| Doğma
dil–milli ruhun daşıyıcısı
Hamımıza gün kimi aydındır ki, insanın çox dil bilməyi vacib şərtdir. İnsan nə qədər dil bilirsə, bir o qədər adamdır. Tutaq ki, bir insan 3 dil bilirsə, elə o 3 adamdır. Bu o deməkdir ki, o, 3 dilin ədəbiyyatını, adət–ənənəsini, psixologiyasını bilir. Beləliklə, bunun özü geniş mənada ziyalılıqdır. Amma dil öyrənməyin özünün metodikası var.
Əvvəla, bağçalarda, ibtidai siniflərdə üç, dörd, beş dili öyrətmək öyrənən üçün fiziki cəhətdən mümkün deyil. Bizim bəzi təhsil müəssisələrində, hətta uşaq bağçalarında, ibtidai siniflərdə, orta məktəblərdə, müxtəlif liseylərdə çalışırlar ki, uşağa bir neçə dil öyrətsinlər — alman, ingilis, rus, ərəb və doğma Azərbaycan dilini. Bu, elmi cəhətdən də, pedaqoji cəhətdən də, yaş baxımından da düzgün deyil. Əvvəla, uşağa fiziki hazırlığı imkan vermir ki, uşaq kiçik yaşlarından beş dili öyrənsin. Açığını deyim ki, uşağın kiçik yaşlarından iki dili öyrənməsi də çox çətindir. Bu prinsiplə biz yanaşsaq, uşaqlara yalnız dil dərsi keçsək, başqa dərslər keçməsək, yenə də uşağa ibtidai siniflərdə iki dil, yuxarısı dörd, beş dil öyrətmək mümkün deyil. Ən azı, ona görə ki, uşağın yaş səviyyəsi buna imkan vermir, ikincisi isə dil öyrətməyin özü ana dilinin təməli üzərində qurulmalıdır. Təcrübə onu göstərir ki, kim ana dilini ibtidai sinifdə öyrənirsə, kim ana dilində ilk təhsilini alırsa və sonra əcnəbi dili ana dilinin bazası üzərində öyrənirsə, o insanların gələcəkdə milliliyi, ziyalılığı, təəssübkeşliyi, vətəndaşlığı daha güclü olur. Bu mənada kiçik yaşlarından uşaqlara əcnəbi dillərin öyrədilməsinin heç bir effekti olmur. Nəticədə manqurtluq, yarımçıqlıq yaranır.
Bəs nə vaxt əcnəbi dilləri öyrətmək daha faydalı olur? Etnopsixoloji tədqiqatlar sübut edib ki, ümumiyyətlə, 13 yaşadək uşaqlara yalnız və yalnız doğma ana dilini öyrətmək lazımdır. Doğma ana dilində təhsil aparılmalı, ana dili vasitəsilə dünya elmləri öyrədilməlidir. 13 yaşa qədər uşaq doğma ana dilini öyrənməlidir, doğma ana dilinin lüğət tərkibini, qrammatik quruluşunu mənimsəməlidir. Nəyə görə 13 yaşına qədər? Çünki etnopsixoloji tədqiqatlar sübut edir ki, 13 yaşına qədər uşağın beyin kürələri, beyin lövhələri daha təmizdir. Həmin yaşadək öyrəndikləri o təmiz lövhədə daha tez həkk olunur, daha əbədi qalır. Yeri gəlmişkən, deyim ki, ümumiyyətlə, uşaqlıq dövründə öyrənilən bilik əbədi bilikdir, daş üzərində həkk olunmuş bilikdir. Uşaqlıq dövründən sonra öyrənilən bilik isə, elə bil ki, su üzərində bir köpükdür, bu tez bir zamanda çəkilib gedə bilər, silinə bilər. Buna görə 13 yaşına qədər uşağın əldə etdiyi bilik, xüsusilə, dillə bağlı bilik əbədi bilik olur. 13 yaşından sonra o uşaq istənilən əcnəbi dili öyrənə bilər. Artıq onun öyrənəcəyi əcnəbi dil öyrəndiyi doğma ana dilinin təməli üzərində qurulacaqdır. Beləliklə, onun beyin kodu 13 yaşına qədər doğma ana dili üzərində qurulduğundan, o, artıq doğma ana dilində fikirləşəcək, doğma ana dilində hadisələr, anlayışlar haqqında təsəvvür yaradacaq, onu öyrəndiyi dil vasitəsilə ifadə edəcəkdir. Amma 13 yaşına qədər əcnəbi dilin yersiz şəkildə uşaqlara öyrədilməsi o uşağın düşüncə tərzində, beyin kodunda sistemsizlik yaradır. Belə ki, uşaq nə doğma ana dilində fikirləşə bilir, cümləni qura bilir, ifadə edə bilir, nə öyrəndiyi əcnəbi dildə. Beləliklə, həm doğma ana dilindən, həm də əcnəbi dildən yarımçıq olur.
