Əldə olunan biliklər vergi
daxilolmalarının artımında əhəmiyyətli rol oynayacaq
Kameral vergi yoxlamalarına və dövlət
satınalmalarına vergi nəzarətinin
yüksək səviyyədə təşkili və bu sahədə səmərəliliyin
artırılması Vergilər Nazirliyi rəhbərliyinin
diqqət mərkəzində olan vacib məsələlərdəndir. Bu günlərdə
nazirliyin Tədris Mərkəzində vergi əməkdaşları üçün
keçirilən ikigünlük treninq də məhz bu məsələyə
həsr olunmuşdu. Həmin tədbir barədə
daha ətraflı məlumat almaq üçün
Vergilər Nazirliyinin İqtisadi
Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət
Qeydiyyatı Baş İdarəsinin rəisi
Natiq Şirinova
müraciət etdik.
– Natiq müəllim, 16–17 noyabr tarixlərində vergi orqanlarının bəyannamələr və xidmət strukturlarının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin məqsədi nə idi?
– Vergilər Nazirliyi tərəfindən dövlət idarəçiliyinin müasir standartlara uyğunlaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, müasir kompyuter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Kameral yoxlamaların həyata keçirilməsi üçün nazirliyin tətbiq etdiyi yeni proqram təminatı bu istiqamətdə işlərin səmərəliliyini artırmağa imkan verir. İnformasiya texnologiyalarından istifadə, o cümlədən vergi orqanlarının fəaliyyəti məmurlarla vətəndaşlar arasında təması minimuma yaxınlaşdırır və bununla da mənfi halların yaranmasının qarşısı alınır.
Bu baxımdan, kameral yoxlamaların keyfiyyət parametrlərinin təkmilləşdirilməsi və spektrinin genişləndirilməsi, bu əsasda elektron auditin tətbiqi vergi orqanları qarşısında dayanan aktual məsələlərdən biridir. “Kameral vergi yoxlamalarına nəzarət və dövlət satınalmalarına vergi nəzarəti” mövzusuna həsr olunmuş treninqin keçirilməsinin əsas məqsədi iqtisadi sahələr üzrə kameral vergi yoxlamaları, eləcə də dövlət satınalmalarına vergi nəzarəti həyata keçirilən zaman yerli vergi orqanları əməkdaşlarının praktikada rast gəldikləri problemlərin nazirliyin mərkəzi aparatının müvafiq strukturlarının əməkdaşları ilə müzakirə edilməsi, təkliflərin verilməsi və bu sahədə görülən işlərin istiqamətləndirilməsindən ibarət olmuşdur.
Qeyd etmək istəyirəm ki, kameral vergi yoxlamalarının səmərəliliyinin artırılması məqsədilə “İqtisadi sahələr üzrə kameral vergi yoxlamaları zamanı əlavə təhlillərin aparılması barədə metodiki tövsiyələr” hazırlanaraq 15 mart 2011–ci il tarixli məktubla yerli vergi orqanlarına göndərilmiş və ötən müddət ərzində sənəd uğurla tətbiq edilməyə başlanmışdır. Dövlət büdcəsinə artıq ödəmələrin yaranma mənbələrinin araşdırılması ilə əlaqədar metodiki tövsiyəyə “Əlavə”lər hazırlanmış, 15 fevral 2012–ci il tarixdə metodiki istifadə üçün yerli vergi orqanlarına göndərilmişdir. Eyni zamanda, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə elektron qaydada müəyyən edilə bilinməyən uyğunsuzluqlar üzrə kameral vergi yoxlamalarının sistemləşdirilməsi məqsədilə uyğunsuzluq məktublarının hazırlanması və kameral hesablamaların avtomatlaşdırılması layihəsi yerli vergi orqanlarının istifadəsinə verilmişdir. Nəticədə elektron uyğunsuzluq proqramı vasitəsilə hazırlanan məktublarda olduğu kimi, AVİS–də avtomatik yaranmayan uyğunsuzluq məktublarına da bəyannamə üzərindən baxılması imkanı yaradılmışdır.
