Dənizlər
insanları daha da yaxınlaşdırır
İnsanlar
dünyanın ən müxtəlif guşələrində
yaşasalar da, onu narahat edən problemlər barədə, bəşəriyyəti
düşündürən məsələlər haqqında
fikir mübadiləsi aparmaq, düşüncələrini
bölüşmək üçün mütləq bir araya gəlirlər.
Və deyim ki, bu cür ortaq çalışmaların
faydası özünü dünyanın ümumi inkişaf ahəngində
göstərməkdədir. Bu nöqteyi–nəzərdən son
illər Bakının ən müxtəlif beynəlxalq tədbirlərə
yüksək qonaqpərvərliklə ev sahibliyi etməsi
müstəsna əhəmiyyət daşımaqla
yanaşı qardaş ölkənin sorağını
müxtəlif qitələrə daşımaqdadır. Bunu
söyləməyi özümə borc bilirəm ki, Prezident
İlham Əliyevin misilsiz zəhməti sayəsində
günü–gündən gözəlləşən, belə
demək mümkünsə, Şərqin rəmzinə
çevrilən Bakı az qala hər həftə müxtəlif
beynəlxalq tədbirlərə qucaq açır və bu, Azərbaycanın
dünya çapında qəbul edilən etibarının və
inkişafının bariz təcəssümüdür.
Bəhs etdiyim tədbirlərin, forumların, dialoqların tək bir amacı var: necə edək ki, xalqlarımız barış və rifah içində, balalarımız xoşbəxt və sabahkı gündən yana rahat yaşasınlar. Hesab edirəm ki, içində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı olmaqla bütün beynəlxalq qurumların tək amacı, fəaliyyətinin əsas formulu da elə budur.
Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir–birinə lazımi dəstəyi verir. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd–şərtsiz azad etməsi tələbini irəli sürür.
Qloballaşma əsrində xalqların, insanların bir araya gələrək bəşəriyyəti, ən azı isə regionu düşündürən problemlərin həllinə açar salmasını, bölgə ölkələrinin qarşılıqlı faydalı layihələrdə iştirakını stimullaşdırmasını, nəhəng bir siyasi–iqtisadi coğrafiyanın perspektivlə bağlı taktiki–strateji addımlarını götür–qoy etməsini təmin edən regional təşkilatlardan biri də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun parlament Assambleyasıdır. Balkanlardan üzü Şərqə bu geniş və cəlbedici coğrafiyanı paylaşan dövlətlər həmin təşkilatın imkanlarından bəhrələnərək qarşılıqlı münasibətlərin ən çeşidli istiqamətləri üzrə əməkdaşlıq səylərini ortaya qoymaqdadırlar.
28–ci ildir ki, sülh və rifah adına Qafqazlarda, Balkanlarda və Orta Asiyada fəaliyyətini sosial, mədəni və siyasi müstəvidə sürdürən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi Türkiyəni BMT–nin sosial–iqtisadi komissiyasında təmsil edir. ATƏT–in müşahidəçi statusla üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Balkan Siyasət Klubu, Vyana İqtisadi Forumunun, Xəzər dənizi Beynəlxalq İşbirliyi və Əməkdaşlıq Təşkilatının, habelə Dünya Azərbaycanlıları Forumunun, YUNESKO Mədəniyyətlərarası Dialoq katibliyinin üzvüdür. Bunları nədən anladıram?
Məhz həmin ilişkilər bizlərin Avrasiyada səmərəli iş apara bilməyimizi təmin edən nədənlərdir. İki qardaş ölkənin iqtisadi əməkdaşlığından danışarkən, Böyük Atatürkün “yurdda sülh, cahanda sülh” devizinə uyğun hər il keçirilən Avrasiya İqtisadi Zirvələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Avrasiya İqisadi Zirvələri barış, zənginlik və paylaşma layihəsi olaraq daha geniş coğrafi müstəvidə əməkdaşlıq imkanları açır. Azərbaycanın da ən fəal şəkildə və yüksək təmsilçilik heyəti ilə iştirak etdiyi həmin zirvələr qloballaşma əsrində insanların dialoq və canlı ünsiyyət haqqını özünə qaytararaq, nəinki, iki qitənin əhatə etdiyi coğrafiyanı, bütövlükdə dünyanı düşündürən məsələləri, subregional və regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə adlamış problemləri müzakirə meydanına çəkib diqqətə yönəltməklə, dialoq predmetinə çevirməklə öz ictimai missiyasını yerinə yetirməyə çalışır.
