Dan
ulduzu–tale ulduzu
Bəzən dünyaca məşhur bir sənət
əsəri və onun müəllifindən söz düşəndə,
sənət əsərinin sənətkarın, yoxsa sənətkarın
həmin sənət əsərinin taleyində daha çox
rolu olduğunu söyləməyə çətinlik çəkirsən. Düşünürsən,
görəsən Cokondasız Leonardo Da Vinçinin taleyi necə
olardı? Ya da ki, bir başqa sənətkarın
fırçası Cokondanı bu qədər möcüzəli,
sehrli yarada bilərdimi? Əlbəttə,
söyləmək çətindir. Ötən
əsrin 70–ci illərində yaradılmış “Dan ulduzu”
vokal–instrumental ansamblı və onun yaradıcısı, bədii
rəhbəri Gülarə Əliyeva barədə də eyni
fikirləri söyləmək olar. Tək
bir sənət nümunəsilə tarixdə
yaşamağın mümkünlüyünü nəzərə
alsaq, Gülarə xanımın sənət dünyasında
özünə əbədilik qazanmasında bu ansamblı əsas
amil kimi qəbul etmək olar. Digər bir tərəfdən,
“Dan ulduzu”nun bu qədər parlamasında Gülarə Əliyeva
sənətinin ecazkarlığı da inkarolunmaz faktdır.
2000–ci ildə əməkdar incəsənət
xadimi rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə
Məsudun araya–ərsəyə gətirdikləri “Dan
ulduzu–tale ulduzu” televiziya filmində də müəlliflər
məhz bu suala cavab axtarmağa çalışıblar. Bir–birindən
ayrılıqda təsəvvür edilməyən “Dan ulduzu”mu,
Gülarə Əliyevamı? Tək onu demək olar:
onların biri digəri üçün yaranmışdı…
Gülarə xanım Əziz Əliyev kimi
böyük bir ziyalının, vətənpərvər bir
şəxsiyyətin ailəsində tərbiyə alıb
böyümüşdü. Elə bunun özü böyük məsuliyyət
idi.
O, 1933–cü il noyabr ayının 17–də
Bakıda doğulub. 1956–cı ildə Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət
Konservatoriyasının fortepiano və nəzəriyyə
fakültəsini əla qiymətlərlə bitirib. 1966–cı
ildə “Bəstəkar F.Əmirovun
yaradıcılığı” mövzusunda namizədlik
dissertasiyası müdafiə edib, 1967–1989–cu illərdə M.Əliyev
adına İncəsənət
İnstitutunun musiqi kafedrasının müdiri, o cümlədən
institutun elmi şurasının uzvü olub.
1969–cu ildən dosent olmuş, elmi–pedaqoji fəaliyyət
göstərmiş, əvvəlcə Azteleradio, sonra isə
S.Rüstəmov adına xalq
çalğı alətləri orkestrində konsertmeyster
işləmişdir. 1968–ci il Gülarə
xanımın həyatında, taleyində dönüş
yaradır. “Dan ulduzu” kamera–instrumental
ansamblının yaradılması Gülarə xanımı
musiqi yaradıcılığının ən pik nöqtəsinə
gətirir. Düz 23 il bu kollektivə
rəhbərlik edir. Ömrünün sonunadək
“Dan ulduzu”nu öz övladı kimi sevir, ondan ayrılmır.
Onu yalnız ölüm ayırır sevimli
işindən, doğma kollektivdən və bir də
bitib–tükənməyən arzularından. 1991–ci ilin yayında faciəli ölümü ilə
çox şeylərin mənasını, mahiyyətini dəyişdi
Gülarə xanım. “Dan ulduzu”nun da
parlaqlığı söndü bir az…
Filmin ssenari müəllifi Rəfiqə Məsudla
söhbətimiz də kövrək notlar üzərində
qurulmuşdu. Titr dəyişdikcə, kadrlar dəyişir,
bir–birindən maraqlı ifalar, çoxlarımızın gəncliyinin
nəğmələri olan musiqi sədaları insanda nostalji
hisslər oyadırdı.
