| Heç
kəs unudulmur, heç
nə yaddan çıxmır
Ö mrün
ixtiyar çağını yaşayan, hələ kiçik
yaşlarından həyatın sərt sınağı ilə
qarşılaşan, ağır bir tale ilə üzləşən, ağlı,
zəkası, qətiyyəti, inam və əqidəsi
ilə bütün çətinliklərə
sinə gərən Hidayət Qaboybəylinin səsində, sözündə
bir ötkəmlik var.
Bu da təbiidir, bəy
nəslindən, qandan irəli gəlir. Nəsil
tarixi bir dastana sığmayan, zalım bir
dövrün ağrı–acıları günü bu gün də onun qəlbində
ata həsrətinə, ata
nisgilinə çevrilən, bu dəyanətli
insanın yaddaşı adamı heyrətə gətirir. Sözün əsl mənasında, canlı ensiklopediyadır.
Zamanın gərdişi onun
yaddaşına yazılanları poza bilməyib,
əksinə, səksən ildən yuxarı yaşı olan bir tarix
onun dilindən söz–söz, kəlmə–kəlmə süzülür, bir çox məqamların üzərinə
işıq salır.
Ötən əsrin əvvəllərində Qarabağda böyük hünər sahibi, dövrünün ziyalı, vətənpərvər və misilsiz igidlik göstərmiş cəsur insan, həlak olan günə kimi sovet imperiyasına qarşı mübarizə aparmış Qanboy bəy Quliyevin qısa, lakin mənalı ömrünü səmadakı ildırıma, şimşəyə bənzətmək olar. Zatən bəy nəslindən olan Qanboy ağa Quliyev (bəzi sənədlərdə “Qaramanlı Qanboy” 1898–ci ildə Yevlağın Qaramanlı kəndində doğulub. Tiflisdə gimnaziya təhsili alıb, ərəb, fars və rus dillərini mükəmməl bilib. Qanboy ağa təhsil aldıqdan sonra doğma kəndə qayıdarkən xalqa xidmətin ən münasib yolunu əhalini savadlandırmaqda görüb. Bəy kənddəki ata–baba mülkünün tən yarısını məktəb üçün ayırıb. Qaramanlı və qonşu altı kəndin uşaqlarını təhsilə cəlb edib. Ərəb, fars dillərindən özü dərs deyib, digər fənlər üzrə müəllimləri Şuşadan və Gəncədən dəvət edib və məktəbin bütün xərclərini öz vəsaitindən ödəyib. Sonra baş verən hadisələrin, tarixi dönəmin zərurəti Qanboy ağanı 1918–1920–ci illərdə erməni qırğınlarının qarşısını almaqda və baş verən didərginliyin, aclığın və səfalətin aradan qaldırılmasında misilsiz hünər və cəsarət göstərməyə sövq edib.
Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra Qaramanlı Qanboy ağa dövrün təlatümlərinə və ziddiyyətlərinə baxmayaraq, azadlıq və müstəqqiliyi müdafiə edərək onun uğrunda vuruşub. İndiki kimi onda da ermənilər torpaqlarımızı zəbt etmək üçün fitnə–fəsad törədir, Zəngəzurda, Qarabağda, digər yerlərdə vəhşiliklə qan tökürdülər. Qanboy ağa silaha sarılaraq düşmənə qarşı vuruşmağa başladı. Az müddət ərzində onun ətrafına 500 nəfər süvari dəstə toplandı.
Qarabağda qanlı döyüşlər gedirdi, ermənilər Əsgəran qalasını zəbt edərək Şuşaya və Laçına gedən yolu bağlamışdılar. Böyük türk sərkərdəsi Nuru Paşanın Qarabağa gəlişi ərəfəsində Qanboy ağa altı atlı ilə həmin yolu açmışdır.
Ağdamlı Yusif Axundovun xatirəsindən:
—Qanboy ağanı 1918–ci ildən tanıyıram. 1919–cu ildə mühasirədə olan Əsgəran yolunun açılmasında iştirak etdiyim vaxt onun mərdliyinin, vətənpərvərliyinin canlı şahidi olmuşam. Təsadüfi deyil ki, həmin yolun açılmasında göstərdiyi şücaətə görə Qanboy ağaya Türkiyə generalı Mustafa Kamal Paşa dəstəyi yazılmış onatılan bağışlayıb. Qeyd edək ki, həmin qundağı yazılı onatılan hazırda Hidayət Qanboybəylinin evində ən qiymətli hədiyyə kimi qorunur.
Məlum olduğu kimi, demokratik respublikanın süqutundan sonra bir çoxları Vətəni tərk etməli oldular. Qanboy ağa isə öz doğma kəndində qaldı.