Təbii ki, hər bir layihənin səmərəliliyi nəticə ilə ölçülür. Yığcam bir statistikanı diqqətinizə çatdırmaq istərdim. Cari ilin 10 ayı ərzində 340 mindən artıq (o cümlədən 30,4% elektron uyğunsuzluqdan kənar) kameral yoxlamalarla 203,9 mln. manat vergi məbləği hesablanmış (o cümlədən 58,4% elektron uyğunsuzluqdan kənar) 45,8 mln. manatın (o cümlədən 74,9% elektron uyğunsuzluqdan kənar) dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Göründüyü kimi, kameralların ümumi sayında elektron uyğunsuzluqdan kənar kameralların xüsusi çəkisinin nisbətən az olmasına baxmayaraq, daxiolmanın əhəmiyyətli hissəsini təşkil edir.
Ölkə iqtisadiyyatına yatırılan investisiyalar sabit inkişaf üçün möhkəm özül yaradır. Cari ilin təsdiq olunmuş büdcə xərclərində əsaslı xərclər 7,9 mlrd. manat (o cümlədən 5,8 mlrd. manat dövlət əsaslı vəsait qoyuluşu) olmaqla cəmi büdcə xərclərinin 44,6%–ni təşkil edir. Növbəti ilin proqnoz göstəricilərində isə əsaslı xərclər 9,1 mlrd. manat (o cümlədən 6,9 mlrd. manat dövlət əsaslı vəsait qoyuluşu) gözlənilir ki, bu da cəmi büdcə xərclərinin 45,8%–i deməkdir. Dövlət zəmanəti ilə xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclərin cari ildə 1,5 mlrd. manat, növbəti ildə isə 1,3 mlrd. manat olacağı gözlənilir. Dövlət Neft Fondu tərəfindən birbaşa maliyyələşdirilən layihələri də nəzərə alsaq, ölkəmizin sosial–iqtisadi tərəqqisinə yönəlmiş investisiyaların əhəmiyyəti və vergitutma bazası barədə aydın təsəvvür yaranır. Ümumiyyətlə, 2013–2016–cı illər üzrə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, bütün mənbələr hesabına əsas kapitala cəmi investisiyalar cari ildə 15,2 mlrd. manat, növbəti ildə isə 18 mlrd. manat həcmində gözlənilir.
Dövlət satınalmalarının effektiv surətdə vergiyə cəlb edilməsi, verginin tənzimləyici funksiyasından istifadə etməklə vergi nəzarəti yolu ilə dövlət satınalmalarında sağlam rəqabətin və iştirakçılığın, büdcə ayırmalarından səmərəliliyin və şəffaflığın təmin edilməsi və bununla da vergitutma bazasının genişləndirilməsi məqsədilə “Dövlət satınalmalarına vergi nəzarətinin metodiki tövsiyələri” hazırlanmış və 22 fevral 2012–ci il tarixli məktubla yerli vergi orqanlarına göndərilmişdir. Metodiki tövsiyələrdə satınalma məlumatlarının vaxtında və düzgün tərtib edilərək elektron qaydada vergi orqanlarına təqdim edilməsi, həmin məlumatların və bəyannamə göstəricilərinin çarpaz təhlillərinin aparılması, aşkar olunmuş kənarlaşmaların araşdırılması, əldə edilmiş məlumatlar əsasında kameral və səyyar vergi yoxlamalarının keçirilməsi zamanı istifadə edilməsi, vergitutma sahəsində hüquq pozuntularını doğuran səbəblərin araşdırılması və risklərin təhlil edilərək aradan qaldırılması üçün vergi orqanlarının öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirməsi kimi icrası vacib olan məsələlər qoyulmuşdur.
Hesab edirəm ki, keçirilmiş treninqin nəticəsində əldə edilən biliklər, qarşılıqlı informasiya və təcrübə mübadiləsi büdcə ödəmələrinin artımında əhəmiyyətli rol oynayacaq.
– İki mövzu əhatə edən treninqin keçirilmə forması bir qədər fərqli idi…
– Dövlət satınalmaları barədə toplanmış məlumatlardan kameral vergi yoxlamalarının aparılması zamanı da əlavə informasiya mənbəyi kimi istifadə olunur. Bu səbəbdən, budəfəki treninq çərçivəsində qeyd olunan hər iki mövzunun birgə müzakirəsi heç də təsadüfi deyildi. Treninqin özəlliyi onun iki mərhələdən ibarət olması idi. Tədbirin gündəliyinə uyğun olaraq, birinci mərhələdə qeyd olunan mövzular ətrafında məruzələr dinlənilmiş, slaydlar vasitəsilə təqdimatlar edilmiş, ikinci mərhələdə isə moderatorların rəhbərliyi ilə qruplar təşkil olunaraq iştirakçılar tərəfindən qaldırılan problemlər ətrafında birgə müzakirələr aparılmışdır. Yekunda qrup müzakirələri zamanı meydana çıxan ən vacib problemlər ümumi toplantıda səsləndirilmiş və həlli yolları barədə təkliflər verilmişdir.
