Kəlbəcərin azad ediləcəyi gün uzaq deyil

 

İki əsrdən çoxdur ki, ermənilər öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı dəhşətli soyqırım törədir, torpaqlarımızı qəsb edir, etnik təmizləmələr aparırlar. 1993–cü il mart ayının sonu–aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri təbiətin zümrüd qaşı hesab olunan Kəlbəcər rayonunu işğal etdilər. Bu qanlı cinayət Azərbaycan xalqına qarşı aparılan soyqırımın davamı idi.

 

Əslində ermənilər 1905–1907 və 1918–ci illərdə, həmçinin 1945–1948–ci illərdə olduğu kimi, 1980–ci illərdə də öz məkrli planlarını həyata keçirmək məqsədilə əlverişli fürsət axtarırdılar. 1985–ci ildə ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişi ilə belə fürsət yarandı. İlk öncə, 1987–ci ildə dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu Heydər Əliyev siyasi hakimiyyətdən kənarlaşdırıldı. Bundan dərhal sonra, Qarbaçovun fitvası ilə erməni akademik Aqambekyan Parisdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında bəyanat yaydı. Bununla da bugünkü faciələrin başlanğıcı qoyuldu.

1998–ci il fevral ayının əvvəlindən başlayaraq Sovet İmperiyasının bədnam rəhbəri M.Qorbaçovun himayəsi və Ermənistan dövlətinin köməkliyi ilə Dağlıq Qarabağda yaşayan erməni separatçıları Azərbaycana qarşı qiyam qaldırdılar. Onlar torpaqlarımızı ələ keçirmək üçün hər cür çirkin vasitələrə, görünməmiş vəhşiliklərə əl atırdı. Elə həmin vaxtdan başlayaraq Kəlbəcər rayonu da 5 il, yəni 1993–cü ilədək blokadada saxlanıldı.

1991–ci ilin sentyabrında qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan edilməsi və bu məsələyə Kremlin soyuqqanlı münasibəti, xüsusən 1991–ci ildə Rusiya prezidentinin Azərbaycana bildirmədən Xankəndiyə səfər etməsi erməni separatçılarını daha da azğınlaşdırdı. 1991–ci ilin sonunda Rusiya və Ermənistan Dağlıq Qarabağın separatçı və terrorçu ermənilərini silahlandırmağa başladılar. Onlar açıq əməliyyata başlayaraq əlverişli strateji əhəmiyyətli məntəqələri ələ keçirdilər. 1991–ci il oktyabrın 9–da Azərbaycan Respublikasının Ali Soveti milli özünümüdafiə qüvvələri haqqında qanun qəbul etdi. Özünümüdafiə dəsətələri könüllülük əsasında təşkil edilirdi. Bu dəstələrdə kifayət qədər nizam–intizam yox idi.

Xocalı soyqırımından sonra, 1992–ci il aprel ayının 7–dən 8–nə keçən gecə erməni daşnaqları azərbaycanlıları öz doğma torpaqlarından qovub çıxarmaq məqsədilə Kəlbəcər rayonun 130 evdən ibarət olan Ağdaban və Çayqovuşan kəndlərini yandırdılar, 779 nəfər dinc əhaliyə qanlı divan tutdular, 32 nəfər mülki və hərbi şəxsi qətlə yetirdilər. Onların 8 nəfəri 90–100 yaşlı qocalar, 2 nəfəri azyaşlı uşaq, 7–si qadın idi. Kənddən 5 nəfər girov aparılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi. 7 nəfər qoca qadın və kişi diri–diri odda yandırılmışdır. Erməni qəsbkarları Ağdabana hücum zamanı 8 yaşlı Alıyeva Ülviyyə Camal qızının atasını onun gözləri qarşısında güllələyib, özünü isə kartof quyusunda diri–diri basdırmışdılar.

Terrorçular Hüseynov Saşa Saleh oğlunun üz və bədən dərisini soya–soya qətlə yetirmişdilər. Daşnaklar kənd sakinlərindən Məmmədov Musa Qara oğlunu, Məmmədova Həyat Həsən qızını, Hümbətova Fatma Qaraca qızını, Qocayev Bakir Qurban oğlunu, Qocayeva Zeynəb Məmməd qızını, Qurbanov Qulu Sabir oğlunu diri–diri yandırmışdılar. Erməni cəlladları Hümbətov Qorxmaz Qaraca oğlunun ürəyini çıxarmış, Məmmədov Ziyəddin Əlqəmə oğlunu, Məmmədov İsbəndiyar Lətif oğlunu tikə–tikə doğramış, Qasımov Rayət Behbud oğlunun üzərindən isə “BTR” markalı ağır döyüş maşını keçirməklə onu tanınmaz hala salıb torpağa qarışdırmışlar. Kərimova Qəmər İsa qızının sinəsinə güllələrlə xaç şəkli çəkmişdilər. Nə qədər acı da olsa, bu müsibətlər bizim tariximizin qanlı, faciəli səhifələridir və biz heç vaxt bu amansız erməni vəhşiliyini unutmamalıyıq.

