ZƏNGƏZUR VƏ QARABAĞDA AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI

 

(əvvəli 31 mart və 2 aprel tarixli saylarımızda)

 

Azərbaycan Parlamentində “Daşnaksütyun” və erməni fraksiyalarından olan deputatların bu məsələ ilə bağlı qaldırdıqları böyük hay–küy bir daha dediklərimizi sübut edir. Azərbaycan hökuməti iyunun ortalarında 4 nəfər parlament üzvündən ibarət nümayəndə heyətini Şuşaya göndərir. Onlardan 2 nəfəri azərbaycanlı — Qarabəy Qarabəyov (“İttihad” fraksiyası), Ş.Rüstəmbəyov (“Müsavat” fraksiyası), 2 nəfəri erməni — P.X.Çubaryan (“Daşnaksütyun” fraksiyası) və İ.N.Xocayan (“Erməni” fraksiyası) idi. Şuşadan qayıtdıqdan sonra onlar vahid məruzə hazırlamaq üçün heç cür razılığa gələ bilmirlər. Ona görə də 1919–cu il iyul ayının 7–8–də keçirilən Azərbaycan Cümhuriyyəti Parlamentinin bu məsələyə həsr olunmuş iclaslarında, faktiki olaraq, 4 məruzə dinlənilmişdir. Birinci gün Q.Qarabəyov və P.X.Çubaryan, ikinci gün isə Ş.Rüstəmbəyov və İ.N.Xocayan məruzə edirlər.

Erməni deputatlarının hər ikisinin çıxışı, demək olar ki, bütünlüklə Azərbaycana, Azərbaycan hökumətinə və Şuşada müvəqqəti general–qubernator X.Sultanova qarşı ittihamnamə kimi səslənir. Daşnak P.X.Çubaryan öz çıxışına belə ikiüzlü bir bəyanatla başlayır: “Bir məruzəçi kimi şərait tamamilə mənim əleyhimədir, əvvəla, mən daşnakam və daşnaklar da hər şey üçün günahkarlardırlar. İkincisi isə mən erməniyəm. Lakin xahiş edirəm inanasınız ki, fakt və hadisələrin izahında və onlara qiymət verilməsində mən bir müstəntiq kimi qərərsiz və obyektiv olacağam”. Maraqlıdır ki, onun bu səmimiyyətinə yerdən “Allah eləsin” replikası ilə cavab verilir. Sonra isə həm o, həm də İ.Xocayan öz çıxışlarında, sözün əsl mənasında, bir Azərbaycan vətəndaşı, Azərbaycan Parlamentinin üzvü kimi deyil, əsl daşnak mübəlliği, Ararat Respublikasının emissarı kimi çıxış edirlər. Onların bu həyasız hərəkətlərinə hələ 1905–ci il erməni–azərbaycanlı qırğını zamanı əsl erməni ideoloqu kimi Qafqaz canişini qr. İ.İ.Vorontsov–Daşkovun yanında keçirilmiş müzakirələrdə çox fəal iştirak etmiş erməni ideoloqlarından olan, Azərbaycan Parlamentinin üzvü və Azərbaycan neftinin sahibkarlarından biri S.S.Taqinsov və daşnak A.Malxazyan da qoşulurlar. P.X.Çubayan gözləri yaşlı deyəndə ki, “bizi bərabərhüquqlu vətəndaş hesab edin”. Q.Qarabəyov ona cavabında bildirir ki, “Bizim aramızda hansı bərabərlikdən söhbət gedə bilər ki, siz özünüz bizim bütün çağırışlarımıza, bizim bütün təkliflərimizə cavab vermirsiniz? Siz özünüz bunu istəmirsiniz, ancaq erməni nümayəndələrinin az bir hissəsi parlament kürsüsündən ona görə istifadə edirlər ki, müsəlmanları söysünlər, ləkəsinlər. Digər hissəsi isə müsəlmanları əldə silah qarşılayırlar”.

Şuşa və onun ətrafındakı Qeybalı və Kərkicahan kəndlərində baş vermiş hadisələrlə bağlı erməni deputatlarının hay–küyünə cavab olaraq məruzəçi Q.Qarabəyov deyir ki, Azərbaycan Cümhuriyyətinin hakimiyyət orqanları və müvəqqəti general–qubernatoru X.Sultanovun bütün cidd–cəhdlərinə baxmayaraq, ermənilər tərəfindən törədilmiş fitnələrin nəticəsi olan bu hadisə haqqında qışqıraraq bütün dünyaya səs salmaq kimi hərəkətləriniz, mənə belə gəlir ki, sizin bu cür yaramazlıqlara son qoymaq istəmədiyinizi göstərir. O deyir: “Bununla sizdən, sizə verilən zərərdən 20–30 dəfə artıq zərər çəkmiş digər tərəfin — müsəlmanların vəziyyətini mürəkkəbləşdirmək istəyirsiniz. Bu hərəkətiniz o qədər sadə, o qədər aydındır ki, çətin ki, buna misal kimsəni inandırmaq lazım gəlsin. Sizin hər yerdə qəzetləriniz var, adamlarınız var, pulunuz var. Bunların köməyi ilə siz Avropa ictimai fikrini istədiyiniz kimi bizə qarşı yönəldə bilirsiniz. Təkcə İstanbulda ermənilərin, demək olar ki, bütün Avropa dillərində 7 qəzeti çıxır”.

