Neft
Daşları yeni gənclik dövrünü yaşayır
Bu gün hər bir Azərbaycan vətəndaşı
ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimizin
möhkəmləndirilməsində,
iqtisadiyyatımızın dirçəlişi və yüksəlişi,
ölkəmizin daxili və xarici düşmənlərdən
qorunub saxlanması naminə məntiqi ardıcıllıqla
apardığı düşünülmüş və
uzaqgörən siyasətinin, memarı və ilhamvericisi
olduğu yeni neft strategiyasının bugünkü müsbət
nəticələrinin canlı şahidi olmaq xoşbəxtliyinə
nail olub. Azərbaycanın ən yeni tarixinin dönüş
nöqtəsi olan bir hadisənin – “Əsrin müqaviləsi”nin
imzalanmasının hər ildönümü çox haqlı
olaraq xalqımızın taleyində əlamətdar hadisə
kimi böyük təntənə ilə qeyd olunur. Dövlət
müstəqilliyimizin qazanılmasında və möhkəmləndirilməsində
misilsiz xidmətləri olan neftçilərimiz də təbii
ki, əsl bayram əhval–ruhiyyəsindədir. Ümummilli
liderimiz Heydər Əliyevin 16 avqust 2001–ci il tarixli fərmanı
ilə 20 sentyabr Neftçilər Günü elan olunmuşdur.
Bu gün təkcə neftimizin deyil, dövlətimizin,
xalqımızın, eləcə də dünyanın tarixində
mühüm hadisə – “Əsrin müqaviləsi”nin
imzalanması günüdür. Bu gün – dünyada neft
ölkəsi kimi tanınan Azərbaycanın “Qara qızıl
səltənəti” kimi təsdiqi bayramıdır. Azərbaycan
nefti dünyaya axdıqca dövlətimizin və
xalqımızın da beynəlxalq nüfuzu artmağa
başladı. Yeni Neft Strategiyası ulu öndər Heydər Əliyevin
tariximizə möhür vurduğu ən böyük xidmətlərindən
biridir. 18 il öncə imzalanmış neft kontraktı 21–ci
ildönümünü qeyd etdiyimiz Dövlət müstəqilliyimizin
qarantlarından birinə çevrilmişdir, ölkəmizin
qüdrətlənməsi yolunda yaşıl işıq
yandırmışdır.
Ulu öndərin Azərbaycan qarşısında xidmətlərini
neft sənayemizin, elə Neft Daşlarının timsalında
aydın görmək olar. O, respublikaya rəhbərliyə gəldiyi
ilk gündən iqtisadiyyatımızın aparıcı sahəsi
olan neft sənayesinin, dəniz neftinin beşiyi olan əfsanəvi
Neft Daşlarının inkişafına xüsusi diqqət
yetirmişdir. Ulu öndər dəfələrlə Neft
Daşlarını ziyarət etmiş, qəhrəman
neftçilərimizlə görüşmüş,
onların iş, yaşayış şəraiti ilə
maraqlanmış, problemləri ilə tanış olmuş və
onların həlli istiqamətində operativ tədbirlər
görmüşdür. Məhz Heydər Əliyevin rəhbərlik
etdiyi hələ ilk dövrdə Neft Daşlarının
inkişafında yeni mərhələ
başlamışdır. Xəzərin daha dərin
qatlarına, o cümlədən “Günəşli”, “Azəri”yə
doğru ilk addımlar atılmışdır. Neft sənayesinin
güclü infrastrukturu yaradıldı. Ən müasir tələblərə
cavab verən yeni– yeni tikinti, emal, istehsal sahələri
yaradıldı, neft sənayesinin maddi–texniki bazası xeyli
gücləndirildi. Bu addımlar Neft Daşlarının da
inkişafına təkan verdi. Neft Daşlarında istehsal
kompleksinin inkişafı ilə yanaşı, neftçilərə
etibarlı infrastruktur yaradılmış, ictimai–iaşə,
ticarət, sosial xidmətin səviyyəsi xeyli yüksəlmiş,
mədəni–kütləvi tədbirlərin sayı, məzmunu
və miqyası əhəmiyyətli dərəcədə
artmışdır. Heydər Əliyev Neft
Daşlarının 25 illik yubileyində çoxsaylı
nümayəndə heyəti ilə birgə iştirak
etmiş, “Möcüzələr adası”nın daha dinamik
inkişafı ilə bağlı bir sıra səmərəli
təkliflər irəli sürmüş və onların həyata
keçirilməsinə nail olmuşdur. Neft Daşlarında 5
və 9 mərtəbəli yataqxana binalarının,
Bakının 8–ci kilometr, Suraxanı, Zığ, Lökbatan,
Sahil və digər qəsəbələrində
yaşayış binalarının tikilməsi, qara
qızıl ustalarının mənzil probleminin əsaslı
şəkildə həlli də ulu öndərin neftçilərə
qayğısının ifadəsidir. Prezident Heydər Əliyev
1997–ci ildə iki il öncədən Neft Daşlarının
50 illik yubileyi ilə bağlı sərəncam
imzalamış, “Neft Daşları – XX əsrdən XXI əsrə
atılmış bir körpüdür” indi dillər əzbəri
olmuş müdrik fikrini tarixə həkk etmişdir. 50 illik
yubiley tədbirləri mötəbər qonaqların
iştirakıyla çox yüksək səviyyədə
keçirilmişdir.
