Müstəqil Azərbaycan dövlətinin memarı

 

Tarixdə hər zaman görkəmli elm xadimləri, müdrik və təcrübəli liderlər, bacarıqlı və qətiyyətli dövlət rəhbərləri olmuş, bəşəriyyət öz xalqının maraqlarını hər şeydən uca tutan, öz həyatını bütünlüklə xalqının rifahına bağlayan dahi şəxsiyyətlər yetişdirmişdir. Bu şəxsiyyətlər xalqın, millətin rifahı, firavanlığı üçün mayak rolunu oynamışlar. Ömrünü xalqının işıqlı gələcəyinə həsr edən ulu öndərimiz Heydər Əliyev məhz belə liderlərdəndir. Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi. O, misilsiz xidmətləri ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır.

 

Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi və fədakar əməyi sayəsində 1970–1980–ci illərdən xalqımızın milli özünüdərki, milli oyanışı başlanmışdır. Məhz həmin dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuş, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkilmiş, milli kadrların yetişdirilməsi üçün yeni–yeni təhsil ocaqları yaradılmışdır. Bu illərdə hərtərəfli quruculuq işləri, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil və digər sahələrdə əldə edilmiş inkişaf, qazanılmış nailiyyətlər nəticəsində Azərbaycan dinamik yüksəliş dövrü keçirir, habelə idarəçilikdə, təsərrüfatda, elmdə xalqımızı ləyaqətlə təmsil edən və gələcəkdə müstəqil Azərbaycanı idarə edə biləcək vətənpərvər gənclər formalaşır, milli ruh, milli mənlik şüuru yüksəlirdi.

Müstəqillik tariximizə nəzər salanda görürük ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, əbədiliyinin təmin olunmasında Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. 1991–ci ildə ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonrakı ilk vaxtlarda respublikamızda baş verən hərc–mərcliyi, vətəndaş müharibəsi təhlükəsini unutmamışıq. Azərbaycanın hansı çətinliklərdən, sınaqlardan çıxaraq sabit inkişaf edən dövlətə çevrilməsi yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin 1993–cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Ulu öndərin qətiyyəti və iradəsi, nadir dövlətçilik zəkası, siyasi bacarığı, misilsiz vətəndaşlıq hünəri, Azərbaycan xalqının müstəqilliyi yolunda öz həyatını qurban verməkdən belə çəkinməməsi sayəsində dövlətçiliyimizin möhkəmləndirilməsi yolundakı maneələr məharətlə dəf edildi. Ölkədə ictimai–siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı dəstələrin tərk–silah edilməsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən 1994–cü il avqustun 9–da Cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərman imzalandı. 1994–cü ilin oktyabrında və 1995–ci ilin martında dövlətçiliyimiz əleyhinə yönəldilmiş silahlı qəsdlərin qarşısı qətiyyətlə alındı. Ölkəmizin parçalanması təhlükəsi aradan qaldırıldı, Azərbaycanın gələcək inkişafı üçün zəmin yaradıldı. 1995–ci ildə ümummilli liderimizin şəxsi rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ilk milli Konstitusiyamız demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoydu. Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə müxtəlif komissiyalar yaradıldı. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən dövlət başçısı Hüquqi islahatlar komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etdi.

XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev özünün mükəmməl dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Humanizm, insanpərvərlik, mərhəmət kimi ali insani keyfiyyətlər müdrik rəhbərimizə xas olan xüsusiyyətlərdir.

Ümummilli lider Heydər Əliyevin şəxsi nüfuzu, diplomatik düşüncə tərzi sayəsində ölkəmizə beynəlxalq siyasi dəstək, iqtisadi əməkdaşlıq və investisiya imkanları yaranmışdır. Düşünülmüş neft strategiyası, uğurlu siyasi və iqtisadi islahatlar “Əsrin müqaviləsi”nin bağlanması ilə daha da güclənmiş, ölkəyə investisiya axını başlamışdır.

