ZƏNGƏZUR VƏ
QARABAĞDA AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI
(əvvəli
ötən sayımızda)
Şahidlərin verdiyi məlumatlara görə, Cavanşir qəzası müsəlman Milli Şurası ermənilərlə əvvəlki mehriban qonşuluq münasibətlərini bərpa etmək üçün hər cür cəhdlər göstərir və çalışırdılar ki, Kolanlı kənd icmasına daxil olan kəndlərin əhalisini bu acınacaqlı vəziyyətdən çıxarsınlar. Onların bütün ciddi cəhdlərinə baxmayaraq, ermənilərin barışmaq istəməmələri üzündən bir nəticə əldə edə bilmirdilər, Kolanlı kənd icmasına daxil olan kəndlərin azərbaycanlı əhalisinin bu cür kölə vəziyyəti bir çox aylar, bəzi kəndlərdə isə hətta 1918–ci ilin sentyabr–dekabr aylarına qədər davam etmişdir. Nəhayət, ermənilərin əlindən cana doymuş həmin kəndlərin əhalisi birlikdə qərara gəlirlər ki, nə yolla olursa–olsun və nə qədər insan tələfatı hesabına başa gəlmiş olsa belə, onlar erməni quldur dəstələrinin əhatəsini yarıb arandakı azərbaycanlı kəndlərinə getməlidirlər. Həqiqətən də, onlar bu əməliyyatı yalnız dəhşətli tələfatlar hesabına həyata keçirə bilmişlər. Bu kəndlərdən qaçan azərbaycanlılar, sözün əsl mənasında, özlərinin hər şeylərindən — mal–heyvanlarından, evlərindən, bütün ev avadanlıqlarından, ərzaq məhsullarından məhrum olurlar. Qaçqın kəndlilərin çoxu, xüsusilə qadınlar və uşaqlar soyuqdan, aclıqdan və xəstəlikdən yollarda məhv olurlar. Çoxlu qaçqın erməni quldur dəstələri tərəfindən yollarda məhv edilirdi. Kəndlərdən qaça bilməyən və ya qaçmağa imkanı olmayan xəstə, qoca və hətta əlillərə belə ermənilər aman vermədən onları son nəfərlərinə qədər qəddarcasına güllələmiş və ya xəncərlə doğramışlar.
Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət–Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi erməni təqiblərindən yaxa qurtarmaq üçün payız aylarında uzun və çətin dağ yolları ilə Murov dağını böyük tələfatlarla aşaraq Cavanşir qəzasının aran kəndlərinə gəlirlər və həmin qəzanın müxtəlif kəndlərində yerləşdirilirlər.
Yuxarıda deyildiyi kimi, Cavanşir qəzasının milli müsəlman şurası dəfələrlə ermənilərin yanına barışıq üçün nümayəndə heyəti göndərmişdi. Bu nümayəndə heyətinin rəhbərlərindən biri — Məşədi Alış İsmayılov Fövqəladə Təhqiqat Komissiyasına izahatında bildirmişdi ki, ermənilər onları çox pis qarşılayır, nümayəndə heyətinin üzvlərini hədələyir, qorxudur və təhqir edirdilər. Belə ki, Marağa kənd erməni icmasının kəndxudası Nerses Manukov onları hədələyərək demişdir: “Bu hələ harasıdı, siz bir dayanın, görün hələ sizi nələr gözləyir”.
Ermənilərin həyasızlığı o yerə çatmışdı ki, 1918–ci ilin yaz və yay aylarında Cavanşir qəzasının düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da zorakılıqlar tətbiq edirdilər. Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq onlara böyük zərər vururlar. İş o həddə gəlir ki, aran kəndlərində içməli su belə çatışmır. Bu kəndlərin əhalisi 1918–ci ilin yayında öz mal–heyvanlarını yaylaqlara köçürə bilmədikləri üçün çoxlu tələfat olur.
Ən maraqlısı odur ki, N.Mixaylovun 1919–cu il mayın 9–da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər bu qəzada onların yaşadıqları torpaqları Ermənistan Respublikasının ərazisi elan edərək Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmirlər və əvvəlki kimi öz zorakılıq hərəkətlərini davam etdirirlər.
N.Mixaylovun məruzəsində göstərilirdi ki, Cavanşir qəzasında yuxarıda göstərilən 12 azərbaycanlı kəndini tamamilə dağıtmaqdan əlavə, erməni quldur dəstələri tərəfindən ətrafdakı digər azərbaycanlı kəndlərinə də basqınlar edilir, adamlar qarət olunur və qətlə yetirilirlər. Azərbaycanlıların iribuynuzlu və xırdabuynuzlu mal–heyvan sürülərini zorla sürüb aparırlar.