Onu da vurğulmaq yerinə düşər ki, təlim–tədris prosesində köhnə, qeyri–səmərəli metodlarla yüksək nəticələrə nail olmaq mümkün deyil. Dövrün tələblərindən asılı olaraq metodlar daim yeniləşir və müasirləşir. Hazırda ənənəvi metodlarla yanaşı, fəal və ya interaktiv metodlar da yaranmışdır. Yeni interaktiv metodlardan istifadə seçilən mövzunun mənimsənilməsi baxımından proses iştirakçılarının hər birinə öz töhfəsini verir. Bu prosesdə bütün iştirakçılar öz aralarında mövzu ilə bağlı söhbət və dialoq qura bilirlər. İnteraktiv metodlar problemlərin həlli yollarının iştirakçılara hazır şəkildə verilməsini deyil, bu bilikləri daha çox onların özlərinin birlikdə axtarıb tapmalarına yardımı nəzərdə tutduğundan proses zamanı məruzəçi və moderatorlar təşkiledici, əlaqələndirici, istiqamətverici və məsləhətverici, dinləyicilər isə təcrübəçi, tədqiqatçı və yaradıcı subyektlər kimi fəaliyyət göstərirlər.
Bu baxımdan, treninqin beynəlxalq təcrübəyə əsaslanan “açıq məkan” (“open space”) formatında keçirilməsi iştirakçılara öz fikirlərini, rastlaşdıqları problemləri müzakirə etməyə və öz təcrübələrini digər əməkdaşlarla bölüşməyə imkan verir. Treninq zamanı iştirakçılar mövzu üzrə tərtib olunmuş problemli hallarla bağlı test nümunələrini həll etmişlər.
– Kameral vergi yoxlamalarına və dövlət satınalmalarına vergi nəzarətinin gücləndirilməsi və səmərəliliyinin artırılması üçün daha hansı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirsiniz?
– Təcrübə göstərir ki, kameral vergi yoxlamalarına və dövlət satınalmalarına vergi nəzarətinin gücləndirilməsi və səmərəliliyinin artırılması üçün belə tədbirlərin ardıcıl olaraq davam etdirilməsi zəruridir. Bu zaman əməkdaşlar arasında təcrübə mübadiləsinin aparılması, qarşılaşdıqları problemlərin birgə müzakirəsi öz–özlüyündə bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasına səbəb olur. Bundan əlavə, təcrübədə qarşıya çıxan müxtəlif vergidənyayınma faktlarını nəzərə alaraq, informasiya–kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, yeni təhlil metodlarının hazırlanması və onların gələcəkdə belə treninqlər vasitəsilə müzakirəsini zəruri hesab edirəm.
Tədbir iştirakçılarının rastlaşdıqları əsas problemlər və onların həlli istiqamətində verilən təkliflərin hər biri toplanaraq müvafiq struktur bölmələri tərəfindən ətraflı təhlil ediləcək. Bu isə gələcək treninqlərin istiqamətlərini düzgün müəyyənetməyə imkan verəcəkdir.
– Gələcəkdə daha hansı mövzularla bağlı belə tədbirlərin keçirilməsi planlaşdırılır?
– Vergitutmanın bütün sahələri üzrə təhlillər aparılaraq treninqin keçirilməsinə ehtiyac olan məsələlər ətrafında müzakirələrin və fikir mübadiləsinin təşkili üçün belə tədbirlərin davamlı keçirilməsini məqsədəmüvafiq hesab edirəm. Gələcəkdə POS–terminalların quraşdırılması, istifadəsi və tətbiqi məsələləri üzrə, əmək qanunvericiliyinin, kommersiya hüquqi şəxslərinin e–qeydiyyatının və elektron ödəniş sisteminin tətbiqi və digər mövzularla bağlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
– Natiq müəllim, ətraflı məlumat üçün təşəkkür edirik.
Qələmə aldı: Ülvi
QARAYEV
Respublika.- 2012.-29 noyabr.- S. 6.