Müstəqilliyimizin ilk illərində bütün sahələrdə, istər iqtisadi–sosial, istər hüquq–mühafizə fəaliyyəti, istərsə də hüquqi, qanunvericilik sahəsində hərəkətsizlik, gözləmə mövqeyi vardı. Heydər Əliyev yenicə müstəqilliyini bərpa etmiş bir dövlətin bütün çətinliklərini öz çiyninə götürərək və yalnız xalqının birliyinə güvənərək Azərbaycanda hərtərəfli köklü demokratik islahatlara başlamışdır. Təsadüfi deyil ki, ölkədə elə bir sahə yox idi ki, orada islahatlar aparılmasın, dahi rəhbərin diqqətindən kənarda qalsın. Məhz Heydər Əliyevin müdrikliyi, bənzərsiz liderlik bacarığı onda idi ki, o, bütün sahələrə eyni diqqəti göstərmiş, mövcud problemləri qətiyyətlə aradan qaldıraraq müasir dövrün tələbləri səviyyəsində həllinə nail olmuşdur.

Bu il dahi rəhbər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90–cı ildönümünü qeyd edərkən unutmaq olmaz ki, o, zəngin və şərəfli ömrünü hər zaman Azərbaycan xalqının gələcəyinə, azərbaycançılıq ideyalarının təşviqinə, milli dövlətçilik prinsiplərinin bərqərar olaraq möhkəmləndirilməsinə həsr etmiş, mənalı həyatının son günlərinədək xalqı və dövləti üçün yorulmadan, əvəzsiz çalışmışdır.

Ulu öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin zəngin bir ensiklopediyasını yaratmışdır. Elə bir ensiklopediya ki, orada onun həyata keçirdiyi misilsiz quruculuq işləri, islahatlar prosesi, demokratik dəyişikliklər geniş əks olunmuşdur. O, hüquqi dövlət quruculuğu, demokratik vətəndaş cəmiyyətinin təşəkkülü, siyasi plüralizm, iqtisadi, sosial, hüquqi, təhsil, səhiyyə, idman, ekologiya və digər sahələrin köklü inkişafı, mədəniyyət, milli–mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən genişmiqyaslı mütərəqqi islahatların müəllifidir, bütövlükdə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Onun Azərbaycana rəhbərliyi dövründə cəmiyyət daxilində qanunçuluğun və hüquq normalarının etibarlı təminatına xidmət edən hüquq sistemimizin müasirləşməsinə, məhkəmələrin təkmilləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinə nail olunmuşdur.

Ədalətin olmadığı yerdə hüquqi dövlət qurmaq olmaz, — prinsipini nəzərə alsaq, o zaman bu sahədə dəyişikliklərin edilməsi, islahatların aparılması olduqca vacib və həllini gözləyən məsələ idi. Təsadüfi deyil ki, Heydər Əliyev ədalət mühakiməsinin təmin edilməsi ilə bağlı deyirdi: “Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda”. Bu baxımdan məhkəmə sistemi islahatının konsepsiyasının məqsədi hüquqi dövlət çərçivəsində məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinin və vətəndaşların məhkəməyə ədalətli araşdırma üçün müraciət etmək hüququnun təmin edilməsi, peşəkar hüquqi yardım almaq imkanı, məhkəmə qərarlarından şikayət vermək hüququnun həyata keçirilməsi olmuşdur. Eyni zamanda inkişaf etmiş sivil dövlətlərin təcrübəsi göstərir ki, hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, qanunların aliliyinin təminatından, məhkəmə–hüquq islahatlarının həyata keçirilməsindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından çox asılıdır. Buna görə də ulu öndər dünya dövlətlərinin mütərəqqi və qabaqcıl təcrübəsindən istifadə etməklə hüquq islahatlarının aparılmasının vacibliyini ön plana çəkərək bu sahəyə xüsusi diqqət və qayğı göstərmiş, ədalət mühakiməsinin səmərəliliyini artıran bir sıra qanunlar, o cümlədən, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” qanunlar, Mülki, Mülki–Prosessual, Cinayət, Cinayət–Prosessual və digər məcəllələr qəbul edilmişdir.

Respublikamızda əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998–ci ildə bu hökmün birdəfəlik ləğvi, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun yaradılması, hüquq–mühafizə, ədliyyə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması, məhkəmələrin müstəqilliyinin təmini, hakim vəzifəsinə test üsulu ilə seçkilərin keçirilməsi–bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.

Xüsusi ilə vurğulanmalıdır ki, 2000–ci ilin sentyabrında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə ölkədə əvvəlkindən köklü şəkildə fərqlənən üçpilləli yeni məhkəmə sistemi yaradılmışdır. Bu islahatlar prosesi hakimlərin seçilməsi məsələlərini də əhatə etmiş, dövlətçilik tariximizdə ilk dəfə olaraq hakim vəzifəsinə namizədlərin beynəlxalq standatlara uyğun şəffaf prosedurlar əsasında test üsulu ilə seçimi aparılmışdır.

