İmişli: bugünü dünənindən gözəl şəhər

 

Ölkəmizin gözəl guşələrindən olan İmişli Aran bölgəsinin aparıcı rayonlarından biridir. Ana Kürlə Xan Arazın əhatə etdiyi bu bərəkətli torpaqlar insanların üzünə həmişə gülür, buraya qədəm basan hər bir kəs, ilk öncə, bu diyarın təbiətinin ayrı bir hüsnü, adamların xoş təbəssümü, qonaqpərvərliyi ilə üzləşir. Doğma Azərbaycanımıza xas olan hər bir görüntünü İmişlidə də aydın müşahidə etmək mümükündür. Burada əmək bulaq kimi qaynayır, böyük ruh yüksəkliyi hökm sürür, hünərvər insanlar Vətənin rifahı naminə çalışmaqdan “yoruldum” demirlər.

 

2012–ci il imişlililər üçün daha uğurlu il olmuşdur. Rayon rəhbərliyinin dəyişməsindən sonra qısa müddət ərzində şəhərin siması büsbütün dəyişmişdir. İmişliyə son günlər yolu düşən hər kəs özünü başqa bir şəhərdə hiss edir. Son vaxtlar burada görülən abadlıq–quruculuq işləri elə bir həddə çatmışdır ki, heç adamın ağlına da gəlməzdi, küçə və meydanlarda, Heydər Əliyev adına parkda və onlarca digər sahələrdə görülən işləri saymaqla qurtaran deyil. Oktyabr ayında cənab Prezident İham Əliyevin İmişli rayonunda olması və burada inşa edilən obyektlərin açılışında iştirak etməsi, imişlililərin böyük sevincinə səbəb olmuşdur.

“Azərbaycan Respublikası regionların 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı 2012–ci ilin 9 ayı ərzində 220 şagird yerlik Çaxırlı, 180 şagird yerlik Ağaməmmədli, 360 şagird yerlik Bəcirəvan, 220 şagird yerlik Qaragüvəndikli kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi, İmişli şəhər 4 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmış, məktəb binaları yeni dərs ilində istifadəyə verilmişdir. Həmçinin 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni binanın, 180 şagird yerlik Xoşçobanlı kənd tam orta məktəbində bərpa–gücləndirmə və əlavə sinif otaqlarının tikintisinə başlanılmış, Xoşçobanlı kəndində 2 yeni tədris korpusunun tikintisi başa çatdırılmışdır. Ağamalılar kənd tam orta məktəbinin binası təmir edilmiş, rayon təhsil şöbəsinin dam örtüyü dəyişdirilərək, binanın fasad hissəsi aqlay üzlük daşları ilə üzlənmişdir. Sahəsi 570 kvadratmetr, 1 zal və 7 otaqdan ibarət olan şahmat məktəbinin tikintisi də başa çatmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010–cu il tarixli sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına əsaslı təmir olunan rayon mərkəzi xəstəxanasında təmir işləri başa çatmışdır. Hazırda 2 mərtəbəli, 4 korpusdan ibarət 136 çarpayılıq xəstəxana binası müasir tibbi cihazlar, inventar və avadanlıqlarla təchiz olunmuşdur.

2012–ci ilin 9 ayı ərzində rayon tarix–diyarşünaslıq muzeyi və mərkəzi kitabxanada əsaslı təmir işləri başa çatdırılmış, muzeyin dam örtüyü dəyişdirilmişdir. Hər iki bina aqlayla üzlənmiş, sahəsi 200 kvadratmetr, 2 zaldan ibarət olan muzeydə 4 min ədəd eksponatın yerləşdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin 9 ay ərzində emal sənayesinin inkişafı üçün görülən işlər də davam etdirilmiş, Qaragüvəndikli kəndinin ərazisində damazlıq yumurta istehsal edən “Araz damazlıq–quşçuluq” MMC–nin yeni sexləri, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı və Xəlfəli kəndi ərazisində yeni asfalt zavodu tikilib istidfadəyə verilmişdir. Gündə 200 ton kəllə qənd istehsal etmək gücündə olan İmişli Şəkər Zavodunun nəzdində Kəllə Qənd Zavodunun tikintisi başa çatmışdır. Rayonun Bəcirəvan kəndində inşa edilən baytar məntəqə binasında tikinti işləri başa çatmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikiləcək 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Rayonda məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Bəhrəmtəpə qəsəbəsi ərazisində 550 məcburi köçkün ailəsi üçün yeni evlərin tikintisi nəzərdə tutulmuş, bunun üçün 100 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda 325 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin tikintisi başa çatmış, qəsəbədə 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binası tikilmişdir. Qəsəbəyə elektrik və su xətləri çəkilmiş, hazırda təbii qaz xəttinin çəkilişi aparılır.

