“Əsrin müqaviləsi” iqtisadi inkişafa və tərəqqiyə xidmət edir

 

Vətənimiz Azərbaycan tarix boyu bütün dünyada qədim neft diyarı kimi tanınmış, dünya neft–qaz sənayesinin inkişafına danılmaz töhfələr bəxş etmişdir. Neftin sənaye üsulu ilə çıxarılması, tankerlərlə, dəmir yolu ilə daşınması, boru kəmərləri vasitəsilə nəql edilməsi kimi əlamətdar hadisələrin başlanğıcı Azərbaycanda qoyulmuşdur. Bakı dünyanın neft elminin paytaxtı sayılmış, “neft akademiyası” adlandırılmışdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənilmiş neft strategiyasının önəmli cəhətlərindən biri də budur ki, Odlar Yurdu, qədim neft–qaz ölkəsi olan Azərbaycana əvvəlki şan–şöhrətini qaytardı, dünyanın nəzərlərini yenidən respublikamıza cəlb etdi. Bu strategiya mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası idi və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Xaricdən və daxildən çoxsaylı müqavimətlərə baxmayaraq, 1994–cü il sentyabrın 20–də dünyanın 11 transmilli neft şirkəti ilə ARDNŞ arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş bu saziş təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın makroiqtisadi dirçəlişinə rəvac vermiş, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşımışdır. Ən əsası isə bu saziş ötən əsrin 90–cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış gənc Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilmiş, onun dünya birliyinə sıx inteqrasiyasını təmin etmişdir. Bu mənada “Əsrin müqaviləsi” artıq beynəlxalq aləmdə böyük nüfuz qazanmış, regionun lider ölkəsi kimi dünyada yaxşı tanınan Azərbaycan dövlətinin sosial–iqtisadi yüksəlişinin təməl daşı sayılmalıdır.

Təsadüfi deyil ki, xalqımız artıq neçə illərdir ki, “Əsrin müqaviləsi”nin imzalandığı günü–sentyabrın 20–ni Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təntənə ilə qeyd edir. Neftçilər ulu öndərin bizə bəxş etdiyi bu şərəfli gündə keçilən yola nəzər salır, görülən işləri təhlil edir, gələcək perspektivləri müəyyənləşdirirlər.

Ötən dövrdə qazanılan nailiyyətlərdən danışarkən, ilk növbədə zəngin tarixi ənənələrə malik neft–qaz sənayemizin yeniləşdiyi qeyd olunmalıdır. 1994–cü ildən indiyədək neft sektoruna təqribən 50 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, ölkənin mövcud yataq və strukturları üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir. Bu gün Azərbaycanda 32 hasilatın pay bölgüsü sazişi üzrə iş aparılır ki, həmin layihələrdə də dünyanın 19 ölkəsini təmsil edən 41 şirkət iştirak edir. Bu sazişlərin, habelə ARDNŞ–in müstəqil surətdə həyata keçirdiyi layihələrin müvəffəqiyyətlə icra olunması yeni texnologiyaların, müasir avadanlıqların, maşın və mexanizmlərin istehsalatda tətbiqinə, yeni idarəçilik metodlarının mənimsənilməsinə, neft sənayesinin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına böyük imkanlar yaratmışdır.

Xarici neft şirkətləri ilə birlikdə axtarış–kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş görülmüş və uğurlu nəticələr alınmışdır. Nəhəng “Şahdəniz” qaz–kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları, son illərdə “Abşeron” yatağı, habelə SOCAR–ın daxili qüvvələri hesabına “Ümid” yatağı aşkar edilmiş, “Azəri–Çıraq–Günəşli” kontrakt sahəsində ehtiyatlar iki dəfəyə yaxın artırılmışdır. 1994–cü ildə müqavilə imzalanan zaman bu blok üzrə çıxarıla bilən ehtiyatlar 511 milyon ton neft, 160 milyard kubmetr qaz həcmində qiymətləndirilirdisə, aparılmış səmərəli kəşfiyyat qazması nəticəsində artıq bu ehtiyatlar 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

