə və digər rüsumlar təşkil edir. Toplanan vəsaitlər təyinatları üzrə əmək pensiyalarının və sığorta stajına malik subyektlərin müavinətlərinin ödənilməsinə sərf olunur. İkinci mərkəzləşdirilmiş forma olan büdcə vəsaiti hesabına sosial təminatda isə dövlət büdcəsindən təminatla bağlı ayrılmalar nəzərdə tutulur və bu ayrılmalar təminatın həyata keçirilməsində məqsədli şəkil daşıyır. Yəni bu sahəyə ayrılan sosial təminatın növləri və onların təqdim edilmə subyektlərinin dairələri qanunvericiliklə dəqiq müəyyən edilir.
Bu kateqoriyaya əsasən əmək qabiliyyəti olmayan müxtəlif təminatla təmin olunan müəyyən təbəqə daxil edilir ki, bunlara da sosial müavinətlər, sosial yardımlar, konsepsiya ödəmələri, əlillərə və ahıl vətəndaşlara sosial xidmət, həmçinin dərman yardımı və sanatoriya–kurort müalicəsi, digər güzəştlər aiddir. Sosial təminatın mərkəzləşdirilmiş üçüncü forması qarışıq formasıdır ki, bu isə həm məcburi dövlət sosail sığortası vəsaitindən, həm də məqsədli şəkildə ayrılmış dövlət büdcəsi vəsaitlərindən müəyyən subyektlər barəsində təminatında istifadə edilir. Yəni yuxarıda göstərilən hər iki formanın qarışıq forması hesab edilir: təminat subyektləri sosial sığorta stajına malik olduqlarından həm məcburi dövlət sosial sığorta ayrımları hesabına əmək pensiyaları, həmçinin xüsusi xidmət və qulluqları çərçivəsində dövlət büdcəsi hesabına pensiyalara əlavələr, müavinətlərlə təmin olunurlar.
Sosial təminatın lokal forması dedikdə isə burada bələdiyyə yerli özünüidarəetmə orqanlarının insanın sosial müdafiəsinə dair əlavə tədbirlərin görülməsi kimi başa düşülür. Burada kollektiv müqavilə və kollektiv sazişlərə əsaslanaraq bələdiyyə orqanları tərəfindən yardım olunacaq şəxslərin dairəsi yardımın növlərinin və göstərilməsi qaydaları bələdiyyə yığıncaqlarının protokollarında əks etdirilən qərarlara əsaasən müəyyənləşdirir və yerli vergilərdən toplanılan maliyyə hesabına həyata keçirir.
—Ümumiyyətlə, respublikamızın bu sahədə beynəlxalq təşkilatların üzvü kimi sosial təminat sisteminin beynəlxalq hüquqi tənzimi haqqında qəbul edilmiş sənədlərin tətbiqi və əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
—Qeyd etmək lazımdır ki, ümümdünya insan hüquqlarının 1948–ci ildə qəbul edilmiş Bəyənnaməsinin 22–ci maddəsində, hər bir insanın cəmiyyətin üzvü kimi sosial təminat, həmçinin iqtisadi, sosial və mədəni sahələrdə ləyaqətinin müdafiəsi və şəxsiyyətinin azad inkişafı üçün zəruri olan hüquqların dövlətlərin strukturuna, quruluşuna uyğun olaraq qorunması təsbit edilmişdir.
Hüquq bərabərliyinin təsbit olunduğu mühüm beynəlxalq sənədlərdən biri Avropa Şurası tərəfindən qəbul edilmiş insan hüquqları haqqında Avropa konversiyası və Avropa Sosial Xartiyasıdır. Bu xartiyanın 12–ci maddəsində qeyd edilir ki, bütün işçilər və onların himayəsində olanlar sosial təminat hüququna malikdirlər. Avropa Konvensiyası isə sosial təminat üzrə hüquq bərabərliyini əks etdirən sənədlərdən biri və mühüm sənəd hesab edilir. Bu konvensiyaya əsasən ölkə vətəndaşları ilə bərabər ölkənin ərazisində xarici vətəndaşların və vətəndaşlığı olmayanların, vətəndaşlarla bərabər sosial təminat hüququ əldə etməsidir. Deməli, konvensiyada iştirakçı dövlətin vətəndaşları ilə yanaşı, vətəndaşlığı olmayan və xarici vətəndaşların da hüquq bərabərliyi müəyyənləşdirilir.