2012–ci ilin 9 ayında rayon üzrə 1058 iş yeri açılmışdır ki, onun da 403–ü daimi iş yerləridir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılmış yeni iş yerlərinin sayı 47,6 faiz artmışdır.

2012–ci ilin aprel ayından aparılan abadlıq və quruculuq işləri artıq geniş vüsət almış, İmişli şəhəri əsl tikinti meydançasına çevrilmişdir. Görülən işlər nəticəsində İmişli şəhərinin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir.

Ötən müddət ərzində şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov, H.Aslanov və S.Ağamalıoğlu küçələrində yenidənqurma işləri davam etdirilmişdir, prospektin hər iki tərəfində 3 metr hündürlüyündə divarlar hörülmüşdür. Həmin divarlar aqlay daşlarla üzlənmiş, işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin şərq istiqmətində Şəkər zavodu və qərb istiqamətində Rəsullu kəndi yaxınlığında giriş qapısı inşa olunmuş, prospektdə, M.Əzizbəyov və 20 Yanvar küçələrində müasir tipli elektrik dirəkləri quraşdırılmışdır.

Heydər Əliyev prospektindəki səkilərə plitələr döşənmiş, fərdi evlərin həyətə giriş qapıları eyni formalı darvazalarla əvəz olunmuşdur. Hazırda Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov və H.Aslanov küçələrindəki bütün ictimai yaşayış və inzibati binaların, ticarət obyektərinin dam örtüyünün dəyişdirilməsi, fasad hissələrinə aqlay üzlük daşlarının qoyulması, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işi aparılır. Həmçinin Heydər Əliyev prospektindəki magistral qaz xətti polietilen borularla əvəz olunur, qaz və elektrik xətlərinin yeraltı çəkilişi aparılır.

Vağzal meydanında inşa olunan, sahəsi 8300 kvadratmetr, hündürlüyü 100 metr olan bayraq meydanının tikintisi başa çatmış, Həmçinin Dəmiryolu vağzalının inzibatı binası və vağzal meydanında hörülmüş daş hasarlar aqlay üzlük daşları ilə üzlənmiş, işıqlandırma sistemi quraşdırılmışdır.

Hazırda şəhər ərazisindəki M.Sabir və Nizami adına parklarda da yenidənqurma və abadlıq işləri aparılır, parklardakı istismara yararsız çayxana binaları sökülərək müasir tələblərə cavab verən yeni obyektlər tikilir.

Nizami adına parkda yerləşən İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və şəhər bələdiyyəsinin inzibati binasının və digər tikililərin də aqlay üzlük daşlarla üzlənməsi işi aparılır.

6 hektar ərazidə yerləşən Heydər Əliyev parkında da abadlıq və yenidənqurma işləri davam etdirilmiş, parkın ərazisindəki ictimai və inzibati binaların aqlay üzlük daşlarla üzlənməsi, binaların dam örtüklərinin dəyişdirilməsi işi başa çatdırılmış, parkda müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılmış, yaşıllıqlar salınmışdır. Heydər Əliyev Mərkəzi üçün yeni binanın tikintisi istifadəyə verilmişdir. Sahəsi 2000 kvadratmetr olan 2 mərtəbəli mərkəzdə konfrans zalı, elektron kitabxana, dərnəklər, internet klublar, xarici dil kursları fəaliyyətə başlamışdır. Həmçinin tikintisi davam etdirilən Gənclər mərkəzində konfrans zalı, kinoklub, kitabxana, çayxana və digər xidmət növləri fəaliyyət göstərəcəkdir. 2012–ci ilin 9 ayı ərzində rayonun ərazisindəki magistral avtomobil yollarının ətrafına 33.8 min ədəd müxtəlif növ ağaclar əkilmiş, şəhərin 14 küçəsində 41900 kvadratmetr sahədə 711.6 min manatlıq əsaslı təmir, “Soyqırım” və “20 Yanvar” abidə komplekslərində isə 579,7 min manatlıq abadlıq işləri görülmüşdür.

