Bakı
metropoliteninin inkişafında ulu öndərin müstəsna
xidmətləri olmuşdur
Xalqımız dahi şəxsiyyət, ulu öndər Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyini onun ölməz ruhuna, əziz və unudulmaz xatirəsinə dərin ehtiramla, tükənməz minnətdarlıq hissi ilə qeyd edir. Azərbaycanda gerçəkləşən müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, möhkəm əsasları olan vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin genişmiqyaslı möhtəşəm quruculuq fəaliyyəti respublikamızın siyasi və iqtisadi, sosial və mədəni həyatının bütün sahələrini əhatə etmiş, onun hakimiyyətdə olduğu bütün dövrlər mühüm nailiyyətlərlə əlamətdar olmuş, tarixin yaddaşında milli yüksəliş dövrü kimi yazılmışdır. Belə bir həqiqəti dönə–dönə təkrarlamaq çox vacib mənəvi borcumuzdur ki, iyirminci əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurmaq imkanı qazanan xalqımızın müqəddəs azadlıq və istiqlaliyyət arzusu məhz Heydər Əliyevin hünəri və dühası ilə gerçəyə çevrilmiş, Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edilmişdir.
Bu fenomen, bənzərsiz insanın taleyi və missiyası haqqında düşünəndə mütləq bir fikrə gəlirsən ki, Allah–təala əzəldən onu öz millətinin öndəri kimi xəlq etmiş, belə şərəfli vəzifəni uğurla icra etmək üçün ona ilahi güc, fitrət, ruh vermişdir. Heydər Əliyev halal qisməti olan hakimiyyətə heç vaxt şəxsi və ya qrup mənafeyindən yanaşmayan, ondan yalnız doğma xalqının və vətəninin mənafeyi naminə istifadə edən siyasətçi, haqq–ədalət mücəssəməsi, siyasi idarəçilik ensiklopediyasıdır. Heydər Əliyevin Naxçıvandan Bakıya, oradan isə Kremlə gedib çıxan, daha sonra yenidən Bakıda —ən ali kürsüdə davam edən həyat yolu Azərbaycan tarixinin şərəf salnaməsidir.
Biz şahidik ki, istər 1969–82–ci illərdə respublikamıza rəhbərlik etdiyi, istərsə də 1982–1987–ci illərdə ittifaq dövlətinin rəhbərliyində ən yüksək vəzifələrdən birində çalışdığı dövrlərdə ulu öndərimiz özünün çoxşaxəli siyasi və idarəçilik fəaliyyətində xalqımızın mənafelərini daim hər şeydən uca tutmuş, onu qorumuş, ən başlıcası, həm azərbaycanlı olması ilə fəxr etmiş, həm də doğma vətəninə şərəf və nüfuz qazandırmışdır.
1991–ci ildə öz suverenliyini bərpa edən Azərbaycanın demokratik və bəşəri dəyələrlərə sadiq müstəqil bir dövlət kimi formalaşması isə ulu öndərimizin müstəsna xidməti, 1993–cü ilin iyununda xalqın təkidli tələbi ilə onun respublikada siyasi hakimyyətə qayıdışının bəhrəsidir. Yenicə müstəqilliyinə qovuşmuş dövlətimizin sükanını öz qüdrətli əllərinə almaqla Heydər Əliyev xalqın birliyini təmin etmiş, ictimai–siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaratmış, milli dövlətçilik ideyalarını ardıcıllıqla həyata keçirmişdir.