Ümummilli liderimizin müəyyən etdiyi hərtərəfli inkişaf konsepsiyasının bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, məhkəmə–hüquq islahatlarının sosial–iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində dərinləşdirilməsi xüsusilə qeyd olunmalıdır.

Dövlət başçısı İlham Əliyevin güclü siyasi iradəsi ilə həyata keçirilən genişmiqyaslı və ardıcıl islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşmiş, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi məqsədilə yeni məhkəmələr, o cümlədən regional apelyasiya, ağır cinayətlər, inzibati–iqtisadi məhkəmələr yaradılmış, məhkəmə infrastrukturu müasirləşmiş, vətəndaşların məlumatlılığının artırılması, məhkəmələrin şəffaflığı, açıqlığı daha geniş təmin olunaraq ən müasir informasiya–kommunikasiya texnologiyaları tətbiq olunmuş, elektron xidmətlərin dairəsi genişlənmişdir.

Ölkə rəhbərinin məhkəmə hakimiyyətinə verdiyi mühüm önəm nəticəsində yeni təsisatlar–məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə–Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimlərin ən şəffaf üsullarla peşəkar və yüksək mənəvi hazırlıqlı hüquqşünaslardan seçim proseduru müəyyən edilmiş, onların tədrisinə xüsusi əhəmiyyət verilərək nüfuzlu beynəlxalq ekspertlər, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimlərinin cəlb olunması davamlı qayda kimi bərqərar olunmuşdur.

Məhkəmə islahatları hər zaman təkmilləşən, dəyişən bir prosesdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2006–cı ilin avqustunda Ali Məhkəmənin yeni binasının təməlqoyma mərasimində vurğuladığı kimi, “hətta inkişaf etmiş ölkələrdə bu proses daim gedir. Yəni bu prosesin əvvəli var, amma sonu yoxdur”. Ölkə başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə–hüquq islahatları beynəlxalq təşkilatlar tərəfindən də daim dəstəklənir və böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq qurumlar məhkəmə sisteminin inkişafını, dövlətimizin bu sahəyə maliyyə ayırmalarının yüksək olmasını daim təqdir edir, bu proseslərin daha çevik aparılmasına hər zaman dəstək göstərməyə hazır olduqlarını, ölkəmizin bu sahədəki nailiyyətlərinin beynəlxalq aləmdə təbliğ olunmasının əhəmiyyətini dəfələrlə vurğulayırlar.

Şübhəsiz ki, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsi məqsədilə bu sahədə islahatlar, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsi gələcək illərdə də davam etdiriləcəkdir. Qeyd olunmalıdır ki, Azərbaycan dövlətinin fəaliyyətində ölkədə sosial–iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq mərkəzi yer tutur. Bununla əlaqədar olaraq ölkə həyatının bütün sahələrində inkişafın əsas strateji hədəflərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında məhkəmə və hüquq–mühafizə fəaliyyətinin təkmilləşdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilmiş və Konsepsiyanın məqsədlərinə uyğun olaraq qanunvericilik təkmilləşdiriləcək, hüquq–mühafizə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması təmin ediləcək, məhkəmə infrastrukturu daha da müasirləşdiriləcək, elektron xidmətlər tətbiq ediləcək və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları artırılacaqdır. Vətəndaşların və xüsusən bölgələrdə yaşayanların hüquqi biliklərinin artırılması daim diqqət mərkəzində saxlanılacaqdır.

Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda məhkəmə orqanlarının nüfuzlu və müstəqil hakimiyyət qolu kimi təşəkkül tapması, ədalət mühakiməsinin reallaşdırılması zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın, obyektivliyin təmini və digər mühüm məsələlərin həlli ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Azərbaycanı dünyanın inkişaf etmiş dövlətinə çevirməyi fəaliyyətinin ən mühüm prioriteti hesab edən dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə gerçəkləşdirilən bütün uğurlu iqtisadi, sosial, infrastruktur layihələr, məqsədli dövlət proqramları onu deməyə əsas verir ki, müstəqil Azərbaycan dövləti daha da qüdrətlənib, sürətli inkişaf dövrünü yaşayaraq qarşıya qoyulmuş məqsədlərə nail olacaqdır.

 

 

Elmar RƏHİMOV,

Binəqədi Rayon Məhkəməsinin hakimi,

hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Respublika.- 2013.- 4 aprel.- S. 3.