| Kəlbəcər
həsrəti
Qucağıma sığınmış bu balaca qızcığaz mənə elə gəlir ki, Kəlbəcərin dağlarından qopub, hay–harayla yerə gələn, çapılmış qayalardan bir parçadır. Bir cüt göz istəyirdi ki, yaralı quş kimi çırpınan, can verən Kəlbəcər gözəlinə tamaşa etsin. Yaradan yaratmışdı bu gözəli… Ölümlə çarpışan bu qızın əvvəllər adını, ünvanını, kəndini, obasını, yerini–yurdunu bilmədiyimdən… bir az təntimişdim… Qan içində çırpınan bu qızcığaz mənim üçün dağlardan qopub gələn əsl qartal balası idi. Qan içində çırpınan bu qızcığaz mənim üçün Seyid Yəhyanın oxuduğu Quran ayələri tək müqəddəs və pak idi. Alatoranda onu dəfn etdik. Qoşa palıdın tən ortasında Əsrikdə ona qəbir qazdıq. Onda Kəlbəcər dağlarından zəif də olsa, günəşin ilıq, tüstülü–dumanlı şüaları süzülürdü… Məzardan ayrıldıqca mənə elə gəlirdi ki, qoşa palıdın tən ortasında sındırılmış, dağılıb viranə qalmış qədim, çox qədim bir sazdan tonqal qalanb. Şeirə, sənətə sığmayan o tonqal hər gecə yuxularıma gəlir…
Kiminsə əmanəti idi, kiminsə yadigarı idi, kiminsə sevinci idi, laylası idi, bayatısı idi, sazı idi, sözü idi bu qızcığaz.
Qulaqlarımda hələ də ölümlə çarpışan və sonda ölümə məğlub olan o kəbəcərli balasının həniri, səsi idi. O, məğlub olmaq üçün doğulmamışdı. Kəlbəcərdə doğulasan, məğlub olasan… Bu, mümkün olan şey deyildi… Kəlbəcərdə ancaq sevgiyə, təmiz eşqə, məhəbbətə məğlub olurlar. Onları başqalarından fərqləndirən də elə bu idi… Mən Kəlbəcər şairlərini bellərəni bükən, sınıb, əyilən… solğun və başıaşağı görmədim. Oranın şairləri dərdlərini içində gəzdirər, o dərddən, kədərdən heç kəsə pay verməz. Harda od görürəm, alov görürəm… kəlbəcərli yazarlar yadıma düşür. Onlar dərd–qəm içində göyərən şairlərdi. Amma…
Yenə gördüklərim
çaşdırır məni. Qonur dağın ətəyindəki
kəndlərin birində—Orucluda gördüklərim mənim
həmişə yol yoldaşım olub. Nə olsun, orada
doğulmamışam… nə olsun, orada yaşamamışam…
Oruclu çox da böyük yaşayış məntəqəsi
deyil. Amma ilk darağacı bu kənddə quruldu. Ermənilər
yığışıb, əsirmi deyim, girovmu deyim… bilmirəm,
balaca bir qızın əl–qoluna məftil bağlayıb,
qurumuş yanmış bir ağacın altına çəkdilər.
Sonra kəndiri quru budaqların birindən aşırma edib,
qızcığazın boynuna keçirtdilər (ruslar,
fransızlar, farslar bütün bunları lentə alıblar).
Qızı asdılar. Heç onun qollarından, ayaqlarından
məftili də açmadılar. Qarabağda ilk
darağacı səkkiz yaşlı bu qızcığaza
quruldu. Mülki geyimdə
olan mayor German Arutunyan iddia edir: “…Biz bu missiyanı yerinə
yetiririk. Dəstəmiz ancaq qızları öldürür,
onlara dar ağacı qurur… Soruşursunuz niyə?
Bu balaca qızlar… xüsusən Şuşanın,
Laçının, Kəlbəcərin bu balaca qızları
sabah bizim əleyhimizə
sıyrılmış, qınından çıxmış
qılınca bənzəyir. Onlar ən ağır mərmilərdən
betər olur…”.