Ümumiyyətlə, mən belə başa
düşürəm ki, biz uşaqlarımıza orta məktəblərdə
13 yaşından sonra əcnəbi dil öyrətməliyik.
Özü də bir əcnəbi dili öyrətməliyik. Nəyə
görə? Biz nəzərə almalıyıq ki, Azərbaycan
cəmiyyəti üçün vətəndaş
hazırlayırıq, bu vətəndaş birinci doğma ana
dilini bilməlidir. Ana dili vasitəsilə Azərbaycan ədəbiyyatını,
mədəniyyətini, dilini öyrənməlidir, sonra
dünyaya çıxmaq üçün dünyanın beynəlxalq
ünsiyyət vasitəsi olan dillərindən birini öyrənməlidir.
Bu mənada ingilis, ispan,
alman, fransız, rus və s. dilləri öyrənə bilər.
Çox təəssüflər olsun ki, bizim ailələrin
bir qismində və cəmiyyətimizin bir hissəsində məsələnin
mahiyyətini başa düşmürlər. Ona görə də ailələrin, cəmiyyətin
bir hissəsi dil öyrənməklə poliqlotluq məsələsini
bir–birinə qarışdırırlar. Az
qala ailələrimizin bir qismi övladlarını poliqlot
yetişdirmək istəyirlər. Poliqlot —
çox dil bilən bir insandır. Axı, poliqlot minlərin
içərisindən bir adam ola bilər. Dünya təcrübəsindən deyə bilərəm
ki, Leninin özü poliqlot olub. Dilçilik
sahəsində Bəkir Çobanzadə poliqlot olub — 12 dil
bilib. Dilçinin özü də konkret
bir sahənin mütəxəssisidir. Hər bir
dilçi poliqlot ola bilməz, poliqlotluq —
çox dil bilmək ayrı bir keyfiyyətdir. Nəyi
demək istəyirəm? Çox təəssüflər
olsun ki, bizim cəmiyyətimizdə olan ailələrin bir qismi
övladlarına dil öyrətməkdən daha çox
onları poliqlot kimi yetişdirməyə
çalışırlar. Bəziləri hələ
başa düşmürlər ki, dil öyrənmək nədir,
poliqlotluq nədir? Bunlar ayrı–ayrı məsələlərdir.
Poliqlotluq xüsusi istedad üzərində
qurulur. Poliqlotluq doğma ana dilini bilən
bir şəxsin sonradan əcnəbi dilləri öyrənməsidir.
Poliqlotluq yolu ilə bizim Azərbaycan cəmiyyətində
bir qrup ailələr yarımçıq övladlar tərbiyə
edirlər. Belələrinin vətəndaşlığı
da, dünyagörüşü də yarımçıq
olur, həyata baxışı, milliliyi də yarımçıq
olur və bu, heç bir effekt vermir.
Ümumiyyətlə, 13 yaşına qədər
uşaqlara çox sadə dildə, doğma ana dilində mədəniyyət,
ədəbiyyat, adət–ənənə, müqəddəs
kitablarımız barəsində sadə informasiyalar vermək
lazımdır. Nəyə görə? Çünki uşağın beyin lövhəsi o qədər
təmizdir ki, sonradan öyrənilən biliklərin
hamısı milli düşüncə tərzi üzərində
qurulur. Bax bu milli düşüncə tərzi
üzərində əcnəbi dilləri öyrənən
bizim çox mötəbər ziyalılarımız olubdur.