Çıxış edən digər məruzəçi Ş.Rüstəmbəyov P.Çubaryanın məruzəsini general–qubernator X.Sultanova qarşı əsl ittiham aktı adlandırır. Ş.Rüstəmbəyov qeyd edir ki, P.Çubaryanın dediyi kimi, əgər bu işlərin təşkilatçısı, həqiqətən də, general–qubernator olsaydı, onda gərək Şuşa şəhərində və Şuşa qəzasının digər kəndlərində bu günə qədər bir nəfər də olsun erməni qalmayaydı. Əslində isə X.Sultanov həmişə bütün vasitələrdən istifadə edərək Qarabağda qayda–qanun yaratmağa, qırğının qarşısını almağa, dinc erməni əhalisini qorumağa çalışmışdır.

Ermənilərin bütün pozuculuq hərəkətlərinə baxmayaraq, Azərbaycan Cümhuriyyəti hökumətinin və müvəqqəti general–qubernator X.Sultanovun ciddi səyləri nəticəsində 1919–cu il avqust ayının sonlarında Azərbaycan hökuməti ilə Qarabağ Erməni Milli Şurası arasında deklarasiya imzalanır. Bu deklarasiya ilə Qarabağ erməniləri Azərbaycan hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan hökuməti isə onlara mədəni–milli muxtariyyət hüququ verirdi.

Bu deklarasiyadan sonra hətta Azərbaycan hökuməti Qarabağda erməni müəllimlərinə yardım etmək məqsədilə 1919–cu il sentyabrın 29–da qəbul edildiyi qərarı ilə Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının müvəqqəti general–qubernatoruna 1 milyon manat pul vəsaiti də ayırmışdı.

Azərbaycan hökumətinin bu güzəştlərinə, bütün məsələləri sülh yolu ilə həll etmək istəməsinə baxmayaraq, Qarabağ erməniləri öz məkrli niyyətlərindən heç cür əl çəkmək istəmirdilər. Onlar Ararat Respublikası hökumətinin gizli tapşırıqlarını həyata keçirmək üçün yollar axtarır, gizli olaraq yeni çıxışlara hazırlaşır və bunun üçün fürsət gözləyirdilər.

Ermənilərin belə bir çıxışı 1920–ci il mart ayının 22–də Novruz Bayramı günü baş verir. Həmin gün Şuşa şəhəri, Şuşa qəzası və onunla qonşu olan digər qəzalarda ermənilər eyni vaxtda yenə də qiyam qaldırırlar. Həmin il aprel ayının 1–də Azərbaycan Cümhuriyyəti Parlamentinin iclasında Qarabağda ermənilərin yeni qiyamı haqqında məsələ müzakirə olunur. Bu hadisələr haqqında daxili işlər naziri Mustafa bəy Vəkilov məlumat verir. Nazir öz çıxışında bildirir ki, son günlərdə ictimaiyyətin diqqətini yenə də Qarabağ hadisələri daha çox cəlb edir. Bu hadisələrin baş verməsi ilə bağlı məlumatında nazir deyir: “martın 22–də və iki gün ondan irəli Şuşa qalasına Azərbaycanın xidmətində olan iki sahənin erməni pristavları general–qubernatorun görüşünə gəlmək bəhanəsi ilə hərəsi 15–20 nəfər silahlı erməni strajnikləri ilə şəhərə (Şuşaya — A.P.) gəlmişlər. Beləliklə, şəhərə 200 nəfər silahlı erməni əsgəri toplamışdır. Bir bu qədər də şəhərdə olan erməni silahlıları ilə birləşərək Şuşada qəflətən əsgərlərimizə hücum etmişlər”.

Hücum edən ermənilər bir neçə zabiti həbs edərək Azərbaycan ordusunun əsgərlərinə atəş açmışlar. Bir tərəfdən bayram münasibətilə xalq öz evlərində bayram şənlikləri keçirdiklərindən, digər tərəfdən, azərbaycanlılar bu cür namərdliyi gözləmədikləri üçün bu silahlı çıxış olduqca gözlənilməz idi və qəfildən baş vermişdi. Buna baxmayaraq, Şuşadakı Azərbaycan ordusunun əsgəri hissələrinin, onlara rəhbərlik edən zabitlərin qəhrəmanlığı sayəsində ermənilərin hücumu tezliklə dəf edilir. Mart ayının 23–də bütün günü şəhərdə atışma getmiş və günbatana yaxın qiyamçılar artıq Azərbaycan ordu hissələri qarşısında dayana bilməyərək şəhəri tərk etməyə məcbur olmuşdular.