“Əsrin müqaviləsi” çərçivəsində ilk neftin çıxarılması ölkədə neft hasilatının sürətli templərlə inkişafına güclü təkan vermişdir. Bu il Azərbaycan neftçiləri “Çıraq” yatağından ilkin neftin hasil olunmasının 15–ci ildönümünü qeyd edirlər. Bu da təsadüfi deyil. Çünki məhz həmin dövrdən ölkə üzrə neft hasilatı təxminən 4,1 dəfə artaraq, 1997–ci ildəki 9 milyon tondan 2011–ci ildə 45,6 milyon tona çatdırılmışdır. “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan indiyədək 143 quyu qazılmışdır ki, onların da 64–ü uğurla istismar olunur. Ötən müddət ərzində bu quyulardan təxminən 280 milyon ton neft və 74,4 milyard kubmetr qaz hasil edilmişdir. 2011–ci ildə ARDNŞ tərəfindən 8,4 milyon ton neft hasil olunmuşdur. Cari ilin yanvar–avqust aylarında ölkədə 29,6 milyon ton neft hasil edilmişdir ki, bunun da 5,5 milyon tonu ARDNŞ–in payına düşmüşdür. Hazırda ölkə üzrə gündəlik neft hasilatının həcmi 898 min barel – təxminən 120 min ton təşkil edir. Əlavə neft resurslarının axtarılması və aşkara çıxarılması istiqamətində araşdırmalar aparılır. BP şirkətinin Abşeron yarımadasının dayazsulu hissəsində və ölkənin quru ərazilərində kompleks tədqiqatlar aparılması istiqamətində təklifləri öyrənilir.

Hazırda bütün dünyada təbii qaza tələbat artmaqdadır. Bu baxımdan qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir. 2004–2011–ci illərdə ölkə üzrə qaz hasilatı ilbəil artırılaraq, 5,5 milyard kubmetrdən 26 milyard kubmetrə çatdırılmışdır ki, bunun da 7,1 milyard kubmetri (27,5 faiz) ARDNŞ–in payına düşmüşdür. Bu il isə ölkədə 28,3 milyard kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Ötən il Fransanın TOTAL və GdF şirkətləri ilə əməkdaşlıq şəraitində Xəzərin Azərbaycan sektorunda “Abşeron” yatağı kəşf olundu. 2011–ci ilin əvvəllərində dənizin dərinliyi 473,5 metr olan sahəsində başlanılmış axtarış–qazma işləri ilin sonunda 6874 metr dərinlikdə öz bəhrəsini verdi. Yatağın ehtiyatları ilkin qiymətləndirmələrə görə 350 milyard kubmetr qaz, 45 milyon ton kondensat həcmindədir.

ARDNŞ–in öz qüvvələri hesabına 2010–cu ildə kəşf etdiyi “Ümid” yatağında qazılmış 10 saylı ikinci quyu cari ilin iyun ayında mənimsənilmiş və işə salınmışdır. Quyunun gündəlik verimi 1 milyon 200 min kubmetr qaz, 150 ton kondensat təşkil edir. Alınmış nəticələr “Ümid” yatağının böyük karbohidrogen ehtyatlarına malik olduğunu bir daha əyani şəkildə sübut etmişdir. Hazırda bu ehtiyatlar 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Paralel olaraq “Ümid” platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək məqsədilə yeni kəmər çəkilmiş və neftçilərin peşə bayramı ərəfəsində quyu istismara verilmişdir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi “Ümid”də qazanılmış bu nailiyyət ARDNŞ–in öz inkişafında yeni mərhələyə qədəm qoymasının daha bir bariz nümunəsidir.

Yaxın vaxtlarda Almaniyanın RE şirkəti ilə “Naxçıvan”, BP şirkəti ilə “Şəfəq–Asiman” perspektiv strukturlarında kəşfiyyat işlərinə başlayacağıq. “AÇG” yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənilməsi məsələsi də baxılma mərhələsindədir. İlkin qiymətləndirmələrə əsasən, buradakı qaz ehtiyatları təqribən 300 milyard kubmetr civarındadır.