Müasir Azərbaycanda elə bir
sahə, elə bir istiqamət, elə bir uğur və nailiyyət
yoxdur ki, orada Heydər Əliyev dühasının bəhrəsi,
Heydər Əliyev imzası olmasın. Ötən il qırx
beş yaşını qeyd etdiyimiz Bakı metropoliteninin
qısa bir vaxtda mükəmməl nəqliyyat infrastrukturu
kimi formalaşmasında, paytaxtımızın sosial problemlərinin
həllini təmin edən mühüm bir vasitəyə,
ümumən isə, xalqın milli sərvətinə
çevrilməsində ulu öndərimizin diqqət və
qayğısı əvəzsiz rol oynamışdır. Heydər
Əliyev Bakı metrosunu həm öz misilsiz zövqü ilə
qurub–yaratmış, dövrün tələbinə uyğun
genişləndirmiş, həm də onun gələcəyi
üçün ideyalar vermiş, perspektivlər müəyyənləşdirmişdir.
Bu ideyalar indi real Dövlət Proqramının tərkib hissəsi
kimi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi
altında məqsədyönlülüklə gerçəkləşdirilməkdədir.
Ulu öndərimiz metronu yer altında
mədəniyyət və memarlıq abidəsi kimi dəyərləndirirdi
“Azərbaycanın metro stansiyalarının hər
biri memarlıq abidəsidir… Mən bu işlərlə məşğul
olmuşam. Deyə bilərəm ki, 1967–ci ildən sonra tikilən
metro stansiyalarının hamısının layihələrinə
baxır, öz mülahizələrimizi bildirir, tövsiyələrimizi
verirdik. Beləliklə, biz yaxşı metropoliten
stansiyaları yaratmışıq. Ona görə metropoliten,
eyni zamanda, həqiqətən, mədəniyyət,
memarlıq abidəsidir”.
Heydər Əliyev
Dünyada ilk metronun inşa edildiyi vaxtdan 150 il ötür. İlk dəfə İngiltərənin paytaxtı Londonda istifadəyə verilmiş bu unikal və rahat nəqliyyat vasitəsi hazırda 54 ölkənin 166 şəhərində uğurla fəaliyyət göstərir. Azərbaycan və onun paytaxtı da onların arasında öz yerini tutur.
Cənubi Qafqazın sənaye, elm və mədəniyyət mərkəzi sayılan Bakıda sürətli və rahat nəqliyyat növünün–metropolitenin inşası ideyası ötən əsrin otuzuncu illərində irəli sürülsə də, bu ideyanın reallaşması ilə bağlı layihələndirmə işlərinə qırxıncı illərin axırlarında başlanılmış, əllinci illərdə startı verilən tikinti az sonra dayandırılmış və yalnız altmışıncı illərin əvvəllərində bərpa edilərək davamlı xarakter almışdır. 1966–cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material–texniki təminat xidmətləri olan Bakı Metropoliteni İdarəsi yaradılması Azərbaycanda yeni ictimai nəqliyyat növünün təşkilati əsaslarını formalaşdırmış, 1967–ci il noyabrın 6–da metropolitenin beş stansiyadan—indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nərimanov” stansiyalarından və 9,2 kilometrlik yeraltı xətdən ibarət olan birinci növbəsi istismara verilmiş, noyabrın 25–dən isə bu stansiyalarda qatarlar müntəzəm hərəkətə başlamışdır.
Bakı metropoliteninin qısa tarixçəsindən də göründüyü kimi, onun real fəaliyyətə başlaması ulu öndərimizin respublikamızın ali rəhbərliyində çalışdığı, dövlət təhlükəsizliyi orqanlarına başçılıq etdiyi dövrə təsadüf etmişdir. Təbii ki, elə həmin vaxtdan metropoliten kimi təhlükəsizliyi fövqəladə vacib məsələ sayılan bir dövlət obyekti, burada görülən işlər, metro inşaatçılarının fədakar əməyi Heydər Əliyevin nəzər–diqqətində olmuşdur.
Metropolitenin 2002–ci ilin noyabrında keçirilmiş 35 illik yubilyeyində bu yeraltı nəqliyyat infrastrukturunun inşasındakı çətinlikləri xatırladan ulu öndərimiz demişdir: “Metronun tikilməsi və bu səviyyəyə gətirilməsi çox çətin iş idi. …İnşaatçılar böyük fədakarlıq göstərməsəydilər, metronu bu cür tikmək mümkün deyildi. Mənim xatirimdədir, 1976–cı ildə “Nizami” stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud, tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər”.