Qeyd edim ki, göstərilən məsələ ilə bağlı 01.01.2006–cı il tarixdə qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 23–cü maddəsində öz əksini tapmışdır. Ümumiyyətlə, qəbul olunmuş hüquq bərabərliyi probleminin həll edilməsində, konvensiyaların, tövsiyələrin, ayrı–ayrı beynəlxalq təşkilatların qərarlarının onların respublikamız üçün əhəmiyyəti və digər tərəfdən Azərbaycan Respublikasının başqa–başqa dövlətlərlə və MDB–yə üzv olan dövlətlərlə bağladığı ikitərəfli müqavilələrin də vətəndaşların sosial təminat sahəsində hüquq bərabərlyinin qorunmasında müstəsna əhəmiyyətini qeyd olunur. Avropa Şurasının bu konvensiyalarla bağlı ilkin sənədləri qocalığa, əlilliyə, ailə başçısını itirməyə görə Avropa müvəqqəti razılaşması sənədləri olmuşdur. Bundan əlavə, həmin sənədlərə əsasən xəstəliyə, işsizliyə, əmək qabiliyyətini itirməyə görə təyin edilən müavinətlər, sosial və tibbi yardımlar haqqında məsələlər də bu sənəddə təsbit olunmuşdur. Sosial təminatın minimal normaları haqqında qanun Avropanın Sosial Təminat Məcəlləsi Beynəlxalq Əmək Təşkilatının 1952–ci ildə qəbul etdiyi konsepsiyasına əsasən hazırlanmışdır və yuxarıda adları göstərilən kateqoriyalar üzrə Avropa Şurasına üzv dövlətlərin vətəndaşlarının müavinətlərinin minimum həcmini və ödənilməsini bu sənədə əsasən müəyyənləşdirir.
Sonralar bu təşkilat tərəfindən ardıcıl olaraq konvensiya və tövsiyə xarakterli yüzlərlə aktların qəbulu davam etdirilmişdir. Sosial xartiya 2004–cü ildə Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş və dəyişdirilmişdir. Xartiyanın tətbiqi ilə bağlı konvensiyalara uyğun, dəyişdirlimiş sosial xartiyanın 12–ci maddəsində hər kəsin sosial təminat hüququ təsbit edilmişdir. Qeyd edək ki, hələ ümummilli liderimizin rəhbərliyi altında 1995–ci ildə qəbul edilmiş ilk Konstitutsiyanın 38 və 41–ci maddələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial təminatının və sosial sağlamlıqlarının qorunması tibbi sığortanın müəyyənləşməsi təsbit olunmuş və respublika vətəndaşlarına bu sənədə əsasən sosial təminat və tibbi sığorta sahəsində hüquqi statusu müəyyənləşdirmişdir.
—Məhərrəm müəllim, sosial təminat hüququ çərçivəsində yaranan subyektlər arasında münasibətlərin həyata keçirilməsində dövlətin rolu nədən ibarətdir?
—Yuxarıda qeyd etdiyimiz kimi, konstitutsiyaya uyğun dövlətin siyasəti hər bir kəsin layiqli həyat səviyyəsinin təmin edilməsi və rifahının yüksəldilməsi istiqamətinə yönəldilmişdir. Bu baxımdan hüquqların həyata keçirilməsində dövlətin əsas rolu, vətəndaşlara təminatın respublika üzrə sistemin təşkili və təminatı, bu sistemin fasiləsiz fəaliyyət göstərməsinə zəmanət verməsidir. Bu mənada cənab Prezident İlham Əliyevin 12 iyul 2012–ci il tarixdə Nazirlər Kabinetinin Hesabat yığıncağında səsləndirdiyi “Azərbaycan İqtidarının Siyasəti sosialyönümlüdür, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” söyləməsi bu sahə üzrə çox böyük önəm daşıyır. Şəxsiyyətin hüquqi statusunu müəyyən etməklə dövlət ona təsir edir və bu təsirlə dövlət digər funksiyalarla birgə sosial funksiyanı yerinə yetirir. Göstərilən funksiya isə sosial dövlətin əsas ideyası ilə uyğunlaşır. Sosial dövlətin inkişafda olan funksional sistemini sosial dövlətin yeddi funksiyası əmələ gətirir.
