Suvarma tədbirlərinə diqqət
artırılır
Əhalinin maddi rifahının, sosial vəziyyətinin yaxşılaşdırılması torpaqlara və onların suvarılmasına xüsusi diqqət yetirilməsindən başlanır. Neftçala torpaqlarının da suvarma və meliorasiya tədbirlərinə həmişə ehtiyacı olub, indi də belədir, sabah da bu cür olacaq. Torpaqlar genişdir, böyük bir hissəsi şorandır, fasiləsiz hidromeliorasiya işləri görmədən bu əraziləri cana gətirmək mümkün deyildir. Bu işlərin əsas hissəsi Neftçala Suvarma Sistemləri idarəsinin kollektivinin çiyinlərinə düşür.
İdarənin rəhbəri Elçin Əsədov təcrübəli mütəxəssisdir, uzun illərdir ki, meliorasiya və su təsərrüfatı sistemində çalışır, doğma peşəsinin sirlərini incəliklərinə qədər bilir.
E.Əsədov ilk olaraq kollektivin həyata keçirdiyi tədbirlər haqqında məlumat verərək qeyd etdi ki, rayonun kənd təsərrüfatı işçiləri həmişə olduğu kimi, 2013–cü ilin ilk aylarında da yeni qüvvə və ruh yüksəkliyi ilə yaşayır və işləyirlər. Onlar torpağın qədrini bilirlər, onu əsas dolanışıq mənbəyi kimi qəbul edirlər. Torpaqların məhsuldarlığını artırmaq üçün meliorasiya və suvarma tədbirləri genişləndirilir, suvarma kanalları, kollektor–dren sistemi lildən təmizlənir, hidrotexniki qurğu və nasos aqreqatları əsaslı və cari təmir edilir.
Regionların sosial–iqtisadi inkişafına, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına, habelə meliorasiya və irriqasiya, suvarma tədbirlərinin miqyasının genişləndirilməsinə dair Dövlət proqramları aqrar bölmənin dinamik inkişafını təmin etmək üçün suvarma və meliorasiyanı əsas vəzifələrdən biri kimi meydana qoymuşdur. İdarəmizin kollektivi bu sahədə öz işlərini yeni tələblər səviyyəsində qurmağa çalışır.
Son illərdə rayonumuzda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində xeyli iş görülmüş, təsirli tədbirlər həyata keçirilmişdir.
Ərazilərdə yeni kollektor drenaj şəbəkələri tikilib istifadəyə verilmiş, mövcud şəbəkələr və suvarma kanalları lildən təmizlənmiş, hidrotexniki qurğular əsaslı təmir olunmuşdur.
Yeni–yeni əmək göstəriciləri
əldə edən kənd əməkçilərinin fəaliyyəti
haqqında ürəkdolusu söz açan Elçin müəllim
söylədi ki, görülən işlər
birbaşa kənd təsərrüfatı
məhsulları istehsalının yüksəldilməsinə
xidmət edir və bunun
sayəsində rayonda aqrar
bölmə sürətlə inkişaf edir.
O
sözünə davam etdi:
—İşgüzar
kollektivimiz var. Mən burada çalışdığım
uzun illər boyu bir dəfə də müşahidə etməmişəm
ki, fəaliyyətimizdən kimsə narazılıq etsin.
Başqa cür ola da bilməz, kifayət qədər təcrübəmiz
vardır, doğma işə öyrəncəliyik, torpaq
üzərində çalışan insanlara
üz–gözümüz öyrəşib.
21
Sudan istifadə birliyi ilə birgə fəaliyyət
yaxşı nəticələr verir, suların
paylanmasında, bu zaman ədalətlilik, şəffaflığın
gözlənilməsində mühüm rol oynayır.
Müsahibim
deyir:
—Meliorasiya
və suvarma münasibət həm ümumsiyasi, həm də
ekoloji problemdir, bu, insanın bioloji varlığı, gələcək
həyatımızla bağlı olan məsələdir. Mən
bir mütəxəssis kimi sevinirəm ki, xüsusilə son
vaxtlar bu problemə dövlət səviyyəsində ciddi
münasibət bəslənir, ulu öndər Heydər Əliyevin
əsasını qoyduğu aqrar islahatlara uyğun kompleks tədbirlər
silsiləsində torpaqlardan və sudan istifadə problemi
prioritetə çevrilmişdir. Prezident cənab İlham Əliyev,
demək olar ki, hər çıxışında həmin məsələyə
toxunur, işlərin nə qədər ciddi olduğunu
vurğulayır, qarşımıza vəzifələr qoyur.
İdarənin
kollektivi 38138 hektar torpaq sahəsinin suvarılmasını
öz çiyinlərinə götürmüşdür.
