Aşiq Ələsgər” kitabının təqdimatı

 

Dünən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Aşıqlar Birliyinin yeni layihəsi—”Ustad aşıqlarımız” seriyasından olan “Aşıq Ələsgər” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri Fikrət Babayev, Lətifə Məmmədova, alimlər, şairlər, ictimai birliklər və KİV nümayəndələri iştirak etmişlər.

Milli Kitabxananın direktoru Kərim Tahirov dahi sənətkar Aşıq Ələsgərin söz dünyasından, onun hər zaman zirvədə dayanmasından söhbət açmışdır.

Sevimli şairimiz Zəlimxan Yaqub Göyçədə Aşıq Ələsgərin oğlu Aşıq Talıbla görüşməsindən danışaraq demişdir: “Aşıq Ələsgər aşıq şeirinin elə bir uca zirvəsindədir ki, hansı tərəfdən baxsaq oradan görünur. Ona görə də bu yeni layihəni ilk dəfə Aşıq Ələsgərdən başladıq və növbəti kitablarda ustad aşıqlarımız haqda layihələrimiz davam etdiriləcəkdir”.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev xalq şairi Zəlimxan Yaquba uzun ömür cansağlığı diləmişdir.

Natiq Aşıq Ələsgərin 190 illiyinin təntənə ilə keçirilməsindən söhbət açmışdır. Kitabın redaktoru, professor Qəzənfər Paşayev qeyd etmişdir ki, Aşıq Ələsgərdə elə bir söz, elə bir ifadə yoxdur ki, yerində olmasın. Aşıq Ələsgər hər zaman zirvədə dayanan ustad sənətkardır.

Kitabın rəyçisi, professor, aşıq ozan sənətinin tədqiqatçısı Məhərrəm Qasımlı gələcəkdə ustad sənətkarlarımızın əsərlərinin ingilis, rus və digər dillərə tərcümə olunaraq kütləvi tirajla çap olunmasının vacibliyindən danışmışdır. Aşıq Ələsgərə layiq daha sanballı kitabların, eləcə də dahi sənətkarın şeirlərinin yenidən çap olunmasından söhbət açmışdır. Sevimli şairimiz İlyas Tapdıq demişdir: “Gözümüzü açandan sadə və oxunaqlı dildə yazmış Aşıq Ələsgərin şeirlərini oxumuşuq. Dahi sənətkar haqqında vaxtilə Mirzə İbrahimov, Səməd Vurğun, Əhməd Cəmil və digər qələm sahibləri söz demiş, onun yaradıcılığına yüksək qiymət vermişlər. Cəmi 105 il ömür sürmüş sənətkarın irsi öyrənilməli və təbliğ edilməlidir”.

Tədbirdə AMEA Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədov, Aşıq Ələsgər evinin yaradıcısı Hüseyn Hacıquluoğlu (Ələsgər), Aşıq İsfəndiyar, şair Musa Ələkbərli, kitabın tərtibçisi və nəşrə hazırlayanı Musa Nəbioğlu, Aşıq Loğman, şair Fəxrəddin Meydanlı və başqaları ustad sənətkarın bənzərsiz, təkrarsız yaradıcılığından danışmışlar.

Tədbirin sonunda Aşıq Ələsgərin nəvəsi İslam Ələsgər Aşıq Ələsgər poeziyasını təhlil etməyin son dərəcə çətin və məsuliyyətli olduğunu demiş və kitabın çap olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

 

 

Rauf İLYASOĞLU

 

Respublika .- 2012.- 27 sentyabr.- S.  7.