Mədəni maarif işi inkişaf yolundadır

 

1993–cü il aprelin 2–də ermənilərin və rus qoşunlarının birgə hücumu nəticəsində Azərbaycanın dilbər guşəsi Kəlbəcər işğal olundu. Bu işğal nəticəsində rayonun 1936 kvadratkilometrlik sahəsi, o cümlədən 120 yaşayış məntəqəsi düşmən tapdağı altında qaldı.

Respublikamızın ayrı–ayrı bölgələrinə səpələnmiş Kəlbəcərlilər 20 ildən artıqdır ki, doğma yerlərə qayıtmaq arzusu ilə yaşayırlar. Rayon əhalisinin qayğı və problemləri daim diqqət mərkəzində saxlanılır, onlara yüksək mədəni xidmət göstərilir.

Kəlbəcər rayon mədəniyyət və turizm şöbəsinin nəzdində 85 kənd kitabxanasını birləşdirən I mərkəzləşdirilmiş kitabxana sistemi, tarix diyarşünaslıq muzeyi, uşaq incəsənət məktəbi, Aşıq Şəmşir adına rayon mədəniyyət evi, 1 şəhər, 40 kənd mədəniyyət evi, 60 kənd klubu, 4 tarixi abidə fəaliyyət göstərir ki, bu müəssisələrdə 584 nəfər kəlbəcərli mədəniyyət işçisi çalışır.

İşin keyfiyyətini yüksəltmək üçün şöbədə illik plan tərtib edilir və ona əsasən əhaliyə mədəni xidmət göstərilir.

Respublika Nazirlər Kabinetinin 2011–ci il 11 oktyabr tarixli 162 saylı qərarının icrası ilə əlaqədar şöbədə kitabxana sisteminin strukturu təkmilləşmiş, bəzi şöbələr ləğv olunaraq günün tələblərinə uyğun 2 yeni şöbə yaradılmış, 26 kitabxana filialı digər aktiv kitabxana filialına birləşdirilmişdir. Bunun nəticəsidir ki, rayon kitabxanaları əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə əlaqədar tədbirlərin sayını günü–gündən artırır. Qanlı Yanvar, Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbirlər, o cümlədən “O kənd bizim kəndimizdir” və “Tarixin qan yaddaşı” adlı kitabların müzakirəsi bu qəbildəndir.

Ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən “Kitab bayramı”da şöbənin keçirdiyi unudulmaz tədbirlərdəndir.

“Müstəqillik günü”, “Milli dirçəliş günü”, N.Gəncəvinin anadan olmasının 870 illiyi ilə əlaqədar “Nizami–870″, M.F.Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır”, M.Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ağla kamanım, ağla”, H.B.Zərdabinin 170 illiyinə həsr olunmuş “Heç olmaz ki, doğru söz yerdə qalsın” adlı mədəni–kütləvi tədbirlər, kitab müzakirələri və digər tədbirlər kəlbəcərlilər tərəfindən hərarətlə qarşılanmışdır.

Milli Konservatoriyanın rektoru, professor, bəstəkar Siyavuş Kərimi Kəlbəcər musiqi məktəbinin istedadlı uşaqlarının ifasını dinlədikdən sonra məktəbə pianino bağışlamışdır. Musiqi məktəbinin şagirdləri Gəncə şəhərində keçirilən Uşaq Xor Kollektivlərinin III respublika baxışında, Xan Şuşinski adına respublika muğam festivalında, Masallıda keçirilən muğam ifaçılarının VI respublika müsabiqəsində, 2012–ci ildə keçirilən “Pöhrə–2012″ müsabiqəsində Ağstafa şəhərində keçirilən Aşıq Şəmşir adına gənc aşıqların VI respublika müsabiqəsində böyük uğurlar əldə etmişlər.

Bu tədbirlərin nəticəsidir ki, rayonun bədii özfəaliyyət kollektivinin fəaliyyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəkkürünə layiq görülmüşdür.

Rayonun “Xalq Aşıqlar Kollektivi”nin Təbriz–Qarabağ aşıqları müştərək çıxışları da yaddaqalan olmuşdur.

Rayon mədəniyyət və turizm şöbəsinin fəal üzvü Aşıq Ədalət Dəlidağlı Almaniyadakı çıxışı ilə tamaşaçıların rəğbətini qazanmışdır. “Təravət” xalq çalğı alətləri ansamblının üzvü, gənc müğənni Babək Niftəliyev Prezident təqaüdünə layiq görülmüşdür. O, H.Əliyev Fondunun Fransada təşkil etdiyi Azərbaycan Mədəniyyəti günlərində muğamlarımızı uğurla təqdim etmişdir.

Kəlbəcər rayon mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Əmrahovla söhbət edərkən o fərəhlə qeyd etdi ki, şöbə hərbi vətənpərvərlik işinin təbliğində uğurla çalışır. Aşıq Şəmşir adına rayon mədəniyyət evinin xalq və bədii özfəaliyyət kollektivləri Kəlbəcər rayon hərbi səfərbərlik idarəsində hərbi xidmətə gedən çağırışçılar qarşısında geniş proqramlarla konsertlər verirlər.

Şöbənin fəaliyyəti respublikamızın bir çox televiziya kanallarında və dövri mətbuatında da təbliğ olunmuşdur.

Onu da qeyd edək ki, rayon icra hakimiyyətinin rəhbərliyi və qayğısı sayəsində rayonun bir çox mədəni–maarif müəssisələri əsaslı və cari təmir olunmuş, yeni mədəniyyət müəssisələri istifadəyə verilmişdir.

 

 

Zabit CAVADOV

 

Respublika.- 2013.- 2 aprel.- S. 7.