İstənilən
mətbu informasiya yalnız həqiqətə, ədalətə
və obyektivliyə xidmət etməlidir
Son vaxtlar bir
sıra mətbu orqanlarında dərc olunmuş yazılarda
Penitensiar xidmətin müəssisələrində cəza
çəkən məhkumların vəfatı və
çox təsadüfi hallarda intihar etməsi faktları ilə
bağlı yanlış mülahizələr irəli
sürülür, bu faktlar əsassız olaraq saxlanma şəraiti
və işgəncələrlə əlaqələndirilir.
Məzmunundan və mahiyyətindən asılı olmayaraq baş vermiş hadisələri adəti üzrə xidmət əməkdaşlarının qanunsuz hərəkətlərinin nəticəsi kimi qələmə verməyə çalışan bir sıra yazı müəllifləri əldə etdikləri hər hansı məlumat üzrə aidiyyəti dövlət, ictimai və nəzarət orqanlarına deyil, cəza çəkən yaxın qohumlarına xüsusi imtiyazlar əldə etmək naminə böhtan və iftiralardan çəkinməyən şəxslərin fikirlərinə əsaslanırlar. Penitensiar xidmətin fəaliyyəti ilə əlaqədar həqiqətə uyğun olmayan məqalələrdə belə mənbələrə istinad olunması həmin mətbu orqanların obyektiv həqiqətə, reallığa xidmət etmələri barədə nəinki şübhə doğurur, hətta kütləvi informasiya vasitələrinə inam hissi ilə yanaşan ictimaiyyəti çaşdırmağa və onların düzgün informasiya almaq hüququna hörmətsiz yanaşmaları anlamına gətirib çıxarır.
Məlumat üçün bildiririk ki, 22 noyabr 2012–ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında məhkum Elşən Məmmədovun intihar etməsi faktı ilə bağlı xəbər də bəzi mətbu orqanlarda təhrif olunmuş formada ictimaiyyətə təqdim olunmuşdur.
Məhkum Elşən Məmmədovun intihar etməsi ilə bağlı məlumatdan qərəzli məqsədlərlə istifadə etmək niyyətində olan məqalə müəlliflərinin məhz İctimai Komitənin fəaliyyətinə qeyri–obyektiv münasibət göstərən və eləcə də öz şəxsi mənafeləri baxımından çıxış edən hüquq müdafiəçilərinə müraciət etmələri də təəssüf doğurur. Azərbaycan Respublikasının Ədliyyə naziri yanında fəaliyyət göstərən hüquq müdafiəçilərindən ibarət İctimai Komitənin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinə ləkə yaxmağa cəhd edən bu şəxslər həmişə çalışmışlar ki, vəzifəsini vicdanla yerinə yetirən dövlət, qeyri–hökumət təşkilatlarını və onların ayrı–ayrı nümayəndələrini qeyri–obyektivlikdə ittiham etsin, iftiralarla onları nüfuzdan salsın və fəaliyyətlərini heçə endirsin.
Penitensiar xidmətin işinin müasir tələblərə uyğun qurulması, məhkum və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşlılaşdırılması, onların ictimai faydalı əməyə cəlb olunmaları, asudə vaxtlarının səmərəli təşkili və xidmətin bütün aidiyyəti istiqamətlərdə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq ictimai nəzarətin həyata keçirilməsi üçün tam şərait yaradılmışdır. Bu nəzarət dərc olunmuş məqalədə qeyd olunduğu kimi, yalnız Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə və Ombudsman aparatı tərəfindən deyil, həm də hüquq müdafiəçilərindən ibarət monitorinq qrupu, bir sıra digər yerli qeyri–hökumət və ictimai təşkilatlar, eyni zamanda ATƏT, Avropa Şurası, BQXK, BMT–nin müxtəlif aidiyyəti komitələri kimi mötəbər beynəlxalq qurumlar tərəfindən həyata keçirilir. Bütün cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında, eləcə də həbsxanada müstəqil monitorinqlər aparılır, mövcud nöqsanların aradan qaldırılması, cəzanın icrası və çəkilməsi şərtlərinin beynəlxalq normalara uyğunlaşdırılması üçün müvafiq tövsiyələr verilir. Bu tövsiyələr Ədliyyə Nazirliyi, eləcə də Penitensiar xidmət rəhbərliyi tərəfindən təhlil olunur və nəzərə alınır.
