Təqdimat mərasimi
keçirilmişdir
Yaxşı insan, dəyərli şəxsiyyət, mənəviyyatlı ziyalı məfhumları istənilən zaman və məkan üçün aktualdır. Onlar xalqın zəngin mənəviyyatını, əxlaqını, mərdliyini, ləyaqətini qorumaq missiyasını şərəflə yerinə yetirməyi həmişə özlərinə mənəvi borc hesab etmişlər.
Böyük hörmət–izzət sahibi olan, dəyərli ziyalı, qayğıkeş, mərd insan Qəmbər Şəmşiroğlu məhz belə ziyalılarımızdandır.
Qəmbər Şəmşiroğlu Qurbanov 1971–ci ildə Kəlbəcər rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1974–1989–cu illərdə həmin rayonda İcraiyyə Komitəsinin sədri işləmişdir. 1989–1991–ci illərdə Gədəbəy rayon İcraiyyə Komitəsinin sədri, 1991–ci ildən isə həmin rayonun icra hakimiyyətinin başçısı təyin edilmişdir. 1992–ci ilin payızında Azərittifaqda baş məsləhətçi kimi fəaliyyət göstərən Qəmbər müəllim 1993–cü ildə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 1994–cü ildən fərdi təqaüdə çıxmışdır. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədridir.
Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20–ci ildönümü ilə əlaqədar ölkənin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan Qəmbər müəllim uşaqlıqdan atası—ustadlar ustadı Dədə Şəmşirdən sazın–sözün sirlərini mükəmməl öyrənmiş, bir–birindən gözəl şeirlər, hekayələr, dastanlar, povestlər yazıb–yaratmışdır. O, “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Oğul gərək oğul olsun”, “Tale oxşarlığı”, “Bütövləşmək istədim”, “Ömrün işıqlı anları”, “Dostlar unutmaz məni”, “Bir də görüşərdik”, “Kəlbəcər ömrüm, həyatım” kitablarının müəllifidir.
1992–ci ilin aprel ayında erməni quldurları Qəmbər müəllimin doğma kəndi Ağdabanda əsl soyqırım törətdilər. 33 nəfərdən artıq insan şəhid oldu. Şəhid olanlardan 14 nəfəri onun qohum–əqrabası idi. Ağdabanlı şair Qurbanın və Dədə Şəmşirin əlyazmaları yandırılıb məhv edildi. 1993–cü ildə Kəlbəcər rayonu erməni separatçıları tərəfindən işğal olundu. Köçkünlük yurddaşlarımızı yurdundan–yuvasından didərgin saldı. Bu ağrı–acını yaşayanlardan biri də Qəmbər müəllimdir. Çünki ömrünün bütün illərini canından çox sevdiyi doğma torpağına–Kəlbəcərin quruculuğuna həsr etmişdir.
Bu gün Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Onların vətənpərvərlik ruhunun daim yüksək olması isə ziyalılarımızın və ağsaqqallarımızın üzərinə düşür. Bu işi Qəmbər Şəmşiroğlu ləyaqətlə həyata keçirir. Kəlbəcərlilərin ağsaqqalı olan Qəmbər Şəmşiroğlu yazıb–yaratdığı əsərlərində bizlərə Kəlbəcərə tezliklə qovuşacağımızı tərənnüm edir və bunun məhz Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsində mümkün olacağına sonsuz ümidlərini ifadə edir.
Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəmbər Şəmşiroğlunun “Bir də görüşərdik” və “Kəlbəcər ömrüm, həyatım” kitablarının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə ictimaiyyətin nümayəndələri, millət vəkilləri, alimlər, yazıçı və şairlər, jurnalistlər iştirak etmişlər. Tədbiri aşıq yaradıcılığının tədqiqatçısı, professor Məhərrəm Qasımlı açmış, ustad sənətkar Aşıq Şəmşir ocağında dünyaya göz açmış və ustadlardan dərs almış Qəmbər Şəmşiroğlu yaradıcılığından danışmışdır.
Tədbirdə millət vəkili Jalə Əliyeva, professor Şirindil Alışanlı, şair Adil Çəmil və başqaları çıxış etmişlər. Kəlbəcərli günləri əks etdirən film nümayiş etdirilmiş və iştirakçılara Qəmbər Şəmşiroğlunun kitabları hədiyyə edilmişdir.
Rauf İLYASOĞLU
Respublika.- 2012.- 27 noyabr.- S. 6.