Dəqiq konsepsiya
və inkişaf proqramlarının
uğurları
Azərbaycanda sosial–iqtisadi inkişaf davamlı, sürətli və
yüksək templidir. Ölkənin
iqtisadiyyatı daim güclənir, büdcə
gəlirləri və xərcləri kəskin şəkildə
artır. Bu gün Azərbaycan
dünyada sürətlə inkişaf edən dövlətlərdən biridir və sosial–iqtisadi göstəricilərə görə ön mövqelərdədir. Bu
ilin doqquz ayında
ötən ilin müvafiq
dövrünə nisbətən ümumi daxili məhsul istehsalı müqayisəli qiymətlərlə
416 milyon manat artaraq 44,2 milyard manata çatmışdır. Bu,
iqtisadiyyatda 1,0 faiz
artım deməkdir. ÜDM–in 66,7 faizi istehsal sahələrində
yaranmışdır. Xidmət sahələrinin əlavə dəyərdə
xüsusi çəkisi 27,0 faiz, o cümlədən nəqliyyatda
4,8 faiz, ticarət və pullu
xidmətdə 8,3 faiz, rabitədə 1,8 faiz, sosial və digər
xidmətlərdə 12,1 faiz təşkil
etmişdir. ÜDM–də məhsula və idxala xalis vergilərin
payı isə 6,3 faiz olmuşdur.
Doqquz ayda orta hesabla əhalinin hər
nəfərinə düşən ümumi
daxili məhsul istehsalı 4823.7 manat təşkil etmişdir.
Prioritet elan olunmuş qeyri–neft sektorunda əlavə dəyər
istehsalı 10,4 faiz artmışdır.
Çox müsbət
haldır ki, ümumi daxili məhsulun tərkibində fiziki şəxslərin də fəaliyyəti
nəzərə alınmaqla sənaye sahələrində
28,5 milyard manatlıq məhsul istehsal edilib. Sənayenin qeyri–neft sektorunda
məhsul istehsalı 6,8 faiz
artmışdır. Mühüm istehsal sahəsi olan kənd
təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıqda 2589.4 milyon
manatlıq məhsul istehsal edilmişdir. Bu rəqəm
ötən il 2459.9 milyon
manat civarında idi. İnşaat sektorunda da çox mühüm
göstəricilər əldə edilmişdir—4.387
milyon manat, ötən
ilin müvafiq
dövründə bu rəqəm 3377 milyon manat idi.
Yəni artım 27,3 faiz olmuşdur.
Xidmətlərin istehsalında da mühüm irəliləyiş vardır. Bu sahədə artım 6 faiz
olmuşdur. Bazar iqtisadiyyatının əsasını təşkil
edən özəl bölmədə istehsalın həcmi sənaye
məhsulunun 81,6 faizini təşkil etmiş, ümumi
istehsalın 92,3 faizi sənaye
mallarının, 7,7 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı
hesabına yaradılmışdır. Davamlı inkişaf dövlətin iqtisadi
və maliyyə gücünü daim artırmaqdadır. Azərbaycan
Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin
2012–ci ilin doqquz ayının sosial–iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət
başçısı əldə olunan
nailiyyətlərdən danışarkən
vurğulamışdır: “Ölkəmizin strateji
valyuta ehtiyatları ilin
əvvəlindən təxminən 5 milyard
dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir.
Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir
və Azərbaycan o ölkələrdəndir
ki, böyük valyuta ehtiyatlarına malikdir.
Ölkənin ərazi ölçülərinə və əhalinin
sayına görə hesab edirəm ki, əgər valyuta
ehtiyatlarımızı adambaşına hesablasaq
biz dünya miqyasında ən qabaqcıl yerlərdən
birindəyik. Çox sevindirici
hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti
ilə həyata keçirilməsinə baxmayaraq,
strateji valyuta
ehtiyatlarımız azalmır, əksinə, artır”.
İqtisadi
inkişafın davamlılığı və sürətliliyi
əhalinin gəlirlərinə də təsir edir. Belə ki,
doqquz ayda bu sahədə artım 12 faiz olmuşdur.
İnflyasiya isə cəmi 1,5 faiz çox
artmışdır. Göründüyü kimi, fərq 10
faizdir. Beləliklə, Azərbaycan bu göstəricilərinə
görə ən qabaqcıl yerlərdədir. Ölkədə
gedən quruculuq işləri, yeni yaranan sənaye müəssisələri,
istehsal sahələri, dövriyyəyə cəlb edilən
iqtisadi potensial məşğulluq probleminin də müsbət
həllinə səbəb olub. Belə ki, bu gün Azərbaycanda
məşğulluq səviyyəsi 95 faiz təşkil edir.