1969–cu ildə respublikada siyasi hakimiyyətin rəhbəri seçildikdən sonra Heydər Əliyev Bakı metropoliteninin genişləndirilməsi və inkişaf etdirilməsi üçün müstəsna xidmətlər göstərmişdir. Moskvanın —mərkəzi hakimiyyətin Bakıda metro tikintisi üçün hər il zəruri maliyyə və material resursları ayırmasına nail olmaq çox böyük çətinliklə başa gəlirdi. Yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, iradəsi və apardığı gərgin iş sayəsində bütün bu çətinliklər aradan qaldırılır, metropoliten böyüyür, yeni xətlər, stansiyalar tikilib istismara verilirdi.
Burada bir faktı da qeyd etməyi vacib sayıram: Heydər Əliyev keçmiş SSRİ hökumətində yüksək vəzifədə çalışdığı dövrdə də həm Bakı metropoliteninin tikintisinə əvəzsiz diqqət və qayğı göstərmiş, həm də ittifaqın digər metropolitenlərinin inşasına, onların yeni texniki vasitələrlə təchiz edilməsinə mühüm töhfələr vermişdir.
Bu barədə əsl həqiqəti Bakı metropoliteninin 35 illik yubiley tədbirlərində Rusiya Federasiyasındakı “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti Direktorlar Şurasının Sədri Yuri Soldatov söyləmişdir. Ulu öndərimizin Bakı metropoliteninə xüsusi diqqət və qayğı göstərməsi barədə yubiley mərasimində mənim dediyim sözlərə o öz çıxışında belə münasibət bildirdi: “Mən Bakı metropoliteni rəisinin sözləri ilə o qədər də razı deyiləm ki, Heydər Əlirza oğlu Əliyev Bakı metropoliteninə lazımi diqqət göstərmişdir. Mən deyərdim ki, əksinə, Heydər Əliyev bizim dövlətlərimizin metro tikintisinə və vaqonqayırma sahəsinin inkişafına misilsiz töhfə vermişdir. Mən bunu Prezidentinizin, təntənəli mərasim iştirakçılarının xoşuna gəlmək üçün demirəm. Əlimdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev yoldaşın yanında 1983–cü il dekabrın 23–də keçirilmiş iclasın protokolu var. Protokol 16 bənddən ibarətdir. Birinci bənddə hamımız ciddi töhmətləndirilirik. Həmin iclasda Nazirlər Soveti sədrinin müavini Antonov, Dövlət Plan Komitəsi sədrinin sədr müavini Voronin, yollar naziri Konorev, nazirlər Afanasyev, Polyakov, Kazanets və digər rəhbərlər, o cümlədən bizim maşınqayırma zavodunun direktoru da iştirak edirdilər. Qalan 15 bənd isə tapşırıqlardan ibarət idi. Burada vaqon istehsalını artırmaqdan, onların texniki səviyyəsini yüksəltməkdən, bu sahədə çalışan elmi–tədqiqat institutlarını yeni vaqon layihələrinin hazırlanması ilə məşğul olmağa məcbur etməkdən bəhs olunurdu”.
Yuri Soldatov çıxışını ulu öndərimizə müraciətlə belə yekunlaşdırdı: “Hörmətli cənab Prezident, bu sənəddə daha bir mühüm məqam var—Mıtişşi maşınqayırma zavodunda yeni vaqonların istehsalı üçün təzə korpusun tikintisi. Biz digər təşkilatlarla əməkdaşlıq şəraitində həmin korpusu tikdik və vaqonların yeni nəslinin istehsalını təşkil etdik. İlk 35 vaqonu istismara vermişik”.
