MƏHSƏTİ GƏNCƏVİNİN RÜBAİLƏRİNƏ ÇƏKİLMİŞ MİNİATÜRLƏR GƏNCƏYƏ GƏTİRİLMİŞDİR

 

Dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi tədbirləri ərəfəsində şairənin həmyerliləri çox qiymətli hədiyyə almışlar. İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dahi Azərbaycan şairəsinin rübailərinə və qəzəllərinə çəkilmiş qədim miniatürlər, illüstrasiya və əlyazmaları bağışlamışdır. Hədiyyə olunan miniatürlər XIV–XV əsrlərə aiddir.

Bu nadir sənət nümunələri son vaxtlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən şairənin ədəbi irsinin toplanması məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində əldə edilmiş eksponatlar xəzinəsini daha da zənginləşdirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə söhbət zamanı demişdir ki, mərkəzə kraliça tərəfindən 8 miniatür və 1 illüstrasiya hədiyyə edilib. Miniatürlərin içində qədim əlyazmalar da var. Miniatürlərin bəziləri vaxtilə rusların Ərdəbil kitabxanasından İspaniyaya apardıqları sənət əsərləridir. Bəzi miniatürlər isə İspaniyanın özünə məxsusdur. İspaniya uzun müddət müsəlman dövləti olduğundan burada qədim Şərq, ərəb–fars əlyazmaları çoxdur.

Samir Pişnamazzadə sözünə davam edərək demişdir ki, Məhsəti Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ–ın Metropol Muzeyində və Yel Universitetində saxlanılan 110–dək miniatür, illüstrasiyarübaisinin Gəncəyə gətirilməsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi sayəsində mümkün olmuşdur.

Şairənin 900 illik yubileyi münasibətilə məşhur ingilis tədqiqatçısı Paul Smitin Məhsəti Gəncəviyə həsr olunmuş 6 monoqrafiyası da ölkəyə gətirilmişdir. Onların tərcüməsi üzərində gedir.

Hazırda Gəncədə qarşıdakı yubileyə geniş hazırlıq işləri aparılır. Məqsəd Məhsəti Gəncəvinin yubiley tədbirlərini onun ölməz ədəbi irsinə uyğun keçirməklə 900 il bundan əvvəl yaşayıb–yaratmış dahi şairə, demokratik fikirli qadın və şahmatçı haqqında dünya xalqlarında daha zəngin təəssürat yaratmaqdır.

 

 

Respublika.- 2013.- 2 aprel.- S. 7.