Müasir Azərbaycan və “Çağ” Öyrətim

 

Bu günlərdə Gülüstan sarayında milli təhsilimizin inkişafında müstəsna rol oynayan, ölkəmizdə ilk özəl təhsil müəssisəsi olanÇağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycandakı fəaliyyətinin 20–ci ildönümünü qeyd etdi.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90, ölkə Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10–cu ildönümünə həsr edilmiş təntənəli yubiley mərasimində ilk öncə türk dünyasının iki böyük şəxsiyyəti—ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirildikdən sonra mərasim açıq elan olundu.Türkiyə Respublikasının prezidenti Abdulla Gülün “Çağ” Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyinə ünvanladığı təbrik teleqramı oxunduqdan sonra söz idarə heyətinin sədri Ənvər Özərənə verildi. O dedi: “Tarix baxımından 20 il qısa görünsə də tarixdə bir xalqın tərəqqi və tənəzzülündə həlledici rol oynamış 20 illər çox olmuşdur. Nə zaman ki, xalqın önündə xalqına bağlı, uzaqgörən, təcrübəli, dahi, siyasi şəxsiyyətlər durmuş, ona liderlik etmiş, o zaman xalq güclənmiş, inkişaf etmişdir. Bu baxımdan Azərbaycan üçün son 20 il əsrin beşdə biri deyil, əsrə bərabər bir dövr dəyərindədir. Bu dövr – XX əsrin sonu və XXI əsrin ilk onillikləri Azərbaycan üçün inkişafda sıçrayışlar dövrü olaraq tarixə düşmüş və bu proses bu gün də davam edir. Bu dövr bir də onunla əlamətdardır ki, həm başlanğıcda, həm də sonunda iki dövlətin, iki xalqın —Azərbaycan və Türkiyənin birliyi ilə tarixə düşmüşdür. Əsrin əvvələrində Mustafa Kamal Atatürk gələcəyə ümidlə baxıb “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyə birliyimizin, qardaşlığımızın unudulmamasına işarə edirdisə, XX əsrin sonunda da görkəmli, siyasi, içtimai xadim, ümummilli lider Heydər Əliyev Azərbaycan və Türkiyənin dünəninin və bugününün möhtəşəm tarixi tərifini belə verirdi:”Biz bir millət, iki dövlətik”. Azərbaycanın müstəqilliyini ilk tanıyan də Türkiyə oldu, amma hamı bunun ardınca iqtisadi əməkdaşlığın başlanğıcını gözləyirdi.Ümummilli lider Heydər Əliyev isə Azərbaycanın öz dövlət müstəqilliyini rəsmən elan etməsindən qısa müddət sonra, 1991–ci il dekabrın 1–də Azərbaycan–Türkiyə özəl məktəblərinin açılması barədə müqavilə imzalamış və məktəblər fəaliyyətə başlamışdır. Ümummilli liderin əsəri deyə biləcəyimiz “Çağ” Öyrətim də 20 illik fəaliyyətində etimada sədaqətlə xidmət etmiş və edəcəkdir.Başqa cür də ola bilməz. Çünki şirkət istər fəaliyyətə başladığı ilk dövrdə, istərsə də sonrakı illərdə həmişə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunmuşdur. Bu gün də şirkətimiz ölkə Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, İSESKO və YUNESKO–nun xoşməramlı səfiri, millət vəkili, Mehriban Əliyeva və digər dövlət və hökumət nümayəndələri, ümumilikdə Azərbaycan xalqı tərəfindən təqdir edilir və qayğı göstərilir. “Çağ” Öyrətim ölkədə yeganə beynəlxalq standart sertifikatlı təhsil şirkəti olmaqla Heydər Əliyev irsinə, onun inam və etimadına sədaqətlə xidmət edir.