2012–ci ilin 9 ayı ərzində rayon üzrə iribuynuzlu mal–qaranın sayı 87958 başa, qoyunların sayı 234554 başa, quşların sayı isə 1271921 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal–qara 2442 baş, qoyunlar 5991 baş, quşlar isə 295030 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 8031 ton, süd istehsalı 32377 ton, yun istehsalı 351 ton, yumurta istehsalı 52808 min ədəd olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. Cari ildə 11316 hektar sahədə buğda, 4812 hektar sahədə arpa, 455 hektar sahədə kartof, 418 hektar sahədə bostan, 512 hektar sahədə tərəvəz, 294 hektar sahədə dən qarğıdalı, 2429 hektar sahədə pambıq, 246 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. 2012–ci ilin 9 ayı ərzində 46397 ton taxıl məhsulu istehsal olunmuş, məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1224 ton artmışdır. Həmçinin cari ilin 9 ayında 1634 ton qarğıdalı, 4468 ton kartof, 5931,5 ton tərəvəz məhsulları, 5082 ton bostan məhsulları, 1692 ton şəkər çuğunduru, 1454 ton pambıq tədarük olunmuşdur.

İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün rayon telestudiyasının yaxınlığındakı 10 hektar ərazidə yeni istixanaların inşa olunmasına başlanmışdır. Hazırda 1,5 hektar ərazidə hər biri 1400 kvadratmetr olan 10 ədəd istixana quraşdırılmışdır. Həmin ərazidə yerləşən konserv məhsulları istehsalı firmasında yenidənqurma işləri başa çatmaq üzrədir, yaxın günlərdə firmanın məhsul istehsalına başlaması gözlənilir.

2012–ci ilin 9 ayı ərzində təsərrüfat hesablı İmişli rayon Aqroservis filialı tərəfindən 257 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşquları ilə fermerlerə 96,6 min manat məbləğində servis xidməti göstərilmişdir. Aqroservis tərəfindən 584,0 ton azot gübrəsi, 60 ton nitroamofoska gübrəsi və 13,6 min litr amin duzu güzəştli qiymətlərlə fermerlerə satılmışdır. Cari ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 12262 nəfər istehsalçının 33466 hektar əkin sahəsinə 1338.6 min manat dəyərində kompensasiya hesablanmış və ödənilmişdir.

Rayon üzrə 2012–ci ilin 9 ayı ərzində kollektorlarda 783.4 min kubmetr, suvarma kanallarında isə 1247 min kubmetr həcmində lildəntəmizləmə işləri görülmüşdür.

Azərbaycanda sudan istifadəedənlər birliklərinin inkişafına dəstək layihəsi çərçivəsində hazırda rayonun Muradxanlı və Ağaməmmədli kəndləri ərazisindəki suvarma və drenaj kanallarında təmir–bərpa işləri aparılır. Layihənin smeta dəyəri 2018 min manatdır, bu günə kimi ümumi işin 49 faizi yerinə yetirilmişdir.

2012–ci ilin 9 ayı ərzində Kür–Araz çaylarında mühafizə bəndlərini möhkəmləndirmək məqsədi ilə 199 kubmetr həcmində betonla, 3921 kubmetr həcmində maşınla sahilbərkitmə, 25.3 kilometr uzunluğunda 817.1 min kubmetr həcmində qayakəsmə və təmir işləri görülmüşdür. Yeni layihə üzrə Araz çayında İmişli şəhəri, Qaraxalar, Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndləri ərazisində 20.1 kilometr məsafədə bəndlərin hündürlənməsi və möhkəmləndirilməsi işləri görülmüşdür.