Şahid İsgəndərovun ifadəsində bildirilirdi ki, ermənilər istədikləri vaxt dəstələrlə azərbaycanlılar yaşayan ərazilərə gəlirlər. Özü də həyasızlıq o yerə çatmışdır ki, onlar Tərtər bazarında təkcə alver etməklə qalmayıb, həm də azərbaycanlılardan oğurladıqları mal–heyvanı yenidən onlara satmaqdan belə utanmırdılar.
Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara və hətta şikəstlərə belə aman vermədən azərbaycanlılara qarşı çoxsaylı həyata keçirmişlər. Bir çox hallarda isə onlar ağlasığmaz qətl formaları tətbiq etmişlər. Məsələn, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmiş, sonra isə onların cəsədlərini doğrayaraq hər hissəsini bir yerdən asmışlar. Həmkəndliləri onları bu vəziyyətdə tapanda hansı hissənin kimə məxsus olduğunu belə ayırd edə bilməmişdilər. Hacı Qərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızının döşləri kəsilmişdir, Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu qəddarlıqla qətlə yetirilmiş və meyitləri yandırılmışdır. Sırxavənd–Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və yandırılmışdı. Güneyqaya–Sırxavənd kəndinin sakinləri Şərit İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyitləri ermənilər tərəfindən başları kəsilib aparılmış şəkildə tapılmışdır.
Şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyası Cavanşir qəzasında azərbaycanlılara qarşı vəhşiliklər törədilməsinə rəhbərlik etmiş ermənilərin adlarını da müəyyənləşdirmişdi. Bunlar Yuxarı Qarxun kəndində torpaq sahibi mühəndis Konstantin Abramov, Avan Yuzbaşevin malikanəsini idarə edən Baqrat bəy Məlik–Şahnazarov, Marağalı kənd icmasının kəndxudası Nerses Manukov, Gülyataq kəndinin sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artyom və Muku Sukiasovlar, Yevrem və Nikolay Şahbaqovlar, Bazarkənddən Nikolay Saruxanov, Vank kəndindən Tiqran Asan Cəlalov, Yuxarı və Aşağı Çaylı kəndlərindən Şamir Ağabekov, Setrak Usubbekov, Talış kəndindən Tyuni Atambekov, Ağdərə kəndindən Karapet Anastasov, Talış kəndindən İsakk və Minas Ter–Danielov qardaşları, həmin kənddən Rüstəm Babayev, Çardaxlı kəndindən Baxış Avnesov, Aşağı Çaylı kəndindən Akopcan Masesov, Nikolay Sokratov, Ağdərəli Markos bəy Ter–Astsaturov, Marqoşavan kəndindən Atakişi Xaçaturov və başqaları idi. Özü də bu ermənilər Cavanşir qəzasında azərbaycanlılara qarşı törədilən eşidilməmiş vəhşiliklərin təkcə rəhbərləri deyil, həm də şəxsən onların öldürülməsi, onlara işgəncə və əzablar verilməsinin iştirakçıları idilər.
Fövqəladə Təhqiqat Komissiyasına təqdim olunmuş məlumatlar və onların əsasında tərtib edilmiş aktlara əsasən Cavanşir qəzasında ermənilərin bu qəzanın müsəlman əhalisinə vurduğu zərər onlarca milyon manata bərabər olmuşdu.
Qarabağ bölgəsində 1918–ci il və 1919–cu ilin əvvəllərində daha çox erməni təzyiqlərinə məruz qalan qəzalardan biri də Cəbrayıl qəzası idi. Cəbrayıl qəzası 12 azərbaycanlı və 3 erməni kənd icmasından ibarət idi. Yuxarı Qarabağın başqa qəzalarında olduğu kimi, bu qəza da öz ərazilərinin yerləşmə vəziyyətinə görə elədir ki, düzənlikdəki kəndləri əksərən azərbaycanlı kəndləri idi. Qorxudan ermənilər buraya hücum etməyə cürət etmirdilər. Bilirdilər ki, hücum etsələr, layiqli cavab alacaqlar. Ona görə də onlar dağətəyi azərbaycanlı kəndlərinə hücum etmiş və ən çox zərər çəkənlər də məhz bu kəndlərin əhalisi olmuşdur.