Bütün bunları eşitdinizmi kəlbəcərli
yazarlar? Sizi sevməmək olmur. Yazıb–yaratdığınız
misraların qabağında hər adam
duruş gətirə bilmir. Amma… Sonra Kəlbəcərin
ətəyinə birləşən, onun bir parçası
olan milli yaşayış məntəqəsinə
çevrilmiş qəbirləri gördüm. Hiss edirdim
ki, ermənilər o kəndin ölüsündən də
qorxurdular, dirisindən də… Mən həmişə
o torpağın, o yerin sazı ilə, sözü ilə
öyünənlərdənəm. Kəlbəcərli
yazarları görəndə, mənə elə gəlir ki, hələ
o yerləri sevməyə dəyər. O yerlərin
qız–gəlinilə, namusu ilə, qeyrəti ilə… torpaq
sevgisilə (bu sevgi ermənini, bəlkə də gündə
yüz dəfə öldürüb–dirildir) fəxr etməyə
dəyər. Amma…
Yenə amma… bu ammalar məni tez–tez yorur, əldən
salır, qardaşım. Amma bütün bu gördüklərim (hələ
çox şeyi demədim. Çünki o şeyləri
dedim ki, onları siz görmədiniz) hələ ki yazıya,
şeirə, sənətə köçmür. Bəs nə vaxt yazacaqsız asılan, güllədən
keçən bu qızcığazlar haqqında (o da
yadımdadır ki, 1970–ci illərdə Fələstində on
yaşlı Minanı öldürənlərə
qarşı təkcə Azərbaycanda 150 şeir
yazıldı). Amma sizin kimi dözümlü, qələmindən
od püskürən söz ustaları, Dədə
Şəmşirin sazından qopan aşıqlar… hələ də
susur.
Mən sizdən diri–diri yandırılan,
qızcığazlar haqqında ən böyük əsərlər
istəyirəm. Mən sizdən Kəlbəcərdə qurulan ilk
darağacı haqqında yazı istəyirəm…
Bu yaxınlarda tanımadığım, görmədiyim…
amma adını tez–tez eşitdiyim, sözlərinə
yazılmış mahnılara qulaq asdığım şair
Cavid Qənbəroğlunun—Cavidin bir kitabını on
üç yaşlı bir uşağın çantasında
gördüm.
Mənim üçün maraqlı idi. Uşaq soruşur ki, şair nə üçün
“Dünya qəmli nağıl imiş”—deyir. Ağbirçək, yaşı səksənə
yaxın olan qadın da onu cəhd edir ki, başa salsın.
Amma uşaq razılaşmır. Belə
olanda nənə qayıdıb deyir: “…Bu kitabı, bu şeirləri
yazan Ağdabanda anadan olub. Necə ki mən doğulmuşam o
kənddə. Cavid bizim kənddəndi… Onun keçdiyi yolu hər
adam keçə bilməz. Onun çəkdiyi dərd yükünü
heç kəs çəkə bilməz, mənim balam.
Dünya bizim adamlar üçün dərdli, qəmli
nağıldan başqa bir şey deyil…”. Sonra mən o
kitabı axtarıb tapdım. Meydançayla Torançayın
qoynuna sığmış Ağdabanlı Cavidin “Dünya qəmli
nağıl imiş” kitabını oxudum.
“…İstərəm
qayıdıb gələsən, gülüm,
Saçına
gül–çiçək taxam, Mətanət!” (səh.22)
misraları mənim əlimdən tutub, bir anlığa Qonur
dağın ətəklərinə apardı. Tale, sənət
mənimçün bir paradoks yaratmışdı… Sizin
üçün təsvir etdiyim, qoşa palıdın
arasında dəfn etdiyimiz, güllədən sinəsi,
quş ürəyi ikiyə bölünmüş o
qızcığazın da adı Mətanət idi. Mənim aləmimdə
şair Cavid Qənbəroğlu öz sevgisini, bəşəri
bir varlığa çevirən eşqini, heç vaxt ləkə
götürməyən məhəbbətini—Mətanətini
bütöv Kəlbəcərin sevgisi olan Mətanətlə
üz–üzə gətirir. Hər ikisinin taleyində nə qədər
qəm, kədər də olsa… Hər ikisi elə bilirəm
“eşq” adlı, “sevgi” adlı, “Vətən”… adlı bir məzarda
uyuyur. Mənimçün hər ikisi misradı, şeirdi,
dastandı… taleyin, qüdrətin ən böyük əsəridi.
