| Maarif xadiminin yubleyi

 

İsmayıllı maarif, təhsil ənənələri olan bir bölgədir. Ali məktbələrə qəbul zamanı orta məktəb məzunlarının bir qayda olaraq yüksək nəticələr qazanması bu həqiqəti bir daha sübut edir. Rayonda maarifin, təhsilin əsasını qoyanlardan biri kimi tanınan İsrayıl Aslan oğlu Həsənovu hamı hörmətlə xatırlayır.

İsrayıl Həsənov 1912–ci ildə Buynuz kəndində doğulmuşdu. O zamankı natamam orta məktəbi bitirmiş. Göyçay pedaqoji texnikumunda təhsil almışdı. 1931–ci ildən başlayaraq Göyçayın İsmayıllının müxtəlif kəndlərində müəllim işləmişdi. 40–cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika–riyaziyyat fakültəsini bitirən İsrayıl Həsənov uzun müddət məktəb direktoru işləmişdir. Pedaqoji fəaliyyətindəki uğurları görən rayon rəhbərliyi həmin illərdə İsrayıl müəllimi rayon xalq maarif şöbəsinin müdiri vəzifəsinə irəli çəkmişdir. 1947–ci ildən İsmayıllı qəsəbə orta məktəbində direktor vəzifəsində çalışan qabaqcıl pedaqoq 20 ilə yaxın bir müddətdə kollektivə rəhbərlik etmişdir.

Rəhbərlik xalq maarifi sahəsindəki vəziyyəti yaxşılaşdırmaq və irəliləyişə nail olmaq məqsədilə İsrayıl Həsənovu maarif şöbəsinin müdiri vəzifəsinə gətirmişdir. İşlədiyi 11 il müddətində o özünü əsl təhsil təşkilatçısı, tərbiyə işinin ustası, nəzəri bilikləri təcrübə ilə uzlaşdıran bacarıqlı pedaqoq kimi tanıtmışdır. Azərbaycan Respublikasının xalq maarifi naziri olmuş akademik Mehdi Mehdizadənin elmi rəhbərliyi ilə İsrayıl Həsənov dissertasiya müdafiə etmişpedaqoji elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun elmi fəaliyyəti əsasən əmək tərbiyəsi əsasında şagirdlərin kompleks tərbiyə edilməsindən ibarət olmuşdur. Görkəmli pedaqoq bu məqsədə çatmaq üçün çoxlu təcrübə aparmış, yorulmadan işləmiş, əldə etdiyi nəticələr bir neçə monoqrafiyametodiki vəsaitdə öz əksini tapmışdır. İsrayıl müəllimin elmi məqalələri respublika mətbuatı ilə yanaşı, ümumittifaqSemya i şkola”, “Sovetskaya pedaqogika”, “Sodovodstvo”, “Matematika v şkole” və digər jurnallarda çap olunmuşdur. Bacarıqlı müəllim, ustad tərbiyəçi, qazandığı uğurlara görə çoxsaylı ordenmedallara layiq görulmuşdur. İsrayıl Həsənovun ailəsi də bir pedaqoji tərbiyə məktəbi idi. Həyat yoldaşı Surə Həsənova 30 il ibtidai siniflərdə dərs demiş, 3 qızı atasının yolu ilə gedərək müəllimlik ixtisasına yiyələnmişdir. Oğluiki qızı həkimliyi seçmişdir. Rəhim Həsənov tibb elmləri namizədi, ATU–nun dosenti, tanınmış onkoloqdur.

İsmayıllı Rayon İcra Hakimiyyəti tanınmış maarif işçisi İsrayıl Həsənovun xatirəsini həmişə hörmətlə yad edir. Bu günlərdə qabaqcıl maarif xadiminin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir də bunun bariz nümunəsidir.

Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, millət vəkili Novruzəli Aslanov, Aqrar Universitetin rektoru Mirdamət Sadıqov, İsrayıl Həsənov adına şəhər 1 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Şəfaqət Rəsulov, Buynuz kənd məktəbinin yetirməsi, hüquq elmləri namizədi Simran Həsənov, yubilyarın şagirdi olmuş yazıçı–publisist İntiqam Mehdizadə, təhsil veteranı Yavər Hüseynov, vaxtilə rayon xalq maarif şöbəsinin müdiri işləmiş Valeh Salehov, təhsil veteranı Fərman Bəşirov və başqaları çıxış etmişlər.

İsrayıl Həsənovun oğlu Rəhim Həsənov ailələri adından çıxış edərək atası haqqında xoş söz deyənlərə, yubiley gecəsini təşkil edənlərə, görüş iştirakçılarına təşəkkürünü bildirmişdir.

İsrayıl müəllimin nəvələri, babalarının timsalında bir daha əmin olmuşlar ki, həyatda iz qoyan heç kim unudulmur, heç kəs yaddan çıxmır.

 

Valeh SALEHOV,

İsmayıllı rayonu.

 

Respublika.- 2012.- 30 noyabr.- S. 7.