Rusiyalı həmkarımızın bu etirafı, illər sonrası ulu öndərimizin xidmətlərinə verilən belə yüksək qiymət qəlbimizdə indi də böyük qürur hissi doğurur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə və Moskvada mərkəzi ali hakimiyyətdə çalışdığı illərdə Bakı metropoliteninin inkişafına göstərdiyi diqqət və qayğının real nəticələrinin statistikası belədir:
—1970–ci ildə “Ulduz” stansiyası, 1972–ci ildə “8–ci kilometr” yaşayış sahəsini şəhərin mərkəzi ilə birləşdirən “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyaları istismara buraxılmışdır;
—1976–cı ildə “Nizami” stansiyası istismara verilmişdir: onun memarı Mikayıl Useynov olmuş, stansiyanın divarlarını bəzəyən mozaik pannolar xalq rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında Sankt–Peterburqda hazırlanıb gətrilmişdir;
—1979–cu ildə “Bakmil” stansiyası ilk sərnişinlərini qəbul etmiş, 1985–ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI qızıl ordu” (indiki “20 Yanvar”), “Memar Əcəmi” stansiyaları hazır olmuşdur;
—1983–1987–ci illərdə Heydər Əliyevin dəstəyi sayəsində Bakı metrosunun inkişafına ayrılan vəsait hesabına sonrakı illərdə tikilən stansiyalar üçün kifayət qədər mal–material alınıb gətirilmiş, nəticədə, 1989–cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları istismara verilmiş, “Memar Əcəmi”nin şimal sahəsində üç stansiya üçün uzunluğu 4,8 kilometrdən artıq olan tunel inşa edilmişdir.
—inşası isə yarımçıq qalmış “Həzi Aslanov” stansiyası ulu öndərimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Avropa Birliyinin təmənnasız verdiyi 4 milyon avro hesabına tikilmiş, 2003–cü ilin iyun ayında istifadəyə verilmişdir;
—ümumən, Bakıdakı mövcud metro xəttinin
21,5 kilometri ulu öndərimiz Heydər Əliyevin vaxtında
inşa edilmişdir.
Ulu öndərimiz metronu
xalqımızın ən dəyərli milli sərvəti kimi
qorumağı tövsiyə edirdi
“Vətəndaşlarımız, ümumiyyətlə
xalqımız bilməlidir ki, bizim millətimizin əlində
nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət
müstəqil Azərbaycan dövlətinə yaxın
keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət
Azərbaycan xalqının zəhmətkeş
insanlarının böyük əməyi, əzmi nəticəsində
yaranıbdır və belə bir möcüzəli şəkil
alıbdır. Ona görə də Bakı metropoliteni Azərbaycan
xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən
dəyərli sərvətidir”.
Heydər Əliyev
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illər Bakı metropoliteni üçün də mürəkkəb bir dövr olmuşdur. Ənənəvi iqtisadi əlaqələrin kəsilməsi, respublikada bütün sahələrə sirayət edən ağır böhran, gərgin ictimai–siyasi vəziyyət, hakimiyyətə səriştəsiz və naşı adamların yiyələnməsi, belə bir şəraitdə bədnam erməni millətçilərinin respublikamızda törətdikləri quldurluq və işğalçılıq hərəkətləri nəticəsində Bakı metropoliteni də ciddi problem və təhlükələrlə üzləşmişdir.
Ulu öndər Heydər Əliyev həmin illərdə xalqmızın bu milli sərvətini qoruyub saxlayan metropoliten kollektivinin fədakarlığını yüksək qiymətləndirərək demişdir: “…Məhz belə insanların fədakar əməyi nəticəsində bizim bugünkü gözəl sərvətimiz—Bakı Metropoliteni var. Biz onların hamısına, – dünyasını dəyişənlərə də, bu gün işləyənlərə də, yaxud təqaüddə olanlara da,—həm inşaatçılara, həm də istismarçılara minnətdar olmalıyıq”.
