Əbədiyaşar Yaşar Nuri

 

Məşhur “O güldü, ağladı, ağladı güldü, Gülüşü hıçqırdı, fəryadı güldü” —misraları sanki acı həqiqətləri şirin gülüşlərə hopduran Yaşar Nuriyə ünvanlanmışdır.

 

Yaşar Nuri bizi güldürmək üçün dünyaya gəlmişdi. Gəlmişdi ki, həyatımızdakı qüsurların, eybəcərliklərin, cəmiyyətimizdəki fırıldaqçıların, müftəxorların, şikəst əxlaq və düşüncə sahiblərinin ünvanlarını bizə göstərsin. Onları gülüş hədəfinə çevirməklə öz tamaşaçısını zahiri gülüşdən daxili həyəcana, ciddi düşüncəyə dəvət etsin. Böyük aktyorluq istedadına, qeyri–adi improvizə qabiliyyətinə, situasiyalara uyğun səhnə hərəkətlərinə, səs tonuna, danışıq manerasına malik olan Yaşar Nuri milyonların sevimlisinə çevrilmişdi. Teatr və kino sənətimizdə Mirzağa Əliyev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova kimi müqtədir gülüş ustaları cərgəsində özünəməxsus xidmətləri olan Yaşar Nuri Azərbaycan teatr və kino salnaməsinin ən parlaq ulduzlarından biri kimi sənət tarixinin yaddaşında əbədi yaşayacaqdır. Əllidən artıq filmdə, yüzdən artıq müxtəlif səpkili tamaşalarda təkrarsız rolları ilə öz tamaşaçılarına gülüş bəxş edən aktyor özünün vaxtsız ölümü ilə bütün millətimizi kədərləndirdi. Onu son mənzilə yola salanlar göz yaşı axıtdılar. Göz yaşı axıdanlar arasında kaman sənətinin korifeyi qocaman Habil Əliyev də var idi. Ustad sənətkarın bu böyük itki ilə bağlı göz yaşları içərisində söylədiyi aşağıdakı sözlər tarixin yaddaşına əbədi həkk olunacaq: “keşkə mən öləydim, o sağ qalaydı… Yaşar Nuri mədəniyyətimizin yarısını özü ilə apardı…”. Bu sözlər bir tərəfdən Yaşar Nuri kimi böyük bir sənətkarın itkisindən doğan çox ağır, acı bir kədərin ifadəsidirsə, digər tərəfdən, Habil Əliyev şəxsiyyətinin ucalığının, mənəvi–əxlaqi kamilliyinin, Azərbaycan teatr sənətinə sevgisinin göstəricisidir. Öz əzizlərini itirən dədə–nənələrimizin, ata–analarımızın dilində bitən “keşkə onun yerinə mən öləydim”,—sözləri Habil Əliyevin dilində Yaşar Nuriyev üçün söylənən bir rekviem kimi milli ağrı–acımızın ifadəsinə çevrildi… On bir yaşında teatr səhnəsinə insanları güldürmək üçün gələn, 61 yaşında teatr və həyat səhnəsini tərk edən və gedişi ilə hamımızı kədərləndirən, adında və soyadında əbədiyaşarlıq və nur–işıq anlayışlarını daşıyan Yaşar Nuri sənəti mədəniyyət tariximizin şərəfli səhifəsi kimi daim canlı qalacaq, yeni–yeni teatr fədailəri nəslinin sənət yollarını işıqlandıracaqdır… Allah rəhmət eləsin!

 

 

Allahşükür Qurbanov

 

Respublika.- 2012.- 25 noyabr.- S. 7.