Fövqəladə Təhqiqat Komissiyasının topladığı material və dindirilmiş şahidlərin ifadələrinə görə, ilk əvvəllər Qarabağın başqa qəzalarında ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklər haqqında deyilənləri Cəbrayıl qəzasının azərbaycanlı əhalisi ağıllarına belə sığışdıra bilmirdilər. Çünki qəzanın erməni əhalisi onları həmişə əmin edir və inandırırdılar ki, bu qəzanın azərbaycanlı əhalisinə qarşı belə hallar heç vaxt baş verə bilməz. Ona görə də məkrli erməni siyasətini başa düşməyən qəzanın sadəlövh azərbaycanlı əhalisi hələ onlara inanıb müdafiə haqqında düşünmür, ermənilərə qarşı hər hansı müqavimət göstərməyi belə ağıllarına gətirmirdilər.
1918–ci il dekabrın ilk günlərindən ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı çıxışa başlayırlar. Ermənilər əvvəlcə tək–tək qətllər törədir, hücum edərək azərbaycanlı kəndlərinə məxsus mal–heyvanı sürüb aparırdılar. Getdikcə daha mütəşəkkil hərəkət edən erməni quldur dəstələri azərbaycanlı kəndlərinə açıq silahlı basqınlar etməyə başlayırlar. Buna baxmayaraq, Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin dindirdikləri şahidlərin ifadələrində və Cəbrayıl qəza rəisinin 1919–cu il fevralın 17–də Qarabağ general–qubernatoru X.Sultanova raportunda bildirilirdi ki, “qəzanın müsəlman əhalisi bu cür hadisələri böyük təəssüf hissi ilə qarşılayaraq, heç bir fəal mübarizə yoluna keçməyərək yalnız özlərini və öz əmlaklarını erməni hücumlarından qorumaq üçün müdafiə mövqeyi tutmuş və ermənilərə qarşı heç bir qeyri–qanuni hərəkətə yol verməmişlər. Buna da sübut odur ki, bu müddət ərzində erməni kəndlərindən heç biri müsəlmanlar tərəfindən zərər görməmişdir”.
1918–ci il və 1919–cu ilin əvvəllərində erməni quldurlarının Cəbrayıl qəzasında törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyasının məruzələrində geniş məlumatlar var. Onlardan bəzilərini nəzərdən keçirək.
1918–ci il dekabrın 26–da gecə Düdükçü, Edilli, Ağbulaq, Qoqo, Çirakuz və Axullu kəndlərinin erməniləri Düdükçü kəndinin azərbaycanlılar yaşayan hissəsini dağıtmış və evlərini yandırmışlar. Dekabrın 7–də həmin kəndlərin silahlı erməni quldur dəstələri Arış kəndi əhalisinin qoyun sürülərini sürüb aparmışlar. Dekabrın 5–də isə silahlı ermənilər Qaragöllü kəndinə hücum edərək qoyun sürülərini aparmışlar. Dekabrın 2–də erməni silahlı quldur dəstələri Aşıq Məlikli kəndinə hücum edərək əmlaklarını talan edib yandırmış, mal–heyvanlarını isə sürüb aparmışlar. Elə həmin gün ermənilər Xolaflı, Totor, Şıxlar kəndlərini talan etmiş və yandırmış, mal–heyvanların bir hissəsini məhv etmiş, bir hissəsini isə sürüb aparmışlar. Həmin il dekabrın 18–də Sirik kəndi ermənilər tərəfindən qarət olunmuş və yandırılmışdır. 1919–cu il fevralın 27–də Ağcakənd, Dələnlər və Mülkədarlı kəndlərinin erməniləri yenidən Sirik kəndinə hücum edərək yenə də bu kəndin bir hissəsini yandırmışlar.
Məruzədə 1918–ci ilin sonları və 1919–cu ilin əvvəllərində Cəbrayıl qəzasında erməni silahlı quldur dəstələrinin azərbaycanlılar yaşayan digər kəndlərə — Eyvazlı, Dolanlar, Şıxlar, Məlikli və s. hücum edərək azərbaycanlı əhalinin əmlakını qarət edərək yandırdıqları, mal–heyvanlarını isə sürüb apardıqları haqda çoxlu faktlar sadalanır.
Cəbrayıl qəzasında azərbaycanlı kəndlərinin qarət edilməsi və yandırılması həm də azərbaycanlıların qətlə yetirilməsi və yaralanmaları ilə müşayiət olunurdu. Məsələn, Axullu kəndinin qarəti və yandırılması zamanı 2 kişi, 3 qadın və 1 uşaq öldürülmüş, 1 kişi yaralanmışdı. Məlikli kəndinə hücum zamanı 1 kişi, Məzrə kəndinə hücum zamanı 6 kişi öldürülmüş, Sirik kəndinə hücüm zamanı isə 11 kişi, 10 qadın, 14 uşaq qətlə yetirilmiş və 2 kişi yaralanmışdır. Başqa kəndlərə hücumlar zamanı da ölənlər və yaralananlar olmuşdur.
