Döyüşkən
ruhlu şair
Onunla tanışlığımız Azərbaycan Albanyasının qədim mərkəzi olan Bərdə şəhərinin üç min illik tarixini təsdiq edəcək tədbirdə oldu. Elə ilk söhbətimizdən geniş dünyagörüşü, zəngin mənəvi dünyası, intellektual səviyyəsi, obyektiv mövqeyi, haqsızlığa qarşı döyüşkən ruhu, alicənablığı ilə diqqətimi cəlb etdi.
Aradan bir az keçmiş Dünya Azərbaycanlıları Konqresi Ağsaqallar Şurasının tədbirlərində əqidə, məslək dostum Məhərrəm müəllim yazısı dərc olunmuş bir jurnalı mənə təqdim etdi. Nəfis tərtibatı, yazılarının rəngarəngliyi ilə diqqətimi çəkən bu jurnal “Qoşa ulduz” jurnalı idi. Söhbətdən məlum oldu ki, jurnalın təsisçisi və baş redaktoru mənim tanıdığım gözəl ziyalımız Gülzar Namazovadır. Bəli, Bərdədəki ilk tanışlıqdan aldığım təəssüratda yanılmamışdım. “Qoşa ulduz” jurnalının görkəmi və məzmunu fikirlərimin doğru olduğunun əyani təsdiqi idi. Özümdən asılı olmayaraq ürəyimdən bir fikir keçdi: atasının çörəyi, anasının südü, vətənin etimadı o insanlara halal olsun ki, onların dilləri, əməlləri və ictimai mövqeləri eyniyyət təşkil etməklə biri digərini tamamlayır, üst–üstə düşür. Bəli, Məhərrəm müəllimin belə təqdimatından sonra Gülzar xanım ilə əlaqə saxlayıb daha yaxından tanış oldum, onun jurnalının daimi oxucusuna və müəlliflərindən birinə çevrildim.
Gülzar xanım maraqlı müsahibdir, işıqlı ziyalı, böyük vətəndaşdır. Azərbaycana ürəkdən bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin ideyalarına, gələcəyimizlə bağlı arzularına sadiqdir. Bu ideyaların yorulmaz təbliğatçısıdır. Onun hər bir yazısında, hər bir çıxışında Vətənin taleyi var. Bütün bu cizgiləri onda gördüyüm üçün Gülzar xanıma qarşı məndə dərin hüsn–rəğbət, hörmət formalaşıb. Sən demə, Gülzar xanım təkcə jurnalist deyilmiş, o, həmçinin şair təbli bir insan imiş. 2012–ci ildə çap olunmuş “Döyüşəcəm sona qədər” kitabını vərəqləyirəm. Burda Gülzar xanımın döyüşkən şeirləri ilə yanaşı görkəmli yazıçıların ona bağışladığı kitablara yazılmış avtoqraflar da yer alıb.
“Şair ürəkli, alim zəkalı Türk gözəli Gülzar xanıma—balama ata yadigarı”.
Xalq şairi X.R.Ulutürk.
“Əziz və möhtərəm Gülzar xanım Namazovaya —şair ürəkli gözələ xatirə üçün müəllifdən”.
Xalq şairi N.Xəzri.
“Qələminə, ürəyinə və insanlığına hörmət bəslədiyim Gülzar xanım ancaq xoşbəxtliyə layiqdir”.
Yazıçı Əlibala Hacızadə.
“Qoşa ulduz” jurnalının redaktoru Gülzar xanım mənə öz şeirlərini oxudu. Dinləyib, axırda dedim: “Bu gün mən bir şairə kəşf etdim. Süleymana qalmayan dünya, mənə də qalmayacaq. Çap elə ki, zəmanəmizin ziddiyyətlərindən və müqəddəs məhəbbətdən bəhs edən şeirlərin haqqında təəssüratlar yadigar qalsın”.
Xalq yazıçısı İsa Muğanna.
“Gülzar xanım sözün keşiyində dayanan həm əsgərdir, həm də komandir! O, ömrünü söz səngərində keçirir”.
Publisist Məhəmməd Nərimanoğlu.
“Gülzar xanım millətimizin, yurdumuzun ağır müharibə günlərində bir–birini dəstəkləməsini, bir–birinə yardımçı olmasını, yaxından kömək etməsini xüsusilə qələmə almaqla millətimizin xalqsevər, vətənsevər olduğunu göstərir”.
Tədqiqatçı, şairə–publisist
Şövkət İmami.
Çoxlarının sevimlisi olan, həmkarlarından da belə qiymət alan Gülzar xanım şərəfli bir ömür yaşamışdır. Belə şərəfli ömürün 30 ilindən çoxunu o, yaradıcılığa həsr edib. Bu illərdə Gülzar xanımın saysız–hesabsız publisistik yazıları ilə bərabər “Elə bir məhəbbət istəyirəm ki…”, “Solmaz günəşin ulduzları”, “Döyüşəcəm sona qədər” kitabları çapdan çıxıb. Bu kitablarda toplanmış yazılarda Gülzar xanımın hiss və həyəcanları ürək çırpıntıları yaşayır. Bu fikirli, dərdli əsrin dərdini yazan Gülzar Şəmkirlinin ən böyük dərdi böyük hərflərlə yazılacaq Vətəndir. Deməli, onun ürəyinə və qəlbinə mübarizə aparmaq, döyüşmək ruhu hakimdir. Belə bir ruh, az–az adamlarda var. Mən bunun canlı şahidiyəm.
Gülzar xanımın “20 Yanvar–istiqlala gedən yol”, “Dahilər dahisi, ay Heydər baba!”, “Azərbaycan ordusu”, “Mərd oğullara qurban”, “Sülhə gəlin, ey insanlar!”, “Əsmət ana, alqış sənə!”, “Solmaz ana, görüşünə gəlmişəm…”, “Şəhidlik zirvəsi”, “Başını uca tut, ay Şuşa qızı!”, “Yetəcəkdir bu savaşın bir zaman son nidası!”, “Belə igid görməmişəm ömrümdə!”, “Tarixdə qalacaqsan”, “İsmayılın Tunc dastanı”, “Səni gözümüz tək qoruyacağıq”, “Bahar sonama” şeirlərinə döyüşkən bir ruh hakimdir. “Haydı türk dünyası, birləşək artıq” şeiri isə sanki bir himn, çağırışdır!
Yetər haqsızlığa bu qədər dözmək,
Yetər dözə–dözə səbir diləmək!
Nədən haqqımızı tələb etməyək,
Haydı, Türk dünyası, birləşək artıq!
Gülzar xanım xalqı uğrunda həmişə döyüş mövqeyindədir. Bu mübarizə yolunun çətin anlarında biz ona uğurlar diləyirik. Özü necə də gözəl demiş:
Dözməyərək haqsızlığa, ədavətə,
Səsləsək də düşmənləri ədalətə,
Dünya
susur, mat qalmışam
bu heyrətə,
Susmayacam,
döyüşəcəm sona qədər!
Qovuşacam sonda haqqa–ədalətə!
Əlihüseynli Sabir TAĞIYEV,
AMEA–nın
Memarlıq və İncəsənət İnstitutunun
böyük elmi işçisi.
Respublika.- 2012.- 30 noyabr.- S. 6.