Ümummilli liderin düşünülmüş və
qətiyyətli siyasəti Azərbaycana çox böyük
uğurlar gətirib. Onun siyasi kursu bu gün onun layiqli siyasi
varisi, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən qloballaşan müasir
dünyanın tələblərinə uyğun olaraq yeni
keyfiyyət və məzmunda davam etdirilir. Onun rəhbərlik
etdiyi dövrdə Azərbaycan sözün əsl mənasında
hərtərəfli və dinamik inkişaf mərhələsinə
qədəm qoyub. İqtisadi artım sürətinə
görə ölkəmiz liderlik mövqeyinə
çıxıb. Qərbə, Avratlantik strukturlara, beynəlxalq
qurumlara inteqrasiya prosesi daha da sürətlənib. Azərbaycanımızın
beynəlxalq nüfuzunun və siyasi çəkisinin durmadan
artması göz önündədir. Müasir Azərbaycanın
davamlı, uğurlu inkişafı artıq reallıqdır.
Azərbaycanın qüdrətli dövlətə çevriləcəyi
artıq heç kəsdə şübhə doğurmur. Biz
Neft Daşları əməkçiləri bunu öz gözlərimizlə
görür, gündəlik həyatımızda bu yüksəlişi
hiss edirik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev
22 noyabr 2004–cü ildə Neft Daşlarının 55, sonradan –
5 noyabr 2009–cu ildə isə 60 illik yubileylərində
iştirak etmiş, ümummilli liderin abidəsinin, bir sıra
istehsal, sosial, mədəni təyinatlı obyektlərin
açılışında iştirak etmiş, neftçilərimizlə
çox isti və səmimi görüşlər
keçirmiş, yubileyə həsr olunmuş təntənəli
yığıncaqlarda böyük nitqlə
çıxış etmiş, Neft Daşlarının
perspektiv inkişafı ilə bağlı proqram xarakterli
fikirlər söyləmişdir. Prezidentimizin bu fikri Neft
Daşlarının rolunu, əhəmiyyətini və
perspektivlərini daha aydın göstərir: “Əminəm ki,
Neft Daşları hələ uzun illər Azərbaycana
çox ləyaqətlə xidmət edəcəkdir…
Hamımız yaxşı bilirik ki, Neft Daşları olmadan Azərbaycanda
heç bir böyük neft və yaxud qaz layihəsi
mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə
istismara veriləcək yeni layihələr hamısı Neft
Daşlarında birləşir. Ona görə də Neft
Daşlarının əhəmiyyəti heç vaxt
aşağı düşməməlidir, biz hamımız
bunu bilməliyik”.
Biz dəniz neftçiləri ölkə rəhbərliyinin
dəstəyindən, qayğıkeş münasibətindən,
bütün ehtiyac və problemlərimizə həssaslıqla
yanaşan ARDNŞ rəhbərliyinə dərin minnətdarlığımızı
bildiririk və əmin edirik ki, ölkəmizin, dövlətimizin
və xalqımızın taleyi üçün çox vacib
və əvəzsiz olan neft və qazın hasilatı sahəsində
möhtərəm Prezidentimizin, müstəqil dövlətimizin
etimadını doğrultmaq üçün maksimum enerji və
təşəbbüskarlıqla işləyəcəyik! Neft
Daşları əməkçiləri həmişə
tariximizə qəhrəmanlıq səhifələri
yazıblar, bu gün də bu ənənələri
yaşatmaq və artırmaq əzmindədirlər. Əziz
peşə bayramlarını— Neftçilər
Gününü alnıaçıq, üzüağ
qarşılayırlar. Bayram bir növ hesabatdır, bu əziz
gündə gördüyümüz işlərə nəzər
salmaq yaxşı olardı.
