Heydər Əliyev Azərbaycanda köklü məhkəmə–hüquq islahatlarının müəllifidir

 

Ümummilli liderimiz, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qurmuş, millətin özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.

 

Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının sevimlisi etmiş, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, vətəninə həsr etmiş ümummilli liderimiz Azərbaycan xalqının tarixində müstəqilliyimizin memarı və qurucusu kimi silinməz iz qoymuşdur. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti, unudulmaz misilsiz insani keyfiyyətləri sayəsində ulu öndərimiz əfsanəvi şəxsiyyətə çevrilmişdir.

Daima Azərbaycan xalqının mənafeyini düşünən ulu öndərin yürütdüyü ardıcıl və məqsədyönlü siyasət milli maraqlarımızın tam təmin olunmasına yönəlmişdir. Heydər Əliyev azərbaycanlı olması ilə hədsiz dərəcədə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı bu gün dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.

1991–ci ildə ölkəmizin müstəqilliyinin bərpa olunması ilə xalqımız özünün suveren və azad bir dövlətdə yaşamaq arzusunu gerçəkləşdirsə də, o dövrdə ölkədə hökm sürən xaotik vəziyyət səriştəsiz iqtidarların kobud səhvləri Azərbaycan xalqının öz qanı bahasına əldə etdiyi müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üz–üzə qoymuşdu.

Məhz belə bir ağır gündə —1993–cü ilin uyun ayında ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı, böyük strateqin qətiyyəti Azərbaycan vətəndaşlarında gələcəyə inam hissini gücləndirdi. Ulu öndər Heydər Əliyevin qarşısında duran vəzifələr miqyasca daha böyük, xeyli dərəcədə məsuliyyətli idi. Xalqına ruhən bağlı olan ulu öndər xalqın tarixi keçmişi, dini, dili, mədəniyyətinin təbliği inkişafı ilə bağlı mükəmməl konsepsiya hazırlamalı idi. Heydər Əliyevin qarşısında həm də iqtisadi cəhətdən geridə qalmış bir respublikanın sosial–iqtisadi yüksəlişinə yönəlmiş köklü islahatlar həyata keçirmək, qanunçuluğu, hüquq qaydalarını bərpa etmək kimi taleyüklü vəzifələr dururdu.

Bu vəzifələrin layiqincə həyata keçirilməsi, ölkənin yenidən dirçəldilməsi, demokratik hüquqi dövlət quruculuğu, istiqamətində köklü islahatlar aparılması həyata keçirildi. Məqsəd Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, onun əbədiliyini və dönməzliyini təmin etmək, milli dövlətçilik prinsiplərini, azərbaycançılıq ideyalarını bərqərar və inkişaf etdirmək idi. Az vaxt içərisində bu istiqamətdə böyük işlər görüldü.

Dahi rəhbərin müdrikliklə irəli sürdüyü demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması məsələlərini özündə ehtiva etmişdir.

Heydər Əliyev müdrik rəhbər olaraq çox qısa müddətdə respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail oldu. Paralel olaraq Azərbaycanda qanunçuluğun inkişafına baza yaradan addımların atılması isə yeni, müasir və möhkəm dövlətçilik modelinin təkmil hüquqi mexanizmlərin formalaşdırılması məqsədindən irəli gəlirdi. Sovet dövründən miras qalmış və müstəqillik dövrünün reallıqları ilə uzlaşmayan, konkret siyasi ideologiyaya xidmət edən qanunlar artıq köhnəlmişdi. Azərbaycan müstəqil dövlətə çevrilmişdi və mükəmməl hüquqi bazaya söykənən idarəetmə sisteminin formalaşdırılmasına nail olmaq zəruri idi. Bu baxımdan, 1993–cü ildən sonra Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsini, ölkədə qanunun aliliyini təmin etdi.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi dövlət quruculuğunun əsas xətlərindən biri də məhz məhkəmələrin, hakimlərin müstəqilliyinə nail olunması idi. Dahi rəhbər çox gözəl bilirdi ki, məhkəmələrin müstəqilliyi hər şeydən öncə vətəndaşların Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının tam təmin olunmasının başlıca şərtidir. Məhz ona görə də ümummilli lider hakimiyyətə qayıdışından sonra məhkəmə sistemində aparılan islahatları hüquqi dövlət quruculuğunun mühüm amili saymışdır. Azərbaycan Konstitusiyasında məhkəmə hakimiyyəti ilə bağlı geniş əksini tapmış prinsiplər beynəlxalq standartlara tam cavab verməklə yanaşı respublikamızda tamamilə azad, şəffaf və müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına hüquqi zəmin yaratmışdır. Əsas Qanunda təsbit olunmuş məsələlər bir daha təsdiqləyir ki, respublikada məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquqpozmalardan qoruyan dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən müstəqil dövlət hakimiyyəti qoludur.