Erməni quldur dəstələrinin azərbaycanlı kəndlərinə hücumları zamanı onlara rəhbərlik etmiş ermənilərin çoxu şahidlər və zərərçəkənlər tərəfindən tanınmışlar. Maraqlıdır ki, bunlar qəzanın müsəlman əhalisini daim sakitliyə çağıran, ermənilərin onlara qarşı heç bir hərəkət törətməyəcəklərinə inandırmaq istəyən ermənilər idi. Qəzanın azərbaycanlı əhalisindən olan şahidlər bu quldurların 60 nəfərdən çoxunun adını və familiyasını təhqiqat komissiyasının üzvlərinə demişlər. Bunların arasında Şuşa qəzasından olan, azərbaycanlı əhaliyə qarşı qəddarlıqda bütün Qarabağda ad çıxarmış Xurşud bəy, Markar bəy, İşxan bəy və Sumbat bəy (adlara baxın: axırında da bəy titulu—A.P.) İşxanov qardaşları, Şuşalı Sokrat bəy Məlik–Şahnəzərov, Düdükçüdən Balasan Hayrapetov, Karapet Ohancanov, yüzbaşı Markez, praporşik Aslan Sərkisov, Muxan Martirosov və başqa cəlladlar var idi.
Cəbrayıl qəzasında ermənilərin azərbaycanlılara vurduqları maddi ziyan ən adi hesablamalara görə on milyonlarla manata bərabər idi.
Qarabağda ermənilərin azərbaycanlılara vurduğu ən böyük ziyan Şuşa qəzasının ərazisi və ermənilərin həmişə əllərinə keçirmək üçün diş qıcadıqları Şuşa şəhəri idi. Çoxlu təkzib olunmaz tarixi faktlardan da məlum olduğu kimi, əvvəllər İran şahlarına yaltaqlıq edərək dünyanın bu cənnətməkan diyarında əllərinə mülklər keçirən erməni məlikləri əsrlərlə bu ərazidə ermənilərin sayını artırmaq üçün dəridən–qabıqdan çıxmış, ikiüzlülüyün, namərdliyin, satqınlığın ən iyrənc formalarından məharətlə istifadə etmişdilər. Ancaq heç kimə sirr deyil ki, bütün Qafqazda, o cümlədən də Qarabağda möhkəmləndikləri ilk günlərdən başlayaraq ermənilər yerli əhaliyə qarşı əvvəlcə gizli, sonra isə açıq şəkildə xəyanətə və mübarizəyə keçmişdilər.
Şuşa qəzası çox ərazidə Zəngəzur qəzası ilə sərhəd olub, dağlıq və dağətəyi azərbaycanlı kəndləri də bir–birindən ayrı düşüb və hər tərəfdən erməni kəndləri ilə əhatə edilmişdi. Ermənilər azərbaycanlı kəndlərinin bu vəziyyətini həmişə nəzərə almış və həmin kəndləri mühasirədə saxlamaq, dağıtmaq və onlara qarşı hər cür yaramazlıqlar törətməyə müvəffəq olmuşlar.
Rusiyadakı 1917–ci il fevral inqilabına qədər Şuşa qəzasında ermənilərin azərbaycanlı əhaliyə qarşı qeyri–səmimi münasibəti, 1905–ci il erməni–azərbaycanlı toqquşması dövrü nəzərə alınmazsa, açıq nümayiş etdirilməmişdir. 1917–ci ildə Rusiyada dövlət çevrilişindən sonra onsuz da lazımi qədər silah əldə etmiş ermənilər daha sürətlə silahlanmağa başlayırlar. Silahlı erməni quldur dəstələri cəbhələrdən qaçan fərari erməni əsgər və zabitlərinin hesabına getdikcə daha da çoxalır. Nəticədə özlərində güc hiss edən ermənilər, özlərini azərbaycanlılara qarşı çox həyasızcasına aparmağa başlayırlar. Azərbaycanlılarla mübarizədə daha çox müvəffəqiyyət əldə etmək üçün Daşnaksütyun partiyası müsəlmanlar arasında sinfi mübarizəni qızışdırır. Nəticədə bir çox azərbaycanlı mülkədarı, o cümlədən Fərrux bəy Vəzirovun zəngin və nümunəvi mülkü dağıdılır. Bundan məharətlə istifadə edən ermənilər erməni Levon Vartapetovu qəza komissarı seçdirirlər. O isə qəzada milis heyətini yalnız ermənilərdən ibarət təşkil edir.
