MƏNALI
ÖMÜR YOLU
Yaradıcı və
öz peşəsinin vurğunu olan sadə və səmimi
insanların ömrü adətən yaşanmış illərin
sayı ilə deyil, bu illərin dəyəri ilə
ölçülür. Belə xeyirxah, əməlisaleh
insanlar həyatı boyu öz xeyirxah əməlləri, cəmiyyət
üçün gərəkli və faydalı fəaliyyətləri
ilə seçilir və sevilirlər. Əlli doqquz illik
ömrünün böyük əksəriyyətini xeyirxah əməllərə,
cəmiyyətimizin mühüm sahələrindən biri olan
bank sisteminin inkişafına və təkmilləşdirilməsinə,
yeni nəsil kadrların yetişdirilməsinə həsr etmiş,
bu istiqamətdə bacarıqlı və peşəkar mütəxəssis
kimi tanınan və yüksək qiymətləndirilən,
bütöv bir nəslin ağsaqqalı kimi böyük
hörmət sahibi olan Nəbi Əliqulu
oğlu Qurbanov da məhz belə əməlisaleh,
yaşadığı illərinin dəyəri və bəhrəsi
ilə fəxr ediləsi, onu tanıyanların, həmkarlarının
və ailə üzvlərinin qəlbində əbədi
xatırlanacaq fədakar, mənalı ömür salnaməsində
dərin iz qoymuş vətənpərvər insanlardan
idi. Bank sistemində rəhbər vəzifələrdə
uzun illər çalışan Nəbi müəllim bilik və
bacarığını əsirgəməyərək üzərinə
düşən məsul vəzifəni layiqincə yerinə
yetirib, xüsusən də müstəqillik illərində bu
vacib sahənin inkişafına öz töhfəsini verib.
Müdriklərimizin gözəl bir deyimi var: “Arxada qoyub getdiklərimizin ürəklərində yaşamaq ölməzlik, əbədi yaşamaqdır”. Artıq dörd aydır ki, Qurbanovlar ailəsində hüzn, kədər hökm sürür. Ailəsi, qohumlar, onu tanıyan insanlar Nəbi müəllimin qəbirini ziyarət etməklə sınıq qəlblərini qismən ovudurlar. Ailəsinin ən böyük təsəllisi, sevinci isə babasının adını yaşadan 9 aylıq balaca Nəbidir. O, babası Nəbinin də son günlərinin dünya boyda sevinci, həyatının mənası idi. Hədsiz vətənpərvər, cəmiyyətdə öz yeri olan, peşəsinin ustadı olan bu insanı tanıyanların hamısı deyir ki, Nəbi müəllim həm də çox böyük ürək sahibi idi. Onun 59 illik ömür səhifələrini vərəqlədikcə, gözümüz önündə daxilən olduqca zəngin, duyumlu, sənətinin hədsiz vurğunu olan bir insanın obrazı canlanır. Nəbi Qurbanovun çoxşaxəli fəaliyyətində müxtəlif illəri əhatə edən fədakarlıq nümunələri çoxdur.
Nəbi Əliqulu oğlu Qurbanov 1952–ci il noyabrın 28–də Tbilisi şəhərində qulluqçu ailəsində anadan olub. Hələ məktəbdə oxuduğu illərdə iqtisadiyyata, bank sahəsinə, mühasibatlığa böyük həvəsi vardı. Elə bu istək də onu 1970–ci ildə Bakı Maliyyə Kredit Texnikumuna gətirib. 1972–ci ildə texnikumun mühasibatlıq fakültəsini müvəffəqiyyətlə bitirərək əmək fəaliyyətinə Dövlət Bankının Səbail filialının əməliyyat şöbəsində mühasib vəzifəsi ilə başlayıb. Bacarıq və səriştəsi nəzərə alınaraq az vaxt içərisində – 1972–1979–cu illərdə böyük mühasib, böyük iqtisadçı, böyük inspektor, aparıcı inspektor, şöbə müdiri, daha sonra isə idarə müdirinin müavini—baş mühasibin müavini vəzifələrinə irəli çəkilib.
İnsan həyatda ürəyinin hökmü ilə seçdiyi və sevdiyi işlə məşğul olanda, sözün həqiqi mənasında, öz peşəsinin vurğunu olanda gördüyü işin faydası da, cəmiyyətə xeyri də çox olur. Bu həyat həqiqətini biz Nəbi Qurbanovun keçdiyi şərəfli ömür yolunun timsalında aydın görürük. Öz sevimli peşəsinin sirlərinə daha dərindən bələd olmaq, praktiki fəaliyyətini nəzəri biliklərlə daha da zənginləşdirmək arzusu ilə Nəbi Qurbanov əmək fəaliyyəti ilə yanaşı, təhsilini davam etdirmək qərarına gəlir. O, 1981–ci ildə Moskva şəhərində Ümumittifaq Yeyinti Sənaye İnstitutunun, 1991–ci ildə isə Ümumittifaq Maliyyə İqtisad İnstitutunun qiyabi şöbələrini müvəffəqiyyətlə bitirir. Burada təhsil aldığı illər Nəbi müəllimin peşəkarlığının artmasına, dünyagörüşünün formalaşmasına, gələcək həyat yolunun müəyyənləşdirilməsinə də böyük təsir edib.