Böyük öndərin 1998–ci il 1 dekabr tarixdə imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə” fərmanı respublikamızda yeni məhkəmə sisteminin formalaşmasına mühüm töhfə olmuşdur. Qanun ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərinin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından olduqca mühüm əhəmiyyət daşımışdır. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbulu məhkəmə orqanlarının sovet dövründən miras qalmış köhnə funksiyalardan azad olmasına, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bir sözlə ədalət məhkəmələrinin cəmiyyətdəki nüfuzunun yüksəlməsinə xidmət etmişdir.

Dünya təcrübəsi göstərir ki, məhkəmə–hüquq islahatları davamlı prosesdir. Bu gün ən inkişaf etmiş dövlətlərdə də bu sahədə islahatlar aparılır, məhkəmə sistemi təkmilləşir. Ölkəmizdə də ulu öndərin əsasını qoyduğu bu islahatlar hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilir, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri xüsusi diqqətdə saxlanılır.

Prezident seçildiyi ilk gündən cənab İlham Əliyev Azərbaycanın tərəqqisinə, ölkədə demokratik dəyərlərin qorunmasına və inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına, xidmət etmiş böyük siyasətçi Heydər Əliyevin siyasi və dövlətçilik xəttini uğurla davam və inkişaf etdirir. Heydər Əliyev Azərbaycanın iqtisadiyyatının tərəqqisi üçün necə əlindən gələni edirdisə, bu gün cənab İlham Əliyev də Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsi istiqamətində fədakarlıqla çalışır. Çox böyük uğurlara imza atır.

Ümummilli liderimiz hələ 2003–cü ildə xalqa ünvanladığı müraciətində cənab İlham Əliyevin böyük gələcəyinə inamını belə ifadə etmişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir… İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün Prezident İlham Əliyev dövlətçiliyimizin memarı və qurucusu ulu öndərimizin bu inamını ləyaqətlə doğruldur. O, ölkə əhalisinin Azərbaycanın gələcək inkişaf yolları üçün səfərbər olmasında olduqca səmərəli fəaliyyət göstərir.

Ötən illərdə dövlət başçısının ölkədə ədliyyə və məhkəmə orqanlarında apardığı islahatlar tam mahiyyəti ilə respublikada qanunçuluğun, demokratik norma və prinsiplərin yüksək səviyyəli təminatına xidmət edir. Ölkə rəhbəri keyfiyyətcə yeni mərhələdə ədalət mühakiməsinin səmərəliliyini artırmağa, tam obyektivliyini təmin etməyə çalışır və bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. Təsadüfi deyil ki, həyata keçirilən məhkəmə–hüquq islahatları nəticəsində insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlər müstəsna olaraq məhkəmələrin səlahiyyətinə aid edilmiş, məhkəmə fəaliyyəti xeyli təkmilləşmiş, yeni mexanizmlər yaradılmış, əhalinin müraciət imkanlarının asanlaşdırılması məqsədilə regional məhkəmələr təsis edilərək fəaliyyətə başlamış, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan müasir infrastruktur yaradılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, vətəndaşların mənafeyinə hesablanmış çoxşaxəli hüquqi, iqtisadi–siyasi islahatların uğurla davam etdirildiyi bir şəraitdə məhkəmə sisteminin günü–gündən müasirləşdirilməsi, möhkəmləndirilməsi və dünya standartlarına uyğunlaşdırılması ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə yolu ilə qorunmasına daha yüksək səviyyədə təminat verir.

 

 

Xanlar Fərhadov,

Ağcabədi Rayon Məhkəməsinin sədri

 

 

Respublika.- 2013.- 3 aprel.- S. 3.