Klassiklərimizə üz tutaq. Görkəmli insanlar
— Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Soltanməcid
Qənizadə, Cəlil Məmmədquluzadə — bunlar həm
də ona görə böyük korifeylərdir ki, onlar
doğma ana dilində fikirlərini ifadə ediblər, ana
dilində təhsil alıblar. Sonra
dünyaya baxışı dünyanın beynəlxalq dilləri
vasitəsilə həyata keçiriblər. Məsələn, keçmiş Sovetlər
İttifaqında rus dili belə dillərdən olubdur.
Təəssüflə qeyd etmək istəyirəm ki,
Sovetlər İttifaqı dövründə rus dili bir dəb
halına çevrilmişdi. Bizim ailələrimizin
bir qismi övladlarını rus bölmələrinə
qoyurdular, onların övladları doğma ana dilini, Azərbaycan
dilini bilmirdi. Bəzən valideyn
özü, yaxud ailəsində digər ailə üzvləri
rus dilini bilmirdi. Valideyn övladını
dəb arxasınca apararaq rus bölməsinə qoyurdu, beləliklə,
evdə valideynlə övlad arasında böyük bir sədd
çəkilirdi. Valideyn doğma ana dilini
bilir, övladı isə rus dilini öyrənmək istəyir
və beləliklə, ailənin özündə bir ziddiyyət
yaranırdı. Bax bu dəb dünyaya
inteqrasiya olunduğumuz müasir cəmiyyətdə
özünə geniş yer alıb. Açıq
deyək ki, KİV–də, televiziya və qəzetlərdə
oxuyuruq ki, filan lisey ingilis, fransız, alman, ərəb, rus
dilində 1–5–ci sinfə qədər uşaqları öyrədir.
Çox təəssüf edirəm ki,
uşaqlarımızı bu cür yükləməklə
onların fiziki sağlamlığını əlindən
alırıq, dilləri öyrətmək işində onlarda
dilə qarşı ikrah yaradırıq, vətəndaş
kimi böyüməsini əlindən alırıq və nəticədə
yarımçıq bir nəsil yetişdiririk. Ona görə
də ümumiləşdirib bunu demək istəyirəm ki, 13
yaşına qədər yaxşı olar ki, bizim
övladlarımız bağçalarda, ibtidai siniflərdə,
orta məktəblərdə yalnız doğma ana dilində
düşünsünlər, təhsil alsınlar, ədəbiyyatımız,
ədət–ənənələrimiz, müqəddəs
kitablarımız haqqında məlumat əldə edə
bilsinlər. 13 yaşından sonra 2–ci beynəlxalq
əcnəbi dildən birini orta məktəbdə tədris
etmək olar. Əgər uşaq istedadlıdırsa, ali məktəbə gələndən sonra
maraq dairəsi və potensialı varsa, üçüncü
bir dili də öyrənə bilər. Əgər
öyrənə bilmirsə, elə orta məktəbdə
öyrəndiyi dili genişləndirə bilər (ingilis,
fransız, alman və sair). Çox təəssüflər
olsun ki, bax bu məsələ nəzərə
alınmadığı üçün bizdə dil öyrətmək
metodikası düzgün qurulmayıbdır.
Fikrimcə, biz yaxşı vətəndaş, milli
kadrlar, təəssübkeş insanlar, Azərbaycanı sevən
mütəxəssislər hazırlamaq üçün
mütləq doğma ana dilində uşaqlarımızın
təhsil almasına imkan yaratmalıyıq. Doğma ana
dili uşaqlarımızın düşüncəsinə
hakim olduqdan sonra onlar əcnəbi dilləri öyrənə
bilərlər.
Bir
mütəxəssis kimi üzümü valideynlərə
tutub deyirəm ki, övladlarını üç, dörd, beş dil üzərində yükləməsinlər,
onların sağlamlığını, sərbəst
düşüncələrini əllərindən
almasınlar, bu effekt verən bir şey deyildir. Bir
daha valideynlərə deyirəm ki, savad, bilik əldə etmək
cox dil bilməklə ölçülmür.