Nəbi Qurbanovun 1979–cu ildən sonrakı əmək fəaliyyəti respublikamızın mərkəzi bank sistemi ilə sıx bağlıdır. 1979–1980–ci illərdə SSRİ Dövlət Bankının Azərbaycan kontorunun mərkəzi mühasibatlığının böyük inspektoru, sonrakı iki il ərzində mühasibatlıq uçotu hesablama idarəsinin böyük inspektoru, daha sonra Mİ və Hİ təminat və nəzarətin aparıcı inspektoru və şöbənin rəisi, 1987–1988–ci illərdə isə həmin təşkilatın rəis müavini—baş mühasib vəzifələrində işləyib. Çalışdığı bütün vəzifələrdə rəhbərliyin və kollektivin böyük rəğbətini və hörmətini qazanıb. Təsadüfi deyil ki, bu peşəkar kadra ən vacib sahələrdə ehtiyac həmişə duyulub, onun iş metodu və qabiliyyəti yüksək qiymətləndirilib. 1981–ci ildə “İşdə yüksək nailiyyətlər əldə etdiyinə və Dövlət Bankının yaranmasının 60 illiyi ilə əlaqədar Nəbi Qurbanov o vaxtkı SSRİ Dövlət Bankının fəxri fərmanı ilə təltif olunub.
Belə bir deyim var: “Çatmaq istədiyi hədəfi olmayan insanlar çalışmaqdan zövq almazlar”. Nəbi müəllim isə məhz çatmaq istədiyi hədəfləri ustalıqla fəth edən, yüksək zirvələrə doğru inam və inadkarlıqla irəliləyən, sözün həqiqi mənasında, işindən zövq alan əməksevər, daxilən və qəlbən öz peşəsinə bağlı olan insan idi. O, 1988–1991–ci illərdə SSRİ Mənzil Sosial Kommunal Bankının Azərbaycan Respublikası idarə rəisinin müavini, idarə rəisi vəzifələrində, Dövlət Bankının şəhər idarəsində rəis müavini, 1991–2000–ci illərdə isə Azərbaycan Respublikası Milli Bankının Bakı şəhər Əməliyyat İdarəsində direktor müavini, eyni zamanda idarə heyətinin üzvü olub.
1993–cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Nəbi Qurbanov hakim partiyanın fəaliyyətində çox yaxından iştirak etmiş, YAP–ın fəxri üzvü olmuşdur. Nəbi müəllim bütün çıxış və söhbətlərində Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmlənməsində, ölkəmizdə siyasi, iqtisadi–sosial islahatların aparılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini həmişə yüksək dəyərləndirərək deyirdi ki, məhz ulu öndərimizin müdrik siyasi kursu ölkəmizin bugünü və gələcəyinin qarantıdır. Bu müdrik siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan regionda lider dövlətə çevrilib, dünyada nüfuz sahibi olub.
Öz peşəsinin vurğunu, fədakarı olan Nəbi müəllim müstəqillik illərində əvvəlkindən də böyük şövqlə çalışıb, Azərbaycan dövlətinin bank sistemində yüksək peşəkarlığı ilə iz qoyub. Ötən əsrin 90–cı illərində müstəqilliyimizin bərpasından sonra Türkiyə, Avstriya, İran, Fransa və digər ölkələrdə qabaqcıl təcrübə mübadilələrində iştirak edib. Rəhbər vəzifələrdə uzunmüddətli fəaliyyəti dövründə bank sisteminin yeni, müasir sistemlərə keçməsində, bank sahəsinə aid qaydaların hazırlanmasında və digər istiqamətlərdə müstəsna rol oynayıb. 2000–2003–cü illərdə BUS Bankın Hesablaşmalar Departamentinin, Əməliyyat Departamentinin, Daxili Audit Departamentinin direktoru vəzifələrində böyük həvəs və yaradıcılıqla işləyib. 2003–2006–cı illərdə Azərbaycan Respublikası Kapital Bankının Xaçmaz rayon filialının müdiri, əmək fəaliyyətinin son dövrlərində isə Qafqaz İnkişaf Bankının İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb.
Qədim yunan filosofu Demokritin “İnsan öz gözündə deyil, başqalarının gözündə yüksəlməlidir”, — fikri Nəbi müəllimin timsalında öz dəqiq əksini tapır. Nəbi Qurbanovu tanıyanların, onunla bir yerdə işləyənlərin hamısı bu insanı hərtərəfli yüksək qiymətləndirərək deyirlər ki, Nəbi müəllim yaxşı dost, yaxşı ailə başçısı, yüksək ixtisaslı mütəxəssis olub. Nəbi müəllimlə uzun illər bir yerdə çalışmış, bilavasitə onun rəhbəri olmuş Hacı Zakir Zeynalovun fikirləri bu baxımdan maraqlıdır: “Nəbi Qurbanov çox sadə, təvazökar, səmimi dost idi. Əməksevərliyi və təşəbbüskarlığı daim kollektivdə özünü büruzə verirdi. O, yüksək peşəkarlığı sayəsində milli bank sistemimizdə öz izini qoyub. Bank sektorunda hesablaşmalar sisteminin təkmilləşdirilməsində, təlimat və qaydaların hazırlanmasında xüsusi xidmətləri olub. Nəbi Qurbanov öz sahəsində bir çox savadlı, ixtisaslı kadrlar yetişdirib və çalışdığı kollektivlərdə böyük hörmət və rəğbət qazanıb”.
Fikrimi məşhur şotland filosofu Uilyam
Hamiltonun sözləri ilə bitirmək istəyirəm: “Yer
üzündə ən böyük varlıq insandır,
insanda isə ən qiymətli şey müdriklikdir”. Nəbi
Qurbanov da nəslin ağsaqqalı, müdrik insan idi. Nəbi
müəllimin xatirəsi əzizlərinin, həmkarlarının,
bir sözlə, onu tanıyan hər bir kəsin qəlbində
əbədi yaşayacaqdır.
Məmmədəli XƏLİLOV,
Yazıçılar Birliyinin
üzvü.
Respublika.- 2012.- 28 noyabr.- S. 7.