—Qeyd etmək lazımdır ki, Konstitutsiyamızda sosial təminat hüququnun zəmanətliyi dövlət tərəfindən sosial siyasətin həyata keçirilməsindən ibarətdir. Sosial təminat hüququna əsaslanaraq təminatın həyata keçirilməsinin təşkilatı–hüquqi üsullarının əhəmiyyətinə nəzər salsaq bu üsullar, dövlətə və cəmiyyətə ümumi daxili məhsulu sosial təminat sistemi vasitəsilə sosial ədalət prinsipləri əsasında səmərəli şəkildə bölüşdürülməsinə imkan yarandığını göstərir. Sosial təminat hüququnun yaradıcılarının əvvəlki qanunvericiliklərlə bağlı fikirinə əsasən hüququn predmetində göstərilən əlamətlərə aid münasibətlər daxil edilmişdir ki, sosial təminatın bəzi sahələri üzrə bu fikirlər öz aktuallığını hələ də saxlayır.
Yaranan münasibətlərin subyektinin bir qismində vətəndaş, digər subyekt qismində isə idarəçilik orqanlarının, müvafiq səlahiyyət verilmiş orqanların nəbzində dövlət çıxış edir. Subyektlər arasındakı münasibətlər elementar xarakter daşıyır və təminatın müvafiq növlərini təqdim etmə öhdəliyi dövlətin üzərinə düşür. Bu münasibətlərin vasitəsilə əmək qabiliyyəti olmayan şəxslər üçün yaradılmış fondlar hesabına sağlamlığın mühafizəsi və təhsil üçün ayrılan vəsaitlər hesabına təminat həyata keçirilir.
Faktiki olaraq sosial təminat üzrə münasibətlərin bugünkü qanunvericilik vəziyyətinə əsaslanan xüsusiyyətləri aşağıdakı kimi müəyyənləşdirilir. Münasibətlər bölüşdürücüdür və ümumi iqtisadi xarakter daşıyır. Yaranan münasibətlərin xüsusi subyektləri və obyektləri mövcuddur, münasibətlərin yaranması, dəyişməsi və xitam verilməsi əsaslı faktorlara əsaslanır.
—Münasibətləri tənzim edən normalar qanunvericilik səviyyəsində hansı münasibətləri yaradır?
—Hüquq ədəbiyyatında və bu sahəni tətbiq edən tanınmış alimlərimizin gəldikləri rəylərinə əsasən münasibətləri tənzim edən normalar qanunvericilik səviyyəsində möhkəmləndirilən sosial təminat hüququnun predmetinə daxil olan münasibətlər təsnifləşdirmə xarakterinə görə üç cür formalaşır. Həm pul ödəmə üzrə yaranan münasibət, həm natural növlər ilə bağlı yaranan münasibətlər, həmçinin hər iki münasibətin yaranmasından doğulan prosedur və prosessual xarakterli köməkçi münasibətlər.
Birinci hüquq münasibətlərinə pensiyalar, müavinətlər, kompensasiya ödəmələri aid edilir. İkinci yaranan hüquq münasibətlərinə tibbi yardım müalicə, pulsuz dərman yardımları, sanatoriya kurort müalicəsi, sosial xidmət, internat evlərinin yaradılması və s. aid edilir.
Üçüncü halda yaranan hüquq münasibətləri isə yuxarıda sadalanan iki halda pul ödəmələrilə bağlı yaranan hüquq sosial təminatın natural növləri ilə bağlı yaranan münasibətlərin normal fəaliyyət göstərməsi üçün fəaliyyət növüdür, köməkçi münasibətlərdir. Buraya hüquqi faktın müəyyən edilməsi, pozulmuş hüquqların müdafiəsi aid edilir. Ümumiyyətlə, hər bir hüquq sahəsinin ümumi hissəsinin normaları cəmləşdirilmiş şəkildə bu sahənin xüsusiyyətlərini əks etdirən ümümi hüquq institutlarından ibarətdir. Hüquq institutları özlüyündə ümumi və xüsusi institutlara bölünür. Hüquq sahəsinin ümumi hissəsinə normativ göstərişlər kompleksi, institutu və sosial risklər institutları daxildir. Sahənin xüsusi hissəsinə isə sosial sığorta stajı institutu, Pensiya təminatı institutları daxildir.
—Bəs müasir səviyyədə sosial təminatın tətbiqi və sistemləri sahəsində müvafiq fərman və sərəncamlara əsasən islahat və dəyişikliklər barədə nə demək olar?