Şuşa–Qaryagin və Şuşa–Əsgəran yollarını ermənilər tamamilə nəzarət altına alır, həmin yollarla gedib–gələn azərbaycanlıları qarət edib silahlarını əllərindən alaraq tədricən həmin keçidləri tamamilə azərbaycanlıların üzünə bağladır. Bu quldur dəstələrini getdikcə ermənilər daha mütəşəkkil hərbi formaya salırlar. Ermənilərin bu hərəkətləri keçmiş Türkiyə vətəndaşı, satqın general Andranikin dəstələri Gorusa gəldikdən sonra daha da fəallaşır. Azərbaycan ərazilərindən keçərək Gorusa gələn bu avantürist burada bütün Qarabağ ermənilərinin ümumi hərbi mükəlləfiyyətini elan edir. Həmin vaxtdan başlayaraq Andranikin əsgərləri, erməni kəndliləri ilə birlikdə Zəngəzur qəzasında müsəlman kəndlərini məhv etməyə, yandırıb dağıtmağa, əhalini vəhşicəsinə qırmağa başlayır. Sonra Andranik 3 dəfə Zabux dərəsindən keçərək ermənilərin “Kiçik Ermənistan” adlandırdıqları ərazini — Qarabağın mərkəzi Şuşa şəhərini tutmağa təşəbbüs edir. Lakin onun hücumları yerli müsəlman əhali tərəfindən müvəffəqiyyətlə dəf edilir. Hər dəfə qanlı döyüşlərdə Andranik böyük itki verərək geri çəkilməyə məcbur olur.
Hər tərəfdən erməni əhatəsində olan Şuşanın vəziyyəti çox ağır idi. Əhalisinin çoxu azərbaycanlı olan Şuşa və ətrafdakı bir neçə müsəlman kəndi 173 erməni kəndi tərəfindən üzük qaşı kimi əhatəyə alınmışdı. Bura gələn yolların ermənilər tərəfindən kəsilməsi nəticəsində 8 ay, yəni türklər gələnə qədər Şuşa şəhəri və dağ zonasındakı azərbaycanlı kəndlərindəki azərbaycanlı əhalinin vəziyyəti, həqiqətən də, faciəli idi.
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində qeyd edilirdi ki, Şuşa şəhəri və ətraf kəndlərdəki erməni əhalisi Azərbaycanın hakimiyyətini tanımayıblar, bu günə qədər də tanımaq istəmirlər. Onlar çalışırlar ki, Qarabağın Verand, Dzax, Xaçın və Zəngəzur ərazilərini Azərbaycandan ayırıb Ermənistana birləşdirsinlər. Qarabağın erməni əhalisi indiyə kimi Azərbaycan hökumətinə vergi verməkdən və hər hansı mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edir. 1–ci və 2–ci polis sahəsində erməni quldur dəstələri Sokrat bəy Məlik–Şahnazarovun rəhbərliyi ilə öz cinayətkar hərəkətlərini davam etdirirlər. Bu günə qədər də Ağdam–Qaryagin yolu bağlıdır. Ermənilər, xüsusilə Qarakənd kəndinin erməniləri həmin yoldan keçməyə cürət edən müsəlmanları qarət edir və qətlə yetirirdilər.
Komissiyanın məruzəsində erməni yaramazlıqlarına dəqiq qiymət verilmişdir. Orada deyilirdi: “Hər yerdə olduğu kimi, Şuşa qəzasında da ermənilər öz taktikalarına, həmişəki kimi, sadiq qalmışlar. O yerdə ki onlar çoxluq təşkil edirlər, orada onlar özgə xalqlara qarşı zülm etmək və güc işlətməkdə amansızdırlar. O vaxt ki, onlar azlıq təşkil edirlər, kimə istəsəniz və necə istəsəniz qulluq etməyə həmişə hazırdırlar”.
Sonra məruzədə şahidlərin şəhadətləri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanırdı. Şahidlərin ifadələrinə görə, 1918–ci ilin dekabrında ermənilər 2–ci polis sahəsinə daxil olan Qoqo kəndinin azərbaycanlılar yaşayan 55 evdən ibarət xanimanlarını dağıdır və yandırırlar. Mülkədar Cavanşirin də malikanəsini dağıdıb yandırır, ailə başçısı Əsəd Ağa Cavanşiri, onun oğlu Soltan ağanı, qızı İranə Bəyimi, qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev qulluqçusu İncə İbad qızını, nökərləri Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli Kərbalayı Ələsgər oğlunu öldürür, ölüləri təhqir edərək onları soyundurub sonra da xəncərlə doğrayırlar. Kəndin azərbaycanlı əhalisinə və mülkədar Cavanşirə məxsus ev və tikililəri yandırılır, bütün avadanlıq, mal–qara və kənd təsərrüfatı alətləri qarət edilib aparılır.