“Neft Daşları” NQÇİ–nin əməksevər
kollektivi ənənəvi olaraq 2012–ci ilin 8 ayı ərzində
də neft, qaz hasilatı və təhvili üzrə
qarşıya qoyulmuş tapşırıqları uğurla
yerinə yetirmişdir. Neft hasilatı üzrə 616 150 ton
plana qarşı 619 731 ton neft hasil edilərək
tapşırığı 100,6 faiz yerinə yetirmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə
artım tempi +1,6 faiz və yaxud 8495 ton təşkil
etmişdir. Neft təhvili tapşırığına 100,8
faiz əməl olunaraq 5155 ton artıq neft dövlətə təhvil
verilmişdir. Keçən ilin müvafiq dövrü ilə
müqayisədə neft təhvili 10 305 ton çox, artım
tempi isə +2 faiz təşkil etmişdir. Qaz hasilatı
üzrə plan tam yerinə yetirilmiş, 44 360 min kubmetr qaz
hasil edilmişdir. 2012–ci il 1 sentyabr tarixinə 504 istismar quyu
fondu olmuş, ondan da 93,8 faizi, yəni 473–ü fəaliyyətdə
olan quyu fondunu təşkil etmişdir. Bu quyu fondunun 411 qazlift
üsulu ilə, 58–i fontan və 4–i isə dərinlik nasosu
üsulu ilə istismar olunur. Qazımadan 6 quyu istismara daxil olmuş və onlardan 10 284
ton neft hasil edilmişdir. Fəaliyyətsiz
fonddan 8 quyu əvəzinə 9 quyu bərpa edilib istismara daxil
edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə
nisbətən 1 quyu çox olmuş, bu quyulardan hasilat isə
3365 tona qarşı 5471 ton (+2106 t) olmuşdur.
Köhnə quyularda neft hasilatının səviyyəsini
sabit saxlamaq məqsədilə 164 əvəzinə 246 texniki
tədbirin həyata keçirilməsi nəticəsində
9322 ton neft hasil olunmuşdur ki, bu da keçən illə
müqayisədə sayca 37 tədbir az olsa da, hasilat 248 ton
çoxdur. Bu dövr ərzində 63 geoloji tədbir
həyata keçirilməsi hesabına 29 907 ton neft hasil
olunmuşdur. Keçən illə müqayisədə
10 tədbir az olmasına baxmayaraq hasilat
6936 ton çox olmuşdur. İstismar
quyularında hasilatı sabit saxlamaq üçün əsaslı
və cari təmirin aparılmasına ciddi diqqət yetirilir.
Cari ilin 7 ayı ərzində 127 əvəzinə 133 əsaslı,
364 əvəzinə 369 yeraltı təmir işi
aparılmışdır ki, bunun da sayəsində 44 346 ton əlavə
neft hasil edilmişdir ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1263 ton çox
olmuşdur.
Neft Daşlarında istismar olunan hər iki yataq – “Neft
Daşları” və “Palçıq pilpiləsi” istismar
dövrünün son mərhələsində olduğu üçün
lay təzyiqinin saxlanması və neft verimini artırmaq məqsədilə
mütərəqqi üsullardan istifadə olunur. Lay təzyiqini
sabit saxlamaq üçün 12 quyu vasitəsilə 187 735
kubmetr həcmində su vurulmuş və bunun hesabına 11 686
ton, 3–cü təsir üsulları hesabına isə 490 ton
neft hasil olunmuşdur. Bu ilin müvafiq dövrü ərzində
neftqazçıxarma ilə əlaqədar 8 adda yeni texnika və
texnologiyanın tətbiqi üzrə 62 texniki–texnoloji tədbir
həyata keçirilmiş və əlavə olaraq 4183 ton neft
hasil edilmişdir. Elmi–tədqiqat institutları və
“Nanotexnologiyalar Elm–İstehsalat Mərkəzi”nin
nümayəndələri ilə birgə bir sıra sınaq
və tətbiqi işləri müzakirə olunaraq
planlaşdırılmışdır və həyata
keçirilməyə başlanmışdır.
Sosial problemlərin həllində də
nailiyyətlər əldə olunmuşdur. Neftçilərin əmək,
yaşayış və istirahət şəraitinin
yaxşılaşdırılması istiqamətində
böyük işlər görülmüşdür. Bu
gün Neft Daşları əməkçiləri müasir
standartlara cavab verən iş və yaşayış şəraitinə
malikdir. 2 ay öncə 9 mərtəbəli
yataqxana binası əsaslı təmir olunaraq neftçilərin
ixtiyarına verilmişdir. Kişilər
üçün nəzərdə tutulmuş bu korpusda
bütün otaqlar müasir inventar və avadanlıqlarla təchiz
edilmişdir. Açılış mərasimində
ARDNŞ–in prezidenti R.Abdullayev və digər rəhbər
şəxslər iştirak etmişlər. Fürsətdən istifadə edərək
qazandığımız bütün uğurlarımızda
bizə dəstək və yardımçı olmuş
ARDNŞ rəhbərliyinə, şəxsən R.Abdullayevə,
“Azneft” İB–nin rəhbərliyinə neftçilərimizin səmimi
minnətdarlığını bildirmək istəyirəm.
