Misir Mədəniyyət Mərkəzində tədbir

 

Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzində Misir Ərəb Respublikasından gəlmiş professor, Tarixi araşdırma mərkəzinin direktoru Vageh Atek Abdul Sadiq ilə görüş keçirilmişdir.

MƏR–ın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Mustafa Moavad Abdül Ziəd tədbiri açaraq qonaqları salamlamış və sözü professor Vageh Atek Abdul Sadiqə vermişdir.

Professor “Misir–Azərbaycan əlaqələrinin inkişafı” mövzusunda mühazirə oxuyaraq demişdir: “1991–ci ildə Sovet İmperiyası dağıldıqdan sonra Azərbaycan müstəqilliyini əldə etdi və Misir–Azərbaycan əlaqələri daha da inkişaf etməyə başladı. Türk dünyasının böyük şəxsiyyəti, ümummilli lider Heydər Əliyev 1994–cü ildə Misir Ərəb Respublikasına səfər etmiş və iki dövlət arasında dostluq əlaqələri daha da inkişaf etmişdir. Təhsil, elm, mədəniyyət, tibb və digər sahələrdə sazişlər, protokollar imzalanmışdır.

2007–ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə səfər etmiş, bir sıra mühüm sənədlərə imza atılmışdır. Misir–Azərbaycanın adət–ənənələri eynidir. Hər iki ölkəni islami dəyərlər birləşdirir”.

Misirli qonaq xüsusilə vurğulamışdır ki, Misir Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Tədbirdə çıxış edən AMEA–nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Pərvin Əfəndiyeva Misir–Azərbaycan əlaqələrinin inkişafından söhbət açmışdır.

Qahirə Universitetinin ədəbiyyat fakültəsinin tarix bölməsində təhsil alan Kamil Əhmədov “Azərbaycan Stalin hakimiyyəti illərində” adlı dissertasiyasını professor Vageh Atekirəhbərliyi ilə başa çatdırdığını vurğulamışdır.

Sonra professor iştirakçıları maraqlandıran suallara ətraflı cavab vermişdir.

Tədbirdə MƏR–ın Azərbaycanda yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Tarək Abu Sinna və digər rəsmi şəxslər iştirak etmişdir.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 2 aprel.- S. 7.