Biri yazılmayıb, yol gözləyir… biri yazıldıqca,
yazılır. Nə isə, bu mənim düşüncələrimin
bir parçası idi, sizinlə böldüm…
Şair
Cavid Qənbəroğlunun soykökü ulu Şah
İsmayıl Xətainin soykökünə qovuşur. Onun
hansı misrasına, hansı sözünə qovuşursansa,
adamı yandırır, düşündürür… dilindən
tutub divanə çəkir:
Tufan
qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb, dolaşırıq bədənsiz.
Oba
köçdü, ellər qaldı Vətənsiz,
Dilim gəlmir
deyim yoxsan, Vətən! Ox!..
(səh. 11).
İlk
baxışdan bu misraların məntiqli deyilişini, fəlsəfi
tutumunu, “söz bulağı”nı
araşdıraq. Sanki ustad Dədə Şəmkirin
nə vaxtsa yarımçıq qalmış deyimlərini
tamamlayır. Şair “Vətənsiz” —deyəndə
ilk dəfə Ağdabanı xatırladır. Bəlkə
də sizlərin çoxu unudub: —bu kənddə, şairin
doğulub, suyunu içdiyi, çörəyini yediyi…
almasını, heyvasını gələn payıza qoruyub
saxladığı bu kənddə… adama, qonaq–qaraya elə
süfrə açırlar ki, onu dünyanın heç
yerində görmək olmaz. Şairin bu şeiri böyük
şairimiz, qürbətdə itkinə çevrilmiş Almaz
İldırımın “Azərbaycan, oy!..”
şeirilə üz–üzə dayanır. Məntiqə
görə, Ağdaban şairin “Azərbaycan” adlı, “Azərbaycan”
ünvanlı Vətəninin bir parçası olmasına
baxmayaraq, Ağdaban darda qalan, yol gözləyən Vətənidir…
Şairin
bu kitabında toplanmış şeirlərində onun Vətən
məhəbbətilə, sevgisinə, yarımçıq
qalmış eşqinə (bunu misralar dedi) olan qüdrətli
və böyük hörmət və ehtiramı
üst–üstə düşür. Onları
biri–birindən ayırmaq olmur. “Dərya dərya olmaz,
dalğalanmasa…”—deyən şairə eşq olsun!—deyirəm. Kəlbəcər
şairlərinin qabağında dayanmaq çətin olur:
Söyləmə,
nə olar, axtarmıram mən,
Səni axtaran da, gəzən də mənəm.
Söyləmə
həsrətdən heç yanmıram mən,
Yaralar köksümə düzən də mənəm.
Bu misralar elə başa düşməyin ki,
giley–güzardır. Mən bunu belə qəbul etsəydim, nə vardı
ki… Təbiidir. Nə qədər
yara olsa, şair ürəyi (başqa ürəklərə
baxma) onu çəkib aparır. Amma
müsibət onda qopur ki, şair ürəyinin qaysaq
bağlamış yarasına toxunasan… şair Cavid (Qənbəroğlu)
üçün sinəsində sevdiyi “…yar üçün
yara bəsləmək” asan olmasa da, o, bu yaralar içində
qalıb. Fikrimcə, o, yaralar əlindən
təngə gəlmir, yorulmur. Əksinə,
o sinəsində yaşatdığı, gəzdirdiyi
yaraları taleyinin, tarixinin bir parçası hesab edir.
O həqiqəti
ki biz dərk etmirik, o, bizim üçün həmişə
dərdə çevrilərək, yol–yolağamızın
üstündə dayanıb qalır. Fikrimcə, şair
ürəyinin dərdlərini imkan vermək lazım deyil ki,
böyüsün, artsın… Şair dərdi
böyüyəndə yaman olur. Məsələn,
IX əsrdə yaşamış şair, əslində xəttat
və loğman kimi tanınan heratlı yazar (Əfqanıstan)
Mahmudxan Ruhi “…Bu məktubu oxu”—kitabında yazır ki, sevməyən
və yaxud sevmədən ölən şair varsa, mənə
göstərin. O qeyd edir: “…bütün şairləri
öldürən, onların gül ətrli ruhlarını bədəndən
eyləyən eşqdir… Sevgisi olmayan şair
qupquru bir candır. Hər adam bacarmaz ki, şair
eşqinin, şair sevgisinin qarşısında baş əysin…”.