Cari ildə sosialyönümlü tədbirlər
davam etdirilmişdir. İAKTS–nin yerləşdiyi
ərazinin qəzalı vəziyyətində olduğu
üçün başqa meydançada sex üçün
yeni inzibati binanın və köməkçi sexlərin, yeni
istilik–elektrik stansiyasının tikintisi ilə əlaqədar
İES üçün yeni inzibati binanın tikintisinə
başlanmışdır. Özüllərdə
neftçilərin əməyi, istirahəti üçün əlverişli
şərait yaradılmışdır. Yataqxana
korpuslarında, çay evində, qəsəbə ərazisində,
vertolyot meydançasında, sex və briqadalarda,
ayrı–ayrı özüllərdə cari təmir işləri
aparılmışdır. Gözəlliyinə
görə Bakıdakı parklardan heç də fərqlənməyən
parkımızda Neft Daşları yatağını kəşf
etmiş əfsanəvi geoloq Ağaqurban Əliyevin barelyefi
qoyulmuşdur. Neftçilər 20 Yanvar, Xocalı
soyqırımı mərasimlərində ehsan verməklə
şəhidlərimiz yad edilir. Novruz Bayramı, Qurtuluş
Bayramı, Qadınlar Günü, Neftçilər
Günü böyük coşqu ilə qeyd olunur.
İdman yarışlarında neftçilərimizin
uğurları ildən–ilə artır. “Neftçi” İSM–in təşkil
etdiyi kişilər arasında voleybol yarışında “Neft
Daşları” NQÇİ–nin komandası 1–ci yeri tutaraq
mükafata layiq görülmüşdür. 28 may –
Respublika Günü münasibətilə Neft Daşlarında
yerləşən idarə və müəssisələr
arasında mini futbol yarışı keçirilmiş və
bizim komandamız bu yarışın da qalibi olmuşdur. Neftçilərin idman və bədən tərbiyəsi
ilə məşğul olması,
sağlamlıqlarının mühafizəsi üçün
gözəl şərait yaradılmışdır. Neftçilərin yay istirahəti də diqqət mərkəzində
saxlanılmışdır.
Neft Daşları müasir tariximizin ən
parlaq səhifələrindən biri kimi fəxarət
yerimizdir. Neft
Daşları xalqımızın Xəzərə vurduğu
tarixi möhür kimi fəxarət yerimizdir və daim onun
şöhrətini yaşatmağa, uğurlarının
statistikasını və coğrafiyasını
artırmağa və genişləndirməyə
çalışırıq. Bu gün böyük
qürur hissi ilə qeyd edə bilərik ki, 63 il əvvəl
fırtınalı Xəzərin dalğaları qoynunda təməli
qoyulan Neft Daşları bu gün yeni yüksəliş
dövrünü yaşayır, nəhəng neft– qaz
istehsalı kompleksinə, gözəlliyi və
abadlığı ilə hamını heyran qoyan müasir
şəhərə çevrilmişdir. Bu gün
“Möcüzələr adası”nın hər
bir əməkçisi çox rahat, müasir beynəlxalq
standartlara cavab verən iş, yaşayış və istirahət
şəraiti ilə təmin olunmuşdur. Bütün
bu uğurlar təşəbbüskarı, təşkilatçısı
və memarı ümummilli liderimiz Heydər Əliyevin
olduğu Yeni Neft Strategiyasının möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Hər addımımızda bu gün beynəlxalq nüfuzu
günbəgün artan, dünyanın aparıcı şirkətləri
səviyyəsinə yüksələn ARDNŞ–in, onun rəhbərliyinin
ardıcıl qayğısını və dəstəyini
hiss edirik. Biz bu əziz bayram günündə əmin edirik
ki, Neft Daşları dəniz neftinin bayraqdarı kimi öz qəhrəmanlıq
ənənələrinə sadiq qalacaq, neft–qaz
hasilatının sabit saxlanması və artırılması
üçün bütün gücünü səfərbər
edib qarşıya qoyulmuş məqsədə nail olacaq,
dövlət tapşırıqlarını həmişəki
kimi vicdanla yerinə yetirəcək!
Bayramınız mübarək, əziz neftçilər!
Sərxan Babaşov
Respublika.- 2012.- 20 sentyabr.- S. 6.