2008–ci ilin əvvəlindən bu ilin müvafiq dövrünədək
430 min yeni iş yeri açılmışdır. Təkcə
bu ilin doqquz ayında bu sahədə göstərici 94 min
olmuşdur. Əhalinin real pul gəlirlərinin artması, yeni
iş yerlərinin açılması milli gəlirin ədalətli
bölgüsündə də özünü qabarıq
büruzə verib. Dünya Bankının məlumatına
görə, Azərbaycan bu sahədə 110 inkişaf edən
ölkəni geridə qoyub. Bu o deməkdir ki, ölkədə
davamlı sosial–iqtisadi inkişaf əhalinin əksəriyyətinin
güzəranını davamlı surətdə
yaxşılaşdırmaqdadır. Artıq, yenə də
Dünya Bankının məlumatına görə Azərbaycan
153 ölkə arasında ən aşağı yoxsulluğa
malik 20 ölkədən biridir.
Bütün
bu nailiyyətlər və davamlı müvəffəqiyyət
təbii ki, milli iqtisadi, sosial, intellektual potensiala, beynəlxalq
təcrübəyə əsasən hazırlanmış və
ölkənin gələcəyinə istiqamətlənmiş
ulu öndər Heydər Əliyevin strateji kursunun uğurla həyata
keçirilməsi nəticəsində baş verir. Bu
strategiya, təbii ki, bütün xalqı səfərbər
edə biləcək liderin və onun müvafiq hədəfə
yönəltdiyi siyasi təşkilatın fəaliyyəti nəticəsində
mümkün ola bilir. Azərbaycanda bu tarixi hadisə 1992–ci
ilin 21 noyabrında baş vermişdir. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi və sədrliyi ilə
Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis
konfransı keçirildi. Ümummilli liderin ideyaları ilə
silahlanmış YAP siyasi mübarizə meydanına qədəm
qoydu. Həmin gündən etibarən ölkənin həyatında
tarixi dönüş başlandı. Bu zaman Azərbaycan həyatının
ağır anlarını yaşayırdı. Ölkənin ərazisi
Ermənistan tərəfindən təcavüzə məruz
qalmışdı. Müharibə öz həcmini daim
artırırdı, iqtisadiyyat dağılmışdı,
hakimiyyət səriştəsizlərin əlində idi, xəyanət
baş alıb gedirdi və s. Dövlət
başçısı Yeni Azərbaycan Partiyasının
yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli
mərasimdəki çıxışında bu barədə
bəhs edərkən demişdir: “1992–ci ilin ortalarında
hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da
bərbad vəziyyətə qoymuşdu. Ovaxtkı iqtidarın
bacarıqsızlığı, peşəkarsızlığı,
xəyanəti nəticəsində, demək olar ki, müstəqilliyimiz
əldən gedirdi. Ölkədə gedən xoşagəlməz
proseslər, böhran, iqtisadi tənəzzül, siyasi
sabitsizlik, demək olar ki, müstəqilliyimizə
böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə
cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə
böyük hörmətə malik olan insanlar ulu öndər
Heydər Əliyevin ətrafında birləşərək
Yeni Azərbaycan Partiyasının yaradılması haqqında
qərara gəlmişlər”.
Bu elə
bir dövr idi ki, Azərbaycanın siyasi səhnəsində də
çox böyük bir qarışıqlıq var idi, yaranan
hər bir partiya özünü iqtidarda görmək istəyirdi,
sanki yarışa girmişdilər. Müharibə gedən
ölkədə belə bir proses sosial–iqtisadi inkişafa və
müstəqilliyimizə ciddi ziyan vurmaqda idi. Dövlət
başçısı yeni Azərbaycan Partiyasının sədri
İlham Əliyev partiyanın məramı və mahiyyəti
barədə vurğulamışdır: “Partiyamızın
iqtidara gəlməsi zəruri və labud idi. Ancaq biz onu da
yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan
Partiyası müxalifət partiyası kimi
yaradılmışdı. Ancaq özünü müxalifət
adlandıran indiki qüvvələrdən fərqli olaraq
heç vaxt öz dövlətinə, xalqına müxalifətdə
olmamışdır. Bizim partiyamız və onun üzvləri
bütün dövrlərdə dövlətçiliyə
sadiq olmuşdur. Partiyamızın ilk addımları da Azərbaycanda
siyasi sabitliyin bərpasına yönəlmişdir. Təsadüfi
deyildir ki, 1993–cü ilin yayında Azərbaycanda vətəndaş
müharibəsi başlanan dövrdə cəmiyyətimizin
bütün ümidləri yenə də Heydər Əliyevin
dühası ilə bağlı idi. O vaxt xalqın tələbi
ilə hakimiyyətə gələn ulu öndər qısa
müddət ərzində vəziyyəti sabitləşdirdi
və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm
qoysun. O ildən bu günə qədər Azərbaycan
yalnız və yalnız inkişaf yolu ilə gedir”.