ARDNŞ–in fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən qaz proqramı çərçivəsində şirkətin müstəqil fəaliyyət göstərdiyi qaz–kondensat yataqlarında quyuların yerləşmə şəbəkəsi təkmilləşdirilmiş, əlavə qaz quyuları qazılıb istismara daxil edilmiş, mövcud kommunikasiyalar yenidən qurulmuş, boru xətləri çəkilmiş, əlavə neft–mədən obyektləri tikilmişdir. Yeni tələblərə cavab verən mükəmməl texniki sistemin yaradılması nəticəsində gündəlik texnoloji sərf və itkilər nəzərəçarpacaq dərəcədə azaldılmış, qazma və istismar qurğuları modernləşdirilmiş, səmərəli texnika–texnologiyalar tətbiq edilmişdir. Müasir idarəetmə və nəzarət sistemləri ilə təmin olunmuş yığım–nəql şəbəkəsi yaradılmış, yeni kompressor stansiyaları tikilmiş, mövcud stansiyalar genişləndirilmiş və yenidən qurulmuşdur.

Respublikada qaz hasilatının və ixracının artması ilə əlaqədar dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə Neft Şirkəti qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun iki dəfə artırılaraq 3 milyard kubmetrə çatdırılmasına dair qoyulmuş vəzifəyə təxirəsalınmadan və yüksək keyfiyyətlə əməl olunmuşdur. Nəticədə 2011–ci ilin qazvurma mövsümünün sonunda anbarlarda yığılan qazın həcmi 3,3 milyard kubmetr olmuşdur, cari ildə isə mövsümün sonuna kimi bu həcmin 3,5 milyard kubmetrə çatdırılması təmin ediləcəkdir. Artıq Qaradağ qaz anbarında yenidənqurma işləri tamamlanmışdır. Qalmazda aparılan işlər də uğurla davam etdirilir.

Hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4,5 milyard tondan çoxdur. Proqnozlaşdırılmış karbohidrogen resursları ilə birlikdə ümumi ehtiyatlarımız isə neft ekvivalentində 10 milyard ton həcmində qiymətləndirilir. ARDNŞ perspektivli strukturların müstəqil surətdə işlənilməsi xəttini əsas götürmüşdür və bunun üçün bütün zəruri imkanlara malikdir. Yeni yataqların açılması ilə etibarlı qaz ixracatçısı kimi Azərbaycanın strateji əhəmiyyəti də ilbəil artır. Biz bu gün Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstanın qaz təminatında mühüm rol oynayırıq. Hazırda Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə tədarük olunması üçün əlverişli variantlar araşdırılır. “Cənub enerji dəhlizi”nə dair Avropa Birliyi ilə imzalanmış birgə bəyannaməyə uyğun olaraq təklif olunan marşrutlar, o cümlədən Transadriatik (TAP) və “Nabucco–West” qaz kəmərləri layihələri nəzərdən keçirilir. Avropa ölkələrinə qazın hansı yolla nəql olunacağı haqda son qərar 2013–cü ildə veriləcəkdir.

Azərbaycan və Türkiyə arasında TANAP–Transanadolu qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalanması bu baxımdan mühüm addımdır. “Cənub enerji dəhlizi” layihəsinin əsasını təşkil edəcək TANAP Türkiyə və Avropa istehlakçılarını Azərbaycan qazı ilə təchiz etmək məqsədi daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə təşəbbüsü və siyasi qətiyyəti nəticəsində qısa bir müddətdə beynəlxalq birliyin enerji gündəmində möhkəm qərarlaşmış TANAP layihəsi nəinki iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmış, eyni zamanda Avropanın enerji təhlükəsizliyi məsələsinin praktiki həlli üçün mühüm təkan olmuşdur. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr həcmində planlaşdırılır, gələcəkdə “Şahdəniz–2″ layihəsi və Xəzərin Azərbaycan sektorundakı digər yataqlarından hasil olunacaq qaz həcmləri yüksəldikcə, bu göstərici də artırıla bilər. Kəmərin layihələndirilməsi məqsədilə ARDNŞ (80 faiz) və Türkiyənin BOTAŞ və TPAO şirkətləri (20 faiz) tərəfindən birgə müəssisə yaradılmışdır. “Şahdəniz” konsorsiumunun üzvləri olan BP, Statoyl və Total şirkətləri bu layihədən pay almaq üçün müraciət etmişlər. Bütün qüvvələr səfərbər olunmuşdur ki, TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2–ci mərhələsi çərçivəsində təbii qazın hasil olunmasına qədər başa çatdırılsın.

Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəql edilməsi istiqamətində digər variantlar üzrə də işlər intensiv surətdə davam etdirilir. AGRİ (Azerbaijan–Georgia–Romania İnterconnector) layihəsi Avropa ölkələrinə qaz tədarükü sahəsində yaranmış yeni imkanlara bariz nümunədir.

“Azərbaycan Respublikasının yanacaq–energetika kompleksinin inkişafı (2005–2015–ci illər) üzrə Dövlət Proqramı”nda işlənmədə olan yataqlarda istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, lazımi təmir–bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi və s. məsələləri ARDNŞ qarşısında başlıca vəzifə kimi qoyulmuşdur. Proqrama uyğun olaraq, neftçilər dəniz və quru yataqlarında hasilatın artırılması üçün mövcud imkanları səfərbər edir, səylərini əsirgəmirlər.

Ölkə üzrə qazma işləri həcminin ilbəil artırılması planlaşdırılır. Xəzər akvatoriyasında neft–qaz əməliyyatlarının genişləndirilməsi məqsədilə qarşıdakı illərdə dənizin 1000 metrədək dərinliklərində 8–10 min metr qazma gücünə malik son nəsil yeni üzən qazma qurğularının tikilməsini nəzərdə tuturuq.

Eyni zamanda “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində neft hasilatının artırılması məqsədilə mütəmadi olaraq geoloji–texniki tədbirlər görülür.

Qazma işlərinin ümumi həcmində kəşfiyyat və struktur axtarış qazmasının xüsusi çəkisi xeyli artmışdır. Bu da təsadüfi deyil. Qarşıdakı dövrdə perspektiv strukturlarda planlaşdırdığımız genişmiqyaslı işlərlə əlaqədar, 2008–2015–ci illərdə 110 000 metrlik kəşfiyyat qazması nəzərdə tutulmuşdur. Qazmaçılarımız bu istiqamətdə intensiv çalışırlar. 2011–ci ildə 13944 metr kəşfiyyat qazması aparılmışdır ki, bunun da 2550 metri struktur axtarış qazmasına aid olmuşdur.

Neft və qaz hasilatında davamlı artıma nail olmaq üçün yeni platformaların inşası xüsusi önəm daşıyır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Bakıda tikilmiş, bu gün də MDB məkanında dərin dəniz özüllərinin inşası sahəsində ixtisaslaşmış yeganə müəssisə kimi aktuallığını saxlayan Bakı Dərin Özüllər Zavodu Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində özünəməxsus yer tutmuşdur.

Qısa müddət ərzində ölkədə hasil olunan neftin və qazın qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması istiqamətində böyük uğurlar qazanılmışdır. Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulması ölkəmizin enerji təhlükəsizliyini təmin etmiş, Avropa və digər uzaq ölkələrin enerji təminatı istiqamətində yeni perspektivlər açmışdır. Şimal istiqaməti üzrə mövcud olan Bakı–Novorossiysk kəməri ilə yanaşı, 1999–cu ildə Qərb marşrutu üzrə Bakı–Supsa, 2006–cı ilin mayında isə Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan neft ixrac kəmərləri işə salındı. Hazırda bütün Avrasiya regionunda mövcud olan analoji mühəndis qurğuları arasında unikallığı ilə seçilən BTC əsas ixrac neft kəməri artıq neçə ildir ki, dünyada enerji təhlükəsizliyinin əsas elementlərindəndir. Kəmərin ötürücülük qabiliyyəti 60 milyon tondur və bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Bu gün sutkada 1,2 milyon barel Azərbaycan nefti bu kəmər vasitəsilə Aralıq dənizi üzərindən dünya bazarına çıxarılır. BTC istifadəyə veriləndən cari il sentyabrın 1–nə qədər bu kəmər vasitəsilə 196 milyon 500 min tona yaxın Azərbaycan nefti nəql olunmuşdur. BTC həm də Türkmənistanda hasil olunan neft həcmlərinin nəqli istiqamətində mühüm rol oynayır. İndiyədək kəmərlə 5,5 milyon ton türkmən nefti nəql edilmişdir.