Yevlaxlı Nurullah İsmayılovun xatirələrindən:
—”Mir Cəfər Bağırov Yevlağa gələndə və öz dəstəsi ilə Qaramanlıya gedərək Qanboy ağaya təklif etdi ki, sənin kimi oğullar gec–gec doğulur, bu torpağın sənə ehtiyacı var. Qanboy ağa onunla razılaşmır, bildirir ki, mən yaxşı–yaxşı fikirləşmişəm, sözümü də demişəm. Nə qədər ki canım sağdır, bu torpağa rus ayağı dəyməyəcək. Mən şura adlı hökumət tanımıram.
Çox keçmədən bir dəstə silahlı atlı Qanboy ağanın evini mühasirəyə aldı. Bunu görən Qanboy ağa evdən çıxaraq kəndin yaxınlığındakı taxıl zəmisinə gəldi. Sonradan bildik ki, bunu ona görə edib ki, kəndin içərisində dinc əhaliyə, uşaqlara güllə dəyməsin. Atışma başlandı. Həmin gün Qanboy ağaya bata bilmədilər. Səhərisi digər dəstələri də ora çağırdılar. Mən də həmin dəstədə idim. Bizim gəlişimizlə də heç nəyə nail ola bilmədilər. Qoşun komandiri Biləndərzadə Yevlax stansiyasındakı iki zirehli maşını döyüş yerinə gətizdirdi. Zirehli maşının biri atəş aça–aça Qanboy ağanın olduğu yerə doğru irəliləyirdi. Qoşun hissələri də onun arxasınca hərəkət edirdi. Bu zaman Qanboy ağanın patronu qurtarır. O, onatılanı göyə qaldıraraq tətiyi çəkir, son nəfəsində də düşmənə işarə verir ki, gülləm qurtarmasaydı, mənə bata bilməzdiniz. Onu arxadan vururlar. Qanboy ağa öldürüldükdən sonra baxıb gördük ki, onun bir onatılanı, bir tüfəngi olub. O, bizim hamımıza qarşı bu iki silahla tək vuruşub. Onun igidliyi və kişiliyi komandir Biləndərzadəni də sarsıtmışdı və ağanın meyitini camaata təhvil verərək onu dəfn etməyi tapşırdı.
1932–ci ilin yayında Qanboy ağa 34 yaşında Azərbaycanın müstəqilliyi uğrunda həlak oldu. Bu böyük el qəhrəmanı həmişə deyirmiş ki, mən heç bir vaxt xalqımı başqa millətə satmaram, bu yolda ölərəm, amma geri çəkilmərəm.
Məmməd Əmin Rəsulzadənin Qanboy ağaya məktubu isə Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsində yaranmış mürəkkəb vəziyyətdə qüvvələri saxlamaq barədə göstərişlərindən ibarət olmuşdur. Tarixçi–alim Vidadi İsayevin “Haradan gəlir bu köç” kitabında Qarabağda erməni–daşnak və rus qoşunlarına qarşı mübarizə aparmış igid insanlar haqqında ətraflı bəhs olunur: “Ermənilərin qarşısının alınmasında o zaman öz igidliyi ilə Qarabağ mahalında ad çıxarmış Qaramanlı Qanboy ağanın, Qarxunlu Əşrəf bəyin, Bərdəli Sarıtel Aslanın misilsiz xidmətləri və qəhrəmanlıqları olmuşdur. Yaranmış real təhlükəni vaxtında dərk edən Qanboy ağa öz silahdaşları ilə ətraf kəndlərdən qısa müddətdə minlərlə könüllü yığaraq onları silah, sursat, paltar, ərzaq və digər ən zəruri şeylərlə təmin edirlər”.
Qanboy bəy həlak olanda onun həyat yoldaşı Qönçə xanım iki körpə uşaqla həyatın sərt sınağı qarşısında qaldı. Onları qarşıda nə gözləyirdi, hansı təlatümlər, hansı çətinliklər baş verəcəkdi…
Bu barədə Qanboy bəyin oğlu Hidayət müəllim nəql edir. Hadisələr baş verən zaman o körpə olub. Nə atasını, nə də ki, döyüş səhnələrini xatırlaya bilməzdi. Çox qəribədir ki, ailəsinin və atasının başına gətirilən bütün müsibətlər onun yaddaşında dərin iz buraxıb. Heç bir hədə–qorxu, təqib, ağır həyat şəraiti onun qəlbindən ata məhəbbətini silə bilməyib. Yəqin ki, bu istəyi, məhəbbəti anası övladlarına aşılayıb. Hidayət müəllim danışır:
—Düşmən ailəsinə, övladlarına aman vermirdilər. Qaramanlıda qala biməzdik. Bərdənin Əyricə kəndində yaşayan anamın dayısı Şeyx Süleyman gecə ilə anamı, bacımı və məni palaza büküb arabaya samanın üstünə qoyur ki, onu saxlayıb eləyən olsa, elə bilsinlər ki, cənazə aparır. Həmin kənddə qarğıdan–qamışdan bir daxma hördürdü. Qışda soyuq, yayda isə isti olurdu. Bəy arvadı olsa da, anam kolxozda işləyir, gecə–gündüz çalışırdı. Həyat bizi məşəqqətlərə ürcah etsə də, anamın fədakarlığı sayəsində tələf olmadıq. Ağlım kəsəndən sonra həmişə anamın çiyinlərindən öpürdüm ki, ağrısı azalsın. Deyirdi: Ay oğul, o ağrı–acı canıma elə sinməyib ki, bir də çıxsın.