Ermənilər Tuğ kəndinin azərbaycanlılara məxsus hissəsini də dağıdırlar. Hətta 1919–cu ilin mayınadək, yəni komissiya məlumat hazırlayana qədər həmin kəndin azərbaycanlı əhalisi əsir kimi saxlanılmış, onlara kənd təsərrüfat işləri ilə məşğul olmağa belə icazə verilməmiş, onları ac saxlayaraq ermənilərin hakimiyyətinə tabe olmağı tələb etmişdilər. Tuğ mülkədarı Ağa bəy Məlik–Aslanovun üzərinə hücum edən ermənilər onu öldürüb, əmlakını müsadirə etmiş, Tuğ sakini Güldəstə xanım Nəcəf bəy qızını da ermənilər döyə–döyə öldürmüşdülər. Tuğ yolunda ermənilər Novruz Qasım oğlunu və mülkədar Səlim bəy Məlik–Aslanovu qarət edərək, sonra da döyüb öldürmüşdülər.
1918–ci ilin payızında ermənilər 33 evdən ibarət Salakətin kəndini tamamilə dağıdaraq yandırmış, əmlaklarını isə qarət etmiş, mal–heyvanlarını sürüb aparmış və torpaqlarını ələ keçirmişlər. Elə həmin vaxtlar ermənilər Şıxımlı, Kövşatlı, Divanlılar və Çaraküz kəndlərini də tamamilə yandırmış, azərbaycanlıların əmlakını qarət edərək, mal–heyvanlarını sürüb aparmış, bağlarını doğramışdılar.
1918–ci ilin yayında ermənilər Pərioğlular kəndi yaxınlığındakı köçəri alaçıqlarına hücum edərək onları dağıdıb qarət etmiş, Zarisli kəndinə məxsus 300 baş iribuynuzlu mal–qaranı sürüb aparmışlar. Elə həmin vaxt Molla Nəsrəddin yolunda ermənilər Şuşadan Cəbrayıla un dalınca getmiş 12 nəfər azərbaycanlını qətlə yetirmiş, Təkli kəndindən 700–dən yuxarı qoyunu sürüb aparmışlar.
1919–cu il martın 9–da ermənilər Şuşa şəhərinə yaxın yolda 4 nəfər azərbaycanlı əsgəri soyunduraraq güllələmiş və 3 nəfərin ölüsünü isə gizlətmişlər.
Şuşa qəzasının 1–ci və 3–cü polis sahələrində də 1918–ci ilin avqustunda ermənilər Atmazlı, Keştmazlı və Qazanlı kəndlərinin köçərilərinin bütün heyvanlarını sürüb aparmış, ev əşyalarını isə talan etmişlər. Həmin vaxt ermənilər 240 ailədən ibarət Gülablı kəndini dağıtmış, kəndlilərin əşyalarının çoxunu qarət etmiş və demək olar ki, bütün mal–heyvanlarını sürüb aparmışlar. Ermənilər Xıdırlı kənd icmasına məxsus çoxlu iribuynuzlu mal və qoyunu da sürüb aparmışlar. Ermənilər Mərzili kəndinin azərbaycanlı əhalisini öz ata–baba ocaqlarını tərk etməyə məcbur etmiş, onların ev əşyalarının çox hissəsini qarət etmiş, 150 iribuynuzlu mal və 1000 baş qoyununu sürüb aparmış, azərbaycanlıların tərk etdikləri evləri isə tutmuşlar.
1918–ci ilin martında erməni quldur dəstələri Sokrat bəy Məlik–Şahnazarovun başçılığı ilə Abdal kəndini dağıdıb qarət etmiş və kəndin mal–heyvanlarının bir hissəsini sürüb aparmışlar. 1918–ci ilin avqustunda ermənilər Qaradağlı, Xocavənd kəndlərini və onların azərbaycanlı köçərilərini qarət etmiş, mal–heyvanlarını sürüb aparmışlar. Ermənilər Xocalı kəndində də azərbaycanlı əhalini öz kəndlərini tərk etməyə məcbur etmiş, mal–heyvanlarının bir hissəsini sürüb aparmışlar. Məlumatda göstərilirdi ki, bu, hələ ermənilərin həmin qəzada törətdikləri cinayətlərin hamısı deyildir. Şahid ifadələrini ümumiləşdirən komissiya qeyd edirdi ki, yalnız Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi. Öldürülənlər üzərində ağlagəlməz vəhşiliklər edilmişdir. Onlar süngülərlə dəlik–deşik edilir, başları kəsilir, kiçikyaşlı uşaqlar süngülərə taxılaraq vəhşiliklə öldürülür, qadınların döşü, kişilərin burun, qulaqları kəsilirdi.
