Bütün yarışlar uğur mənbəyidir

 

Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt filialı ölkədə böyük idmanın bir çox növlərinə yeni vüsət, təkan verərək, uğurla inkişaf və davam etdirən, bu istiqamətdə çoxsaylı nailiyyətlər qazanaraq onu möhkəmləndirən təlim–tədris idman ocağıdır. Belə ki, daim diqqət mərkəzində olub keçirilən dünya, Avropa və olimpiya səviyyəli bütün mötəbər turnir, yarışlarda müstəqil Azərbaycanın bayrağını yüksəkliklərə qaldırıb dalğalandıran, onun şərəfini uca tutub inamla qoruyan bir çox idman ustası məhz bu filialın yetirməsidir. Bu uğurlar filialın dünən və bu gününün tarixini özündə dolğun əks etdirən idman guşəsinin bəzəyinə çevrilən, qazanılmış müvəffəqiyyətlərdən bəhs edən fotostendlərdən də dərindən öyrənmək, onlarla yaxından tanış olmaq mümkündür. Filial güclü kadr potensialına yaradılmış sağlam bir mühitə, idmançı kollektivə malikdir. Söz yox, bu məsuliyyət və eyni zamanda şərəf dolu yolda eyni məqsəd, amal uğrunda birgə mübarizə və mücadilə edən, daim fədakarlıq, prinsipiallıq nümunəsi, dönməz iradə, əzmkarlıq göstərərək inkişafa, uğurlara can atan, ötüb keçən illər ərzində onlarla adlı–sanlı, görkəmli idmançılar nəsli hazırlayıb yetişdirən və habelə buna real zəmin yaradan çox təcrübəli, səriştəli və öz peşəsinin incəliklərini dərindən bilən, sevən, onun vurğunu olan məşqçi müəllim heyətinin geniş, hərtərəfli idman fəaliyyəti və böyük fədakarlığı da təqdir olunmalıdır.

Ötüb keçən, tarixə dönən idman ilini uğurlu göstəricilərlə başa vuran, mübarizə aparan idmançı kollektivlər arasında öz yer və mövqeyini inamla qoruyub saxlayan filialın çoxsaylı yeniyetmə və gəncləri bu il də keçirilən respublika, habelə beynəlxalq səviyyəli yarışlarda yüksək əhval–ruhiyyədə, qələbə əzmilə iştirak etmək, nailiyyətlərini daha da artırmaq arzusundadır. Artıq ilin əvvəlindən start verilmiş idman yarışlarında qazanılmış uğurlu nəticələr bunun əyani göstəricisi, müjdəçisidir. Belə ki, bu ilin yanvar ayında yeniyetmə və gənclər arasında ağır atletika üzrə keçirilən Azərbaycan birinciliyində filialın yetirmələri fəxri kürsünün ən yüksək pilləsini, mükafata layiq iki yeri tutmağa nail olmuşdur. Bununla belə, yeniyetmələr arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan, bu anımı hörmətlə yad edən və Tovuz rayonunda keçirilən cüdo güləşi üzrə şəhər və rayonlararası turnirdə filialın yetirmələrindən 5–nin fəxri kürsünün ən yüksək pilləsində, ilk yerlərdə qərar tutaraq mükafatlandırılması da böyük idmana qayğının təzahürüdür. Bu ilin fevral ayında keçirilmiş respublika səviyyəli bütün təqvim yarışlarında da qazanılmış nailiyyətlərin sayına görə filial daha irəlidə gedir və yüksək idman göstəricilərinin sahibidir. İdmanın bir sıra növləri, o cümlədən boks, cüdo, yunan–Roma güləşi, sambo və s. üzrə uşaq, yeniyetmə, gənclər və böyüklər arasında təşkil olunmuş beynəlxalq turnir, respublika çempionatı və şəhər birincilikləri də idman nailiyyətləri ilə zəngin olmuşdur. Filialı bütün çəki dərəcələrində təmsil edən, onun idman şərəfini etibarla qoruyan yeniyetmə və gənclərin fəxri kürsünün ilk pillələrinə yüksəlməsi, bəslənilən etimadı layiqincə doğrultması da uğurlu göstərici hesab olunmalıdır. Sözsüz ki, bütün bunlar böyük uğurdur və onu sübut edir ki, filialda idmanın inkişafına, onun kütləviləşməsinə diqqət, qayğı var və tələbkarlıq, işə prinsipial münasibət yüksək səviyyədədir. Bu da qazanılmış qələbələrin rəhnidir, onu parlaq təcəssüm etdirməyə imkan verir.

Sumqayıtlı idmançıların il ərzində keçiriləcək bütün respublika səviyyəli yarışlarla yanaşı bir sıra beynəlxalq turnirlərdə də inamla iştirak etməsi və öz gücünü sınaması nəzərdə tutulmuşdur. Respublikanın idman şərəfini inamla qoruyub müdafiə edən sumqayıtlı yeniyetmə və gənclərin keçiriləcək bütün yarışlarda zəngin idman ənənəsini qoruyub saxlayacağına, onu inamla inkişaf, davam etdirəcəyinə, bu uğurları durmadan artıracağına inam böyükdür.

 

 

S.HƏSƏNLİ

 

Respublika.- 2013.- 3 aprel.- S. 8.