2012–ci ildə 2600 hektar pambıq tarlası 3 dəfə
suvarılmışdır. 23789 hektar taxıl zəmilərinə
orta hesabla 2,5 dəfə su verilmişdir. Bundan başqa 1400
hektar həyətyanı sahə, 10000 hektardan çox
yoncalıq, xeyli tərəvəz və bostan əkinləri
suvarılmış, torpaqlar meliorasiya cəhətdən
yaxşılaşdırılmışdır. Bu qədər
işləri görmək üçün 996 kilometrlik suvarma
kanalları, 41 stasionar nasos stansiyası, 1369 hidrotexniki
qurğu istifadədədir. 2012–ci ildə 70 hidrotexniki
qurğu, 22 nasos aqreqatı, 35 elektrik mühərriki əsaslı
və cari təmirdən çıxmışdır. 485
kilometr kanal lildən təmizlənmiş, bu işin vüsəti
əvvəlki illərdəkinə nisbətən iki dəfə
artmışdır. Uzunbabalı–82, Qaravəlli, Tatarməhlə,
Qələbə və Xanlar nasos stansiyalarında keyfiyyətli
təmir və bərpa işləri aparılmış,
onların təkcə texniki göstəriciləri deyil, eyni
zamanda xarici estetik görkəmi də xeyli
yaxşılaşdırılmışdır. Əlavə
olaraq keçmiş kolxozlardan miras qalmış 654 kilometr
köhnə kanalların bərpası sahəsində xeyli
iş aparılmışdır. Düşünürük
ki, bu kanallar primitiv olsa da, relyef və əkin sahələrinə
yaxınlıq cəhətdən hələ müəyyən
səmərə verə bilər.
Bu il
Ərəbqardaşbəyli, Şirvan–Qaraqaşlı,
Abbasallı, Aşağı Surra, Xoşçobanlı nasos
stansiyalarında təmir və bərpa işlərinə
başlanılmışdır. Xolqarabucaq–Neftçala magistral
su kanalının çəkilməsi ən iri layihələrdəndir,
onun həcmi təqribən 70 milyon manatlığa
çatır. İndiyədək 10 milyon manatlıqdan
çox iş görülmüşdür. İlkin mərhələdə
burada 3 milyon manatlıq tikinti–quraşdırma tədbirlərinin
aparılması nəzərdə tutulmuşdur. Bu
mühüm iş başa çatdırıldıqdan sonra təqribən
5600 hektar yeni taxıl sahələri dövriyyəyə daxil
olacaqdır.
Son
illərdə Aşağı Qaramanlı nasos stansiyasında
vaxtilə Kür çayında daşqınlar zamanı yeni
qol çəkilməsi nəticəsində yaranmış su
qıtlığı üzündən işlər
yaxşı getmirdi, yerli fermerlər tez–tez su çatışmazlığından
narazılıq edirdilər. Əlaqədar təşkilatların,
rayon rəhbərliyinin köməyi ilə bu problem tez bir
zamanda qismən aradan qaldırıldı. Lakin burada işlər
davam etdirilir, irihəcmli layihənin həyata keçirilməsi
tezliklə başa çatdırılacaq, su
çatışmazlığına son qoyulacaqdır.
Şübhəsizdir
ki, bütün bu işləri görmək texniki vasitələr,
güclü nasoslar, maşın və mexanizmlər olmadan
qeyri–mümkündür. Buna görə də hər şeydən
əvvəl maşın–texnika parkının komplektləşdirilməsinə
diqqəti gücləndiririk. Hazırda idarəmizin
balansında kifayət qədər texniki vasitələr,
maşın və mexanizmlər, yük maşınları
vardır. 8 ekskavator, 2 buldozer, 16 avtonəqliyyat və kifayət
qədər digər maşınlar suçuların istifadəsindədir.
Rayon rəhbərliyinin, respublika Meliorasiya və Su Təsərrüfatı
ASC əməkdaşlarının, suvarma ilə məşğul
olan təşkilatların bu işdə köməyini
yüksək qiymətləndiririk.
Elçin
Əsədov söhbətimizin yekununda belə dedi:
–Biz
yaxşı başa düşürük ki,
görülmüş işlər son hədd deyildir, möhtərəm
Prezidentimizin qarşıya qoyduğu məsul vəzifələri,
rayon rəhbərliyinin hazırlayıb həyata keçirdiyi
planları yerinə yetirməkdə səylərimizi
ardıcıl olaraq davam etdirməliyik. Yazın gəlişi
qayğılarımızı daha da artırmışdır.
Hazırda işçilərimizin boş vaxtı, demək
olar ki, yoxdur, obyektlərə vaxtlı–vaxtında su verilməsinə,
su kəmərlərinə, hidrotexniki qurğulara və
avadanlıqlara ciddi nəzarət edirik.
Bəli,
bu il suvarma işçilərinin işgüzarlığı
olduqca yüksəkdir, onlar bu günlər yalnız yenilik
hissi ilə yaşayıb yaradırlar. Bu yüksək fəallığa
əsaslanaraq qəti əminliklə deyə bilərik ki, onlar
qarşıda duran vəzifələri uğurla həyata
keçirəcək, su təminatı tədbirlərini daha
yüksək səviyyədə aparacaq, aqrar sahəni
inkişaf etdirmək və əhalinin ərzaq məhsulları
ilə təminatını daha da yaxşılaşdırmaq
işinə sanballı kömək göstərəcəklər.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 4 aprel.- S. 6.