Ağdaban faciəsi Xocalıdan sonra azərbaycanlılara qarşı törədilmiş ən qanlı soyqırım hadisəsi idi. Burada ən dəhşətli o idi ki, özlərini demokratiyanın beşiyi adlandıran super dövlətlər nəinki bu qanlı aksiyaya qarşı etiraz etdilər, əksinə biganəlik nümayiş etdirdilər. Məhz buna görə də cəzasız qalan mənfur ermənilər bu dəhşətli terrorla kifayətlənməyib daha da azğınlaşaraq 1993–cü il mart ayının sonu, aprel ayının əvvələrində Azərbaycandakı daxili çəkişmələrdən istifadə edərək Azərbaycanın qala qapısı Kəlbəcərə Ağdərə, Laçın və Ermənistan istiqamətlərindən genişmiqyaslı hərbi hücumlara başladılar. Martın 27–dən aprelin 2–dək, yəni qısa vaxt ərzində 50 min nəfərdən çox əhalisi və 1936 kvadratkilometr ərazisi olan Kəlbəcər rayonunu, o cümlədən 10 min nəfərə yaxın əhalisi olan Kəlbəcər şəhərini, dünya şöhrətli İstisu kurortunu, 130 kəndi işğal etdilər.

Ümumiyyətlə, erməni təcavücü nəticəsində, ilkin hesablamalara görə, rayona hazırkı qiymətlərlə 2 milyard 280 milyon manat dəyərində maddi ziyan dəymişdir. Kəlbəcərin işğalı zamanı 220 mülki vətəndaş qətlə yetirilmiş, 125 nəfər itkin düşmüş və ya girov aparılmış, ümumiyyətlə, rayon üzrə 511 nəfər vətəndaş şəhid olmuşdur. Bunların 265 nəfəri hərbçilər, 246 nəfəri mülki vətəndaşlardır. İtkin düşmüş mülki vətəndaşlardan 6 nəfəri azyaşlı uşaqdır. Neçə–neçə qız–gəlinlərimiz düşmən əlinə keçməmək üçün özlərini qayadan atmış, suda boğularaq intihar etmişlər. Burada düşmənin əlinə keçməmək üçün özünü Qamışlı körpüsündən axar çaya atmış, Milli kənd sakini namus, qeyrət mücəssəməsinə çevrilmiş Camalova Zərnişan Kazım qızının əziz xatirəsi yada düşür. Başlıbel kənd sakini Əmralıyev Çingiz Məhəmməd oğlu bacısı Aygünü ermənilərin əlinə keçməməsi üçün özü güllələmişdir. Kəlbəcər oğullarının və qızlarının mətinliyinə aid çox misallar çəkmək mümkündür və onların hamısı bizim üçün əzizdir.

İstər 1992–1993–cü illərdə, istərsə də 1993–cü ilin sonu, 1994–cü ilin əvvəllərində Kəlbəcər uğrunda gedən döyüşlərdə hərbçilərimiz son nəfəslərinə qədər mənfur düşmənlə döyüşərək şəhid oldular. Neçə–neçə həmyerlimiz, əsl Vətən fədailəri 1992–ci ildə Vəng, Narınclar, Yanşaq, Bağlıpəyə, Kəlbəcər döyüşlərində, 1994–cü ilin əvvəllərində isə Qanlıkənd, Çəpli, Murovdağ döyüşlərində qəhrəmanlıqla vuruşaraq Vətən və millət yolunda canlarını qurban verdilər.

Hərbi şəhidlərdən 3 nəfərinə ölümündən sonra respublika Prezidentinin fərmanı ilə Milli Qəhrəman, 7 nəfərinə isə “İgidliyə görə” medallar verilmişdir.

Kəlbəcər aprelin 2–də süqut etdi. Kəlbəcər əhalisi qarlı–çovğunlu hava şəraitində piyada Murovdağ yolu ilə aran rayonlarına axışdı. Murov yolu—xilas yolu kimi tarixə düşdü.