“Şahdəniz–1″ layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə 2006–cı ildə BTC əsas ixrac neft kəmərinə paralel olaraq çəkilb istismara verilmiş Cənubi Qafqaz qaz boru kəmərinin ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetrdir. 2011–ci ildə “Şahdəniz” yatağından hasil edilən 6,7 milyard qazın 2,1 milyard kubmetri Azərbaycana verilmiş, 0,7 milyard kubmetri Gürcüstana, 3,7 milyard kubmetri isə Türkiyəyə ixrac olunmuşdur.

Hazırda xam neft və neft məhsullarımız müxtəlif marşrutlarla ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya daxil olmaqla dünyanın 30–dan artıq ölkəsinə ixrac edilir. Tarixdə ilk dəfə İsveçrədə ARDNŞ–in treyder şirkətinin yaradılması Azərbaycan mənşəli neft və neft məhsullarının son istehlakçılara birbaşa satışını təmin etmək və bu sahədə fəaliyyəti mərkəzləşdirmək məqsədi daşıyırdı. Azərbaycan dövlətinin mənafelərinə xidmət edən, qarşısında “Azəri Layt” markalı neftin bazarlanması, rəqabət qabiliyyətinin artırılması, habelə qeyri–Azərbaycan mənşəli xam neft və neft məhsullarının alğı–satqısı kimi olduqca mühüm məqsədlər qoyulan “SOCAR Trading” cəmi 4 il ərzində bu vəzifələrin öhdəsindən layiqincə gəlmiş, böyük beynəlxalq nüfuz qazanmış, fəaliyyət dairəsini genişləndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azəriqaz” İstehsalat Birliyi ARDNŞ–in tərkibinə daxil edildikdən sonra ölkənin qaz təchizatı sisteminin yenilənməsi, əhalinin və sənayenin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə qaz təsərrüfatının əsaslı inkişaf proqramı işlənilmiş, prioritet sahələr müəyyənləşdirilmişdir.

Azərbaycan bu gün dünyada təkcə neftin və qazın deyil, eyni zamanda neft emalı məhsullarının ixracatçısı kimi də layiqli yer tutur. Hazırda ölkədə ARDNŞ–ə məxsus və ümumi gücü ildə 16 milyon ton olan 2 neft emalı zavodu fəaliyyət göstərir – Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və “Azərneftyağ” Neft Emalı Zavodu. Bu müəssisələrdə istehsal olunan neft məhsulları öz həcminə görə ölkədaxili tələbatı üstələyir və qalan hissə ixraca göndərilir. Neft məhsullarının ixrac coğrafiyası əsas etibarilə Gürcüstan, Xəzər və Qara dəniz hövzəsi ölkələrini əhatə edir. 2011–ci ildə şirkətin neft emalı zavodlarında ümumilikdə 6 milyon 326,9 min ton xam neft emal olunmuşdur ki, bu da 2010–cu illə müqayisədə 1,7 faiz çoxdur. Əsas emal məhsulu olan avtomobil benzinlərinin istehsalı 3,7 faiz artmışdır. Təkrar emal qurğularının gücündən səmərəli istifadə olunmuş, neftin emal dərinliyinin miqyası 92,6 faiz təşkil etmişdir. 2011–ci ildə istehsal olunmuş neft məhsullarının 64,8 faizi daxili bazara yönəldilmiş, 35,2 faizi isə ixraca göndərilmişdir.

İllik emal gücü 6,5 milyard kubmetr təşkil edən Qaradağ Qaz Emalı Zavodunda qazın təmizlənməsi və emalı prosesləri də ilbəil təkmilləşdirilir. 2011–ci ildə zavodda 4067,5 milyon kubmetr qaz emal edilərək 4011,1 milyon kubmetr təmizlənmiş quru qaz, 29,2 min ton texniki butan və 31,8 min ton qaz benzini istehsal edilmişdir. Qaz benzini həcmləri bütünlüklə “Azərikimya” İstehsalat Birliyinə, texniki butanın 69,6 faizi ixraca, 30,4 faizi isə daxili bazara yönəldilmişdir. Zavodun əməkçiləri bu ilin 8 ayında da proqnoz göstəricilərinə layiqincə əməl etmişlər.