Hamımız yaxşı xatırlayırıq ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verən anarxiya, xaos, özbaşınalıq milli dövlətçiliyimizi süquta uğramaq təhlükəsi altında qoymuşdu. Yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı nəticəsində bu təhlükə aradan qalxdı, Azərbaycan hərtərəfl tərəqqi yoluna çıxdı. Ulu öndərimizin ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı və 1994–cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Uğurla həyata keçirilən neft strategiyası ölkə iqtisadiyyatının sürətli inkişafında mühüm amilə çevrildi və bu inkişaf hər bir sahədə olduğu kimi, Bakı metropoliteninin fəaliyyətinə də olduqca müsbət təsir göstərdi.
Ulu öndərimiz 1990–cı illərdə
metropolitendə Ermənistanın xüsusi xidmət
orqanları tərəfindən planlaşdırılıb həyata
keçirilən terror hadisələri barədə dünya
ictimaiyyətinə ətraflı məlumat verilməsini də
vacib sayırdı. 2002–ci ilin noyabrında “Metro” Beynəlxalq
Assosiasiyasının üzvlərini qəbul edərkən
o, həmin hadisələri xatırladaraq, bədnam
qonşularımızın terrorçuluq əməlləri
barədə ətraflı danışmışdır. Ermənilərin təhriki ilə xalqımıza
qarşı ağır cinayət —çoxsaylı insan tələfatı
ilə nəticələnən partlayışlar törətmiş
şəxslər məhz Heydər Əliyevin rəhbərliyi
altında respublikamızın müvafiq orqanlarının həyata
keçirdikləri tədbirlər nəticəsində
tapılaraq ifşa edilmiş və layiqli cəzalarını
almışlar. Belə hadisələrin bir daha
baş verməməsi üçün ulu öndərimizin
göstəriş və tövsiyələri əsasında
metropolitendə ciddi təhlükəsizlik tədbirləri
görülmüşdür və bu gün metronun
bütün stansiyaları etibarlı şəkildə qorunur,
mühafizə edilir.
Ulu öndərimizin Bakı
metropoliteninin gələcəyi ilə bağlı arzuları
gerçəkliyə çevrilir
“Biz metro inşaatını davam etdirməliyik…İnşallah,
qarşıdan gələn 3–4 ildə Azərbaycanın gəlirləri
xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm
ki, bu gəlirlərdən Bakı metrosunun inşasının
davam etdirilməsi üçün mütləq istifadə etmək
lazımdır. Mən bunu edəcəyəm və güman
edirəm ki, məndən sonra gələn insanlar da bunu
mütləq etməlidirlər”.
Heydər Əliyev
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edildiyi kimi, tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz–üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bilmişdir. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi.
1993–cü ilin iyununda zəfərlə başa çatan Qurtuluş hərəkatı nəticəsində müstəqil dövlət quruculuğunun bərqərar olması, hərtərəfli sosial–iqtisadi islahatların aparılması —ulu öndərimizin Azərbaycanı böhran və xaosdan çıxarmaq, dirçəltmək, onun suverenliyini, bölünməzliyini təmin etmək, ağır mərhumiyyətlərlə üzləşmiş xalqın özünəinamını bərpa etmək və sosial vəziyyətini yaxşılaşdırmaq naminə gördüyü bütün işlər qısa bir vaxtda bəhrəsini vermişdir. Heydər Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın dövlət müstəqilliyi nəinki tam möhkəmlənmiş, həm də gələcək inkişaf və tərəqqinin sarsılmaz təməli qoyulmuşdur. Əgər respublikaya rəhbərliyinin birinci dövründə ulu öndərimiz hələ o vaxt arzularda yaşayan istiqlalımız üçün bünövrə yaratmışdısa, müstəqil respublikamıza başçılıq etdiyi illərdə o, Azərbaycan dövlətçiliyinin yeni, şərəfli səhifəsini yazmış, müasir dövlətimizin dünya birliyində öz layiqli yerini tutmasını, müstəqilliyimizin əbədiliyini təmin etmişdir.