Avrasiya İqtisadi Zirvələri Türkiyənin Avropa və Asiya siyasi coğrafiyasında ən gerçəkçi və dolğun mahiyyətini sərgiləyən bir imkandır. Bu toplantı Avropa Birliyi yolçuluğuna çıxmış Türkiyənin bir Qərb layihəsidir. Eləcə də həmin sammitin əhəmiyyətini Qafqazlar, Orta Asiya, Qara dəniz hövzəsi və Yaxın Şərq kimi strateji bölgələrdə Avropa Birliyi kriteriyalarını tanıtmaq və yaşatmaq müstəvisində bir araya gələn çalışmaların məcmuyu kimi də dəyərləndirmək mümkündür.
15 ildir Türk dünyasının gözü sayılan qosqoca İstanbulda hərəsi biri–birindən möhtəşəm Zirvələri tərtibləməkdəyik. Növbəti toplantımızı gələn il aprelin 9–11–də keçirməyi düşünürük.
Ötən il Zirvənin çalışmalarına 50 ölkə qatılmışdı. 292 nəfər qonağımızın arasında doqquzu sabiq olmaqla 13 dövlət başçısı, iki baş nazir və parlament sədri, 27 nazir və millət vəkili, alimlər, iş adamı və yüksək vəzifəli məmurlar vardı.
Qədəmlərini gözlədiyimiz ildə bizləri təkqütblü, yoxsa çoxqütblümü dünya gözləyir, düşüncəsi altında iqtisadiyyat, enerji, ekoloji dialoq, gender və modernizasiya, mədəniyyət və təhsil məsələlərini masaya yatıracağıq. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası nümayəndələrini toplantımızda görməkdən və dinləməkdən məmnun olardıq.
Sədr müavini olduğum və mərkəzi qərargahı Rumıniyanın paytaxtı Buxarestdə yerləşən Qara dəniz və Xəzər dənizi Beynəlxalq Təşkilatı Azərbaycan Prezidenti İlham Əliyevlə Rumıniyanın dövlət başçısı Trayan Beseskunun yüksək yardım, dəstək və himayəsində qurulmuş bir sivil toplum quruluşudur.
Sədrliyini Rusiyadan Viktor Kmarinin, Baş katibliyini isə səfir Eldar Həsənovun apardığı Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq Təşkilatı bugünədək istər Qafqazlarda, istər Balkanda və istərsə də Avropa Birliyi ölkələrində saysız uğurlu layihə və çalışmalara imza atmışdır. Həmin təşkilatın yaradılmasında böyük əməyi və xidməti olan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə şəxsən və həmkarlarım adından təşəkkür etməyi bir qədirkeşlik borcu sayıram.
Mərmərə Qrupunun təmsilçisi kimi iştirakçısı olduğum toplantıda mədəni sferanı ehtiva edən daha bir aktual məsələyə diqqəti çəkməyə çalışdım. Balkan, Qafqaz və Orta Asiyada Qərb mədəniyyətinin ənənəvi anlayışları ilə Şərq mədəniyyətinin canlı dəyərlərini uzlaşdırmaq, bu mədəniyyətlərin sintezi kimi meydana gələn ortaq dəyərləri yaşatmaq, sivilizasiyalararası mədəni, iqtisadi və humanitar müstəvidə birliyimizi təmin etmək yolunda fəaliyyətimizi sürdürməklə yanaşı, bu geosiyasi arxitekturanın önəmli aktorlarını tərəfdaşlığa dəvət etməkdəyik.
Rusiyalı siyasətçilərin “Evraziystvo” adlandırdıqları, bizlərin isə “Avrasiya” deyə dəyərləndirdiyimiz hərəkat Avropa çapında az–çox irəliləyişə imza atmış hər bir ölkənin öz simasını qoruya bilməsi üçün milli ənənələrinə sığındığı və mənimsədiyi yad mədəniyyətlərin təsiri altında şəxsiyyətini, özgürlüyünü qorumağı hədəf almış bir düşüncə sistemidir.
Biz Avrasiyaya bir sintez olaraq baxır, Balkanları və Qara dənizi bu sintezin ana ünsürü olaraq dəyərləndiririk. Bu səbəbdən də Avrasiya İqtisadi Zirvələrində bütün dünyanın təmsilinə imkan yaradırıq.
İnanırıq ki, içində türklərin, slavyanların, almanların, yunanların, latınların böyük payının olduğu Avrasiyanın dəyərləri dinlərin birliyi ilə yan–yana gəldiyində yeni coğrafiyalarda yeni mədəniyyətlərin formalaşmasına imkan verəcəkdir. Ancaq bu imkan, formalaşan mədəniyyətin ortaya çıxdığı torpaqlarda sahib olduğu dəyər ölçülərinə qarşı olmayacaqdır. Belə bir harmoniyaya, inkişafa nail olduğumuz gün coğrafiyamızda barış, zənginlik və insanların rifah içində bir–birilərini anlamaları və tamamlamaları təbii zərurət kimi yer alacaqdır.