Rəfiqə xanım deyir: “Gülarə xanımı
çoxdan tanıyırdım, ailələrimiz çox
yaxın idi, gediş–gəlişimiz vardı. Ümumiyyətlə,
Əziz Əliyevlər ailəsinin bütün
övladları istedadlı idilər. Gülarə
xanım musiqini seçmişdi. Mehriban və
sadə insan idi Gülarə xanım. Onun
ölümü məni çox sarsıtmışdı, uzun
müddət yoxluğu ilə barışa bilmirdim. Mən özümü onun ruhu qarşısında
borclu bilirdim. Günlərin bir günü
televiziya filmi çəkmək fikrinə düşdüm.
Çox çətin idi, xatirələrimi
çözələmək, onunla bağlı materialları
toplamaq ağır gəlirdi mənə. Bütün
bunlara baxmayaraq, mən üzərimə düşən vəzifəni
yerinə yetirdim: “Dan ulduzu–tale ulduzu” filmi ekranlarda
nümayiş olunanda bir az yüngülləşdim
elə bil. Xoşbəxtlikdən film də pis
alınmamışdı”.
Söhbətimizin bu yerində ekranda
Gülarə xanımın yeganə yadigarı Ayəndə
xanım görünür. O, titrək bir səslə danışırdı: “Anam
mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi
qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə
nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı
pisləşərdi. Evimiz qonaq–qaralı
olurdu, ansamblın məşqlərini də evdə edərdilər.
O, musiqi ilə yaşayırdı. Həmişə
fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov
imtahan götürüb. Konservatoriyanın iki: bəstəkarlıq
və fortepiano ifaçılığı fakültələrini
bitirmişdi.
O dövrdə belə bir ansambl yenilik idi, xalq
çalğı alətləri ilə klassik musiqi alətlərinin
sintezini ilk dəfə anam yaratmağa nail olmuşdu. Tofiq
Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz
Mirişli, Oqtay Rəcəbov və bir sıra digər
tanınmış bəstəkarla işləyirdi. Onların
hamısı bizim evdə olmuşdular…”.
Rəfiqə xanım sözünə davam edərək
deyir: “Gülarə xanım həyatda çox narahat, eyni
zamanda ehtiyatlı insan idi. Qorxurdu, təyyarəyə minməkdən
qorxurdu, hərdən iş yoldaşları onu evə
maşınla aparanda: “Sən Allah, tələsmə, sürəti
artırma” deyib ehtiyatlanardı. “Ehtiyat igidin
yaraşığıdır” desələr də, bu
ehtiyatlı davranışlar heç də onu xəta–bəlalardan
qoruya bilmirdi. Bir dəfə bağdan evə
dönəndə avtomobil qəzasına
düşmüşdü, doğrudur, çox xəsarət
almamışdı, lakin bir müddət Sabunçu Rayon Xəstəxanasında
yatmalı oldu. Onu da deyim ki, buranı məhz
özü seçmişdi.
Eşidəndə pis oldum, tələsik
yanına getdim, görüşdük, çox sevindi. Mənim sizə nə
köməyim dəyə bilər? – deyə
soruşanda: “Çox sağ ol, heç nə lazım deyil,
ancaq səndən bir xahişim olacaq. Mənim həkimim,
professor Azad İsmayılova minnətdarlığımı
efir vasitəsilə çatdıra bilsən, yaxşı
olar” – dedi. Elə də etdim. “Sağlamlıq” televiziya jurnalında bir süjet
hazırladım, Gülarə xanımın xahişini yerinə
yetirdim.
Həmin dövrdə Gülarə
xanıma qarşı bir laqeydlik hökm sürürdü. Mən Azərbaycan
Televiziyasında ansamblın konsertlərini proqrama
saldırır və zəng vurub xəbərdarlıq edirdim.
Gülarə xanım sevinir və gülərək zarafatla
deyirdi: “Adamın adamı gərək olsun!”
Rəfiqə xanım sözünə ara
verdi, yenə də Ayəndə xanım
danışırdı: “Dan ulduzu” ansamblı çox ölkələrdə
qastrollarda olurdu, konsertləri uğurla keçirdi. O ölkələrin
mətbuatında yazılar dərc olunurdu: İtaliya,
İspaniya, Bolqarıstan, Türkiyə, Əlcəzair, Livan,
Suriya, Hindistan… Bütün bunlar onun yuxusuz gecələrinin
hesabına idi. Gecələr işləməyi
çox sevərdi, hərdən gecə yarısı oyananda
qonaq otağının işığını yanılı
görərdik, anam çox vaxt sübhədək oturub
orkestrovka edərdi. Bütün musiqi alətləri
üçün səsləri özü yazar, heç kəsə
etibar etməzdi. Sakitlikdə oturub
öz–özünə zümzümə edib yazardı.