Ölüləri doğrayır, yandırır və hər cür təhqirlərə məruz qoyurdular. Şuşa qəzasında bu vəhşiliklərə rəhbərlik edənlər Sokrat bəy Məlik–Şahnazarov, Akop Veddiyev, Şamir Avakov, Armenak Xaçaturov, Eqiş İşxanov, Xosrov bəy, İşxan bəy və Tiqran bəy İşxanov qardaşları və başqaları idi.
Məlumatdan görünür ki, bu hadisələr zamanı, ən sadə hesablamalara görə, qəzanın azərbaycanlı əhalisinin çəkdiyi zərər 100 milyon manatdan çox olmuşdur.
Maraqlıdır ki, ermənilər təkcə Zaqafqaziya Seymi dağıldıqdan, bu ərazidə üç müstəqil respublika yarandıqdan sonra Ermənistan Respublikasının ərazisində deyil, həm də Azərbaycanın öz ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətindən əl çəkməmişlər. Onlar Azərbaycanın əzəli və əbədi torpaqları olan Yuxarı Qarabağı və Zəngəzuru Ermənistan Respublikasının tərkib hissəsi elan edir və burada Azərbaycan Respublikasının hakimiyyətini heç cür tanımaq istəmirdilər.
Zəngəzur və Qarabağda Erməni milli şuraları yaradılır. Bu ərazilərdə yaşayan bütün erməni əhalisi bu şuraların, əslində isə Azərbaycan ərazisində onları idarə edən Ermənistan Respublikasının hakimiyyətini tanıdıqlarını bildirirlər.
Azərbaycan Respublikası
hökuməti 1919–cu ilin yanvarında Bakıda olan ingilis
komandanlığı ilə razılaşaraq Azərbaycanın
mübahisəsiz ayrılmaz hissəsi olan Cavanşir,
Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları
ərazisində müvəqqəti general–qubernatorluq
yaradır. Yanvarın 29–da doktor Xosrov bəy Sultanov oraya
general–qubernator təyin edilir. Lakin buna baxmayaraq, həmin
qəzalarda yaşayan erməni əhalisi heç cür Azərbaycan
hakimiyyət orqanlarına tabe olmaq istəmirlər. Həyasızlıq
o yerə çatır ki, Ararat Respublikası Xarici İşlər
Nazirliyi öz hökuməti adından Azərbaycan hökumətinə
nota verərək göstərilən müvəqqəti
general–qubernatorluğun yaradılmasını “Ermənistanın
ərazi hüquqlarına qəsd” kimi qiymətləndirir.
Yuxarı Qarabağ ərazisində, demək olar ki, əslində
ikihakimiyyətlilik hökm sürürdü. Zəngəzuru tamamilə ələ
keçirmiş ermənilər Şuşa,
Cavad və Cəbrayıl qəzalarına da əl
uzadırlar.
Azərbaycan hökuməti yarandığı ilk
gündən ermənilərlə sülh şəraitində
yaşamaq üçün özündən asılı olan
bütün tədbirləri görür. Hətta
hökumət qüvvələrinə göstəriş
verilir ki, ermənilər tərəfindən təxribatlar
törədilsə belə, dözümlülük göstərilsin,
onlara cavab verilməsin.
Şuşa şəhəri və ətraf kəndlərdə
olan ermənilər iqamətgahı həmin şəhərdə
yerləşən müvəqqəti general–qubernatorun hakimiyyətini
tanımır, Şuşadakı Erməni Milli
Şurasının bütün
tapşırıqlarını danışıqsız yerinə
yetirirdilər.
Hələ 1919–cu il iyunun əvvəllərində
Şuşada və onun ətrafında baş vermiş hadisələrdən
üç ay əvvəl Şuşada oturan ingilis
komandanlığının nümayəndəsi
Şuşadakı Erməni Milli Şurası üzvlərinin
qızışdırıcılıq hərəkətlərini
və onların azərbaycanlılarla ermənilərin dinc
yanaşı yaşamalarına heç cür imkan vermədiklərini
görərək onları Şuşadan kənarlaşdırmağa
söz verir. Lakin bu işi ermənilərin təzyiqi
ilə mümkün qədər yubadırlar. Erməni və azərbaycanlı hissələrinə
bölünmüş Şuşada Erməni Milli
Şurası öz təcavüzkar təbliğatçılıq
siyasətlərini heç cür dayandırmaq istəmir.