—İlk öncə qeyd etmək istərdim ki, respublikamızda müstəqillik illərindən başlayaraq əvvəlki Sovet həmrəylik prinsipləri üzərində yaradılmış qanunçuluq, qayda və normativlərə uyğunlaşdırılmış qanunçuluqlara sosial təminatın bütün sahələri, o cümlədən pensiya təminatının təyin edilməsi həyata keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə iqtisadi sahədə dirçəlişlərin başlaması ilə əlaqədar sosial təminat sahəsində də ilkin və önəmli qərarlar verilməyə və islahatların aparılmasına başlanılmışdır. Belə islahatlara pensiyalara dəyişikliklər edilməsi ilə bağlı ardıcıl olaraq iki qərarın qəbul edilməsini misal göstərmək olar: Birinci qərar 28 iyun 1994–cü il tarixdə, ikinci qərar isə 29 avqust 1995–ci il tarixdə. Bunların ardınca 11 mart 1996–cı il tarixdə müvafiq prezident fərmanı ilə pensiyaların məbləği minimum əmək haqqından uzaqlaşdırıldı. Ümummilli liderimizin əməyi sayəsində hələ 1997–ci ilin əvvəlindən pensiya təminatının beynəlxalq təcrübəyə yaxınlaşması baxımından 13 iyun 1997–ci il tarixdə yeni qanun dəyişiklikləri qəbul edildi.
Qəbul edilmiş qanun dəyişikliyi iki mərhələdən ibarət olmuşdur. Birinci mərhələ əvvəlki dövrdə pensiyaya çıxanların pensiyalarının iki dəfə artırılması, ikinci mərhələ isə 01 avqust 1998–ci il tarixdən qüvvədə olmuşdur və bu mərhələyə əsasən vətəndaşların pensiyalarının hesablanması minimum əmək haqqı ilə əlaqəsi ləğv olunaraq sistemdə işlək bir mexanizm tətbiq edilmişdir. Qeyd etməliyik ki, ardıcıl olaraq ümummilli liderimizin gələcəkdə vətəndaşların pensiya təminatının dayanıqlı olmasını, sosial həmrəylik prinsiplərinin deyil, respublikamızın iqtisadi dinamikasına əsaslanaraq sosial sığorta ayrımlarına əsaslanmasını nəzərə alaraq ilk dəfə 18 fevral 1997–ci ildə sosial sığorta haqqında qanun qəbul edilmiş və bu sahədə münasibətlərin tənzimlənməsinin əsasları müəyyənləşdirilmişdir.
Pensiya təminatı sahəsində ən mühüm sənədlərdən biri, ən əsası 17 iyul 2001–ci il tarixdə respublika Prezidentinin müvafiq sərəncamı ilə Pensiya islahatı konsepsiyası təsdiq edilmişdir. Konsepsiyaya əsasən sığorta–pensiya və sosial müavinətlərin sistemlərinin biri–birindən ayrılması və sığorta sisteminə əsaslanan sığorta pensiya sisteminin qurulmasından ibarət olmuşdur. Sosial təminat sistemində köklü islahatlar və qanunların qəbul edilməsi Respublika Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş və həyata keçirilmişdir. Bu islahatlara 07 fevral 2006–cı il tarixli qanunları qeyd etmək lazımdır. Qəbul edilən qanunlara əsasən əmək pensiyaları sosial müavinətdən ayrılaraq məcburi dövlət sosial sığorta sistemi yaradıldı. Paralel olaraq həmin tarixdə sosial müavinətlər və ünvanlı sosial yardım haqqında da qanunlar qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, sosial təminat sosial pensiya təminatı sistemində aparılan islahatlar iki qrupa bölünür: 1. Cüzi dəyişikliklərlə aparılan islahatlar; 2. Əsaslı islahatlar.
Cuzi islahatlara mövcud dövlət pensiya sistemində edilən dəyişikliklər aiddir. İslahatın əsas məqsədi maliyyə probleminin qismən həll edilməsindən, müstəsna hallarda isə qanunvericiliklə buraxılmış ədalətsizlikləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu məqsədlə dövlət sığorta haqlarının məbləğini, pensiya təyin olunma qaydalarını hüquq meyarlarını dəyişməklə həll edir. Əsaslı islahatlar zamanı isə pensiya təminatı sistemində ciddi dəyişikliklər baş verir. Ödənişlərin müəyyən edilmiş sxemləri, sığorta haqlarının müəyyən edilmiş mexanizmləri ilə, yaxud da həmrəylik sistemi ilə əvəz edilir (yaxud əksinə). Yeni sistemin qurulması təkmilləşdirilməsi sıfırdan başalayarsa, bu da əsaslı islahatlara aid edilir. Ona görə də 01.01.2006–cı il tarixdən pensiya təminatının sığorta–pensiya sisteminə əsaslanması həmrəylik sisteminin ciddi dəyişikliklərə uğraması da əsaslı islahatlar sırasına daxildir.