Fəaliyyətinin ilk günündən bu günədək məqsədi yalnız ümumbəşəri dəyərlərlə zəngin yeni nəsil yetişdirmək olanÇağ” Öyrətim özünün Azərbaycan –Türkiyə ümumtəhsil məktəbləri “Arazali təhsilə hazırlıq kursları və “Qafqazuniversiteti ilə göstərilən etimada sədaqətlə xidmətini nümayiş etdirir. Şagird və tələbələrimiz öz bilik və bacarıqları ilə Azərbaycanı həm bölgədə, həm də dünyada şərəflə təmsil edirlər. Artıq beynəlxalq fənn olimpiadalarında alınan 500–dən çox medallarla, dünyanın ən məşhur universitetlərində aldıqları təhsillə, qazandıqları ixtisasla, elmi dərəcələrlə ən başlıcası milli və ümumbəşəri əxlaqi dəyərlərə sahib olmaları ilə vətənə, xalqa dövlətə və onu təmsil edən prezidentə sədaqətləri ilə fərqlənirlər. Azərbaycanın dövlət müstəqilliyinin yaşıdı olanÇağ” Öyrətim bu gün möhkəm dayaqlar üzərində fəaliyyətini davam etdirir, onun müəssisələrinin madditexniki mayası durmadan güclənir. Bir faktı da demək istəyirəm ki, əgər 20 il əvvəl müəssisələrimizdə çalışan azərbaycanlı müəllim və tərbiyəçilərin sayı 20 faizdən bir qədər artıq idisə, bu gün liseylərimizdə, kurslarımızda, universitetlərimizdə müəllim və akademik səviyyədə kadrların 80 faizindən çoxu azərbaycanlılardır.20 illik fəaliyyətimizdə yaddaqalanvarsa biz bunları sənədləşdirərək kitab halına salmışıq. Bu gün kitabın ilk nüsxəsini bir vəfa və etibar borcu olaraq fəaliyyətimizə dəstək verən, yol göstərən, qayğısını bizdən heç vaxt əsirgəməyən ölkəmizin rəhbəri İlham Əliyevə təqdim etmək istəyirik”.

Çıxışının sonunda Ənvər Özərən Çağ Öyrətim İşlətmələrinin 20 illik fəaliyyətini əks etdirən kitabı ölkə başçısına çatdırmaq üçün Prezident Aparatının ictimaisiyasi şöbəsinin sektor müdiri Qafar Əliyevə, digər nüsxəsini isə bütün təhsil işçilərinin simasında Azərbaycan Respublikasının təhsil nazirini Misir Mərdanova təqdim etdi.

Sonra söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi. O dedi: Bu gün ulu öndər Heydər Əliyevin şəxsən özü tərəfindən qurulmuş bu tarixi salonda Azərbaycan ziyalılığının ən yüksək səviyyəli insanları iştirak edirlər, Bu, “Çağ” Öyrətim Şirkətinin Azərbaycandakı fəaliyyətinə verilən böyük qiymətdir. “Çağ” Öyrətim Şirkətinin uğurlarının çox səbəbləri var. Bunlardan ən əsası ondan ibarətdir ki, şirkətin bütün əməkdaşları elə doğru, dürüst, ədalətli seçilib ki, onların hər biri nümunəvi, halal və Azərbaycanda təhsilin inkişafı üçün canlarından keçməyə hazır olan insanlardır. Bu 20 ildir ki, “Çağ” Öyrətim Şirkəti onun Azərbaycandakı qurucusu olan müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin əmanətinə sədaqətlə xidmət edirlər. Əminəm ki, uzun illər keçəcək, “Çağ” Öyrətim Şirkəti Azərbaycanda Heydər Əliyev ideyalarını hörmətli Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi siyasətin uğurla həyata keçməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. 20 il ərzində “Çağ” Öyrətim Azərbaycan təhsili üçün bir nümunə olubdur. Qazanılan 500–dən çox medallar böyük zəhmət, gecə–gündüz çalışmaq hesabına başa gəlib. Hər bir qızıl medal alan şagirdin başı üzərində üçrəngli bayrağımız dalğalanıbdır. Mən bu şirkəti Azərbaycanın təhsil sistemindən ayırmıram. “Çağ” Öyrətimin liseyləri də, kursları da, universiteti də Azərbaycan təhsil sisteiminin tərkib hissəsidir. Onların hər biri Azərbaycanın təhsil standartları əsasında fəaliyyət göstərir. Təhsil çox çətin bir sahədir “Çağ” Öyrətim Şirkəti bu 20 il ərzində Azərbaycan təhsilinin inkişaf etməsində çox böyük işlər görüb. Mən bu şirkətin qurucularına, onun bütün üzvlərinə təşəkkür edirəm”.