Bu gün ümummilli liderimizin layiqli varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında özünün müstəqil siyasəti ilə dünya miqyasında söz sahibinə çevrilmiş Azərbaycan Respublikası regionumuzun dinamik və davamlı inkişaf edən lider ölkəsidir. Bu gün biz Cənubi Qafqaz iqtisadiyyatının, təxminən, 80 faizinin Azərbaycanın payına düşməsi kimi möhtəşəm bir göstəricidən haqlı olaraq qürur duyuruq. Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolu və iştirakı daim artmaqdadır. Hesablamalara görə hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30–40 faiz təşkil edir.
Dünya siyasətinin formalaşmasında iştirakını hazırda BMT Təhlükəsizlik Şurasının üzvü kimi gerçəkləşdirən Azərbaycan həm də çox iri və möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. “Eurovision”, BMT–nin İnternet İdarəçilik Forumu, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi missiyasını uğurla icra edən ölkəmizdə yaxın vaxtlarda Davos İqtisadi Forumu, 2015–ci ildə isə Birinci Avropa Oyunları keçiriləcəkdir. Bu il ilk telekommunikasiya peykimizin orbitə çıxarılması, kosmik sənayenin yaradılması Azərbaycanın vüsətli inkişafının miqyasını parlaq şəkildə nümayiş etdirir. Azərbaycanda ardıcıllıqla həyata keçirilən Heydər Əliyev siyasəti regionun mühüm təhlükəsizlik amili kimi qiymətləndirilir.
Metropolitenin gələcəyi barədə ulu öndər Heydər Əliyevin arzularının gerçəkləşdirilməsi də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı möhtəşəm quruculuq işlərinin mühüm istiqamətlərindəndir və ictimai nəqliyyatın bu mühüm sahəsində çalışanların, onun xidmətindən istifadə edənlərin hər birinin qəlbində qürur, iftixar və dərin minnətdarlıq hissi doğurur.
Azərbaycanın hazırkı inkişafını irəlicədən görən Heydər Əliyev dərin inam və əminlik hissi ilə bildirirdi ki, uğurla həyata keçirilən iqtisadi layihələrdən dövlətimizin əldə etdiyi gəlirdən gələcəkdə metropolitenin inkişafı, genişləndirilməsi və yenidən qurulmasına pay ayrılacaqdır.
Son 10 il ərzində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi Bakı metrosunda çox böyük tikinti və quruculuq işləri aparılmasına geniş imkanlar açmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Bakı Metropoliteninin perspektiv inkisafı ilə bağlı bəzi tədbirlər haqqında” 2008–ci il 10 noyabr tarixli Sərəncamı ilə sərnişin nəqliyyatı sistemini təkmilləşdirmək və şəhər nəqliyyatında hərəkətin gərginliyini azaltmaq məqsədilə”Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” təsdiq edilmiş və metropolitenin yeni perspektiv sxemi hazırlanmış, onun icrasına başlanmışdır.
Son illər tikilib istifadəyə verilmiş və müasir üslubda bərpa edilmiş metro stansiyaları, ulu öndərimizin istəyinə uyğun olaraq özünün mükəmməl arxitekturası ilə Bakının memarlıq ənənələrini daha da zənginləşdirir, əsl mədəniyyət abidəsi kimi şəhərə yaraşıq verməklə yanaşı ilk növbədə, çoxmilyonlu paytaxt sakinlərinin rahat və təhlükəsiz gediş–gəlişini təmin edir.
