Həsən bəy
Zərdabinin yubileyinə həsr olunmuş
tədbir
Bu günlərdə Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə M.F.Axundov adına Milli Kitabxana,
Milli mətbuatımızın banisi, xeyriyyəçi Həsən bəy Zərdabinin
anadan olmasının 170 illik
yubileyinə həsr olunmuş birgə tədbir
keçirilmişdir.
Tədbiri
Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Həsən
bəy Zərdabi işığına
yığışanları ürəkdən
salamlamış və sözü Azərbaycan Respublikası Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevə vermişdir.
Nazir öz çıxışında Azərbaycan mətbuatının
yaranmasında Həsən bəy Zərdabinin əvəzsiz
xidmətlərindən danışmış, çar
senzurasının hökm sürdüyü bir dövrdə Azərbaycan
dilində qəzet nəşr etdirməyin çətinliyindən
danışdı. Ölkə Prezidentinin xalqımızın
mədəni–ictimai fikir tarixinə töhfələr
vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin
layiqincə keçirilməsinə dair imzaladığı sərəncam
mətbuatımıza göstərilən ən yüksək
qayğının təzahürüdür.
Mətbuat
tariximizin yorulmaz tədqiqatçısı, professor Şirməmməd
Hüseynov geniş və əhatəli çıxışında
vurğuladı ki, Azərbaycanın qədim tarixi dəqiq
yazılmalı, Sovetlər imperiyasında yazılmış
tarixi kitablarımız olduğu kimi
köçürülüb yazılmamalı, bir vaxtlar
pantürkist, musavatçı adlandırılan
xalqımızın vətənpərvər oğulları
haqqında dürüst məlumatlar dərc olunmalıdır.
Hər bir qələm sahibi yazdığı məqalənin
məsuliyyətini dərk etməlidir.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan
jurnalistlər birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetinin
baş redaktoru Elçin Şıxlı, “Ədalət” qəzetinin
baş redaktoru, yazıçı Aqil Abbas, BDU–nun jurnalistika
fakültəsinin dekanı professor Şamil Vəliyev
çıxış etmişlər. Onlar doğma ana dilində
qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən
bəy Zərdabinin qəzet çap etmək üçün
hökumətə müraciət etdiyindən, gərgin zəhmət
və əzab–əziyyətdən sonra 1875–ci ilin 22 iyulunda
Bakıda qubernatorun mətbəəsində doğma dilimizdə
“Əkinçi” qəzetinin nəşrinə müvəffəq
olduğundan bu mətbu orqanla milli mətbuatımızın əsasının
qoyulduğunu danışdılar.
Onu
da qeyd edək ki, 1877–ci ilin sentyabr ayının 29–na qədər
çapını davam etdirən “Əkinçi” ayda iki dəfə
nəşr olunmaqla cəmi 56 nömrəsi işıq
üzü görmüşdür.
Sonradan
çap olunan “İrşad”, “Kaspi” “Molla Nəsrəddin”,
“Füyuzat” və digər qəzet və jurnallar “Əkinçi”
ənənələrinə sadiq qalaraq Azərbaycan ictimai
fikir tarixində və xalqımızın daha da maariflənməsində
əvəzsiz rol oynamışdır. Sevindirici haldır ki,
böyük mütəfəkkir Əlibəy Hüseynzadə
tərəfindən 1906–1907–ci illərdə 32 nömrəsi
çap olunmuş “Füyuzat” jurnalı 100 ildən sonra
professor T.Əhmədov tərəfindən həmin
jurnalın davamı kimi indi də çap olunur və sevilə–sevilə
oxunur.
Çıxış
edənlər Həsən bəy Zərdabinin Azərbaycan
maarifinin inkişafında, eyni zamanda Azərbaycan
teatrının yaranmasındakı xidmətlərindən də
geniş bəhs etmişlər.
Milli
kitabxananın əməkdaşları tərəfindən
hazırlanmış “Həsən bəy Zərdabi–170″
adlı elektron məlumat bazası (www.al.az) tədbir
iştirakçıları tərəfindən böyük
maraqla qarşılanmışdır.
Rauf İlyasoğlu
Respublika.- 2012.- 25 noyabr.- S. 5.