Milli Qəhrəmanın anım günü
Azərbaycanın
Milli Qəhrəmanı Gültəkin Əsgərovanın
adını daşıyan Nərimanov rayon
200 saylı tam orta məktəbdə
Qarabağ uğrunda,
vətənimizin bütövlüyü uğrunda şəhid olmuş
tibb xidməti baş
leytenantı, həkim–döyüşçü Gültəkin
Əsgərovanın anım mərasimi keçirilmişdir. Məktəbin direktor müavini Xədicə
Əliyevanın təşkilatçılığı və
məktəbin müəllim və şagird
kollektivinin, millət vəkillərinin,
ayrı–ayrı ictimai birliklərin, şair və yazıçıların,
müharibə və əmək veteranlarının
iştirakı ilə keçirilmiş tədbirdə
məktəbin ədəbiyyat müəllimi, şairə
Məhbubə Salmanova 10 il bu təhsil
ocağında dərs almış Milli Qəhrəman Gültəkin
Əsgərovanın qısa, lakin şərəfli
ömür yolundan
söhbət açdı, şagirdlər onun
qəhrəmana həsr etdiyi vətənpərvər
mövzulu şeirlərini söylədilər.
Milli
Məclisin deputatı Qənirə Paşayeva qəhrəmanın
ağsaçlı anasına üz tutdu: “Rəfiqə ana! Siz
xoşbəxt insansınız ki, hamının
gözünün içinə dik baxa bilirsiniz. Siz kədərlənməməli,
əksinə, başınızı uca tutmalısınız.
Çünki övladınız vətənimizin
bütövlüyü, torpağımızın müdafiəsi
uğrunda şəhid olub. Şəhidlər hər zaman pak və
müqəddəsdir. O zirvəyə hər kəs ucala bilməz”.
Qarabağ müharibəsi veteranı, polis mayoru, şair Aidə Şirin, dünya şöhrətli alim Əli Quliyev, Ombudsman aparatı mətbuat xidmətinin rəhbəri Zenfira Məhərrəmli, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, jurnalist R.Allahverdiyev və başqaları xatirələrini söylədilər.
Gültəkin Əsgərovanın yeganə övladı Əminə İldırım bildirdi ki, Əsgərovlar ocağında indi balaca Gültəkin böyüyür.
Sonda Milli
Qəhrəmanın anası, “Şəhid anaları” xeyriyyə
mərkəzinin sədri, pedaqoji elmlər
üzrə fəlsəfə doktoru, dosent, Ankara Beynəlxalq
Elmlər Akademiyasının professoru Rəfiqə
Əsgərova tədbir iştirakçılarına təşəkkürünü
bildirdi.
R.ALLAHVERDİYEV
Respublika.- 2012.- 25 noyabr.- S.7.