Ölkəmizdə neft–kimya sənayesinin inkişaf tempi də yüksəlmişdir. Ötən il “Azərikimya” İB üzrə xammalın emal həcmi əvvəlki ilə nisbətən 26,8 faiz artaraq, 284,5 min ton təşkil etmişdir. Birliyin aparıcı müəssisəsi olan Etilen–Polietilen Zavodunda etilenin çıxım faizi proqnoza nisbətən 1,4 faiz artmışdır. Hazırda zavodun piroliz qurğusunda yeni xammalın emalı prosesinin optimallaşdırılması, xammal və enerjidaşıyıcılarının sərfinin azaldılması, istehsal olunmuş etilen və propilen monomerlərindən daha səmərəli istifadə edilməsi məqsədilə polimerləşmə qurğusunun gücünün artırılması və yeni polipropilen istehsalı qurğusunun alınıb quraşdırılması istiqamətində iş aparılır.

Lakin etiraf etmək lazımdır ki, artıq ölkənin neft emalı və neft kimyası kompleksi fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf və tərəqqi strategiyası çərçivəsində enerji sektorunda qazanılmış nailiyyətlərin məntiqi davamı olaraq, bu gün qarşımızda qoyulmuş əsas məqsədlərdən biri də respublikamızda rəqabətədavamlı, müasir standartlara cavab verən məhsullar istehsal edə biləcək yeni Neft–Qaz Emalı və Neft–Kimya Kompleksinin (NQNK) inşa edilib istismara verilməsidir. Hazırda kompleksin layihəsi üzərində gərgin iş aparılır. NQNK layihəsi üzrə texniki–iqtisadi əsaslandırma hazırlanmış, seçilmiş konfiqurasiya üzərində müəyyən optimallaşdırma işləri aparılmış və hazırda kompleksin konfiqurasiyasına daxil olan qurğulara dair lisenziya seçimi mərhələsi üzərində işlər davam etdirilir. Neft–qaz emalı və neft–kimya sahələrində dünyada tanınmış UOP, Fluor (ABŞ), Technip (Fransa), Foster Wheeler (İsveçrə) şirkətləri ilə sıx əməkdaşlıq şəraitində aparılan araşdırma işlərində Azərbaycan mütəxəssislərinin də potensialından geniş istifadə olunur. AMEA–nın görkəmli alimlərindən ibarət İşçi Qrupu və ARDNŞ–in “Neftqazelmitədqiqatlayihə” İnstitutu layihəyə cəlb edilmişlər. İnstitutun bazasında Foster Wheeler şirkəti ilə müştərək müəssisə yaradılmışdır. NQNK–nın inşa olunması üçün Qaradağ və Abşeron rayonlarının sərhədində, Səngəçal qəsəbəsi yaxınlığında müvafiq ərazi seçilmiş, sahənin ümumi seysmologiyası, geodeziyası və geologiyası üzrə işlər sona çatdırılmışdır. Hazırda nəticələr araşdırılır və yekun hesabat hazırlanır.

ARDNŞ bu gün həmçinin Türkiyə Respublikasının neft–kimya sənayesinin inkişafında mühüm rol oynayır. Qardaş ölkənin ən böyük neft–kimya holdinqi “Petkim”in səhmlərinin 61,32 faizi bizə məxsusdur. İdarəçiliyimiz dövründə “Petkim” ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olub. Lakin biz bununla kifayətlənmirik. Holdinqin istehsal gücünün durmadan artırılması məqsədilə apardığımız ardıcıl tədbirlər yaxın illərdə “Petkim”in Türkiyədə ən böyük, Avropada isə aparıcı istehsal komplekslərindən birinə, regionun iri logistika mərkəzinə çevrilməsinə yönəldilmişdir.

Ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə, holdinqin Əliağa kompleksi ərazisində “STAR” neft emalı zavodunun təməlqoyma mərasimi keçirildi. “Petkim”in xammala tələbatının ödənilməsi, idxaldan asılılığının aradan qaldırılması məqsədini daşıyan bu zavodun inşası Türkiyədə özəl sektor xətti ilə həyata keçirilən ən böyük investisiya layihəsidir. Emal gücü 10 milyon ton təşkil edəcək, ən qabaqcıl texnologiyalar əsasında qurulacaq “STAR” zavodunda 11 çeşiddə məhsul istehsal olunacaqdır.

ARDNŞ regionun lider şirkəti olaraq böyük inteqrativ potensiala malikdir. Sumqayıtda və Potidə (Gürcüstan) inşa etməyə hazırlaşdığımız iki analoji zavod– karbamid zavodları deyilənləri bir daha əyani şəkildə göstərir. Təməli 2011–ci ilin dekabrında Sumqayıtda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan azot gübrəsi–karbamid istehsalı zavodu “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən tikilir. Ammonyak, karbamid mayesi və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət olacaq müəssisədə istehsal üçün başlıca xammal kimi təbii qazdan istifadə ediləcəkdir.

Son illər ARDNŞ 10–dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və digər ölkələrdəki müəssisələri vasitəsilə aparılmış uğurlu marketinq və koordinasiya işləri nəticəsində dünya enerji bazarına inamla daxil olmuşdur. Bu gün Gürcüstan enerji bazarının 60 faizindən çoxunu biz təmin edirik. Tbilisi istisna olmaqla ölkənin bütün regionlarının qaz təchizatı şirkətimiz tərəfindən həyata keçirilir.

Pərakəndə neft məhsullarının satışı Rumıniya və Ukraynada da həyata keçirilir. Bu ölkələrdə də “SOCAR” brendi ilə fəaliyyət göstərən iri yanacaqdoldurma şəbəkələri, neft bazaları mövcuddur.

ARDNŞ–in modern, rəqabətədavamlı bir beynəlxalq şirkətə çevrilməsi, dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün şirkətimizin işgüzar nüfuzunun yüksəldilməsi məsələsi böyük önəm daşıyır. ARDNŞ Azərbaycanda maliyyə hesabatlarının beynəlxalq standartlarına keçmiş ilk dövlət qurumlarındandır. Şirkətin konsolidə olunmuş hesabatları hər il beynəlxalq auditdən keçirilir ki, bu da onun kredit qabiliyyətinin artırılmasında mühüm amildir. Son illər görülmüş işlər nəticəsində ARDNŞ “Fitch Ratings”, “Standard & Poor’s” və “Moody’s” kimi nüfuzlu agentliklər tərəfindən aldığı beynəlxalq reytinq dərəcələrini ilbəil artırır. İdarəetmədə optimallaşdırma tədbirləri, mədən sənayesində şəffaflıq təşəbbüsündə şirkətimizin yüksək fəallığı tanınmış banklar və beynəlxalq maliyyə təşkilatları tərəfindən müsbət qiymətləndirilir.

Mühüm istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və texniki potensiala malik Azərbaycan Dövlət Neft Şirkəti bu gün regionun ən güclü neft şirkətlərindən biri olaraq tanınır.

Biz qazanılmış nailiyyətləri yüksək qiymətləndirir, mövcud infrastrukturun qorunması, müasirləşdirilməsi, zərurət olduqda yenilənməsi məsələlərini prioritet vəzifələrimiz hesab edirik. Dövlət Neft Şirkəti və onun xarici tərəfdaşları tərəfindən Bakıda Xəzər dənizi hövzəsində analoqu olmayan yeni gəmiqayırma zavodunun inşası istiqamətində görülən işləri buna misal göstərmək olar. Zavodun tikintisi iki ildir ki, şirkətimizin “Neftqaztikinti” Tresti tərəfindən uğurla davam etdirilir. Gələn il bu zavodda istehsal olunmuş birinci gəmi suya buraxılacaqdır.