Yaşamaqda olduğumuz qloballaşma çağında Avrasiya fəlsəfəsinə yaxınlaşarkən çoxmədəniyyətliliyə qarşı çıxmaq, Avrasya ilə əlaqələri kafi hesab edərək ölkələrimizi çoxmədəniyyətlilikdən əlahiddə tutmağa çalışmaq heç vəchlə konstruktiv sayıla bilməz. Əhəmiyyətli olan, milli mənafelərə və milli mədəniyyətlərə zərər vermədən çoxmədəniyyətliliyin içində yer almaqdır.
Çoxmədəniyyətlilik bizi ortaq faydalara istiqamətləndirir. Çoxmədəniyyətlilik olmasa, yadlaşma və təklənmə özünü yalnız iqtisadi müstəvidə deyil, mənəviyyatımızda da göstərəcəkdir. Bu birlik ilk öncə ruhun, mənəviyyatın, sonra isə iqtisadi maraq və sosiomədəni dəyərlərin vəhdətinə çevrilməlidir. Bu birlik bölgədə iqtisadi yüksəlişi stimullaşdıracaq, insanların rifah və güzəranını yaxşılaşdıracaq, maddi varlıqla yanaşı zəka və düşüncənin də zənginliyini təmin edəcəkdir.
Avrasiya bizim prioritetimizdir.
Kimlik və mədəniyyət faktını itirməmiş fərqli mədəniyyətlərin meydana gətirdiyi bu coğrafiyada qurulacaq bir bərabərlik sabahımızın etibarlı təminatına çevriləcəkdir. Digər tərəfdən, Avropalı olmaq yalnız Avropaya aid deyil. Avropa düşüncəsi bir sivilizasiya düşüncəsidir.
Avropanı yalnızca bir qitə olaraq dəyərləndirmək yanlış olardı. Zira belə bir dəyər ölçüsü coğrafiyaçılara aid bir meyardır, bir ölçüdür. Bizə görə, Avropa məntiqi ilə düşünülən və avropalı kimi yaşanılan hər yer Avropadır. Bu səbəbdən Avropa sadəcə coğrafiya, tarix, sosiologiya, sadəcə etnik məkan deyil, eyni zamanda bir duyğu, bir həyat fəlsəfəsidir və təmsil etdiyi dəyərlər ortaya çıxdığında içinə okeanları da sığışdıran bir Avropa xəritəsi çıxar.
Təkrar edirəm, Avrasiya bir tək coğrafiyacılara görə qitədir. Halbuki, təmsil etdiyi dəyərlərin fəth etdiyi sərhədlər cizilərsə, içinə Amerikanı, Afrikanı da alan bir xəritə ortaya çıxar. Avrasiya adını biz, bir dəyərlər sistemi kimi qəbul edirik. İnanırıq ki, Avrasiya həm siyasi–iqtisadi, həm də felən öz birliyinə qovuşduğu gün bütöv bir coğrafiya üçün yeni bir həyatın qapıları açılacaqdır.
Belə bir fəlsəfəyə xidmət edən Avrasiya İqtisadi Zirvələrində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını da aramızda görmək istəyirik.
Beləliklə, biz Mərmərə Vəqfi olaraq Avrasiya İqtisadi Zirvələrinin üfüqlərini beş qitəyə açmaqla öz miqyas və siqlətinə görə yeni bir əməkdaşlıq formatına ev sahibliyi etdik. Əməkdaşlıqdan, mədəniyyətdən söz gedən hər bir yerdə isə həmişə sülh, sabitlik, rifah və inkişaf olacaqdır.
Bu gün dünyanın üzərində düşündüyü və həllinə çalışdığı çeşidli məsələlər vardır. Həyatın ümumi inkişaf ahəngi bu problemlər səbətini yeni–yeni mövzularla zənginləşdirən tələbkeş redaktor kimi çıxış edir.
Hər bir ölkə, cəmiyyətin müxtəlif seqmentlərini təşkil edən dövlət qurumları, ictimai institutlar, hansı coğrafi, siyasi, irqi, dini çətir altında birləşməsindən asılı olmayaraq insanlar, bütövlükdə, bəşəriyyətin taleyindən yana narahatlıq ifadə edən həmin problemlərin həlli üçün maksimum zəhmət və məsuliyyət xərcləyirlər. Məqsəd bir və alidir—insanlara darısqallıq etməyən, güvənli, rifah dolu, silah səslərini xoşbəxtlik qəhqəhələrinin əvəz etdiyi bir dünya qurmaq.
Dr. Akkan Suver,
Mərmərə Qrupu Vəqfinin
prezidenti.
Resrublika.- 2012.- 28 noyabr.- S. 5.