Ermənilərin eyni vaxtda Xankəndiyə də hücumu olmuşdu. Onların da hücumları dəf olunmuşdur. Yalnız Əsgəran qalasına hücum edən ermənilər qeyri–bərabər döyüşdə Azərbaycan ordusu əsgərlərini oradan çıxararaq Əsgəran qalasını ələ keçirə bilmişdilər.

M.Vəkilov öz məruzəsində qeyd edir ki, ermənilər bu qiyama gizli şəkildə bir neçə aydan bəri hazırlaşırmışlar. Bu xüsusda böyük hazırlıq işləri görülmüş, hücuma başlamaq üçün onların ümumi bir xəbərdarlıq siqnalları da olmuşdur. Şuşa şəhəri yaxınlığındakı Şuşa kəndindən atılan top atəşi ilə verilən xəbərdarlıq üzrə hər yerdə eyni vaxtda erməni yaraqlıları Azərbaycan əsgərlərinin üzərinə hücuma keçmişlər. Şuşa şəhəri və Şuşa qəzası kəndləri ilə yanaşı, Qarabağın Cavanşir və Zəngəzur qəzalarında olan erməni əhalisi də qiyam edib, Azərbaycan əhalisi və Azərbaycan əsgərləri üzərinə hücum etmişlər. Əlbəttə, bu qiyam nə qədər böyük bir miqyasda hazırlansa da, hər yerdə ermənilərə böyük zərbələr vurulmuş, onların hücumları dəf edilmişdir. Ermənilərin gizli şəkildə hazırladıqları hücum planları bir nəticə verməmişdir. Onlar yalnız Əsgəran qalasını işğal edə bilmişlər. Bütün bu məsələlər haqqında məlumat verən daxili işlər naziri daha sonra demişdir: “Bu kimi həyasız fitnəni dəf etmək üçün əsgəri qüvvəyə müraciət etmədən əvvəl həyəcana gəlmiş əhali özü onu yatırmağa çalışmışdır. Məmləkətimizin hər tərəfindən camaat sel kimi könüllü surətdə axışıb məhəlli hadisəyə gəlməkdədir. Hazırda bu xalq axınının qabağını almaq müşkül bir məsələ olmuşdur. Hər yerdən cəbhəyə qoşularaq öz qardaşlarının imdadına gəlirlər. Qarabağda müvəqqəti pozulmuş intizam və qayda–qanun bu yaxınlarda düzələcəkdir.

Demək olar ki, aprel çevrilişi ərəfəsində bu məsələnin Parlamentdə müzakirəsi çox qızğın mübahisələrə səbəb olmuşdur. Hər partiya və ictimai qurum bu müzakirələrdən öz məqsədləri və təbliğatları üçün istifadə etməyə çalışmışdır. Sosial–demokratlar, xüsusilə Əliheydər Qarayev bu iclaslarda xüsusi canfəşanlıq göstərmişdir. Öz çıxışında o, Qarabağda qayda–qanun yaratmaq və böhran vəziyyətindən çıxmaq üçün yeganə yolu “Qırmızı Rusiya qoşununu” Azərbaycana dəvət etməkdə görürdü.

Onu da qeyd edək ki, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına qədər Qarabağ erməniləri Dağlıq Qarabağı Azərbaycandan ayıraraq daşnak Ermənistanına qatmaq iddiasından heç cür imtina etməmişlər. Mayaları məkr və hiylə ilə yoğrulmuş, həmişə eyni vaxtda bir neçə cəbhəyə işləməyi məharətlə bacaran ermənilər bu illərdə də, bir tərəfdən, Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışmışdılarsa, digər tərəfdən, ola bilsin ki, gizli surətdə Sovet Rusiyası ilə də əlaqəyə girərək bolşevik ordusunun Azərbaycana müdaxiləsini asanlaşdırmaq məqsədilə 1920–ci ilin yazında Azərbaycan ordusunun əsas qüvvələrinin başını Dağlıq Qarabağda qarışdırmışlar.

Sovet hakimiyyəti illərində ermənilərə edilən hədsiz güzəştlər ermənipərəst qüvvələrin bütün cidd–cəhdlərinə baxmayaraq, Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmadıqda ona muxtar vilayət statusunun verilməsi, sonralar dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün edilən, lakin baş tutmayan cidd–cəhdlər və nəhayət, M.Qorbaçovun bədnam yenidənqurma siyasətindən istifadə edərək ermənilərin Dağlıq Qarabağda törətdikləri hadisələr dediklərimizə əyani sübutdur.

 

 

Ataxan PAŞAYEV,

Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsinin rəisi,

tarix elmləri doktoru

 

Respublika.- 2013.- 3 aprel.- S. 7.