Ümummilli liderimiz Heydər Əliyev Kəlbəcər faciəsi haqqında danışarkən demişdir: “Bu faciəni heç vaxt unutmaq olmaz, faciə bizə nə qədər qəm–qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciələrdən hərə özü üçün ibrət götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin – Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən–nəsillərə ötürmək lazımdır”.

Kəlbəcər təbiətin laboratoriyası, zümrüd tacı, söz–sənət diyarı, gözəlliklər məskəni idi. Yer üzündə analoqu olmayan şəfa qaynağı İstisu, narzan bulaqlar, zəngin təbii sərvətlər, o cümlədən qızıl, civə, molibden, mərmər, travertin, uran, dəmir və digər mineral yataqlar; qalın meşələr, zəngin bitki ortüyü, regionun əvəzsiz flora və faunası hazırda düşmən tərəfindən talan olunur, xarici bazarlarda dəyər–dəyməzinə satılır.

136 kilometr Ermənistanla, 96 kilometr Dağlıq Qarabağla sərhəd olan Kəlbəcərin hərbi–strateji əhəmiyyəti nəzərə alınsaydı, bəlkə Qarabağ itkisi də olmazdı. Heç şübhəsiz ki, ulu öndərimiz, dahı siyasətçi Heydər Əliyev hakimiyyət başında olsaydı, bu məhrumiyyətlərin heç biri olmayacaqdı.

Yalnız 1993–cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra onun polad iradəsi nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu. Ölkədə dövlətçilik, əmin–amanlıq bərqərar edildi.

İndi Dağlıq Qarabağın, o cümlədən işğal olunmuş Kəlbəcərin qaytarılması Azərbaycan dövlətinin siyasətində prioritet məsələdir.

Hazırda kəlbəcərli məcburi köçkünlər respublikanın 58 rayon və şəhərinin 707 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışlar. Onların yeganə arzusu doğma torpaqlaına, el–obalarına qayıtmaqdır. Mənfur erməni təcavüzü nəticəsində övladlarını, yaxınlarını və hətta adi insani haqlarını itirmiş rayonun 70 min məcburi köçkün əhalisi bir nəfər kimi BMT–nin Təhlükəsizlik Şurasından, BMT–nin İnsan Hüquqlarının Müdafiəsi Təşkilatından və Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsindən xahiş və tələb edirlər ki, Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993–ci il 822 saylı, Azərbaycanın digər bölgələrinin işğalı ilə əlaqədar 853, 874 və 884 saylı qətnamələrinin təcavüzkar və işğalçı Ermənistan Respublikası tərəfindən qeyd–şərtsiz yerinə yetirilməsi, işğal etdiyi torpaqlardan geri çəkilməsi təmin edilsin, silah gücünə didərgin salınmış bütün məcburi köçkünlərin öz el–obasına qaytarılmasına kömək göstərilsin.

Biz ümid edirik ki, haqq səsimiz beynəlxalq təşkilatlarda eşidiləcək, təcavüzkar, qəsbkar və terrorçu Ermənistan geri oturdulacaq, azərbaycanlılara qarşı hərbi cinayət törətmiş cinayətkarlar öz layiqli cəzalarına çatdırılacaqlar.

Nə işğaldan əvvəlki 5 illik müharibə şəraiti, nə də ki, 20 illik ağır məcburi köçkünlük həyatı rayonumuzun əhalisini sarsıda, əyə bilməmişdir. Biz bütün məhrumiyyətlərə, çətinliklərlə dözərək, tab gətirərək öz el–obamıza qayıtmaq ümidi ilə yaşayıb işləyirik.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülən çoxsaylı tədbirlər, çadır şəhərciklərinin, fin qəsəbələrin ləğvi ilə bağlı aparılan titanik işlər, məcburi köçkünlərə göstərilən hərtərəfli dövlət qayğısı bizim qurub–yaratmaq əzmimizi daha da gücləndirir, gələcəyə olan inamımızı artırır.

Xalqımızın səbrinin də həddi vardır. Sülh danışıqları davam edir, ancaq Ermənistanın qeyri–konstruktiv hərəkətləri ilə sülh danışıqları nəticəsiz qalmışdır. Danışıqların nəticəsi olmasa, onda Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı ilə hamımız silaha sarılıb öz torpaqlarımızı Ermənistanın işğalçı qüvvələrindən silah gücünə təmizləməli olacağıq.

Biz əminik ki, doğma torpaqlarımızın işğaldan azad olunacağı gün heç də uzaqda deyildir.

 

 

Novruz ÇIRAQOV,

Gəlbəcər Rayon İcra Hakimiyyəti

başçısının müavini

 

Respublika.- 2013.- 2 aprel.- S. 7.