Qorxu da bir tərəfdən bizi əzirdi. Kəndə hökumət nümayəndəsi gələndə başılovlu qarğı daxmamıza qaçır, bizi yorğan–döşək yükünün altında gizlədir və dönə–dönə tapşırırdı ki, gözə görünməyək.
Müharibə başlananda vəziyyətimiz daha da ağırlaşdı. 1943–cü ildə 15 yaşım vardı. Anamla məsləhətləşdim, qərara aldıq ki, yaşım az olsa da, müharibəyə gedim. Ölərəm–ölərəm, qalsam, “ləkəni” üstümüzdən götürərəm. Hərbi komissarlıqda məni yaxın buraxmadılar və bildirdilər ki, yaşın çatmır. Qərarım qəti olduğu üçün çağırışcı dəstəsinə qoşulub getdim. Hərbi hissədən də qaytarmaq istədilər, yalvar–yaxar etdikdən sonra məni Alay oğlu kimi saxladılar. Mozdokdan başlayaraq ta yaralanana kimi döyüşlərdə iştirak etdim. Müharibədən qayıdanda çoxlu orden–medalım var idi. “2–ci dərəcəli Böyük Vətən Müharibəsi” ordeni, “İgidliyə görə” medalı və digər təltiflərimin üzərinə sonralar əmək cəbhəsində qazandığım orden və medallar da əlavə olundu.
Keçmiş Sovet dövlətinin başcısı Xruşşov hakimiyyətə gələndən sonra məni bir gün DTK–nın rayon şöbəsinə çağırıb dedilər:
—Atanız bəraət alır və ata mülkünüz də özünüzə qaytarılır, sizi çağırdıq ki, lazımi sənədlərə qol çəkəsiniz. Dedim: –Mən kommunistəm, uşaqları məktəbsiz qoya bilmərəm. Həmin bina uzun illər kənd məktəbi kimi fəaliyyət göstərib. Hazırda həmin binada qaçqınlar yaşayır.
Tanıyanlar danışırdı ki, atam səxavət əhli olub. Ermənilərin qanlı qırğınlar törətdiyi illərdə ona məxsus torpaqların məhsulunu xalq əmlakı elan etmişdi. Onun sayəsində Qaramanlı, Nazırlı, Mehdixanlı, Hacalı, Qoyunbinəsi, Əskipara, Cicimli, Kəbili, Xoruzlu kəndlərinin əhalisi aclıq bilmədi.
Hacı Zeynalabdin Tağıyevin Yevlağa səfəri aclıq çəkən Qarabağ əhalisinə kömək məqsədi güdürdü. Hacı qorxurdu ki, göndərəcəyi ərzaq yollarda itib–bata, ehtiyacı olanlara gedib çatmaya bilər. Odur ki, tanınan adamları yığıb bu çətin, təhlükəli işi kimin öz boynuna götürəcəyini öyrənmək istəyirdi. Qanboy bəy ayağa qalxaraq Hacını nigaranlıqdan qurtarmışdı: –O iş mənim boynuma, heç bir qramı da itməz. Yığıncaq iştirakçıları gənc bəyin vədini təsdiq etmişdilər. Tezliklə ərzaq dolu vaqonlar Yevlax stansiyasına gəlmiş, Qanboy ağanın yaratdığı silahlı dəstələrin nəzarəti altında arabalarla qəzanın kəndlərinə çatdırılmışdı.
Bu qorxmaz xalq qəhrəmanı haqqında çoxlu xatirələr mövcuddur. Onun qısa, lakin çox mənalı və dəyərli ömrü gələcək nəsillər üçün əsl örnəkdir. Təsadüfi deyil ki, Nazirlər Kabineti Yevlax şəhərində Qanboy Quliyevə abidə qoyulması haqqında qərar qəbul etmişdir.
El qəhrəmanının
həyat və fəaliyyətinə aid bir muzey də yaratmaq pis olmaz.
Hidayət QULİYEV
Salman ALIOĞLU,
Respublika.- 2012.- 30 noyabr.- S. 7.