| Dilimizə həssaslıqla yanaşmalıyıq

 

Uşaqlarımızın erkən xarici dil öyrənməsi məsələsilə bağlı qərar verərkən pedaqogika və tətbiqi dilçilik elmlərinin bugünkü nailiyyətlərindən çıxış etməliyik. Onlar isə birmənalı şəkildə isbat edirlər ki, ikinci dilin, yəni xarici dilin öyrənilməsinə, bir qayda olaraq, 5–ci sinifdən başlamaq lazımdır. Çünki məhz bu yaşda uşaq fizioloji cəhətdən ikinci dil kimi çətin fənnin tədrisinə başlaya bilər. Bu yaşda uşaqda ana dili sistemi psixoloji cəhətdən tamam oturuşmuş olurxarici dili öyrənəndə bu sistem nə qədər müqavimət göstərsə də, uşaq sapmaları yola verə bilir. Bu cür dil öyrənməni bütün uşaq dililə məşğul olan mütəxəssislər, habelə dünyada uşaq dili sahəsində böyük tədqiqatlar aparmış alimlərdən R.Yakobson, K.Uşinski, N.Qvozdev və başqaları öz tədqiqatları ilə sübut etmişlər. Bəzən savadsız və ya dəb dalınca qaçan valideynlər fəxrlə deyirlər ki, onların uşaqları və nəvələri xarici dili yaxşı götürüro dildə əla danışırlar. Ancaq bu zaman onlar fərqinə varmırlar ki, bu qərar uşağın psixikasına və normal sağlam inkişafına nə qədər böyük zərbə vurur. Xüsusilə idarəolunan dilöyrənmədə, yəni maliyyənin dövlət tərəfindən ödənildiyi hallarda uşaq bağçalarında və məktəbəqədər müəssisələrdə proqrama xarici dil fənnini salmaq qəti düzgün deyildir. Ayrı–ayrı valideynlər öz hesabına bu cür dərsləri uşaqlarına rəva görə bilər. Ancaq dövlət səviyyəsində bu qərar düzgün hesab edilə bilməz.

Ana dili mühitində böyüməyən uşaqlar yad təsir altına tez düşürlər, mənəvi aləmləri başqa cür formalaşır. Uşaq yaşlarından doğma dildən, mədəniyyət və ədəbiyyatdan kənar düşənlər vətənpərvər ola bilməz, elinə–obasına layiqli övlad kimi yetişə bilməz. Əksər hallarda onlar milli təəssübkeşlikdən uzaq olurlar. Düzdür, burada istisnalar mümkündür. Mən özüm bu cür laqeyd münasibətin dəfələrlə şahidi olmuşam. Ancaq bu, çox nadir halda olur. Əlbəttə ki, yad dil mühitində böyüyən uşağın mənəvi aləminin və milli düşüncəsinin formalaşmasında valideynlərin, xüsusilə də anaların üzərinə böyük yük düşür. Qloballaşma onsuz da milli mədəniyyətlərin və dillərin sıxışdırılması istiqamətində çox mühüm rol oynayır. Onsuz da bütün sahələrdə olduğu kimi, dil sahəsində də qloballaşma öz işini görür. İnsanlar daha çox təkdilliliyə can atır. Unutmaq olmaz ki, elmi baxımdan koordinativ ikidillilik ola bilməz, yəni insan heç vaxt iki dilin ikisinitam şəkildə mənimsəyə bilməz. Bir qayda olaraq, subordinativ ikidillilik üstünlük təşkil edir. Başqa sözlə desək, insanda bir dil o birinə üstün gəlir. Üstün gələn dil isə normal şəraitdə böyüyən uşağın ana dilidir. İndi təsəvvür edək ki, uşaqlıqdan ikidillilik şəraitində böyüyən uşaq sonralar xarici dil qarşısında necə aciz qalır, öz dilinin ziyanına bütün ünsiyyət məqamlarında xarici dilə üstünlük verir. Odur ki, böyüməkdə olan gənc nəsil manqurtlaşır, öz xalqına və mədəniyyətinə laqeyd böyüyür, hətta bəzən öz dilinin lazımsızlığını təbliğ etməyə başlayır.

Bəzən xarici ölkələrdə oxuyan tələbələr qayıdıb gələndən sonra xeyli müddət düşdükləri yeni şəraitə uyğunlaşa bilmirlər. Burada da maraqlı şeylər müşahidə olunur. Uşaqlıqda ana dilində təhsil almış şəxslər yenidən doğma mühitə alışmaqda elə böyük çətinliklərlə üzləşmirlər. Ancaq başqa dildə təhsil alanlar qayıdıb gələndən sonra uyğunlaşmanı çox çətin keçirirlər.

 

Fəxrəddin VeysƏlli,

Azərbaycan MEA–nın

Nəsimi adına Dilçilik

İnstitutunun direktoru,

filologiya elmləri doktoru,

professor.

 

Respublika.- 2012.- 30 noyabr.- S. 5.