ARDNŞ cəmiyyət qarşısında sosial məsuliyyət daşıdığını daim xatırlayır, ölkənin ictimai həyatında fəal iştirak edir, respublikamızda həyata keçirilən mühüm sosial–iqtisadi layihələrə öz layiqli töhfəsini verir. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması ilə bağlı genişmiqyaslı dövlət proqramları, iri maliyyə tutumlu proqramlar həyata keçirilir. Dövlət Neft Şirkəti də bütün ölkə boyunca geniş vüsət alan bu ekoloji hərəkatın ön sıralarındadır. Azərbaycanda neftin sənaye üsulu ilə çıxarıldığı 160 ildən artıq bir dövr ərzində neft–qaz hasilatı və emalı nəticəsində minlərlə hektar torpaq sahəsi çirklənərək yararsız hala düşmüşdür. 2006–cı ildən neftlə çirklənmiş torpaqların təmizlənməsi şirkətimizin başlıca fəaliyyət sahələrindəndir. “ARDNŞ–in ekoloji siyasəti” qəbul olunmuşdur və bu siyasətin əsas məqsədi bütün fəaliyyət sahələrində müvafiq ekoloji vəziyyətin qiymətləndirilməsindən, mənfi təsirlərin qarşısının alınmasından ibarətdir. İndiyədək Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağ, Qarabağlı və digər yataqlarda mexaniki rekultivasiya, bioremediasiya və fitoremediasiya üsulları ilə təxminən 1000 hektara yaxın torpaq sahəsi təmizlənmişdir. Ötən dövrdə reabilitasiya edilmiş mədən ərazilərində 500 minə qədər ağac əkilib və onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. Qalada, H.Z.Tağıyev adına NQÇİ–nin neftlə çirklənmədən təmizlənmiş 9,3 hektarlıq ərazisində ARDNŞ–in Ekologiya parkı 2011–ci ildən fəaliyyət göstərir.

Bu günə qədər Azərbaycan regionlarının sosial–iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində Lənkəran, Naxçıvan, Şirvan, Qazax, Zaqatala, Qəbələ, Bərdə, Gəncə, Quba, Şamaxı, Cəlilabad və Xızıda tikilərək əhalinin istifadəsinə verilmiş müalicə–diaqnostika mərkəzlərində məşhur Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılmışdır ki, bu da Azərbaycan səhiyyəsinin ümumi inkişafı, maddi–texniki bazasının modernləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bütün postsovet məkanında tibb elminin ən yeni nailiyyətlərinə əsaslanan nadir əməliyyatların keçirildiyi müalicə–sağlamlıq ocağı kimi tanınan Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadaları tərəfindən həmin müalicə–diaqnostika mərkəzlərində unikal cərrahi və endoskopik əməliyyatlar aparılır. Hazırda ARDNŞ–in maliyyə vəsaiti hesabına inşa olunmuş bu müasir tibb ocaqları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində uğurlu fəaliyyət göstərir. ARDNŞ ölkənin sosial–iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirir. Hər il şirkətimizin maliyyə vəsaiti hesabına ölkənin müxtəlif rayon və kəndlərində əhalinin rifahının gücləndirilməsi məqsədilə inşa olunan yeni məktəblər, kitabxanalar, xəstəxana və tibb məntəqələri, idman qurğuları, istirahət obyektləri, salınan körpülər, park və xiyabanlar neftdən əldə olunan gəlirlərin sosial infrastrukturun bərpasına yönəldildiyini təzahür etdirir.

Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuz və mövqeyinin möhkəmləndirilməsi, dövlətimizin iqtisadi qüdrətinin durmadan artırılması naminə gecə–gündüz çalışan fədakar neftçilərimiz yaxşı bilirlər ki, çəkilən əziyyət, görülən işlər son nəticədə xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Onlar inanırlar ki, Azərbaycan dövləti müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha işıqlı sabahlara aparır. Əminəm ki, çoxminli neftçilər ordusu bundan sonra da ulu öndər Heydər Əliyevin yeni neft strategiyası çərçivəsində qazandıqları nailiyyətləri davam etdirəcək, dövlətimizin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmkarlıq göstərəcəkdir. Azərbaycanın neft–qaz sənayesində çalışan bütün əməkçiləri Neftçilər Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı yetirirəm.

 

 

Rövnəq ABDULLAYEV,

ARDNŞ–in prezidenti

 

Respublika .- 2012.- 20 sentyabr.- S. 3.