| Ana dilimizi uca tutmalıyıq

 

Uşaqlar ilk növbədə öz ana dilində dil açmalı, ən azı 7–8 yaşına qədər ana dilində danışmalı, öyrənməlidirlər. Heç bir fransız, alman, ingilis övladı öz dilini qoyub başqa dildə təhsil almır. Nəzərə almalıyıq ki, bu dillər dünyanın aparıcı böyük dilləridir, bu dillərin nüfuzu digər dillərə təsir edə bilir.

Azərbaycanlılar tarix boyu ana dilində təhsil almayıblar, ərəbcə, farsca təhsil alıblar. Yaxşı ki, bütün müqavimətlərə, kənar təsirlərə baxmayaraq, dilimizi yaşatmışıq, qoruyub təkmilləşdirmişik.

XIX–XX əsrlərdə yazıb–yaratmış bizim dahi sənətkarlarımız, mütəfəkkirlərimiz M.F.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, F.Köçərli və onlarca qabaqcıl ziyalılarımız ərəb, farsrus dillərində təhsil alıblar, ancaq onlar Azərbaycan dilini dünya səviyyəsinə qaldırıblar. Çünki onlar, ilk öncə, ana dilində dil açıblar, ana dilində şəkər kimi, bal kimi ana laylası eşidiblər. Sonradan öyrəndikləri dillər köməkçi dil kimi əllərindən tutub. Xalq onları niyə bu qədər sevir. Doğma ana dilinə sayğıya görə. Uşaq ilk növbədə gərək ailədə ana dilində dil açsın, ata, anası ilə ana dilində danışsın.

Xarici dili öyrənməyə, oxumağa gəlincə, gərək o dil ana dili zəminində öyrənilsin.

Təbiidir ki, ana dilini bilməyən və ya yaxşı bilməyən insanların böyük əksəriyyətindən vətənpərvərlik gözləmək çətindir. Bir vaxtlar rus dilini bilməsəydin, Azərbaycan dili üzrə mütəxəssis ola bilməzdin. Bu da kütləvi şəkildə “ruslaşmaya gətirib çıxarırdı. Azərbaycan ailəsində ata, ana, nənə, baba, oğul, uşaq–hamı rus dilində danışırdı. Hətta çoxları Azərbaycan Televiziyasına baxmır, ana dilində qəzet belə oxumurdular. Bax ona görə o torpaqlarımız günün günorta çağı erməniyə peşkəş edilirdi. Çünki milli şüur yox idi.

Müstəqillik qazandıqdan sonra Heydər Əliyev xaricdə təhsil alan tələbələrə, gənclərə deyərdi: “Elə edin ki, təhsil aldığınız dillərlə yanaşı, doğma ana dilimizi də unutmayasınız. Bu dil sizin dayaq nöqtənizdir, güc aldığınız, ucaldığınız vətənin dilidir, ananızın, atanızın dilidir”.

İndi müstəqil dövlətimiz var. Dilimiz inkişaf edir, irəli gedir. Dilimizin saflığını qorumalıyıq. Biz inkişaf etdikcə, yad təsirlər də olur.

Sovet dönəmində Heydər Əliyevin məhz ümummilli lider olaraq fəaliyyətinin bir təzahürü də Azərbaycan dilinin siyasi nüfuzunun 70–ci illərdə sürətlə yüksəlməsi idi. Həmin yüksəliş 80–ci illərdə də davam etdi.

Bu gün biz azad, müstəqil bir dövlətdə yaşayırıq. Ana dilimizə qarşı daha diqqətli, həssas olmalıyıq. Balalarımıza, ilk öncə, doğma ana dilimizi öyrətməli, sevdirməliyik. İngilis, fransız, alman dilləri ana dilindən sonra gəlməlidir. Biz ana dilimizi uca tutmalıyıq.

 

 

Nizami CƏFƏROV,

Atatürk Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru,

professor, AMEA–nın müxbir üzvü.

 

Respublika.- 2012.- 30 noyabr.- S. 5.