Qeyd olunduğu kimi, 2012–ci ilin 9 ayında rayon üzrə sənaye məhsullarının həcmi 95.4 milyon manat olmuşdur ki, bu da ötən illin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. İmişli Şəkər Zavodu 9 ay ərzində 70.6 milyon manatlıq məhsul istehsal etmişdir ki, bu da rayon üzrə istehsal olunan sənaye məhsulunun 74,0 faizini təşkil edir.

Muradxanlı İriləşdirilmiş Neft Mədəni üzrə 19144 ton neft hasil olunaraq 9 aylıq plan tapşırığına 90,7 faiz əməl olunmuş, orta hesabla gün ərzində 70,9 ton neft istehsal edilmişdir. Planda nəzərdə tutulan həcmdə 450 min kubmetr qaz hasil edilmiş və daxili ehtiyaclara sərf olunmuşdur. Mədən üzrə 16 quyuda əsaslı, 26 quyuda isə cari təmir işləri aparılmışdır.

Ümumiyyətlə, rayonda istehsal olunmuş sənaye məhsulunun 82,9 faizi emal sənayesi müəssisələrinin, 12,3 faizi mədənçıxarma sənayesi müəssisələrinin, 4,8 faizi isə elektrik enerjisi, qaz və su təchizatı müəssisələrinin payına düşür. Sənaye məhsullarının 92,6 faizi qeyri–dövlət sektorunda istehsal edilmişdir.

2012–ci ilin 9 ayında rayon iqtisadiyyatının və sosial sahələrinin inkişafı üçün 76,6 milyon manat həcmində investisiya qoyulmuşdur ki, bunun da 63.9 milyon manatı tikinti–quraşdırma işlərinin payına düşmüşdür. İnvestisiyanın 80,3 faizi büdcə, 10,4 faizi müəssisə və təşkilatların, 9,3 faizi isə əhalinin vəsaitləridir.

Rayon iqtisadiyyatına qoyulmuş cəmi investisiyaların 32,5 faizi sənaye sahələrinin inkişafına, 19,9 faizi nəqliyyata, 18,5 faizi mənzil tikintisinə, 8,8 faizi təhsilə, 8,7 faizi kənd təsərrüfatına, 6,2 faizi ticarət və xidmət sahələrinə, 2,6 faizi səhiyyəyə, 2,2 faizi idman və abadlıq işlərinə, 0,6 faizi isə rabitə və tikinti sektoruna yönəldilmişdir.

2012–ci ilin 9 ayı ərzində Ağsu–Kürdəmir–Bəhrəmtəpə, İmişliyə giriş və Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun bəzi yerlərində təmir işləri aparılmış, 36 saylı yol istismarı idarəsi tərəfindən 530.3 min manatlıq yol tikintisi yerinə yetirilmişdir. “ORİON–E” MMC tərəfindən Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 63–92–ci kilometrdə 29 kilometr ərazidə əsaslı təmir işləri aparılmışdır. Həmçinin Hacıqabul–Bəhrəmtəpə və İmişli–Biləsuvar avtomobil yolu da müvafiq olaraq Türkiyənin “Kolin” və Azərbaycan “AzərStar” şirkətləri tərəfindən əsaslı təmir olunur. Hazırda Hacıqabul–Bəhrəmtəpə avtomobil yolunun 14 kilometrlik məsafəsində asfalt–beton örtüyü qoyulmuşdur. Bu sahədə işlər davam etdirilir.

9 ay ərzində 2,2 milyon manat yük daşınması sahəsində, cəmi 4,8 milyon manatlıq nəqliyyat xidməti göstərilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat xidmətinin həcmi 4,4 faiz artmışdır.

9 ay ərzində rayon üzrə 240 abonentlə telefon xətti çəkilmiş, rayonun Xoşçobanlı və Qaravəlili kəndlərində 9 kilometr uzunluğunda FO kabeli çəkilmiş, bununla da mövcud oıan EATS–lərin FO kabeli ilə kabelləşməsi işi başa çatdırılmışdır. Həmçinin şəhərin Xiyabani küçəsində müxtəlif tutumlu kabellər dəyişdirilərək yenisi ilə əvəz olunmuş, Qaralar kəndində xətt şəbəkəsinin tikintisi ilə əlaqədar əlavə telefon xətləri çəkilmiş, Xoşçobanlı kəndində xətt şəbəkəsinin genişləndirilməsi işi başa çatdırılmışdır. Həmçinin 970 abonentə genişzolaqlı internet verilmiş, əlavə olaraq Muradxanlı, Qaradonlu və Göbəktala kənd EATS–lərində 48 portlu internet avadanlığı quraşdırılmışdır. Rayonun Qızılkənd, Məzrəli və Məmmədli kəndlərində poçt şöbələri üçün yeni binaların tikintisi davam etdirilmiş, yaxın günlərdə tikintinin başa çatdırılması, binaların avadanlıqlarla təchiz olunması nəzərdə tutulmuşdur.