İctimai Komitəyə gəldikdə isə artıq bu Komitənin fəaliyyəti, təşkil olunma qaydaları, aparılan monitorinqlərin nəticələri və təqdim olunan hesabatlar barədə dəfələrlə həm Ədliyyə Nazirliyi, həm də Penitensiar xidmət tərəfindən məlumatlar verilmiş və kütləvi informasiya vasitələrində dərc olunmuşdur. Bir daha qeyd edirik ki, İctimai Komitənin tərkibinə siyasi əqidəsindən asılı olmayaraq hüquq müdafiəçiləri və qeyri–hökumət təşkilatlarının nümayəndələri daxildir. Altıillik fəaliyyəti ərzində tərkibi hər il yenilənmiş İctimai Komitə tərəfindən müxtəlif penitensiar müəssisələrdə 300–dək sərbəst monitorinqlər keçirilmiş, monitorinqlərin nəticəsi olaraq Ədliyyə Nazirliyinə mütəmadi olaraq penitensiar müəssisələrin fəaliyyətində aşkar olunmuş müxtəlif çatışmazlıqları özündə əks etdirən hesabatlar təqdim olunmuş və müvafiq tədbirlər görülmüşdür. Seçki yolu ilə formalaşan bu Komitənin tərkibində qeyri–prinsipial hüquq müdafiəçilərinin olması barədə fikirləri tamamilə əsasız hesab edirik.
Penitensiar xidmətin həbsxanasında baş vermiş intihar faktı ilə bağlı ilkin araşdırmalar nəticəsində isə müəyyən edilmişdir ki, AR CM–nin 177.2.2, 177.2.3, 228.2.2, 129.1, 181.2.2, 181.2.5, 181.3.3–cü maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum E.Məmmədov 9 ilə yaxın cəza cəkdiyi müddət ərzində səhhəti ilə əlaqədar bir neçə dəfə Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində müalicə kursu keçmiş və müalicə olunduqdan sonra həbsxanaya qaytarılmışdır. Məhkum E.Məmmədov cəza çəkdiyi müddət ərzində həbsxana əməkdaşları və başqa məhkumlar tərəfindən heç bir fiziki təzyiqə, eləcə də digər qanunsuz rəftara məruz qalmamış, lakin həmin müddət ərzində qohum və tanışlarının görüşünə gəlməməsi, eləcə də onunla telefon əlaqəsi yaratmamaları, məhkum olunduğu ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkməyə dözümsüz münasibət göstərməsi onda intihara gətirib çıxara biləcək mənəvi–psixoloji sarsıntı halının yaranmasına səbəb olmuşdur.
Real həqiqət isə faktla bağlı Bakı şəhəri Qaradağ rayon prokurorluğunda hazırda istintaqı aparılan cinayət işinin nəticəsindən asılı olaraq müəyyən ediləcəkdir.
Ədliyyə Nazirliyinin rəhbərliyi Penitensiar xidmətin fəaliyyətinə, o cümlədən cəzaçəkmə yerlərində mövcud nöqsanların aradan qaldırılmasına həmişə prinsipial tələbkarlıqla yanaşmış, xidmətin fəaliyyətində aşkarlığın və şəffaflığın müntəzəm olaraq təmin olunmasının tərəfdarı olmaqla qeyri–hökumət, hüquq müdafiə təşkilatları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın inkişaf etdirilməsində daim maraqlıdır.
Ölkəmizdə məhbusların saxlanma şəraiti ilə bağlı son illər ərzində ədliyyə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə aparılan hüquqi islahatlar zəminində bir çox inkişaf etmiş ölkələrin belə həsəd apardığı dərəcədə qanunvericilikdə humanistləşmə istiqamətində dəyişikliklər edilmişdir. Əvvəllər mövcud olmuş bir çox məhdudiyyətlər qanunvericilikdə edilmiş dəyişikliklərlə aradan qaldırılmış və artıq tətbiq olunmaqdadır.
