Dil milli varlıqdır

 

Ana dili ana südüdür. Dil mənəvi sərvətimizdir. Yüz illər boyu doğma dilimizi yaşadanlar baba nənələrimiz, ədəbiyyatşünaslarımız, dilçilərimiz olublar. Xalqı, milləti tanıdan əvəzsiz xəzinəmiz, mənəvi incimiz olan dil min illərdən bəri millətə, xalqa xidmət edir. Dilin keşiyində durmaq üçün, ilk növbədə onu sevmək gərəkdir. Ana dilimiz güvənc yerimizdir. Axı bu bizim ana dilimizdir, ruhumuzun tərcümanıdır. Dil uğrunda, onun yaşaması uğrunda çarpışmaq isə əvəzedilməz xoşbəxtlikdir.

Dili göz bəbəyi kimi qorumaq gərəkdir. Dili qorumaq üçün gərək onun incəliklərinə bələd olasan. “Dövlət dili haqqında” qanunda deyilir ki, dilə qarşı açıq ya gizli formada təxribat aparmaq olmaz. Hərdən bəziləri fikirləşirlər ki, dilimizdir də, danışırıq. Bizə misal gətirirlər ki, dünyada daha çox yayılmış dillər var. Ancaq bunu deyənlər ana dilimizin doğmalığını, zənginliyini dərindən dərk etmirlər. Dili sevmək vətənpərvərlik, yurdsevərlik tələb edir. Dilimizin qüdrəti çox böyükdür. Bu, xüsusən şifahi xalq ədəbiyyatında zəngin ifadəsini tapıb. Dil təfəkkürlə bağlı olan məsələdir. Əgər bir xalqın təfəkkürü zəngindirsə, deməli, onun dili də zəngindir. Feillər ümumən türk dillərində çox zəngindir. Dilə qarşı laqeydlik ola bilməz. Uşağa xarici dil öyrətməkdən söhbət düşəndə bəziləri bunu balaları üçün “çörək ağacı” kimi, vəzifə pillələrində ucalmaq xatirinə bilərəkdən etdiklərini düşünürlər. Belələrinə cavabımız o olmalıdır ki, ilk növbədə ana dilimizi övladlarımıza öyrətməliyik, ona daha çox sayğı göstərməliyik, balalarımıza dilimizi can–dildən sevdirməliyik. Bu məqsədlə də radioteleviziya kanalları ana dilimizdə daha çox minillikdən soraq verən verilişlər hazırlamalı, dilimizin hər mənada, hər səviyyədə başqa dillərdən üstünlüyünü göstərməlidirlər.

Bu gün dilimizdəki bəzi sözlərin yerinə ehtiyac olmadan xüsusilə rus, fars və ərəb sözlərinin işlənilməsi adət şəklini alıb. Son vaxtlar yarıazərbaycanca–rusca, eləcə də ingiliscə danışmaq dəb şəklini alıb. “Vaxtilə—ötən əsrin əvvəllərində Azərbaycan ziyalıları dilimizi bu sayaq şikəst edənlərə qarşı mübarizə aparırdılar. Şəhriyar “Türkün dili” adlı məşhur şeirini yazmışdı. Xəlil Rzanın “Mənim dilimşeiri hamının yadındadır. Ancaq təəssüf ki, son dövrlər şairlərimiz bu mövzuya kifayət qədər ardıcıl, ciddi yanaşmırlar, ötəri toxunurlar. Həyata gözümü açandan, dünyanı anlayandan ana dilimi sevmişəm. Ana dilimiz həmişə məni sehrləyib, ovsunlayıb. Ağlım kəsəndən nənəmin, atamın, anamın doğma söhbətlərinə qulaq asmışam, onları böyük bir sevgilə dinləmişəm. Bu söhbətlər çox zaman özüm də bilmədən ruhuma–qanıma keçib. Onların dilindən eşitdiyim şifahi xalq ədəbiyyatı nümunələri indi də yadımdan çıxmır. Uşaqlıqdan çalışmışam ki, savadlı danışam, yazam, nitqimi dilin tələblərinə uyğun şəkildə quram. Elmin pillələrində addımlaya–addımlaya mənəvi yükün məsuliyyətini daha dərindən duymuşam, anlamışam. Bilmişəm ki, çiynimdə çox ağır bir yük var, bunun məsuliyyətini daim uca tutmuşam. Həyatımda doğru yol göstərən insanlar olub. Onları həmişə böyük bir sayğıyla xatırlayıram.

İnsan özünü şərəfli bir millətin nümayəndəsi kimi düşünməli, təəssübkeş olmalıdır.

 

İsmayıl MƏMMƏDLİ,

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2012.- 30 noyabr.- S. 6.