Suraxanıda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir

 

Suraxanı rayonunda 31 Mart—Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Belə ki, Suraxanı rayonunun Heydər Əliyev Mərkəzində elektron lektoriya zalında 27–30 mart tarixlərində rayonda təhsil alan şagirdlərə azərbaycanlıların soyqırımı haqqında filmin nümayişi təşkil edilmiş, ermənilərin törətdiyi dəhşətli cinayət hadisələri bir daha şagirdlərin diqqətinə çatdırılmışdır. Eyni zamanda rayondakı orta ümumtəhsil məktəblərində 31 Mart—Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlərin sərgisi təşkil olunmuşdur.

Martın 30–da Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı tərəfindən 31 Mart—Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak etmişlər. İlk öncə, tədbirdə Heydər Əliyev Fondu tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən bəhs edən sənədli film göstərildi. Film bütünlüklə tarixi sənədlərə əsaslanaraq ermənilərin 200 ildən çox müddət ərzində azərbaycanlılara qarşı törətdiyi soyqırımdan, torpaqlarımızı işğal etməsindən, Xocalıda dinc əhaliyə qarşı qətliamlar törədilməsindən bəhs edirdi.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətnin başçısı İlqar Abbasov söylədi ki, hər il 31 Mart—Azərbaycanlıların Soyqırımı Günü ölkəmizdə dövlət səviyyəsində anılır. Bu təqvim son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918–ci il 30 mart – 2 aprel tarixlərində erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti qurmaqdır.

Tədbirdə azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyev tərəfindən 26 mart 1998–ci il tarixli fərmanın imzalanmasının müstəsna əhəmiyyəti də vurğulandı. İlqar Abbasov qeyd etdi ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündə çox ciddi layihələr reallaşdırır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən aparılan təcavüzü, zorakılığı, soyqırımı diqqətə çatdıraraq tarix boyu xalqımıza qarşı törədilən bu cinayətləri heç vaxt unutmamağı söylədi.

Milli Məclisin deputatı Fərəc Quliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək 31 mart hadisələrində ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən, Xocalıdakı qətliamlardan danışdılar.

Tədbir iştirakçıları tərəfindən məktəblilərin hazırladığı musiqili ədəbi–bədii kompoziya maraqla qarşılandı. Məktəblilər Qarabağa, vətənə, torpağa həsr olunan şeirlər söylədilər.

Sonda İlqar Abbasov tədbiri yekunlaşdıraraq bildirdi ki, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, xalqımıza qarşı törədilmiş vəhşiliklər haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək soyqırım qurbanlarının xatirəsi qarşısında hər birimizin müqəddəs borcu olmalıdır.

 

 

Təranə CƏBİYEVA

 

Respublika.- 2013.- 2 aprel.- S. 5.