24 iyun 2008–ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra məhkumlara və təqsirləndirilən şəxslərə penitensiar müəssisələrin müdiriyyəti tərəfindən barələrində qəbul olunmuş qərarlardan şikayət etmək hüququ verilmişdir. Yeni qanunvericiliyin qüvvəyə minməsi ilə əlaqədar cəzaçəkmə müəssisələrində və İstintaq təcridxanalarında (təsərrüfat və məişət xidməti işi üçün saxlanılan) məhkumlara verilən telefon danışıqlarının sayının və müddətinin artırılması ilə əlaqədar olaraq qarşıya çıxmış məsələlərin həlli məqsədilə texniki problemlər həll edilmişdir. Ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə ayda iki dəfə telefonla danışmaq, il ərzində qısamüddətli 6 və uzunmüddətli 2 görüş, il ərzində 8 bağlama, sovqat və banderol almaq hüququ təmin edilmişdir. Məhkumların fiziki sağlamlıqlarının təmin olunması məqsədilə bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququ 05.03.2010–cu il tarixdə “Cəzaların icrası məcəlləsinə” edilmiş əlavələrə əsasən artıq qanunvericilik qaydasında da təsbit olunmuşdur. Eyni zamanda cəza çəkən şəxslər müəyyən edilmiş normativlərdən əlavə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün öz vəsaitləri hesabına idman geyimi və alətləri əldə etmək hüququna malikdirlər.
Yeni qanunvericiliklə ömürlük məhkumlara televiziya verilişlərinə baxmaq imkanı verilmişdir. Cəza çəkənlərə televiziya kanallarının özləri tərəfindən dəyişdirilməsi imkanı verilməklə gün ərzində teleproqramlara baxışın müddəti 4 saatadək artırılmış, bayram və bazar günləri isə bu müddət 6 saatadək müəyyən edilmişdir.
Bütün cəzaçəkmə müəssisələrində, o cümlədən Penitensiar xidmətin həbsxanasında da məhkumlar qanunvericiliyin verdiyi bu imkanlardan istifadə edirlər. Cəzaçəkmə müəssisələrindəki məişət şəraitinə gəldikdə isə, bu da daim Penitensiar xidmətin diqqət mərkəzindədir. İctimaiyyətə də məlum olduğu kimi, ölkəmizdə beynəlxalq standartlara uyğun yeni cəzaçəkmə müəssisələri tikilir ki, məişət şəraiti ilə bağlı bütün çatışmazlıqlar həmin müəssisələrin tikintisi zamanı nəzərə alınır.
Tikilməkdə olan müəssisələrdə mütəmadi olaraq monitorinqlər keçirilir və bu zaman işlərin layihə–smeta sənədlərinə uyğun aparılmasına, onlara gündəlik nəzarətin təmin olunmasına xüsusi diqqət yetirilir. Hazırda Umbakı qəsəbəsi ərazisində yeni həbsxananın tikintisi davam etdirilir.
Unutmaq olmaz ki, ictimai–siyasi mənsubiyyətindən
asılı olmayaraq, hər bir qeyri–hökumət, hüquq
müdafiə təşkilatları, eləcə də
kütləvi informasiya vasitələri olan televiziya, radio, mətbuat
və digərləri yoxlanmasına ehtiyac duyulan hər
hansı informasiyanı, ilk növbədə imkan daxilində
dəqiqləşdirməli və ictimaiyyətə yalnız
həqiqəti çatdırmalıdırlar. Əsassız
ittihamlardan, böhtan və iftiralardan qəti olaraq imtina
olunmalı, müqəddəs jurnalist peşəsinin əsas
prinsiplərinə əməl edilməli, müstəqil
dövlətimizin daha da möhkəmlənməsinə,
xalqımızın monolit birliyinə, azacıq da olsa, xələl
gətirə bilən şəxsi–qərəzli mənafe
güdən münasibətlərə son qoyulmalıdır.
Hüseyn Əlixanov,
Penitensiar xidmətin
rəis
müavini.
Respublika.- 2012.- 27 noyabr.- S. 5.