Şair Mahmudxan Ruhinin bu məktubu Herat hökmdarı Əmirxan
Hüseyn Farruxun qızı Şeydabəyimin (qeyd edim ki,
Hüseyn Farrux əslən Şuşadan olub. Tarixçilərimiz
bunu araşdırsınlar) əlinə keçir və onu
atasından xəbərsiz saraya çağıtdırır.
Şair saraya gəlib, gözəl Şeydabəyimin
qarşısında baş əyir. Bu məsələ
çoxları üçün təəccüblü
görünür. Çünki heç kəsin
qarşısında baş əyməyən, heç kəsə
təzim etməyən şair Mahmudxan Ruhi necə ola bilər ki, bir qadının
qarşısında baş əyir… Şeydabəyim
soruşur: —Sən nədən qarşımda baş əydin,
ikiqat oldun… Şair deyir: “…Mən öz eşqimin, öz
sevgimin qarşında ikiqat yox, imkanım olsa, lap on qat əyilməyə
hazıram. Mən sizin qarşınızda yox, öz
eşqimin, öz sevgimin qarşısında baş əydim…”.
Fikrimcə,
istedad sahibi olan, qələmində, qəlbində
böyük bir güc və qüdrət gəzdirən
şair Cavidin də misraları, şeir və mahnıları
həmişə təmiz və böyük bir eşqin
qarşısında təzim edir:
Mən sənə
“can” dedim, xətrinə dəydi,
Nə var qarışqadan fil yaratmağa?
Amanın
günüdür, adətkar olma,
Sızqa bulaqlardan sel yaratmağa.
(səh.13).
“Dünya
qəmli nağılmış” şeirlər kitabında
şair Cavidin güclü məntiqə söykənən bir
fikri var: “…heç kəs məni eşqimdən döndərə
bilməz… heç kəs mənim əlimdən bu eşqi ala
bilməz…”. Məncə, bu
onun böyüklüyüdür. O, erkən
yar–yoldaşın, könül həmdəmin itirən
şairdir. Deyim ki, hər kəs ayrılığı
içinə salıb… gəzdirə bilmir. Şair üçün “ayrılığın”
köhnəsi, təzəsi olmur. Hünər
istəyirəm ki, illər keçsə də, zaman ötsə
də, düşdüyün ayrılığı çəkə
biləsən.
Şairin “Dünya qəmli nağıl imiş”
kitabını həyəcansız, fikirsiz oxumaq olmur. Kəlbəcərin
taleyi ilə barışa bilməyən, o ayrılığa
qalib çıxan şair sevgisinin ayrılığı ilə
də barışa bilmir.
Şair Cavid Qənbəroğlu əzab şairidir, dərd,
kədər şairidir. Amma baxın, görün hansı misrasında o, bu dərdə,
kədərə, qəmə–qüssəyə bizi də
qoşur… Varmı onun belə misrası? Axtarmağa dəyməz, yoxdur. Onun
böyüklüyü, böyük ürək sahibi
olması da elə… bundadır. O, qəmi də
özü çəkir, dərdi də,
ayrılığın yükünü də. Onu heç kəsə…
heç övladına da vermir bu yükü çəksin… Mən necə sevməyim, oxumayım belə
şairi.
Cavid Qənbəroğlunun
“Dünya qəmli nağıl imiş” kitabını oxuyub
başa çatandan sonra müəlliflə yanaşı, bu
kitabı çap edib yayan istedadlı qələm dostum Məhəmməd
Nərimanoğluya “sağ ol” demək keçdi ürəyimdən.
Dodağımdan gələn dərdli bir ah qopdu: Dərd
içindən göyərən, çiçəkləyən
bir şairimiz də varmış…
Rövşən NOVRUZOĞLU,
professor.
Respublika.- 2012.- 25 noyabr.- S. 7.