Respublikamızda sosial təminat sistemində qəbul edilmiş bu sistemlərin inkişafı, qurulması və vətəndaşlara təminatın yaxşılaşdırlması, onların lazımi həyat səviyyəsinin qorunub saxlanılması baxımından təsdiq olunmuş qərarlar və proqramlar cənab Prezident İlham Əliyevin gərgin əməyi və təşəbbüsləri sayəsində tərtib edilmiş və bu proqramların daima həyata keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.
Qeyd etmək istəyirəm ki, respublika Prezidentinin 30 dekabr 2008–ci il tarixdə imzaladığı 2009–2015–ci illlərdə Azərbaycan Respublikasında sığorta–pensiya sisteminin inkişafına dair Dövlət Proqramı Sosial təminat sistemində birinci növbədə pensiya–sığorta sisteminin inkişafına təsirini göstərmişdir. Nəzərdə tutulan proqram çərçivəsində sosial sığorta hesabları üzrə ödənilən vəsaitlərin maliyyə dayanıqlılığının təmin edilməsi, cip kartlarından istifadə, ucqarlarda yaşayan vətəndaşlar üçün pensiyaların mütərəqqi üsullarla ödənilməsi, özəl pensiya institutları və onların bazasında özəl pensiya fondların yaradılması, pensiya təyinatlarının təyin olunmasının avtomatlaşdırlması və ən əsası pensiya–sığorta sisteminin aktual modellər əsasında təkmilləşdirlməsi və s. Ümumiyyətlə, aktuallıq özlüyündə nə deməkdir? Aktuallıq pensiya–sığorta sistemində 50 faiz maliyyə riyaziyyatını və statistikasını, 25 faiz iqtisadi bilikləri, 25 faiz isə qanunvericilik informasiya sahəsi və peşə təcrübəsi biliklərini əks etdirir. Dövlət Sosial Müdafiə Fondunun yerli orqan kimi Abşeron rayon şöbəsi proqramda nəzərdə tutlulan bəndlərin pilot şöbələr çərçivəsində Fondun Mərkəzi tərəfindən ardıcıl olaraq həyata keçirilməsi, icra olunması yönümündən tapşırılan işlər və tədbirlər tərəfimizdən icra edilərək işlək normaya salınmışdır.
Rayon şöbəsinin rəhbəri
kimi öz səlahiyyətlərimiz
çərçivəsində bildirirəm ki,
proqramda sadalanan bəndlər
illər üzrə nəzərdə tutulmuş
müddətlərə həyata keçirilməsi tərəfimizdən
yerinə yetirilmişdir. Pensiya–sığorta
sisteminin təkmilləşdirilməsi
haqqında qəbul olunmuş bu proqramda birmənalı
şəkildə ümumi qaydada
pensiyaçı vətəndaşların güzəranının
yaxşılaşdırlması, sığorta olunanların gələcəkdə
həyat risklərindən qorunması baxımında öz təminatlarının müəyyənləşdirilməsi
nəzərdə tutulur. Bu
proqramın gələcək pensiya təminatında
çox müstəsna əhəmiyyəti
olacaqdır. Qeyd etməliyəm ki, proqramın mahiyyətinin sadə
pensiyaçı vətəndaşlar həmçinin muzdla işləyən sığorta olunanlar üçün
yaxın illərdə böyük effekt verəcəyi göz
qabağında olacaqdır. Respublikada iqtisadiyyatın surətlə inkişafının
artım tempinə əsaslanaraq, həmçinin vətəndaşlarımızın
ictimai nəzarətə əməl etmələri,
sosial sığorta ayrımlarını
ödəməkdən yayınmamaları, o
cümlədən sığortaedən tərəfindən
işçilərin qeydiyyatının düzgün
aparılmasının, əmək haqlarının
leqallaşması və sığorta–pensiya sistemində
yığım komponentinin tətbiqi sayəsində
yüksək pensiya təminatının
ödənilməsinə nail olmaq çox uzaqda deyil. Bu
gün işlərimizin əsas istiqamətlərini
qanunvericilikdə nəzərdə tutulmuş
müddəalar əsasında həyata keçirir
və uzun müddətli təcrübəmizdən
maksimal istifadə etməyə çalışırıq.
Müsahibəni apardı: Söhrab
SƏFİYEV
Respublika.- 2012.- 24 noyabr.- S. 4.