Elə valideynlər var ki, uşaqlarının lap
kiçik yaşlarından xarici dildə təhsil
almasını istəyirlər. Bəri başdan deyim ki, kiçik
yaşdan xarici dildə təhsil alan
uşaqlar artıq millilikdən uzaqlaşırlar, onlar milli vətəndaş
kimi yetişə bilmirlər, öz ata–babalarına, öz vətəninə,
xalqına sədaqətli ola bilmirlər. Milli təəssübkeşlikdən
tamamilə uzaqlaşırlar. Nəticədə, yalnız
xarici dildə təhsil almaqla, ola bilsin, onların savadı,
biliyi olsun, ancaq o bilik, o savad Azərbaycan xalqına, dövlətinə,
millətinə xidmət edə bilmir.
Ziyalılığın müəyyən şərtləri
var. Biri ondan ibarətdir ki, ziyalı olan şəxs öz
biliyini dövlətinə, xalqına, millətinə və
onun hər bir fərdinə xidmət etməkdə görməlidir. Əgər
bunları edə bilmirsə, o ziyalı deyil. Kiçik
yaşlarından xarici dildə təhsil alan
uşaqlarımız, bununla da doğma ana dilini kölgədə
qoyan bizim gənclərimiz, təbii ki, manqurt olacaqlar.
Qloballaşan dünyada özümüzü təsdiq eləmək
üçün dövlətimizə, millətimizə,
xalqımıza bağlı olan milli, təəssübkeş
ziyalılar hazırlamalıyıq. Ondan sonra milli, təəssübkeş
ziyalılar dünyaya beynəlxalq dillə inteqrasiya
olunmalıdır. Belə olmasa, onda manqurt
hazırlamağa ehtiyac yoxdur.
Əslində dil öyrətməyin özü bir
ideologiyadır. Hər hansı bir əcnəbi dili
öyrətmək o deməkdir ki, o dil vasitəsilə öyrəndiyi
dilin mədəniyyətini, ədəbiyyatını, siyasətini,
dünyagörüşünü başqalarına öyrətmiş
olursan. Beləliklə, biz yerli–yersiz əcnəbi
dilləri uşaqların beyninə yükləməklə
yad, əcnəbi ideologiyaları gətiririk və manqurt bir nəsil
hazırlayırıq. Mənim fikrimcə,
sovetlər dövründə yerli–yersiz rus dili vasitəsilə
kiçik uşaqlarımızı yükləyirdiksə, təəssüflər
olsun ki, indi açıq–demokratik cəmiyyətimizdə, gənc
müstəqil dövlətimizdə uşaqlarımızı
daha çox əcnəbi dillərlə yükləmək istəyirik
ki, bununla da dilləri öyrənməyin vaxtını, məqamını
düzgün müəyyənləşdirə bilmirik.
Mənim fikrim belədir ki, valideynlər,
övladlarımız, uşaqlar, gənclər dünyanın
yaxşı təcrübəsindən istifadə etsinlər,
yaxşı dəb arxasınca gedib ondan faydalansınlar. Pis dəbi
götürmək bizim müstəqilliyimizin inkişafına,
keyfiyyətli, peşəkar kadr hazırlığına ziyan
gətirən məsələlərdir.
Keçmiş sovetlər dövründə də olub,
indi müstəqillik illərində də — bir qisim gənclərimiz
xarici ölkələrdə təhsil alır və onların
sayı ildən–ilə çoxalır. Əlbəttə,
bu, bizim tarixi nailiyyətlərimizdir. Həmin təhsil alan gənclərin əksəriyyəti xaricdə
təhsil almaqla, geniş dünyagörüşə yiyələnməklə,
təhsil aldıqları əcnəbi ölkələrin
dilini öyrənməklə yanaşı, öz doğma dillərini
də yaxşı bilirlər. Səbəb nədir?
Həmin gənclər Azərbaycanda 11 il
doğma ana dilində təhsil alıblar, bayaq dediyim məsələləri
doğma ana dilində öyrəniblər. Onlar
üçün artıq ikinci bir xarici dil öyrənmək
rahat olur. Ona görə ki, həmin gənclərdə
təməl doğma Azərbaycan dili üzərində
qurulduğundan, onların yaddaşı, düşüncəsi
doğma ana dili üzərində inkişaf etdiyindən gələcək
fəaliyyətdə heç bir fəsad yaranmır. 16–17 yaşına qədər yeniyetmənin Azərbaycan
ədəbiyyatı, mədəniyyəti, tarixi, dili, adət–ənənəsi
haqqında təsəvvürü olur. Onların
beyin lövhəsi azərbaycançılıq ideologiyası
üzərində yüklənir, onlara yad, əcnəbi
heç bir şey təsir edə bilmir, çünki
artıq o yeniyetmə bir azərbaycanlı kimi
formalaşmış olur. Sonra nə
öyrənsə də, öyrəndikləri onun milliliyinə
xələl gətirmir. Ona görə də bu gün
Türkiyədə, Amerikada, Yaponiyada təhsil alan
gənclərimiz də təhsillərini başa vurub ölkəmizə
qayıtdıqdan sonra onlar əcnəbi dillə yanaşı,
doğma ana dilinin də imkanlarını gözəl bilirlər.