Rayonda pərakəndə əmtəə dövriyyəsi ilkin hesabatlara əsasən 79.5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 23.7 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 8,9 faiz, pullu xidmətlərin həcmi isə 9,6 faiz artmışdır. Banklar tərəfindən sahibkarlara 22.4 milyon manat məbləğində kreditlər verilmişdir ki, onun da 8.0 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Həmçinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 330 sahibkara 981.8 min manat məbləğində kreditlər verilmişdir.

Rayon ərazisində 3210 metr məsafəyə SİP kabeli, 19190 metr məsafəyə isə naqil xətləri çəkilmiş, 1818 ədəd elektron tipli sayğaclar quraşdırılmışdır. 9 ay ərzində 92 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 63 ədəd istismara yararsız ağac dayaqlar yeniləri ilə əvəz olunmuş, 56 ədəd dəmir–beton dayaqlar və çürümüş ağac dayaqların dibinə 42 ədəd dəmir–beton kötüklər basdırılmışdır.

Rayonun müvafiq qaz xəttində təmir işləri aparılmışdır. Həmçinin “Aran” yoldaşlıq şirkəti MMC tərəfindən 3878 poqonmetr qaz xətti çəkilmişdir. Rayonun bir sıra kəndlərinin qazlaşdırılması məqsədi ilə Cəfərli, Ağaməmmədli, Muradxanlı və Yalavac kəndlərində müxtəlif diametrlərdə 32590 poqonmetr polietilen boru xətləri çəkilmiş, həmin kəndlərdə qaz çəkilişi işləri başa çatdırılmış, qaz sayğaclarının quraşdırılmasına başlanmışdır. Rəsullu kəndində 10183 poqonmetr qaz xətti, Bəhrəmtəpə qəsəbəsinə məcburi köçkünlər üçün 5650 poqonmetr polietilen daşıyıcı qaz xətti çəkilmişdir.

İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işlərinə 2011–ci ildə başlanılmışdır. Tikinti işləri hazırda “T.T.Ş İnşaat” MMC tərəfindən davam etdirilir.

Hazıradək Beyləqan rayonunun Aşıqlı kəndi ərazisində qazılması nəzərdə tutulmuş 5 ədəd artezian quyusundan 2 ədəd kəşfiyyat quyusu qazılıb istismara tam hazır vəziyyətdədir, 4 ədəd quyuda isə qazma işləri aparılır. 29.5 kilometrlik Beyləqan–İmişli magistral su xətti, həmçinin 1 ədəd 1500 kubmetrlik və 2 ədəd 2500 kubmetrlik su anbarının tikintisi başa çatdırılmış, 4035.4 poqonmetr kanalizasiya kollektor xətti çəkilmişdir. Şəhərdaxili 147.6 kilometr kanalizasiya xəttinin 4.6 kilometrində, 155.6 kilometr içməli su xəttinin 4.2 kilometrində tikinti işləri başa çatmış, kanalizasiya xətti çəkilərkən 183 ədəd dəmir–beton quyular inşa olunmuşdur. Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə indiyədək rayonun 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb əhalinin istifadəsinə verilsə də, digər kəndlərdə də modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına ehtiyac vardır. Ümumiyyətlə, sosial–iqtisadi inkişafın gedişi göstərir ki, rayonda iqtisadiyyatın bir çox sahələrinin inkişafı əsasən təmin edilmiş, qarşıya qoyulan bir çox vəzifələr icra olunmuşdur. Biz bundan sonra Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.

 

 

Sabir Mustafayev

 

Respublika.- 2012.- 25 noyabr.- S. 3.