Anamın konsertləri tez–tez televiziyada səslənir,
verilişlər hazırlanır, diski buraxılıb. Ad günündə, ölüm
günündə qəbrini ziyarət edirik: ailə üzvləri,
onu tanıyanlar. Onun xatirə gecəsi Rəşid Behbudov adına Mahnı Teatrında təşkil
olunmuşdu, çox gözəl bir tədbir
alınmışdı.
Rəfiqə xanım fikrini cəmləyib sözünə
davam edir: “Azərbaycan xalqının musiqi irsi zəngindir,
minilliklər boyu xalq tərəfindən yaranan musiqi
yayılıb, nəsildən–nəslə
ötürülüb, bu gün də yaşayır. “Dan ulduzu” Azərbaycan müsiqi
ifaçılığının səmasında bir ulduz kimi
parladı. O, musiqi, mahnı
ifaçılarımızın, vokal, instrumental sənətimizin
sönməz ulduzu idi. Yarım əsrə yaxındır ki,
daha dəqiq desək, artıq 44 ildir ki, bu iki ad qoşa
çəkilir: “Dan ulduzu” və Gülarə Əliyeva.
Gülarə xanım sadə olduğu qədər
də ciddi, tələbkar idi. Bu xüsusiyət onun işində daha
aydın görünürdü. O, sadəcə təşkilatçı,
rəhbər deyildi. Azərbaycan musiqi sənətinin,
daha doğrusu, ifaçılıq sənətinin
inkişafı üçün çalışan elm xadimi
idi. Ansambla hər adamı üzv qəbul
etməzdi, onun vaxtilə ansambla gətirdiyi
ifaçıların əksəriyyəti özünü sənət
aləmində təsdiqləyib, sözünü deyə
bilmişdi. Bu mənada da Gülarə
xanım xoşbəxt taleli sənətkarlardan biri idi. Belə istedadlı insanlar az–az doğulur.
Filmin son görüntüləri gedir. Nə qədər ağır, çətin
olsa da, Ayəndə xanım danışırdı, Gülarə
xanımı doğmalarından ayıran o faciəli
ölümün acı mənzərəsi yaranırdı
göz önündə: “1991–ci il iyulun 27–si idi. Atamı Moskvaya müayinəyə yola salmağa
hazırlaşırdıq. Ansamblın
violonçelçalanı Minirə xanım da bizdə idi,
anamla çox yaxın olduqlarından ona kömək etmək
üçün gəlmişdi. Atam yol
çantasını götürüb evdən çıxmaq
istəyəndə mən və bacım Nuridə də onunla
çıxdıq. Nuridə çox
aşağı düşmədi, atamı əlində
tutduğu “Quran” kitabının altından keçirib, geriyə
döndü. Mən isə blokun
qapısınadək onu ötürdüm. Bu dəm dəhşətli bir səs eşitdim, tez
geriyə, evə qaçdım ki, anam məni görüb
sakitləşsin ki, sağ–salamatam. Otağa girib balkona
çıxmaq istədim… Balkondan əsər–əlamət
qalmamışdı…
Tez–tez yuxularıma gəlir, yoxluğunu çox hiss edirəm,
yeri görünür…”.
Filmin son görüntüləri… Film boyu əlində
gül dəstəsi aram–aram addımlayan Ayəndə
xanım doğma məzarla üz–üzədir, artıq deməyə
sözü qalmayıb:
Çox tez dəydi ömrün daşa,
parçalandı həyatın,
Sənsiz hər şey qara oldu…
“Dan ulduzu–tale ulduzu” ekran üzü görəndə
çoxları film haqqında fikirlər söylədi. O zaman Ayəndə xanım demişdi:
“Gülarə xanım haqqında bundan sonra nə çəkilsə,
bu filmi əvəz etməyəcək…”.
Çox az adam tapılar ki, Gülarə
xanımdan söz düşəndə “Dan ulduzu”nu, “Dan
ulduzu”ndan söz düşəndə Gülarə
xanımı xatırlamasın. Bu, həmişə belə
olacaq, nə qədər ki sənətə, sənətkara dəyər
verən insanlar var…
Zümrüd QURBANQIZI
Respublika.- 2012.- 27 sentyabr.- S. 7.