Çıxışının sonunda nazirÇağ” Öyrətim Şirkətində uzun müddət fəaliyyətinə və təhsilin inkişafında xidmətlərinə görə şirkətin bir sıra müəllimini “Qabaqcıl təhsil işçisi” fəxri adı və fəxri fərmanlarla təltif etdi.

Sonra bir vaxtlarÇağ” Öyrətimin liseylərində, kurslarında, universitetində təhsil alan, hazırda dünyanın bir çox ölkəsində çalışan dünənin şagirdləri, tələbələri, bugünün alimləri, adamları olan məzunlar səhnəyə dəvət olundular. Onların hər biri öz çıxışında bugünkü fəaliyyətlərində “Çağ” Öyrətimin önəmli yeri olduğundan danışdılar.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da çıxış etdi:” “Çağ” Öyrətimin 20 illik yubileyi Azərbaycan və Türkiyə elminin, təhsilinin, maarifçiliyinin böyük bayramıdır. Mən bu gün hamını təbrik edirəm və bir faktı qeyd etmək istəyirəm ki, türk dünyasında fundamental elmlər sahəsində hələ də Nobel mükafatı alan yoxdur. Bu bizi çox düşündürür. Mən əminəm ki, “Çağ” Öyrətim kimi qurumların fəaliyyəti nəticəsində Türkiyə–Azərbaycan birliyi müstəvisində biz yaxın zamanlarda buna nail olacağıq. Belə bir tarixi söz var ki, Amerika universitetləri ona görə güclü deyil ki, onlar Amerika kimi super güclü dövlətin universitetləridir. Amerika dövləti ona görə güclü dövlətdir ki, güclü universitetləri, güclü təhsili var. Mən əminəm ki, bizbu yolla gedəcəyik. XXI əsrdə YUNESKO–nun qəbul etdiyi kimi elm, təhsil əsrində Azərbaycan–Türkiyə birliyi öz sözünü deyəcək və “Çağ” Öyrətim şirkəti də öndə gedəcəkdir”.

Tədbirin gedişində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Türkiyənin sabiq təhsil naziri, Türkiyə Cümhuriyyətinin yüksək öyrətim qurumunun sabiq sədri, Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam, Türkiyə Cümhuriyyəti Fatih Universitetinin rektoru Şerif Alı TekalanÇağ” Öyrətim şirkətinin ilk idarə heyətinin sədri, “Qafqazuniversitetinin qurucusu, professor Zafer Ayvaz, şirkətin sabiq idarə heyətinin sədri Adəm Öcal, Dövlət Neft Şirkətinin vitseprezidenti Xaliq Məmmədov, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və digər qonaqlar çıxış edərək Azərbaycan təhsilinin potensial imkanlarını dünyaya nümayiş etdirən “Çağ” Öyrətim İşlətmələrinin 20 illik fəaliyyətindən söz açdılar.

Sonda şirkətin fəaliyyətində onlarla sıx əməkdaşlıq edən nazirlik, idarə, müəssisə, təşkilat rəhbərlərinin nümayəndələrinə, onların fəaliyyətini televiziya və mətbuatda işıqlandırdıqlarına görə mətbuat işçilərini təmsil edən qurumların rəhbərlərinə xatirə plakatları təqdim olundu.

Tədbir şagirdlərin hazırladıqları bədii proqramla başa çatdı.

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2012.- 29 noyabr.- S. 5.