Beləliklə,
ulu öndərin, bu gün isə onun layiqli
davamçısı, dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan
Partiyası ölkədə lider partiyaya və Cənubi
Qafqazda ən böyük siyasi qüvvəyə
çevrilmişdir.
Ümummilli
liderin müdrik siyasi kursu ölkədə hər bir istiqamət
üzrə çox konkret və dəqiq proqramın
hazırlanması və həyata keçirilməsində ən
mühüm və həlledici zəmindir. Beləliklə,
YAP–ın simasında Heydər Əliyevin siyasi kursu davam edir və
dövlət başçısı təşkilatın sədri
İlham Əliyevin rəhbərliyi ilə daim zənginləşdirilir.
Bu
gün Azərbaycanda ölkənin hərtərəfli, gələcək
tərəqqisinə istiqamətlənmiş islahatlar
davamlı surətdə həyata keçirilir, beynəlxalq əhəmiyyətli
nəhəng infrastruktur layihələri
reallaşdırılır.
Bu
gün Azərbaycan Avrasiya məkanında Avropanın enerji təhlükəsizliyində
ən etibarlı tərəfdaş, mühüm beynəlxalq tranzit
ölkə, nəqliyyat və loqistika mərkəzinə
çevrilib. Bu həm də ölkənin
yürütdüyü xarici siyasətin mahiyyəti ilə
bağlıdır. Azərbaycan beynəlxalq əlaqələrdə
qarşılıqlı mənafe və maraqları təmin edən
əməkdaşlığa, ədalətliliyə, beynəlxalq
hüquq normalarına riayət etməyə, səmərəli
inteqrasiyaya, sosial–siyasi sabitliyə, bir sözlə, hər bir
ölkənin tərəqqisinə yardım edəcək
anlaşmaya bir–birinin daxili işlərinə
qarışmamağa, sülhə, dinc yanaşı
yaşamağa üstünlük verir.
Bu
prinsiplər də ölkəyə dünya miqyasında
böyük hörmət və etimad qazandırıb. Bunun əyani
sübutu keçmiş BMT Təhlükəsizlik
Şurasına qeyri–daimi üzv seçilərkən dövlətimizə
155 ölkənin səsverməsidir. Qoşulmama Hərəkatına
üzv olarkən burada da mütləq əksəriyyətin dəstəyini
qazanmışıq.
Bir sözlə,
Azərbaycan regionun lider dövlətidir. Qarşıya qoyulan sosial–iqtisadi məsələlər davamlı
surətdə öz həllini tapır. Ölkə öz enerji, ərzaq və nəqliyyat təhlükəsizliyini
təmin edib və daim möhkəmləndirir,
beynəlxalq səviyyədə
ədaləti və beynəlxalq hüququ müdafiə edən kimi imic qazanıb
və böyük hörmətə malikdir.
Bu gün dövlət
həm ölkə daxilində, həm regionda, həm dünya birliyində gedən proseslər çox böyük məsələləri həll
edir.
Dövlət başçısı bu günədək qazanılan nəticələr
və bir siyasi partiya kimi YAP–ın qarşısında duran vəzifələr barədə
deyib: “Bizim artıq güclü dövlətimiz vardır–müstəqil
Azərbaycan dövləti.
Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız
vardır. Bu proqramın reallaşması
nəticəsində Azərbaycan
inkişaf etmiş ölkələrin sırasına
daxil ediləcəkdir.
Əgər gələcəklə
bağlı fikirlərimizi
bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik!
İnkişaf etmiş ölkələrin
meyarları vardır.
Bunları bilirik və
biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq–həm
siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə.
Buna nail olmaq üçün
həmişəki kimi,
cəmiyyətimiz bir nöqtəyə vurmalıdır
və cəmiyyətimizin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti
20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır,
müasir qaydalarla, müasir üsullarla! Ancaq biz öz işimizi möhkəm tarixi və ideoloji əsaslar üzərində
qurmalıyıq”.
Ataş CƏBRAYILOV
Respublika.- 2012.- 25 noyabr.- S. 1.