Onlar xaricdə təhsil almağa elə yaş
dövründə gedirlər ki, azərbaycanlı
olduqlarını dərk edirlər. Ümummilli liderimizin, eləcə də
cənab Prezidentimizin xaricdə təhsil alan
tələbələrə dəfələrlə tövsiyələri
bu olub ki, nəzərə alın ki, siz xaricdə Azərbaycanı
təmsil edəcəksiniz. 16–18 yaşlarında
gənclər yaxşı bilirlər ki, onlar azərbaycanlı
övladı kimi dünyaya çıxırlar. Orada bizim adət–ənənəmizi, ədəbiyyatımızı,
hətta mətbəximizi təbliğ edirlər, ona görə
də onlar təəssübkeşliklə dilimizi qoruyub
saxlayırlar, mühafizə edirlər və sonradan ölkəmizə
qayıdırlar. Məsələni məsələyə
qatmaq olmaz. Yəni 16–17 yaşdan sonra gedib
xarici ölkələrdə təhsil alıb dil öyrənmək
başqa şeydir. Biri var bağçada,
ibtidai sinifdə uşağa əcnəbi dili kor–koranə
öyrətmək, biri də var orta məktəbi
qurtardıqdan sonra xaricdə təhsil almaq. Bizim o tipli xeyli tanınmış
ziyalılarımız var ki, onlar Azərbaycan dilində də
çox gözəl danışırlar, təhsil
aldıqları ölkələrin dillərini də gözəl
bilirlər. Bu cür təhsil
almağı, dil öyrətməyi ancaq alqışlamaq
lazımdır.
Ümumiyyətlə, dil mütərəqqi metodika ilə öyrədilməlidir. Yaxşı metodika isə ənənələr üzərində qurulmalıdır. Yaxşı ənənələr isə ölçülüb–biçilməlidir. Dəb arxasınca getmək olmaz.
Biz müstəqil dövlətimizi həm də ona görə qurmuşuq ki, Azərbaycan dünya dövlətləri içərisində özünü təsdiq etsin. Bu təsdiqin atributları var — dövlətin dili, bayrağı, gerbi, himni. Dövlətin dili ən müqəddəs atributdur. Görkəmli dilçi Vilhelm Humbold deyib ki, “Dil millətin ruhudur — Ruh elə millətin özüdür”. Ona görə də dil millətin ruhudursa, biz o ruhu qoruyub saxlamalıyıq. Ruh da millətin özüdürsə, biz millətimizin dilini sevməliyik və yaşatmalıyıq. Bu da ibtidai siniflərdən başlayır və bütün ömrü boyu insanları müşayiət edir. Beləliklə, bir vətəndaş, ziyalı, dilçi mütəxəssis olaraq mövqeyim budur ki, insanlar dili öyrənməlidir, amma bu dil öyrənməyin metodikası var, yaş həddi var, yaş səviyyəsi var, bunları qarışdırmaq lazım deyil, burada mütəxəssislərin rəyini, dünya təcrübəsini nəzərə almaq lazımdır.
Burada dəb arxasınca düşüb getmək gələcəkdə Azərbaycan cəmiyyətində manqurtlar hazırlaya bilər. Uşaqlar əcnəbi dili o məqsədlə öyrənməlidir ki, o dil vasitəsilə Azərbaycanı bir azərbaycanlı kimi təbliğ edə bilsinlər.
Buludxan
XƏLİLOV,
ADPU–nun filologiya
fakültəsinin dekanı,
filologiya elmləri
doktoru,
professor.
Respublika.- 2012.-30 noyabr.- S. 5.