Ulu öndərimizin arzu və tövsiyələrini bütün sahələrdə dönmədən yerinə yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev metropoliten işçilərinin çətin, məsul, şərəfli əməyini də daim yüksək qiymətləndirir. Dövlətimizin başçısının 29 oktyabr 2006–cı il tarixli sərəncamı ilə hər il 8 noyabr metro işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Son illərdə möhtərəm Prezidentin fərmanları ilə Bakı metropoliteninin bir qrup işçisi yüksək mükafatlara “Şöhrət”ordeninə, “Tərəqqi” medalına, bir sıra fəxri adlara layiq görülmüş, əmək veteranlarından bir neçəsinə Prezident təqaüdü təyin edilmiş, metropoliten işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlər görülmüşdür.
Bakı metropolitenindəki yeniliklər, uğur və nailiyyətlər ulu öndərimizin 90 illik yubileyinə çox böyük töhfədir. Ən son yenilik vaqon parkımızın ən müasir vaqonlarla təchiz edilməsi sahəsində görülən işlərdir. Rusiyanın “Mıtişşi” zavodundan aldığımız bir heyətlik —5 vaqon texniki təchizatına görə əvvəlkilərdən xeyli fərqlənir. Bu vaqonlarda sərnişinlərin nəinki rahatlığı və təhlükəsizliyi, həm də sağlamlığı, yoluxucu xəstəliklərdən qorunması üçün texniki vasitələr quraşdırılmışdır. Hazırda sınaq müddəti keçən yeni vaqonlardan daha 3 heyət alıb gətirməyi və gələn il istifadəyə veriləcək “Avtovağzal”, “Əcəmi–2″ stansiyalarında istismara buraxmağı nəzərdə tuturuq. Həmin stansiyalarla yanaşı, hərbi hospitalın qarşısında yerləşəcək stansiyada da hazırda tikinti işləri aparılır. Oradan isə Heydər Əliyev İdman–Konsert Kompleksinin yaxınlığında inşası üçün yer müəyyənləşdirilmiş stansiyaya doğru yeni tunel qazılacaqdır. “H.Aslanov” stansiyasından Yeni Günəşliyə çəkilən tunelin isə uzağı, 2016–cı ildə başa çatdırılacağını gözləyirik. Hazırda Bakı metropolitenin 8 stansiyasında və 2 depoda tikinti işləri gedir. Ümumiyyətlə, metro tikintisinin ən qızğın vaxtlarında belə indiki sürət olmamışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin konseptual sxemdə qarşımıza qoyduğu tələb belədir: 2030–cu ilə qədər Bakıda əlavə olaraq 50 metro stansiyası tikilməlidir.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” dövlətimizin başçısının Sərəncamında qeyd edildiyi kimi, ulu öndərimiz öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai–siyasi həyatımızda öz əksini tapmışdır.
Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin yüksək tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial–iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir. Bir vacib məsələni də diqqətə çatdırım ki, bu günlərdə Bakı Metropolitenində ulu öndərin irsini öyrənən və təbliğ edən “Heydər Əliyev məktəbi”nin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda xalqımızın dahi oğlunun 90 illiyinə hazırlıq məsələlərindən söhbət açılmışdır. Qeyd edilmişdir ki, metropoliten kollektivi ulu öndərin doğum gününün—mayın 10–nun respublikamızda ümumxalq bayramı elan olunması barədə təklif irəli sürmüşdür. Tədbir iştirakçıları bu təklifi yekdilliklə dəstəkləmiş və kollektivin arzusunun müvafiq instansiyalara çatdırılmasını xahiş etmişlər.
Ulu öndərimizin müqəddəs adı və
əziz xatirəsi Bakı metropolitenin çoxsaylı əmək
kollektivinin hər bir üzvünün qəlbində daim
yaşayır, daim uca tutulur. Biz Heydər Əliyevin milli sərvət
adlandırdığı Bakı metropolitenini möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında bundan sonra da xalqın əmanəti kimi qoruyacaq, əzmlə
inkişaf etdirəcək, müasirləşdirəcəyik!
Tağı ƏHMƏDOV,
Bakı Metropoliteninin rəisi
Respublika.- 2013.- 2 aprel.- S. 4.