Ararat Respublikasından Şuranın ən barışmaz
üzvü Arzumanov vasitəsilə gizli tapşırıqlar
və kömək alan şura bunun
müqabilində daim Ermənistan hökumətinin
tapşırıqlarını yerinə yetirirdi.
Şuşa–Gorus, Şuşa–Qaryagin yollarını tam nəzarət
altında saxlayan ermənilər bu yollarla Şuşa
ermənilərinə gizli kömək, silah–sursat və s. gətirirdilər.
Ermənilər yayqabağı azərbaycanlı
maldarların yaylaqlara köçməsi və
Şuşanın yanından keçmələri ilə əlaqədar
tez–tez təxribatlar törədirdilər. Onlar
sürülərə hücum edir, çobanları
öldürür, sürülərini oğurlayıb
aparırdılar. Müvəqqəti
general–qubernator X.Sultanov başda olmaqla Azərbaycanın
hakimiyyət orqanları isə bütün bunlara dözərək
sakitlik yaratmağa çalışırdılar.
Həmin il iyunun 1–də çoxlu sayda silahlı erməninin
gizli yolla şəhərə daxil olduğu haqqında məlumat
alan Azərbaycanın Şuşadakı hakimiyyət orqanları
Üç–Mıx yüksəkliyində azərbaycanlılara
məxsus səngərlərdə gözətçilərin
sayını artırırlar. Şəhərin
İrəvan darvazası tərəfdə isə 20 min nəfər
əsgər və 1 pulemyotdan ibarət yeni post yaradılır
və onlara tapşırıq verilir ki, şəhərə gələnlər
üzərində ciddi nəzarət qoysunlar.
İyunun 4–də səhər tamamilə gözlənilmədən
Üç–Mıx yüksəkliyi tərəfdən
atışma başlanır və tezliklə atışma
bütün şəhəri bürüyür. Sonralar müəyyən
olunur ki, Üç–Mıx yüksəkliyindəki erməni səngərlərində
50 nəfərə yaxın silahlı erməni
yığışmış və erməni zabiti Arzumanov
başda olmaqla azərbaycanlı əsgərlərinin səngərlərinə
hücum etmişlər. Nəticədə
3 nəfər azərbaycanlı əsgər qətlə
yetirilmiş, ermənilərdən isə hücuma rəhbərlik
edən Arzumanov və bir çox başqaları
öldürülmüşdür.
Bundan sonra iyunun 5–də həmişə ermənilər
tərəfindən zorakılıqlar görən Xəlfəli
kənd icmasına mənsub müsəlmanlar Qeybalı erməni
kəndinə hücum edərək oranı dağıdır
və əhalisinin bir hissəsini qətlə yetirirlər. Azərbaycanın
yüzlərlə kəndini yer üzərindən silən, əhalisinə
qarşı tarixdə eşidilməmiş vəhşiliklər
törədən ermənilər bu faktdan azərbaycanlılara
və Azərbaycan hökumətinə qarşı təbliğat
kampaniyası üçün maksimum dərəcədə
istifadə edirlər. Bütün erməni
qəzetləri bu hadisəni şişirdərək onu ermənilərin
böyük faciəsinə çevirməyə çalışır,
hadisə haqqında bütün dünyaya səs salırlar.
Bu erməni təbliğatı ilə bağlı ingilis
jurnalisti Skotland–Liddelin söylədiyi sözlər necə də
yerinə düşür: “Ermənilər həmişə
özləri savaş axtarır və nə vaxt ki onu
tapırlar, onlar öz təbliğatlarında bunu “sıxışdırılmaq”
adlandırırlar, əslində isə bu, onların özlərinin
qazandıqları cəzadır. O qeyd edirdi ki, daşnaklar
üçün öldürülmüş erməni
çox qiymətlidir. Əgər bu hadisədən
neçə lazımdırsa istifadə edə bilərlərsə,
onda o, təbliğat üçün çoxlu xeyir gətirə
bilir. O, Nuru Paşanın aşağıdakı sözlərini
misal gətirir: “Erməni nə vaxt necə ölməsindən
asılı olmayaraq həmişə başını məzardan
qaldırır və qışqırır — mən kütləvi
qırğın zamanı öldürülmüşəm!”.
(davamı növbəti
sayımızda)
AtaxaPAŞAYEV,
Azərbaycan Respublikasının
Milli Arxiv İdarəsinin rəisi,
tarix elmləri doktoru
Respublika.- 2013.- 2 aprel.- S. 6.